Zaur Muradxanlı
Kəsişən maraqlar.
Türkiyədə seçimlər yaxınlaşdıqca siyasi ab-hava isinir. Anket şirkətlərinin, hətta AKP-yə yaxın rəy sorğusu şirkətlərinin keçirdiyi anket nəticələri açıqlandıqca aktiv siyasətin hərəkət trayektoriyası da seçici hərəkətlərinə görə dəyişməkdədir. Son iki-üç ildə Türkiyənin siyasi həyatında baş verənlər və xüsusən prezident seçkilərindən sonra R.T.Ərdoğanın prezidentlik üsul-idarəsi sevdası ilə alışıb yanması orta statistik seçicidə bezginlik yaratmağa və yeni arayışlara sövq etməyə yetdi.
Əslində AKP- nin indiyədək aldığı səslərin böyük əksəriyyəti əmanət səslərdi və 2001-ci il Asiya maliyyə böhranından sonra iqtisadiyyatı çökmə nöqtəsinə gələn ölkə vətəndaşlarının yoxsulluğun ləğvi, yasaqların qaldırılması və yolsuzluqlarla mübarizə aparacağını elan edən AKP-yə verilmiş əmanət, həmin dönəmdə iqtidarda olan partiyalara isə təpki səsləri idi. Elə 2002-ci il seçimlərində Ana Vətən, DSP və MHP-nin parlamentə girə bilməmələrinin də əsas səbəbi bu idi. Lakin zaman irəlilədikcə və xalq əmanət olaraq verdikləri səslərdən AKP-nin sui-istifadə etdiyini anlayınca artıq vəziyyət dəyişməyə başlandı. Xüsusən son iki-üç ildə ortaya çıxan korrupsiya halları, əvvəlcə Almaniyada açılan və Türkiyədə bağlantıları olduğu sübut edilən və almanlar tərəfindən miqyasının genişliyinə görə “Əsrin soyğunu” olaraq adlandırılan dəniz fənəri adlı məhkəmə prosesi, daha sonra isə Ərdoğanın oğlu Bilal Ərdoğanın da adının qarışdığı Türkiyə tarixinin ən böyük korrupsiya skandalı olan 17-25 dekabr istintaq araşdırması da, seçicilərin bu partiyaya olan inamlarını əməlli-başlı sarsmağa yetdi. Artıq AKP-yə on iki il öncə əmanət olaraq verilən səslər, bunların əksəriyyəti MHP-li seçicilərin səsləri idi, aid olduqları yerə, MHP-yə dönməkdədirlər.
Doğrudur, səslərin geri dönməsində Ərdoğan hökumətinin iqtisadi uğursuzluqları, xarici siyasətdə Amerika-İsrailin dediyindən kənara çıxmaması və ən önəmlisi PKK məsələsinin həllində atdığı strateji xətalar da həlledici rol oynamışdır. MHP-nin digər tərəfdən bu seçimlərə dolğun iqtisadi, yaxşı düşünülmüş və hazırlanmış siyasi proqramla girməsi, ayrıca gənclərə və işsizlərə yönəlik sosial proqramların reallaşdırıla bləcək səviyyədə olması, ən mühümü isə bütün bu proqramların necə və hansı maliyyə vəsaitləri ilə həyata keçiriləcəyinin daha indidən əsaslandırılması və partiya başqanı Dövlət Bağçalının dilindən bircə-bircə səsləndirilməsi də vaxtilə AKP-yə əmanət gedən səslərin geri dönməsində əhəmiyətli rol oynamaqdadır.
