“Su keçirməyən alçıpanların tərkibində azbest var”

0
5

“Su keçirməyən alçıpanların tərkibində azbest var”

Şəmi Taşkintuna: “Azbest insan orqanizminin xərcəngə yoluxma təhlükəsini artıran maddə ixrac edir”

“Azərbaycan inşaat sektorunda keyfiyyətli və keyfiyyətsiz tikinti materiallarından istifadə olunur. Bunların arasında penoplast, alçıpan, poliuretan və digərlərinin adını çəkmək olar. Bundan başqa, bəzi xarici ölkələrdən keyfiyyətsiz, xüsusən tərkibində insan orqanizminə zərər vuran maddələr olan məhsullar da gətirilir”. Bunu “Strateq.az” saytına bir müddət əvvəl ölkəmizdə fəaliyyət göstərmiş tanınmış türk şirkətlərindən birinin Azərbaycan üzrə əlaqələndiricisi Şəmi Taşkintuna söyləyib.

Onun sözlərinə görə, hələ beş il əvvəl Bakıda çalışarkən, bəzi iş adamları onlara keyfiyyətsiz məhsullar təklif etsələr də, şirkət bundan imtina edib. İş adamı bildirdi ki, o zaman Çindən alçipan məhsulu gətirən işbazlar bunun su keçirmədiyindən daha möhkəm olduğunu önə çəkirdilər: “Əgər su keçirməyən məhsuldursa, mütləq tərkibində kimyəvi maddə var. Araşdırma aparanda gördük ki, tərkibində azbest var. Azbest elə bir məhsuldur ki, müəyyən müddətdən sonra insan orqanizminin xərcəngə yoluxma təhlükəsini artıran maddə ixrac edir. Bu məhsuldan, adətən, gəmilərdə istifadə olunur, onu da sökərkən böyük tədbirlər görülür. İnsan əlinə dəydikcə orqanizmə mənfi təsir göstərir. Biz bir çox layihələrə imza atan bir şirkət olmuşuq və heç zaman işimizdə keyfiyyətsiz materiallardan istifadə etməmişik”. Ş.Taşkintuna dedi ki, son günlər Bakıda iki yaşayış binasında baş verən yanğınlar və onun törətdiyi faciələrə yol açan səbəblər məhz keyfiyyətsiz, tez alışan, zəhərli maddələrdən ibarət tikinti materiallarından, üzlüklərdən istifadə olunmasıdır. Onun sözlərinə görə, Azərbaycanda işlədiyi dövrdə mətbuat vasitəsilə çıxış edərək tikinti sektorunda istifadə olunan zərərli üzlüklərin əleyhinə açıqlamalar verib.

Xatırladaq ki, Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna və digər ölkələrdə 120-dən artıq memarlıq və layihələndirmə həyata keçirən bu şirkət “Azəraqrartikinti” SC ilə birlikdə Milli Məclisin binasının daxili dizaynını, Heydər Əliyev Sarayının isə həm daxili, həm də xarici görünüşünün yenidən qurulmasını həyata keçirib. Həmçinin şirkət “Azinko Holdinq” tərəfindən Bilgəh qəsəbəsindəki “Jumeirah Bilgah Beach Hotel”in iç və çöl dizaynının hazırlanmasında iştirak edib. Bu otelin fasad hissəsi isə İtaliyada xüsusi texnologiya ilə hazırlanmış mərmərdən yığılıb.

Laçın SƏMLA

LEAVE A REPLY