“İsa Qəmbərə demişdim ki, Etibar Məmmədovu hakimiyyət komandasından kənarda qoymaq düz deyil”
Rəhim Qazıyev: “Dedim ki, narahat olamayın, mənim prezident kimi qəbul etdiyim Ali Baş Komandanı devirmək üçün gərək mənim meyidimin üstündən keçsinlər”
Düz 22 ildi ki, Azərbaycanın başı üzərundə bir kabus, “4 İYUN KABUSU” dolaşmaqdadır. O gündən bu günədək açılmayan sirlər, üstü örtülü qalan müəmmalar var ki, həmin sirlər açılmadıqca, həmin müəmmaların üstündən qara pərdələr qaldırılmadıqca, cəmiyyət rahatlaya, arxayın nəfəs dərib, dünənindən əmin, sabahından ümidli ola bilməyəcək. Əslində, o günlərin fəal iştirakçıları və söz sahibi olan personajlarından cəmi iki nəfəri dünyasını dəyişib – prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev. Qalanları isə hələ ki, həyatdadırlar və bu insanların, hələ ki gec deyil, bir masa arxasına oturmaları və ortada olan sirlərin açılması və cəmiyyəti illərdi ki təlaş içində saxlayan müəmmaların aydınlığa qovuşması yönündə müzakirələrə başlamalıdılar. Amma, nə sirri-ilahidisə, bu şəxslərdən heç biri nə danışmağa, nə də müzakirələrə meylli görsənmirlər. Təkcə Rəhim Qazıyevdən savayı. Elə bu səbəbdəndi ki, yenə də 4 iyun hadisələrinin görünən və görünməyən tərəflərinə Rəhim bəyin bələdçiliyi ilə ayna tutmağa çalışdıq.
İndi Sizə təqdim etdiyimiz bu silsilə müsahibədə, bir çox tanınmış ictimai-siyasi xadimlərin adları hallanır, bəzilərinin barəsində hətta ağır-yüngül ittihamlara da rast gələcəksiniz. Bununla belə, bəri başdan bəyan edirik ki, Rəhim bəyin dedikləri onun öz mülahizələridir və adı çəkilən hər kəsin cavab haqqını tanımağa, münasibətlərini də dərc eləməyə hazırıq.
(Əvvəli ötən saymızda)
– Amma paradın qəbul olunduğu tribunada hamısı var idi hə, rəhbərlikdən parada da gəlməyən olmuşdumu?
– Yox parada gəlmişdilər. Amma burada da öz qısqanclıqlarını biruzə verməyə bilmədilər. Canımızla-qanımızla əlləşib çox da uğurlu bir parad keçirtdik. O paradı hələ də, bir dəfə efirdən xalqa göstərməyiblər. Əslində bu, bir millətin millət kimi təşəkkül tapması və inkişafının göstəricisi idi. Təsəvvür edin ki, müharibə gedə-gedə ordu yaratmaq, silah-sursat alıb, heç bir bünövrəsi olmayan əsaslar üzərində elə parad keçirmək o qədər də asan iş deyildi. Dünənə qədər sovet silahlı qüvvələrinin inşaatçı dəstələrində və yaxud da böyük bir ordunun mətbəxlərində hərbi xidmət keçən Azərbaycan balalarının o cür nizamlı hərbi keçid etməsi, bəlkə də heç vaxt görmədikləri hərbi texnikanı çox yüksək səviyyədə idarə etmələri, millətini sevən hər bir adamı sevindirməyə, sevinc göz yaşlarına boğmaya bilməzdi. Parada qədərki qısa müddətdə biz artıq Ağdərəni, Şaumyankəndi, Gülüstanı,Gədəbəydən Başkəndi, Laçının 67 yaşayış məntəqəsini azad eləmişdik, dəhliz düz xətt üzrə 800-1000 km-ə qədər azalmışdı. Yəni, ciddi uğurlarımız var idi. Amma bu uğurların fonunda da, indinin özündə belə, hər yandan xəbər gəlir ki, guya Rəhim Qazıyev hücumun dayandırılması haqda əmr vermişdi.
– Bu haqda o zamankı və bəzən də indiki mətbu və teleefirlərdən tez-tez xəbərlər gəlir. Doğrudanmı, belə bir əmr olmamışdı?
