Ölüm hökmü yenidən qüvvəyə minməlidir!

0
7

Qüdrət Əzizov

Ölüm hökmü yenidən qüvvəyə minməlidir!

Son zamanlar gördüklərim və eşitdiklərim məni bunu yazmağa vadar etdi. Bir neçə gün öncə 11 sinif şagirdi Aytac Babayeva vəhşicəsinə, sözlə ifadə edilməyəcək qədər qəddarlıqla qətlə yetirildi. Bunu edən şəxs, əslində həmin şəxsə insan demək belə düzgün deyil, Aytac sevgisini rədd etdiyi ücün bu əməli törətdiyini vurğuladı.
17 yaşında bir gənc qıza qarşı bu cür vəhşiliyin ediliməsi insani hərəkət deyil. Həyatının ən gözəl çağında, həyata vida etdi Aytac. Nə qədər danışsaq, yazsaq bu haqda yenə də azdı. Dəyişməyən yeganə həqiqət odur ki, Aytac geri qayıtmayacaq. Onun valideynlərinin, yaxınlarının yarasının bir az sağalması isə bu qətli törədən caniyə ən ağır cəzanın verilməsi ilə olar. Düzdür, hüquq mühafizə orqanlarının bu məsələyə düzgün qərar verəcəklərinə hamımız ümid edirik.
Mən daha öncə də yazılarımda vurğulamışdım ki, gənc və yaxud yaşlıların üzərində soyuq silah gəzdirməsi nələrə səbəb ola bilər. Hələ qaldı ki, elm öyrənəcək bir yaşda olan gənclərin üzərlərində daima biçaqla gəzməsi… Bu hadisələrin baş verməsində kriminal aləmlə bağlı yayımlanan videolar, o haqda yazılar çox böyük rolu var. Daha sonrası geri fikirlilikdir ki, ya mənim olmalısan, ya qara torpağın. Axı, bu nə düşüncədir? Hansı zəmanədə yaşayırıq? Dar düşüncəlik, geri fikirlilik, avamlıq cəmiyyətin axırına çıxacaq. Buna son qoymaq lazımdır.

Həsən bəy Zərdabinin bu haqda dedikləri yadıma düşdü: “savad almayan xalqın sonu yoxdur. O ya işğal olunacaq, yada içdən parcalanacaq. Cəmiyyəti savad ayaqda saxlayar. Amma görünən o ki, təhsilə, mütaliəyə maraq azalır.Mütriflərə, kişiləri araq məclislərində əyləndirməyə həvəs daha çoxdur. Zina, rüşvət, qumar… Bu üçü milləti yıxar.Yıxılmamaq üçün bütün bunlardan qaçmaq mütləqdir”.
Həqiqətən də bu məsələ hələ aktuallığını saxlayır və bəyin öz zəmanəsində dediyi sözləri hələ də keçərlidir.
İnsan fikirləşəndə belə dəhşət bürüyür. 17 yaşında bir qıza səkkiz bıçaq zərbəsi vurmaq və daha sonra başını betona çırparaq qətlə yetirmək, axı, hansı vicdana sığar?
Məncə ölüm hökmü yenidən qüvvəyə minməlidir.Yoxsa, biz bu cür hadisələrə çox şahid ola bilərik. Hamımız bu hadisələrlə üzləşə bilərik, heç kim bundan sığortalanmayıb. Bu tip qatillər islah olmaz, onlar tərbiyə olunmaz.
Ölkəmizdə 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyuldu, 1998-ci ildə isə tamamilə ləğv olundu: Bu, Avropa Şurasına qəbul olunması üçün Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi məqsədilə edildi. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb.
Bir çoxları hesab edir ki, insanların etdiyi cinayətlərə görə həyatdan məhrum edilməsi humanizm prinsiplərinə ziddir. İnsanların islah olunması, cinayətlərdən çəkindirilməsi lazımdır. Avropa ölkələrinin bir çoxunda məhz bu qaydaya riayət olunur. Ancaq bunun əksini düşünənlər də var. Onlar hesab edir ki, islah olunmayan, qəddar, ağır cinayətlər törədən insanların qətlə yetirilməsi məntiqidir. Qeyd edim ki, hazırda dünya dövlətləri arasında edam mövzusu ilə bağlı “bölünmə” var. Məsələn, hazırda dünyada 70-dən artıq dövlətdə edam cəzası hələ də mövcuddur. 25 ölkədə isə edam cəzası hüquqda mövcud olsa da, son 10 ildə heç kim edam olunmayıb.
Qeyd edək ki, hazırda dünyada ən çox edam cəzaları Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Vyetnam kimi ölkələrdə həyata keçirilir. Göründüyü kimi, edam cəzaları dünya üzərində müxtəlif yerlərdə yayılıb. Müsəlman ölkələri – İran, Səudiyyə Ərəbistanı, Pakistan, eləcə də xristian ölkələri – ABŞ, Fransa və sair. Həmçinin kasıb ölkələrlə yanaşı, Yaponiya, Sinqapur və sair kimi inkişaf etmiş və ya etməkdə olan ölkələrdə edam cəzaları mövcuddur. Qonşu Türkiyədə edam cəzaları 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. 1920-1984-cü illər ərzində Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib.
Mən insani hərəkətlərə sığmayan,vəhşiliklə qətl törədənlərin məhz edam cəzasına məhkum edilməsinin tərəfdarıyam. Bunu bir daha Aytacın ölümü təsdiq etdi. Gəlin, bu vəhşiliyə susmayaq, tələb edək ki, ən ağır cəzaya məhkum edilsin qətli törədən cani. Qadına şiddət yol verilməzdir. Bunu edənlərsə ən ağır şəkildə cəzalandırılmalıdır.

LEAVE A REPLY