“Yanmış binada qeydiyyatda olan 23 ailəyə, 3 kirayənişinə kompensasiya ödənilib”

0
3

“Yanmış binada qeydiyyatda olan 23 ailəyə, 3 kirayənişinə kompensasiya ödənilib”

Mayın 19-da Binəqədi rayonunda baş verən yanğın zamanı zərərçəkən 23 ailəyə kompensasiya ödənilib.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O bildirib ki, sakinlərə kompensasiyaların verilməsində hər hansı problem yoxdur:

“Hazırda 14 ailə Goradildəki koteclərdə yaşayır. Onlara yemək və geyim pulsuz verilir. Sakinlərin bir qismi isə Buzovnada 3 otaqlı mənzillərdə yaşayır. Qohum evində yaşayanlara 500 manat kirayə haqqı veririk. Kirayədə qalanlar isə ev sahibi ilə müqavilə bağlayıb həmin pulu bizdən alırlar. Hələlik bizə şikayət olunmayıb.

Yanmış binada qeydiyyatda olan 23 ailəyə kompensasiya verilib. Yanan binada cəmi 6 ailə kirayədə qalırdı. Bu gün 3 kirayənişinə mənzil sahibi ilə aralarındakı razılıq əsasında müəyyən qədər pul verilib. Bu səbəbdən hər hansı problem ola bilməz.

Bu gün biz qalan ev sakinlərinə də kompensasiyaları verməyə tam hazırıq. Müraciət edib bankda adı yazılan sakinlərə anındaca kompensasiyalar verilir. Bəzi sakinlərinin işi olduğu üçün, digərlərinin isə xəstəsi olduğundan hələ də gəlib çıxmayıb. Amma bizim tərəfdən onlara belə kompensasiyaların verilməsində heç bir problem ola bilməz və yoxdur.

Binanın 56 mənzilində yaşayış olub. Amma bunların ikisi evləri bölüblər. Həmin mənzilin biri kupçalıdır. Yəni evin sahibi axıra kimi sənədləşmə edib. Digər ev sahibi isə sona kimi sənədləşmə aparmayıb. Amma buna baxmayaraq, hər ikisinə də kompensasiya veririk. Bununla da 57 mənzil sahibi olur”.

Bir ailədən bütün ailə üzvləri ölən ailənin pulunun kimə verilməsi məsələsinə də münasibət bildirən Bakı meri deyib ki, həmin ailəyə ayrılan kompensasiya onların ən yaxın adamlarına veriləcək:

“Ümumi razılıq əsasında məhkəmənin qərarı ilə biz həmin ailənin pulunu ödəyəcəyik”.

Hacıbala Abutalıbov əlavə edib ki, sənədsiz evlər barədə Nazirlər Kabineti xüsusi qərar hazırlayır. Həmin qərar verildikdən sonra bu məsələlərə də aydınlıq gətiriləcək.

Mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər həyatını itirib, xəstəxanalara yerləşdirilənlərdən əksəriyyəti evə buraxılıb, 10 nəfər isə müalicəsini davam etdirir.

Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur.
Mayın 21-də Abid Şərifov zərərçəkənlərə maddi yardım ayrılması barədə sərəncam verib.

Sərəncama əsasən, yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alan bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

LEAVE A REPLY