– Birmənali şəkildə belə bir şey olmayıb. Bu qədər deyilənlərə və yazılanlara rəğmən, günü bu gün də həmin o əmrlərdən bir dənəsini belə ortaya qoyan olmayıb. Əgər Rəhim Qazıyevin belə bir əmri olubsa, niyə əmrin özünü ortaya qoyub bu söhbətləri bitirmirlər? Təsəvvür edin ki, Ağdərə əməliyyatına görə mən Nəcməddin Sadıqova növbədənkənar polkovnik rütbəsi verdim. Bundan cəmisi bir həftə sonra, mənim xəbərim olmadan, Ali Baş Komandan cəbhə bölgəsinə səfər etdi. İndi yaxşı, prezidentdi, hara istəsə gedə bilər, amma müharibə gedən ölkədə çox hörmətli prezident cəbhə bölgəsinə gedir, ancaq müdafiə naziri kimi Rəhim Qazıyevin bundan xəbəri olmur. Mənim təbiətimdə heç vaxt qısqanclıq olmayıb, amma təbii ki, içimdə buna qarşı bir inciklik yarandı. Bununla belə deyirdim ki, özləri bilər. Həmin səfərdən qayıdandan sonra prezident məni yanına çağırdı və dedi ki, təcili təqdimat yaz, mən Nəcməddin Sadıqova general rütbəsi verirəm. Bildirdim ki, a bəy, heç on gün deyil ki, mən ona növbədənkənar polkovnik rütbəsi vermişəm. Özü də Ağdərə əməliyyatının nə hazırlanmasında, nə də keçirilməsində onu kimsədən fərqləndirən heç bir əməli olmayıb. Sadəcə olaraq həmin bölgədə yerləşən briqadanın komandiri idi və mən də o rütbəni verməklə Nəcməddini sadəcə həvəsləndirmək istəmişdim. Amma biz həmin əməliyyat zamanı çox dəyərli və olduqca perspektivli bir milli kadrımızı itirdik – Milli Qəhrəman Şikar Şikarovu, Allah ona rəhmət eləsin. Və onu da bildirim ki, həmin ərəfədə, hələ də Rusiyanın tabeçiliyində olan 104-cü diviziya bizə bir xeyli kömək eləmişdi. Diviziyanın komandiri bizə xüsusi konteynerlərdə silahlar vermişdi. Bizə 20 dənə həmin konteynerdən verib yalvarmışdı ki, silahlar istifadə olunandan sonra konteynerləri qaytaraq, çünki o da öz növbəsində bunun hesabatını verməliydi. Sonra biz Ağdərəni alıb xeyli qabağa getmişdik. 4 il bağlı olan Tərtər-Kəlbəcər yolu açılmışdı. Bu arada həmin komandir mənə telefon açdı ki, bəs həmin konteynerlər qaytarmaq istəmirlər. Gəldim, yerində maraqlananda bəlli oldu ki, Pənah Hüseynov Nəcməddinə deyib ki, həmin konteynerləri vermə, özündə saxla. Bunlar onunla neyləmək istəyirdilər, hələ də başa düşməmişəm. Amma həmin konteynerləri alıb qaytara bildim. Bir sözlə bütün bunlardan sonra paradımız da keçdi, ondan sonra dövlət başçısı başda olmaqla Rusiyaya səfərimiz başladı. Rusiya səfərimiz başlayanda, demək olar ki, bütün Rus hərbi hissələri tərəfimizdən götürülmüşdü. Bircə Giləzidə yerləşən hərbi arsenal anbarları, bir də 104-cü əlahiddə diviziya hələ də Rusiyanın müdafiə nazirliyinə tabe idi. 104-cü diviziyanı mən özüm saxlamışdım ki, biz onların köməyindən yararlanaraq, ön cəbhədə xeyli işlər görürdük. Giləzidəki hərbi arsenalın məsələsini isə həmin səfər zamanı Qraçovla həll etdim və ordan bizə 7500 vaqon silah-sursat qaldı. Elə Moskvadaca Əbülfəz bəyə bunu məruzə elədim. Oradan qayıtdıq və oktyabrın 28-də Əbülfəz bəy Türkiyə səfərinə getdi.
