“Gəlirəm” deyən faciə…

0
3

“Gəlirəm” deyən faciə…

May ayının 19-da Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq metro stansiyasının yaxınlığında, Azadlıq 189 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının birində faciə ilə nəticələnən yanğın hadisəsi baş verdi. Dəhşətli yanğın zamanı 14 nəfər dünyasını dəyişdi, altmış bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərimizin xəstəxanalarına yerləşdirilib. Yanğının hansı səbəblərdən çıxdığı isə Fövqaladə Hallar Nazirliyinin müvafiq şöbəsinin araşdırmasından sonra məlum olacaq.
Amma bu yanğının adi mənzil yanğını olmaqdan çıxaraq, ümumi bir faciəyə çevrilməsində səbəb bir müddətdir ki, şəhərimizdə aparılan abadlaşdırma işləri çərçivəsində binaların fasadlarına, yolların kənarlarına çəkilən hasarların və digər divara oxşar qurğular üzərinə çəkilən plastik üzlüklərdir. Bu artıq hər birimizə məlumdur. İstifadə olunan üzlüklər tezalışan materialdan olmaqla bərabər alışdığı zaman zəhərli tüstü verir və yaxınlıqdakı insanları boğaraq öldürür.
Bəs, binaların bu cür ucuz və keyfiyyətsiz materiallarla üzlənməsinə kim icazə verib? Doğrudur, icraçı şirkət olan “Global Construction” şirkətinin direktoru artıq həbs edilib. Amma bütün suç sadəcə onundurmu? Ayrıca arxasında hansısa yüksək çinli məmur dayanmadan hansısa bir sahibkarın böyük bir şirkət açaraq və bu şirkətin məhsulları ilə səkkiz yüzdən artıq çoxmərtəbəli binanı üzləmə işini həyata keçirməsi, üstəlik artıq nə dərəcədə keyfiyyətsiz olduğu üzrə çıxan bu üzləmə materialarına sertifikat alması, nəhayət binaları üzlədikdən sonra sifarişçi orqana təhvil verməsi qeyri mümkündür. Məncə burada həbs olunmalı şəxslər şəhərin və Binəqədi rayonunun memarları, Tikinti şöbəsinə cavabdeh məmurlarıdır. Onlar kənarda qaldıqdan sonra hansısa şirkət müdirini həbs etməyin nə anlamı?
Əlbəttə, “Global Construction” şirkətinin təsisçisi və ya direktoru tenderdə qalib gəlmiş və ya hansısa digər yolla binaların üzləmə işini almış ola bilər, amma yenə dediyimiz kimi ən azı bu şirkət qədər işin sifarişçiləri də keyfiyyətə cavabdehdirlər. Çünki binaların standartlara görə üzləndiyinə dair sənədlərə həmin şəxslər qol çəkib. Bəs, üzləmə zamanı istifadə etdiyi materialların keyfiyyətinə nəzarət etməli olan qurumlar və bu binaları təhvil təslim edərək bir anlamda da işin keyfiyyətinə zəmanət vermiş olan icra orqanları necə, onlar məsuliyyətdən kənar qalacaqlarmı? Əgər belə olarsa, bu sadəcə vicdanları yaralayan hadisə olaraq qalmaqdan çıxaraq, “adam”ı və yetərincə pulu olanların nə edərsə etsin cəzalandırılmadığı intibasını yaradacaqdır ki, bu da olduqca təhlükəli olaydır.

İstənilən halda bir yanğında bu qədər insanımızın həlak olması bizə gələcək üçün ehtiyatlı olmağı və hal hazırda necə böyük təhlükələrlə qol-boyun dolandığımızı işarə edir. Gəlin, unutmayaq ki, Bakımızda fasadı plastik üzləmə ilə üzlənmiş daha yüzlərcə bina var və Allah qorusun bu binaların hər birində yanğın baş verdiyi zaman bütün bina sakinləri ölüm təhlükəsi ilə qarşı-qarşıya qalacaqlarmı?
Əlbəttə ki, dövlətimizin bu təhlükənin qarşısını almaq üçün baş verən və faciə ilə nəticələnən bu yanğından dərs çıxaracağını, ən azından yaşayış binalarının fasadlarındakı plastik üzlük materiallarının oda davamllı başqa materiallarla dəyişdiriləcdəyinə ümid edirik. Ümid edirik və həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralı vətəndaşlara isə Allahdan kömək diləyirik.

Zaur

LEAVE A REPLY