Lalə Ramizqızı: “I Avropa Oyunları millətimizin, dövlətimizin bütün dünyaya həm də təqdimat mərasimi hesab olunmalıdır”.

0
1

Lalə Ramizqızı: “I Avropa Oyunları millətimizin, dövlətimizin bütün dünyaya həm də təqdimat mərasimi hesab olunmalıdır”.

I Avropa oyunları yaxınlaşdıqca, ölkəmizdə ilk dəfə keçiriləcək tədbir barədə müxtəlif rəylər səsləndirilməkdədir. Təəssüf ki, hələ də bir sıra siyasətçilər həmin oyunları gözdən salmaq üçün çabalar göstərir. Bir neçə il öncə Bakıda keçirilmiş “Eurovision”dan öncə də ölkəmizdə araqarışdırmaq istəyənlər var idi. Onların “səy”lərinə, çağırışlarına baxamayaraq Bakının ev sahibliyi etdiyi “Eurovision” yüksək səviyyədə keçirildi.
Həmin tədbir bütün Avropada Aazərbaycan barədə yüksək rəy yaratdı. Avropalı qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi, mədəniyyəti barədə uzun müddət söhbət açmaqdan yorulmadılar. Yəni, “Eurovision” Azərbaycana yalnız və yalnız yüksək əhval-ruhiyyə, dostluq, mehribançlıq gətirdi.
İndi bəzi siyasətçilər müxtəlif çağırışlar edir, guya ölkəmizdə insan haqları və hüquqlarının polzulmasından, mətbuata basqı olmasından söhbət açırlar. Bunları nəzər alaraq “Millətim”in baş redaktoru Lalə Ramizqızına müraciət etdik. Lalə xanım rəhbərlik etdiyi qəzetə heç bir təziqin olmadığından söhbət açdı: “Bizim nə xarici, nədə ki daxili öhdəliyimiz yoxdur. Yəni “Millətim”ə nə dövlətimizdən, nədə ki xarici təşkilatlardan maliyyə ayrılmayıb. Ayrılsa belə bizim üçün ən əsası olan milli, dövlətçilik prinsiplərindən bir addım geri çəkilmərik. Oxucularımız yaxşı bilir, “Millətim”də hər kəsin mövqeyi yer ala bilər. Elə müsahibələr olur ki, müsahibimiz bizim xoşlamadığımız mövqeyi sərgiləyir. Ancaq, biz onların mövqeyini səhifəmizə çıxarırıq. Özünüz görürsünüz, “Millətim”də həm müxalifət, həm də iqtidar nümayəndəlıərinin müsahibələri, rəyləri, mövqeləri yer alır. Bilmirəm kim deyir ki, azərbaycanda azad mətbuat yoxdur, ancaq biz azadıq və kimsə bizə diqtə edə bilməz. Ölkəmizdə bəzi müxalifət nümayəndələri çox pis ənənə yaradıb, guya azad mətbuat hesab olunmaq üçün yalnız onların siyasi xəttinə xidmət göstərməlisən. Daha bunun harası oldu azadlıq, azad mətbuat? Məlumatımız var ki, sıravi vətəndaş özünü azad mətbuatın bayraqdarı hesab edən qəzetlərə yaxınlaşıb, dərdini söylədikdən sonra, açıqlamasının qəzetdə işıqlandırılmasını xahiş edib. Həmin qəzetlər isə ilk olaraq şikayətçinin siyasi mənsubiyyətini öyrənməyə çalışıb. Bitərəf və ya öz siyasi kurslarına uyğun gəlməyən biri olduğunu görüb, şikayətçini peşman yola salıblar. “Millətim” üçün isə belə fərq, belə münasibət qəbuledilməzdir.
O ki qaldı, I Avropa Olimpiya Oyunlarının keçirilməsinə, biz “Millətim” olaraq ilk gündən həmin tədbiri dəstəkləmişik. Həmişə cürbəcür təamları dadırıq, bu dəfə də mənəvi qida qəbul edək. Minlərlə insan ölkəmizin qonağı olacaq, ölkəmizlə, yaşam tərzimizlə, mədəniyyətimizlə tanış olacaq. Sözün əsil mənasında dövlətimizin, millətimizin təqdimatı baş tutacaq. Axı, bunun nəyi pis ola bilər? Bəziləri çəkilən xərci önə çəkir. Bu xərc nə zamansa çəkilməliydi də. SSRİ zamanında ayrıseçkilik edib Erevanda 70 minə yaxın insan tutumu olan “Razdan” adlı stadion inşa ediblər,Tiflisdə də ondan geri qalmayan stadion tikildi. İndi də bizim imkanımız var, tikilməlidir. O stadion təkcə iqtidarda olanlar üçünmü inşa edilib? Və yaxud neçə-neçə idaman kompleksləri yeniləndi, yeniləri inşa edildi. Həm də arxitektura baxımından Bakıya gözəllik verdi. Belə götürək ki, 50-100 min arası qonaq gələcək. 10 milyonluq Azərbaycan xalqı bir neçə min qonağı qarşılaya bilməyəcək? İnanın ki, həmin qonaqları ailələrə bölsələr, hamı sevinə-sevinə qarşılayar. Millətimizin dünyanın ən qonaqpərvəri olduğuna kimsə şübhə etməsin. Bu dəfələrlə təsdiq olunub.
Düzdür, bizdə bir çox jurnalist həmkarımızın, tanınmış siyasətçilərin azadlığa qovuşmasını arzu edirik. Ancaq sirr deyil ki, bəziləri hüquq müdafiəçisi, siyasətçi və yaxud jurnalist adı ilə xaricilərə nökərçilik edib, ölkəmizin dünyada mənfi təqdimatına çalışıblar. Bunun da əvəzində nələri qazanıblar, bunu da istintaq üzə çıxarır. Aldığımız dəqiq məlumata görə, həbsxanada olan bir xanım öz övladlarına vəsiyyətnamə verib. Siyahı o qədər uzun olub ki, həmin vəsiyyətnamənin siyahıya alınması bir neçə saata və 30 yazı vərəqinə başa gəlib. Xanımın dünyanın ən bahalı şəhərində mənzilləri var. İndi mən sual edirəm: halal zəhmətiyləmi əldə edib həmin sərvəti? İndi də bəziləri xarici havadarlarına xoş gəlmək üçün, onların istəyinə uyğun olaraq I Avropa Olimpiya Oyunlarının əleyhinə təbliğat aparırlar. Tədbir hər nədir, bunu qoyaq kənara, axı bizim Vətənimizdə keçirilir. Vətənini sevən hər kəs onun uğuruna, dünyada müsbət təqdimatına öz töhfəsini verməyə çalışmalıdır. Bizə bu indiki zamanda hava-su kimi zəruridir. Qoy bədxah qonşularımızı Azərbaycanın nə qədər möhtəşəm tədbir keçirə bildiyini ürək ağrılarıyla müşahidə etsinlər. Biz də “Millətim” olaraq I Avropa Olimpiya oyunları üçün əlimizdən gələn işləri görməyə çalşacağıq”.

Leyla

LEAVE A REPLY