-Təxminən həmin dövrdə Sürət Hüseynovun istəyi üzərinə nəsə bir toplantı da olmuşdu. Sürət Hüseynov nə istəyirdi?
-İndi o məsələnin üstünə gəlirəm. Əbülfəz bəyi yola saldığımız gün Sürət Hüseynov Gəncədən gəldi və dedi ki, rəhbərliklə bir yerdə oturub söhbət eləmək istəyir. Mən daha heç ondan soruşmadım ki, axı sən nə söhbət eləmək istəyirsən. Çünki o, artıq həm baş nazirin müavini kimi, həm də prezidentin Qarabağ üzrə təmsilçisi olaraq kifayət qədər geniş səlahiyyət və söz sahibiydi. Belə bir şəraitdə mən prezidentdən öncə niyə ondan hesab soruşmalıydım. Oktyabrın ya 29-u, ya da 30-u idi dəqiq yadımda deyil, Sürət Hüseynov, İsa Qəmbər və Pənah Hüseynovla birlikdə Sürətin Buzovnadakı qohumunun həyətində oturub çörək yedik. Orada da qərara gəldik ki, Əbülfəz bəy Türkiyədən qayıdandan sonra təzədən oturub Sürət Hüseynovun təklif edəcəyi məsələni müzakirə edəcəyik. Danışdığımız kimi ayın 5-də Əbülfəz bəyi qarşılayıb iqamətgahına yola saldıq. Biz də Mərdəkana əvvəlcədən şərtləşdiyimiz yerə gəldik – Isa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov, Tamerlan Qarayev, Sürət Hüseynov, Etibar Məmmədov, Şadman Hüseynov, Tahir Əliyev bir də mən. Mənim səmimiyyətimə inanın ki, həmin anda söhbət açılınca Sürət Hüseynovun hansı məsələyə toxunacağından xəbərim yox idi, inanın Allaha ki, bu beləydi və indi Sürət də sağdı, o biriləri də. Əgər nəyisə düz demirəmsə, gəlib etiraz eləsinlər. Qısası, Sürət Hüseynov orada bildirdi ki, gəlin biz Əbülfəz bəyin ətrafinda möhkəm birləşək, Qarabağ məsələsini həll edək və ondan sonra mən onsuz da siyasət adamı deyiləm, gedib oturacam yun zavodunda biznesimlə məşğul olacam. Baxın, yenə deyirəm, Sürətin özü burda olmasa da, Allahı buradadır. O, daha sonra bildirdi ki, bir təklifi də var və Etibar Məmmədovun baş nazir olması təklifini verdi. Bu sözü deyəndə elə bil ki, bu birilərin üstünə ölü suyu səpələndi. Hamısı bir-birinin üzünə baxdı, mənsə dedim ki, nolar, Etibar Məmmədovun kifayət qədər xidməti də, xalq arasında nüfuzu da var, o da bu komandada olsun. Onu da əlavə etdim ki, hər halda onun bu komandada olması komandanı gücləndirər ki, zəiflətməz. Etibar Məmmədovun indi məndən xoşu gəlsə də, gəlməsə də, özü də şahiddi ki, mən o sözləri dedim. Hələ orasını da deyim ki, bu hadisədən xeyli qabaq da, İsa Qəmbərə demişdim ki, Etibar Məmmədovu hakimiyyət komandasından kənarda qoymaq düz deyil. O vaxt İsa Qəmbər dedi ki, mən Etibara gömrük komitəsini təklif eləmişəm, o bunu istəmir. Bəlkə də indiki vaxt olsa Etibar gedərdi, amma o zamankı siyasi gücü və nüfuzu ilə təbii ki, Etibar o vəzifəni qəbul etməyəcəkdi. Mən də bunu nəzərə alaraq, İsaya demişdim ki, Etibara özünə layiq vəzifə təklif elə. Heç 5 gün keçməmişdi ki, İsa məni yenidən çağırdı və Etibarla söhbət elədiyini bildirdi. Dedi ki, o bilirsənmi hansı vəzifəni istəyir? Deyir güc strukturlarını birləşdirən dövlət naziri postu yaradın və