Anket şirkətlərinin keçirdikləri hər gün yenilənən sorğu nəticələrinə görə günnən-günə yüksələn MHP-nin qarşısını ala bilmək üçün hakim partiya müxtəlif təxribatlara əl atmaqdadır. Belə ki, kürdlərin dalınca danışarsa, potensial kürd seçməninin küsə biləcəyindən ehtiyat edən iqtidar partiyası, digər tərəfdən də MHP-yə gedən səslərin qarşısını ala bilmək üçün məcburi olaraq yenidən dinə sarılmağa, türk xalqının bu zəif nöqtəsini siyasi mənafeləri naminə alət etməyə başlamışdır. Elə Ərdoğanın son vaxtlardakı mitinqlərə əlində quranla çıxması da AKP-nin bu qayğısının nəticəsidir. Digər tərəfdən isə həm HDP məclisə girərsə koalisiya hökumətinin qaçınılmaz olacağını anlayan AKP, bir tərəfdən bu partiyanın məclisə gəlişini əngəlləmək, digər tərəfdən də MHP lider heyətini gözdən sala bilmək üçün bəzi provakativ əməllərə əl atmaqdadır. AKP necə olsa qarayaxma barəsində təcrübəli partiyadır. Hələ 2011-ci il parlament seçimlərində MHP-yə qarşı kaset oyunları ilə əxlaqsızca kampaniya aparmış və müəyyən qədər də başarılı olmuşdular. Amma bu dəfə MHP seçməninin eyni xətaya düşməyəcəyini bildiklərindən başqa yolları sınamağı üstün tuturlar, Belə ki, keçən həftənin sonlarında Dənizli və Çanaqqalada qarşı siyasi baxışlı tələlər arasında dava-dalaş çıxarılmış və bu dava-dalaşlarda xüsusilə MHP-li və HDP-li gənclərin iştirak etməsi üçün şərait yaradılmışdır. Lakin bu provakasiyaların olacağından vaxtında xəbərdar edilən MHP başqanı Dövlət Bağçalı partiya üzvlərinə müraciət edərək soyuqqanlı olmağa və kimsənin sözü ilə radikal qrupların təhrikinə baş qoşaraq hadisələrə qarışmamağa çağırmışdır.
Soyuq başla düşünərək, AKP-nin bu on üç illik hakimiyyəti dövründə Türkiyəni gətirdiyi nöqtəni analiz etsək görərik ki, bu qardaş ölkənin bölgəsində layiq olduğu səviyyədə hörmətə çata bilməsi üçün ancaq və ancaq MHP-nin hakimiyyətə gəlməsi qaçınılmaz haldır. Çünki AKP ölkənin daxilindəki hüquq və ədalət sistemini baltalamaqla qalmayıb, əyni zamanda sosial ədalət prinsipini də zədələyib, etnik kimliklər üzərindən siyasət apararaq ölkənin milli birliyini belə təhlükəyə atıb. Ayrıca qonşu dövlətlər, xüsusən Suriya, İran, Misir, Liviya və sair ölkələrlə münasibətlər maksimum səviyyədə pisləşib və bütün bunlar azmış kimi Türkiyə Yaxın Şərqdə siyasi fəallığını itirərək Səudiyyə Ərəbistanının ağzına baxar duruma gəlmişdir. Əlbəttə bütün bunlar Türkiyə üçün utancverici durumdur və bu vəziyyətdən çıxa biləcək, Türkiyəni layiq olduğu səviyyəyə çıxara biləcək siyasi hərəkatın məhz MHP olduğuna inanıram, çünki bu ölkədə sadəcə səs toplamaq üçün populist çıxışlardan uzaq olan, bütün seçim bəyannaməsini real dəyərlər üzərinə inşa edən MHP də ən azından milli kimlik qüruru, türklük haysiyyəti vardır.
Bir də MHP-nin iqtidar ortağı olduğu 2001-ci ildəki Azərbaycanla-İran arasındakı Xəzər böhranını da yeri gəlmişkən xatırlatmaq istərdim. Dövlət Bağçalı Bakıya gələrək türk qırıcılarının bakı səmalarındakı nümunəvi göstərisini izləmiş və “Azərbaycana əlini uzadan qarşısında bizi bulur”- deyə İrana rəsmi mesaj vermişdi. Bəli, bu mesajdan sonra İran gəmiləri geri çəkilərək öz ərazi sularına dönmüşlərdi.
Bizim 2002- ci ildən sonra hər hansı platformada Türkiyədən gerçək qardaş dəstəyi gördüyümüzü xatırlamıram, xatırlayan varsa bir zəhmət mənim də yadıma salsın…