Yol polisindən “Son zəng” xəbərdarlığı
alt=”Yol polisindən "Son zəng" xəbərdarlığı” title=”Yol polisindən "Son zəng" xəbərdarlığı”
“”Son zəng”lə əlaqədar Bakının yol polisi 2 günlük gücləndirilmiş iş rejiminə keçir”.
Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Bakıda orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 29-u və 30-da gücləndirilmiş iş rejimində çalışacaq: “Son zəng”lə bağlı paytaxtın inzibati ərazisindəki küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürülməklə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bundan başqa, azyaşlıların və yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin, eləcə də təhsil müəssisələri ətrafında dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması məqsədilə yol polisinin şəxsi heyəti bu istiqamətlərdə müvafiq tədbirlər görəcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər”.
Bölmə rəisi qeyd edib ki, ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib: “Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Ey valideynlər, avtomobili uşaqların idarəsinə vermək olmaz. Bununla övladlarınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır”.
Qeyd edək ki, Təhsil Nazirliyi bildirib ki, bu il Azərbaycanın orta məktəblərində “Son zəng” tədbirləri müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.