Müsavatda nələr baş verir?
Arif Hacılı gedir, Rauf Arifoğlu “era”sı başlaycaq?!
Müsavatın qurultayından öncə verdiyimiz proqnozlar özünü tam doğrultdu. Yazmışdıq ki, İsa Qəmbər özündən sonra güclü Müsavat görmək istəmir. Belə də oldu. Sabiq başqan 20 ildən artıq bir zamanda rəhbərlik etdiyi partiyanın darmadağın olmasından hədsiz məmnun görünür. Həmin zaman kəsimində Müsavata heç bir uğur qazandıra bilməyən İ.Qəmbər indi siyasi cameəyə “gördünüz, mənsiz Müsavat yaşaya bilməz”, deyir.
Əslində, Müsavatın iflasının əsası məhz sabiq başqanın zamanında qoyulsa da, İ.Qəmbər bunu etiraf etmək istəmir. Çünki etiraf etmək güclülərin, böyüklərin işi olduğundan İ.Qəmbər siyasi karyerası boyu bircə dəfə olsun belə səhvlərini etiraf edə bilmədi. 1998-ci ildə lideri hesab etdiyi Əbülfəz Elçibəyə güzəşt etmək istəməyən sabiq Müsavat başqanı həmin il keçirilən prezident seçkilərindən sonra hiyləgər manevrləri ilə yenidən Elçibəylə mehriban əlaqələr qura bildi. Sanki heç nə olmamışdı. Elə bil Elçibəyə o deyil, kimsə xəyanət etmişdi.
Cəsarətsizliyini, sona qədər mübarizə aparmaq əzminin olmadığını bilə-bilə İ.Qəmbər 2003-cü ildə haylı-küylü seçki marafonu təşkil etməyə nail olub, növbəti dəfə tərəfdarlarını aldatmağı başardı. Seçki sonrası qorxu keçirmiş sabiq başqan bir neçə ay evdən eşiyə çıxmaq cəsarətində bulunmadı. Yalnız bir qrup Müsavatçı qadının onun evinə gedib, yalvar-yaxar etdikdən sonra İ.Qəmbər partiyası üçün Binəqədi rayonu ərazisində ayrılmış yeni qərargaha qədəm basa bildi. Müsavatda heç nə dəyişmədi. Dəyişən bir qrup müsavatçının azadlıqlarını həbsxana həyatı ilə dəyişmələri oldu. İ.Qəmbər həbsxanaya “ezam” etdirdiyi tərəfdarları ilə doğru-dürüst ilgilənmədi də.
Prezidentlik sevdası puç olmuş İ.Qəmbər 2005-ci ildə deputat mandatı uğrunda yarışmalı oldu. Bu dəfəki məğlubiyyəti daha acınacaqlı oldu desək, yanılmarıq. Özünü ana müxalifətin lideri sayan İ.Qəmbər yaşadığı ərazidən millət vəkilliyinə namizədliyini irəli sürsə də, polis bölməsinin rəisi qarşısında duruş gətirə bilmədi. Elə həmin zaman aparılmış ciddi araşdırmalar təsdiq etdi ki, namizədliyi irəli sürdüyü seçki dairəsində seçki tam ədalətli olub. Nəticədə seçicilərin rəğbətini qazanmış digər namizəd-Adil Əliyev Milli Məclisin qapısını açmağı haqq edib. Gözlənilən o idi ki, İ.Qəmbər tükəndiyini etiraf edib, başqanlıqdan istefa verəcək. Ancaq bizim belə gözləntimiz yox idi. İ.Qəmbəri yaxşı tanıdığımızdan, hansı insani keyfiyyətlərə malik olduğunun dəfələrlə şahidi olduğumuzdan onun istefa mədəniyyəti nümayiş etdirməyə qabil olmadığını öncədən təxmin etmişdik.
İllər ötür, Müsavat isə durğunluqdan xilas ola bilmirdi. 2013-cü il AXCP sədri Əli Kərimli kimi, Müsavatın sabiq başqanının da iç üzünü, siyasi məkrlərini, cəsarətsizliklərini bir daha ortaya qoydu. “Milli Şura” oyunu ənənəvi müxalifətin elektoratını tam itirməsiylə sonuclandı. Həmin il keçirilən prezident seçkilərində xalqın dəstəyini qazana bilməyəcəklərini öncədən dəqiqləşdirən AXCP sədri və Müsavat başqanı ortaya gah siyasətdən bixəbər Rüstəm İbrahimbəyovu, gah da “aldanmış kəvakib” kimi Cəmil Həsənlini çıxardılar. Bu, ənənəvi müxalifətin tam fiaskosundan savayı bir şey deyildi.
