“Qaş düzəldərkən göz çıxarırıq”.

0
3

Qüdrət Əzizov
“Qaş düzəldərkən göz çıxarırıq”.

Vaxtilə deyilsə də, həqiqətən bu kəlamda deyilənləri bizim millət çox gözəl bacarır. Bəli, bizlər “qaş düzəldək deyərkən, göz çıxarırıq”. Sanki bu bizim fitrətimizə hopub. Özümüz özümüzü cəncələ salırıq. Bunu yad biri etsə yenə bu qədər dərd etmərik, amma özümüz edəndə dizimizə çırpırıq. Necə dəyərlər “müsəlmanın sonrakı ağlı”.
Amma nə fayda, artıq olan olur və geriyə bunun acı nəticəsiylə kifayətlənmək qalır. Bizlər bunu ən çox bankdan kredit götürərək edirik. Öncədən fikirləşmədən, hər şeyi götür-qoy etmədən hər hansı işimizi yoluna qoymaq ücün tezbazar qaçırıq banka. Hazırda ölkədə kredit borcu olmayan çox az insan olar. Bu ölkənin hər bir yerinə şamil olunur. Bəzi hallarda banklardan istədiyimizi almaq üçün hər yola əl atmağa hazır oluruq. Bunu necə edirik desək, çox sadə izah verim: əgər kənd yerində olan birisi kredit götürürsə, əvvəlcə qonşusuna, qohum-əqrəbasının yanına gedərək onun həyətindəki mal-qaranı yığır həyətinə ki, bankın nümayəndəsi gələndə bütün bunları görsün və kredit verməkdə heç bir problem yaranmasın. Bütün bunları edərkən sonrasını fikirləşmirlər ki, əgər aldığı pulu geri qaytara bilməyəndə çox ağır cəzalara məruz qalacaq. Digər hal isə şəhər yerində yaşayanlar zamin olaraq bir- neçə şəxsi göstərir və geri ödəyə bilmədikdə borc qalır zaminlərin boyununa. Beləliklə, həm özünü, həm də ona inanan insanları çox pis vəziyyətə salır.
Əslində bütün bu problemlərin yaranma səbəbi bankların kredit ayırma şərtlərinin çox ağır olması ilə bağlıdır. Faiz dərəcələrinin çox yüksək olması isə neçə-neçə ailələri bataqlığa sürükləyib desək, yanılmarıq. Bununla yanaşı manatın devalvasiyası baş verdikdən sonra, manatla deyil, ABŞ dolları ilə kredit götürənlər daha pis vəziyyətə düşdülər. Manatın devalvasiyası ilə birlikdə çox ağır faktlarla üz-üzə qaldı banklar. Buna çarə kimi bəzi banklar kredit müddətlərini artırmaqda gördülər. Lakin fakt odur ki, proses ümumi ödəyəcəyin məbləğdən daha çoxunu ödəməklə sona çatır.
Mənə maraqlı gəldiyi üçün bankların nə zaman yarandığını, necə yarandığını axtarıb öyrənmək istədim. İstərdim ki, bu haqda “Millətim” oxucularından bilməyənlər də öyrənsin.
Deməli, XIX əsrin ortalarınadək dünyanın digər dövlətlərində olduğu kimi Azərbaycan ərazisində də sözün müasir anlamında dövlətin Mərkəzi Bank tənzimləməsi orqanı yox idi. Yalnız Azərbaycanın kapitalizmə qədəm qoyması ilə əlaqədar bank-maliyyə sferasının tənzimlənməsinin ilk məxanizmləri də formalaşmağa başladı. Belə ki, 1860-cı ildə Rusiya imperiyasının Dövlət Bankı təsis edildi və artıq bir il sonra onun Bakı bölməsi açıldı. Bölmənin əsas məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və kredit sistəminin inkişafını sürətləndirməkdən ibarət idi. Kapitalist münasibətlərinin sürətli inkişafının nəticəsi idi ki, artıq XIX əsrin sonunda Azərbaycan Qafqazın digər regionları ilə müqayisədə kapital quruluşuna xas olan ən inkişaf etmiş – özündə 200-ə yaxın kredit idarəsini birləşdirən kredit-bank sistəminə malik idi.
1918-ci il mayın 28-də müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 1919-cu il martın 7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. Elə həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixində isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən bank fəaliyyətə başladı. Dövlət Bankının mərkəzi aparatının binası Bakının Qorçekovski (indi H.Z.Tağıyev) küçəsində yerləşirdi. 1919-cu il noyabrın 9-da Dövlət Bankının Gəncə bölməsi açılmışdır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsis edildi.1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Milli Bankın yaradılması üçün də hüquqi baza yaradıldı. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə etdi.
Bəli, bu uğurlar yetərincə təqdirəlayiqdir,lakin bununla kifayətlənmək olmaz və yeni uğurlar əldə etmək, bundan daha yaxşısın əldə etməkdir. Əlbəttə ki, elə etmək lazımdır ki,bu həm banka, həm də müştərilərinə ziyan verməsin.Ümid edək ki, bunlara nə zamansa nail olacığıq. Elə bankların kredit faizlərini aşağı salaraq atacaqları addım ən böyük nailiyyət olardı.

LEAVE A REPLY