məni də ora təyin edin. Açığı, mən dedim ki, əgər deyirsə, eləyin. O zaman İsa mənə dedi ki, sən Etibar bəyin rəhbərliyi altında işləmək istəyirsən? Dedim nə olsun ki, hamımız bir dövlət üçün çalışmırıqmı? Nə isə, o söhbət beləcə də bitdi. Artıq Sürət Hüseynov tərəfindən bu təklif səslənəndə, ilk olaraq təcili işi olduğunu bəhanə edərək, İsgəndər Həmidov toplantını tərk etdi. Biz isə orada belə qərara gəldik ki, bir-iki gün içərisində, ya İsa, ya da Pənah bu təklifi Əbülfəz bəylə müzakirə etsin və sonra yenidən görüşək. Bir necə gün kecsə də məsələdən bir xəbər çixmayınca, İsa bəyə zəng elədim. Dedi ki, məsləhət olmadı. Sonradan Pənahla da, Əbülfəz bəylə də əlaqə saxladım, onlar da eyni sözü söylədilər. Beləcə Sürət Hüseynov da çıxıb getdi. Indi baxın, Sürət Hüseynovu istər korpus komandiri, istər baş nazirin müavini, istərsə də prezidentin Qarabağ üzrə nümayəndəsi postlarına kim gətirib? Hələ bu günə qədər də birinin kişiliyi çatmır ki, durub “bu təklifi Əbülfəz bəyə mən vermişəm” – desin. Ona görə müsahibənin əvvəlində də dedim ki, Sürət Hüseynovun bu vəzifələrə gətirilməyini radiodan eşitmişəm. Sonra proseslər davam elədi və dekabrın ortalarında biz Dəllər hərbi şəhərciyində 5000 adamla böyük bir hərbi təlim keçirdik. Bir neçə qoşun növlərinin təmsil olunduğu həmin təlimə də bunların hamısını bircə-bircə dəvət elədim. Desəm yəqin inanmayacaqsınız, amma yenə də dövlət rəhbərliyindən bir nəfər də olsun ora gəlmədi. Hər şey cəhənnəm, AzTv-dən o təlimləri çəkmək üçün bir operator da göndərmədilər. Sözün həqiqi mənasında bu mənə çox pis təsir elədi. Baxmayaraq ki, təlimlər çox uğurla keçdi və mən gəlib etiraz bildirəndən sonra, AzTv–də o boyda təlimdən 5 dəqiqəlik süjet göstərildi. Gedib Əbülfəz bəyə dedim ki, a bəy, bu boyda da olmaz axı, sənin 5000 əsgərinin böyuk fədakarlıqla keçirdiyi təlimi millətə göstərmirlər. Yəqin ki, indi inkar eləməz, o vaxt Məmməd İsmayil da mənə dedi ki, a bəy, bu 5 dəqiqəni də mən zorla efirə çıxarmışam, qoymurdular. Təsəvvür edirsinizmi, o vaxtın liderləri hesab olunan indiki demokrat-bəylər, öz ordusunun təlim-məşqini millətə göstərmək istəmirdilər.
“Bu günə qədər də birinin kişiliyi çatmır ki, durub “bu təklifi Əbülfəz bəyə mən vermişəm” – desin”
– Deyəsən o təlimdən sonra Sürətin Gəncədə çevriliş hazırladığı qənaətinə gələnlər olmişdu, eləmi?
– Dekabrın ya 27-si, ya 28-i olardı, məni prezident yanına çağırdı. Gələndə gördüm ki, İsa Qəmbər də onun yanındadı. İndi Ramiz Mehdiyevə “serıy kardinal” deyillər, amma mən bu günə kimi də İsa bəyə rəng tapa bilmirəm. Çünki mən, prezident olandan sonra Əbülfəz bəylə 30 dəfə görüşmüşəmsə, onun 28-də İsa bəy böyründə olub.
“Əbülfəz bəy bu gün yoxdu, amma İsa bəy belə bir ciddi məsələnin cəmiyyətdən niyə gizlədildiyini izah etməyə borcludu”
– Bəs heç soruşmurdunuz ki, İsa bəy, sənin ayrı işin-gücün yoxdu ki, gecə-gündüz prezidentin yanından çıxmırsan?
