Ömrünün 25 ilini AXCP-yə həsr edən şəxsi partiyadan çıxardılar
Ağaşirin Tanrıverdioğlu: “Deyillər ki, Ramiz Tağıyevə sirr verirsən”
Bir müddət əvvəl, AXCP-nin bəzi fəalları ilə partiya rəhbərliyi arasındakı ziddiyyətin pik həddə olması barədə məlumat vermişdik. Həmin məlumatda qeyd olunurdu ki, partiya rəhbərliyi AXCP-nin ən fəal 2 üzvünü xırda səbəbi əsas gətirərək partiyadan çıxarmaqla bağlı şifahi göstəriş verib. Rəhbərliyin qəzəbinə tuş gələn şəxslər – AXCP Nərimanov rayon təşkilatının şöbə müdiri Ağaşirin Tanrıverdioğlu və həmin rayon təşkilatının gənclər üzrə sədr müavini Dəyanət Babayev idi. Məsələ ictimailəşəndən sonra, bu plan partiya rəhbərliyi tərəfindən durduruldu.
Bu saatlarda isə, məlumat aldıq ki, artıq fəallardan biri – Ağaşirin Tanrıverdioğlu AXCP-nin Nərimanov rayon şöbəsinin qərarı ilə partiya sıralarından xaric edilib.
Məlumat dəqiqləşdirmək üçün Ağaşirin bəylə əlaqə saxladıq. O, Azinforum.az-a açıqlamasında partiyadan xaric edildiyinə dair qərarın verildiyini təsdiqləyib:
” Mən bu qərarı legetim hesab etmirəm. Məni aldatdılar ki, Məclisə 3 nəfər yeni üzvün qəbuluna dair müzakirə olacaq. Gördüm ki, yetərsay yoxdu. Onları birtəhər seçdirəndən sonra, AXCP-nin sədr müavini Gözəl Bayramlı dedi ki, təşkilatı məsələlərə də baxılmalıdır. Bununla da, mənim məsələmi müzakirəyə qoydular. Məclisə yeni qəbul edilən və məni tanımayan adamlara AXCP-dən çıxarılmağıma dair səs verdirdilər. Təbii ki, mən bu saxta qərarla razılaşmıram. Ömrümün 25 ilini həsr etdiyim partiyadan məni heç bir əsas olmadan çıxarırlarsa, mən də sakit duran deyiləm. Mən bilirdim ki, Gözəl xanım ora Əli Kərimlinin göstərişilə gəlib. Mən onları məhkəməyə verib, itirdiyim 25 ilin haqq-hesabını Əli Kərimli ilə aparacam”.
Partiyadan çıxarılmağına dair səbəblərə gəldikdə isə, cəbhəçi bunları söylədi:
“Əli Kərimlinin müşaviri Məmməd İbrahim dedi ki, güya mən AXCP-nin bütün sirlərini keçmiş cəbhəçi Ramiz Tağıyevə verirəm. O da AXCP-ni parçalamaq üçün plan hazırlayır. Düzdür, mən Ramiz bəy və keçmişi cəbhə ilə bağlı olan bütün şəxslərlə tez-tez görüşürəm. Burda da heç bir qəbahət görmürəm. Ramiz bəylə görüşmək cinayət sayılırsa, onda gizli kabinetlərdə hakimiyyət nümayəndələrilə keçirilən görüşlərə nə adı qoyaq? Hamısını açıqlayacam. Mən başa düşə bilmirəm, onları nə sirri ola bilər ki? Mitinq etməyə gücləri yox, təşkilatlana da bilmirlər. Bütün rayonlardan cəbhəçilər mənimlə əlaqə saxlayır. Bu qərarı kəskin pisləyirlər. Bu yaxınlarda saxtakarlığın hansı rezonansı doğurduğunun şahidi olassınız”.
Qalmaqalda adı hallanan Ramiz Tağıyevlə əlaqə saxladıq. O, Azinforum.az-a açıqlamasında AXCP-də 37-ci ilə xas olan diktaturanın hökm sürdüyündən təəssüfləndiyini bildirdi: “Biz həmin partiyada demokratiyanın qalmadığını dəfələrlə bəyan etmişik. Bu gün dediklərimiz öz təsdiqni tapır. Mən AXCP-dən haqsız yerə çıxarılan bütün üzvləri rəhbərlik etdiyim partiyada görmək istərdim. Yaxın günlərdə, partiyadan kütləvi istefaların olacağına dair məlumatım var”.