Prezident seçkilərindən sonra Müsavatın süstləşdiyi açıq-açıq hiss olunurdu. Aktiv olan Arif Hacılı idi ki, hər kəs həmin hərəkliliyin nəyə hesablandığını bilirdi. İ.Qəmbərin məxfi planı-Müsavatı Arif Hacılıya ötürmək istəyi tədricən üzə çıxsa da, sabiq başqan özünəməxsus ustalıqla tərəfsiz olduğunu nümayiş etdirməkdə davam edirdi.
İ.Qəmbər Müsavata gəlmiş-getmiş çoxlarını istismar edib. Bəzilərinin cəsarətini, digərlərinin elmini, siyasətini, imkanlıların isə paralarını istismar etməyə nail olub. Sual olunur; görəsən, zamanında Müsavat üçün həyatını qurban verməyə hazır olan, sabiq Xarici işlər naziri Tofiq Qasımov bir kərə olsun İ.Qəmbərin, Arif Hacılının yadına düşübmü? Olsa-olsa Tofiq bəy onların yuxusuna girib, bir anlığa narahatlıqlarına səbəb olar. Vəssalam!!!
Əlbəttə, bir çoxları mənim qərəzli olduğumu, obyektiv münasibət sərgiləmədiyimi söyləməyə çalışacaq. Məsləhət budur ki, həmin addımı atmazdan öncə Müsavata heç də T.Qasımovdan az xidməti olmamış Vurğun Əyyubun partiyasından necə qovulduğunu göz önünə gətirsinlər. Hələ “Qara Tofiq” kimi tanınmış, sabiq Kənd Təsərrüfatı Naziri Tofiq Hüseynovun Müsavatdan istefa verməsini xatırlatmaq istəmirəm. İllər uzunu Müsavatın maliyyə problemlərini öz üzərinə götürmüş, sözün əsil mənasında ziyalı, fədakar insanların bir anlığa partiyadaşları tərəfindən unudulmalarına ad tapmaq çox çətindir.
Bəli, proqnozlarımız özünü tam doğrultdu. Müsavatı məhəlli özəyə çevirə bildilər. Bu işdə ən maraqlı olanlardan birincisi İ.Qəmbər idisə, digəri Əli Kərimli oldu. Kimsəyə sirr deyil ki, həmin şəxslər uzun illərdir ki, bütün fəaliyyətlərini yalnız ana müxaifət lideri olmağa həsr ediblər. İndi, İ.Qəmbər özünü Müsavatın lideri adlandırsa da belə faydası yoxdur. Çünki Müsavat məhz onun eqoistliyinin qurbanı oldu. Özünə vurğun, xəstə təxəyyüllü İ.Qəmbər hətta varisi hesab etdiyi A.Hacılıya normal təşkilat miras qoymaq istəmədi. Belə vəziyyətdən yararlanmağı bacaran AXCP sədri Ə.Kərimli hələlik müxalifətin “ana”sına çevrilə bildi desək, qüsurlu sayılmaz.
Müsavatda yeni istefa dalğası başlayıb. Görünən odur ki, partiyasını qoruyub-saxlamağın tək yolu A.Hacılının istefasıdır. Sızan məlumatlar təsdiq edir ki, artıq sabiq başqanla bu barədə müzakirə aparılır. Deyəsən, Müsavatda Rauf Arifoğlu “erası” başlayacaq. Biz zamanında belə olacağını da söyləmişdik. R.Arifoğlu Müsavatda qarşısına sədd çəkə biləcək iki həmyerlisinin-V.Əyyubla, “Qara” Tofiqin Müsavatdan uzaqlaşmasını sevinclə qarşılayıb. “Yeni Müsavat”ın baş yazarı artıq başqanlıq yolundadır. Böyük ehtimalla iyul-avqust aylarından birində Müsavatın növbədənkənar qurultayı keçiriləcək ki, həmin qurultayda R.Arifoğlunun başqan seçilməsiylə yanaşı, Müsavatın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı da təsdiq ediləcək. Başqa variant görünmür. Digər variantlar Müsavatın parlament “yuxu”larına haram qatacaq.
Nicat Sadiq