– Vallah, indi mənim adıma çox şey deyillər. Amma mən bəynən hər zaman etika çərçivəsində danışırdım. Doğrudur, bəzən bəzən çox məsuliyyətli məsələlərlə bağlı onunla mübahisələrimiz də olurdu, amma onun işinə mən necə müdaxilə eləyə bilərdim. Xülasə, gəldim oturan kimi bəy dedi ki, bizdə çox dəqiq informasiya var. Gəncədə Sürət Hüseynov tərəfindən çevriliş hazırlanır. Çox sakitcə bildirdim ki, hanı o informasiya, qoyun ortalığa. Yenə də çox sakit tərzdə prezidentə dedim ki, narahat olamayın, mənim prezident kimi qəbul etdiyim Ali Baş Komandanı devirmək üçün gərək mənim meyidimin üstündən keçsinlər. Çünki, belə əqidə başından bəri bunlara yad olub və hər zaman belə hesab ediblər ki, istənilən adamı ixtiyari anda vurmaq olar. Bu çevriliş məsələlərinə mənim özümün də hər hansı dəxlim olmuş olsaydı, onda da, indi də özümü dünyanın ən alçaq adamı sayardım. Bu arada Əbülfəz bəy təkidlə bildirdi ki, bizdəki informasiya dəqiqdi və sən Sürətin işdən çıxarılması üçün təqdimat yaz. Artıq vəziyyətin ciddi məcraya keçdiyini görüb, Əbülfəz bəyə sual verdim ki, sən Sürət Hüseynovu bir gündə iki vəzifəyə kimin təqdimatı ilə təyin eləmisən? Bax, bu bizim aramızda olan tarixi söhbətdi və Əbülfəz bəy indi haqq dünyasındadı, İsa da, mən də sağıq. Əgər dediyimdə bircə kəlmə yalan varsa, çıxıb təkzib verməsə, kişi deyil. Açığı, bəy mənim bu sualımın qarşısında dinmədi, mən də üstünə getmədim. Əbülfəz bəy mənə hesab verməyə borclu deyildi. Sonradan üzümü bəyə tutub yenə də soruşdum ki, 6 aydı ki, adama dövlət və hökumət strukturunda iki böyuk vəzifə vermisiniz. Amma bu 6 ayda onu yanınıza çağırıb, qarşısında hər hansı tapşırıq qoymusunuzmu, yaxud da heç olmasa bircə dəfə telefonla da olsa, adamın nə işlə məşğul olduğunu soruşubsunuzmu? Və həqiqətən də ortaya çıxdı ki, Sürət bu vəzifələrə təyin olunandan, nə ona konkret tapşırıq verilib, nə də görməli olduğu işlər barədə hesab soruşulub. Belə olan təqdirdə, Əbülfəz bəyə dedim ki, siz özünüzü necə demokrat və ədalətli rəhbər hesab edirsiniz? Adama tapşırıq verməmisiniz, nə iş gördüyü barədə hesabat almamısınız, indi də deyirsiniz ki, bu çevriliş eləmək istəyir, sən də ona təqdimat yaz. Bildirdim ki, birincisi, dediyiniz o dəqiq faktı ortaya qoymasanız, mən bu sözlərə inanmıram. Bu məqamda İsa bəy üzünü mənə tutub, “sən ümumiyyətlə bizimlə işləmək istəyirsənsə ona təqdimat yazmalısan” – dedi. Dedim bircə dəqiqə dayan, bu dəqiqənin özündə sizin əlinizdə mənim istefayla bağlı iki ərizəm var və sən İsa çox yaxşı bilirsən ki, mən sizinlə işləmək istəmirəm. Bir daha bəyə üzümü çevirib dedim ki, adınızı demokrat qoyub, şayiə ilə baş kəsirsiniz? Əgər siz Sürətdən qorxursunuzsa, gəlin, onu birgə dəvət edək və burda da fakt qarşısında qoyub, həbs eləyək məsələ bitsin. Hətta ora qədər də dedim ki, əgər bu məsələlərə mənim də aidiyyatım ortaya çıxarsa məni də onunla birgə həbs edin. Ona görə də təqdimat yazmayacağımı dedim və bildirdim ki, cənab prezident Sürəti işdən çıxartmaq üçün mənim təqdimatım lazım deyil ki. 6 ay öncə necə fərman verib iki vəzifəyə təyin etmişdinizsə, indi də eləcə fərman verib vəzifələrindən azad edin. Bunu deyib otaqdan çıxdım. Təsəvvür eləyin ki, bu söhbətdən sonra bizim uğurlu əməliyyatlarımız gedən döyüş bölgəsindən Dadaş Rzayevi prezident aparatına çağırıb deyillər ki, sən orada bir bəhanə tapıb əməliyyatları dayandır, biz də əvəzində Rəhim Qazıyevi çıxarıb, səni müdafiə naziri təyin edək. Mənim də bu söhbətlərin heç birindən xəbərim yoxdu.
– Sizdən sonra nazir kim oldu?
– Dadaş Rzayev oldu. Həmin bu Dadaş o ərəfədə mənə zəng elədi ki, cənab nazir, burada havalar həddən artıq soyuqdur, qar yağır və bu havada hələlik heç nə eləmək mümkün düyil. Mən də ona inandım. Doğrudan da o vaxt qış çox sərt gəlmişdi. Beləcə əməliyyatı saxladılar. Indi siz baxın görün, insanlar öz oturduqları budağı nətəhər kəsirlər? Təsəvvür edin ki, həmin ərəfədə hakimiyyətin faktiki sahibi və de-yure Əbülfəz bəydən sonra ikinci şəxsi olan İsa Qəmbərin yanına Ermənistan parlamentinin deputatı Aşot Belyan gəlir. Adam 55 deputatın imzası ilə rəsmi müraciət gətirib və bu məsələni Sabir Rüstəmxanlı çox yaxşı bilir. Çünki həmin deputat İsa Qəmbərin yanına onun xətti ilə gəlibmiş. Bütün bunlardan mən sonradan xəbər tutdum, amma erməni deputatı həm İsa Qəmbərlə, həm də Əbülfəz bəylə görüşüb. Nə danışıblar, bilmirəm. Günlərin bir günü İsa Qəmbər böyük bir təlaşla zəng vurdu ki, bir erməni deputatı gəlib, onu buralarda öldürüb eləməsinlər, amandı sağ-salamat yola sal getsin. Mən də başım çox qarışıq olduğundan heç soruşmadım ki, erməni deputatı bura niyə gəlib? Aşot Belyan mənim yanıma gələndə özü söhbət elədi ki, biz müharibə-zad istəmirik və bu məsələni iki xalqın ziyalıları səviyyəsində həll etmək lazımdı. Mən istefaya gedəndən iki ay sonra, İsa Qəmbərin şəxsi arxivindən 55 erməni deputaın imzası olan o müraciəti mənə gətirdilər və həmin sənədin originalı indi də məndədi. Yaxşı, indi mən soruşuram ki, elə bir məsələ var idisə və bunların əlində 55 erməni deputatın imzaladığı müraciət ola-ola niyə onu müzakirəyə qoymadılar? Axı, o müraciətdə ermənilər deyir ki, biz vuruşmaq istəmirik, gəlin bunu bir yerdə müzakirə edək. Əbülfəz bəy bu gün yoxdu, amma İsa bəy belə bir ciddi məsələnin cəmiyyətdən niyə gizlədildiyini izah etməyə borcludu. Nə isə, həmin ərəfədə mənim xəbərim olmayan çox oyunlar oldu və uğursuz qış əməliyyatları baş verdi. Əgər evin içində xəyanət varsa, onu vaxtında aşkar etmək çox çətindi. Bəli, vaxt keçəndən sonra hər şeyi analiz də etmək olar, hətta günahkarları belə bir-bir barmaqla
göstərmək də. Hələ cəbhədə baş verən uğursuzluqların nəticələri aradan qaldırılmamış, indiki hakimiyyətin də, o zamankı hakimiyyətin də əziz adamı olan Fərəc Quliyev Ordubaddan Xalq Cəbhəsi təşkilatının icrayyə komitəsinə rəhbər gətirildi. Adam ayın 8–də bu vəzifəyə gəldi və elə ayın 8 –də də onun adından bəyənat verildi.
– Söhbət məhşur “Sürətin xəyanəti” bəyanatındanmı gedir?
Söhbətləşdi: Sərdar Əlibəyli
Ardı var…