Birincilər, test və gizli “hörmət”ə yer saxlamaq
Təhsildə test sisteminin bəzi yarıtmaz cəhətlərinə tənqidi baxışların ildən-ilə ortaya çıxdığı bir vaxtda, ibtidai siniflərə qəbul prosesini bu üsul əsasında qəlizləşdirməyə marağın əməlli-başlı artması müşahidə olunur. Lisey və gimnaziyaların, özünü fərqli təqdim edən bir sıra orta məktəblərin birinci sinfinə qəbulun test metodu ilə həyata keçirilməsi uzun zamandır, tədqiq edilir. Bu ildən sadəcə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə şagird qəbulu elektron qaydada aparılmağa başlanıb. İzahı belədir ki, bu, şəffaflığa, hər bir məsələni valideynin öhdəsinə buraxmağa xidmət edir. Daha doğrusu, hər bir məsələ yox, ali təhsil üçün ixtisas seçimi necə ki, tələbə və valideyn sərbəstliyinə həvalə olunur, balacalar üçün konkret müəllimin elektron yolla seçilməsi də ata-ananın ixtiyarına verilir.
Bəs birincilərin testlə imtahan edilməsi gerçəklikləri özü nə deyir?
Birinci ondan başlamaq lazımdır ki, balacaları iki pilləli imtahan-test və müsahibə- qaydasında sorğu-suala çəkmək sırf şəffaflığa söykənərsə, bu yolla hər sinif üçün minimum 20 şagirdi qəbul etmək qeyri-mümkündür. O sadə səbəbdən ki, testdəki suallar bəzən uşaqların hazırlaşdığı proqramlarla tam üst-üstə düşmür, ya da azyaşlıların məntiq yükü altına girmək, dərin düşünmə tələb edən suallara dərhal cavab vermək çətinliyi qoyulan vaxtla uzlaşmır (şəxsən övladlarımızın imtahan müşahidələri belə deyir-müəllif).
Üstəlik, ümumi təsəvvürlər kifayət etmir, sanki böyüklərlə imtahan keçirilirmiş kimi, keçid balları da müəyyənləşdirilir, bu zaman təbii ki, yerlərin dolması problemi yaranır. Boş yerlərə təkrar sənəd qəbulu həngaməsini açmaq, ibtidai siniflər üçün çox gülməli və mənasız bir proses halına gələrdi; təkrar qəbul heç yerdə heç keçirilmir də. Odur ki, şəffaflıq deyib, heç kimsəni aldatmaq lazım deyil; azyaşlılar üzərində bu şəkildə ciddiyyət nəticə verməyəndə, təbii ki, ənənəvi rüşvət amili işə düşür. Axı həmin yerlər boş qala bilməz!
Yazmaq, oxumaq, saymaq vərdişləri və ümumi dunyagörüşdən xəbər verən bilgilər üzrə yoxlamaq kifayət etmir, məntiqi suallara cavab əsas meyar kimi götürülürsə, azyaşlıların düşdüyü vəziyyəti təsəvvür etmək çətin deyil, problemin çözüm yolu mütləq “hörmət” variantından keçməlidir.
İbtidai hazırlıq tələblərinin olması normal qarşılansa da, bu hazırlığın birinci sinif şagirdi səviyyəsində gözlənilməsi absurddur. O zaman ilk sinifi oxumaqda məntiq tapmaq çətin olardı. Üstəlik, araşdırmalar göstərir ki, birinci sinif proqramını qəbul məqsədilə mükəmməl hazırlaşan uşaqların diqqətinin dərs prosesinə cəmlənməsi
çətinləşir və maraq əvvəlki səviyyədə qalmır. Bu faktlar qəbuldakı bəzi yanlışlardan yaranır, əgər qısa təhlil aparsaq, əsl səbəbləri kimlərinsə təhsil kurslarının bazarının “xod” getməsinə, başqa sözlə, təhsil biznesinin çiçəklənməsinə gedib çıxır. Çünki övladlarını babat məktəblərdə oxutmaq istəyən valideynlər istər-istəməz pullu ibtidai təhsil kurslarının qapısını tanımaq məcburiyyətində qalır.
Bağça və təhsil kursları görməyib, hazırlığı evdə aparılan uşaqlar üçün babat məktəblər rüşvətlə əldə olunur və araşdırmalar göstərir ki, yüksək hazırlıq tələblərinə cavab verməyən balacalar lisey və gimnaziyaların, fərqlənən orta məktəb rəhbərlərinin maraqlarına daha yaxşı cavab verir. Çünki gizli “hörmət”ə yer qalır. O zaman söhbət hansı şəffaflıqdan gedir?
İkincisi, müəllimi seçmə haqqının valideynə verilməsi. Gəlin görək, valideyn lisey və gimnaziya müəllimlərini nə dərəcədə tanıyır, yaxud, rəhbərliyin təqdimatına, müəllimin titulllarına nə qədər güvənə bilər? Əlbəttə ki, burada yalana yer yoxdur, söhbət yalnız bir-iki müəllim haqqında məhdud bilgilərlə tanışlıqdan gedə bilər. Hamının həmin isimlər üzərində dayanması isə bir sinifin digər siniflə müqayisədə yükünü ağırlaşdırmış olar ki, 35 şagirdə dərs keçmək, nə fiziki baxımdan mümkündür, nə də bu yüklənmə ilə ortaya keyfiyyət çıxarmaq olar (çevrəmizdəki valideynlərin üzləşdiyi problemlərə istinad edirik-müəllif).
Əgər müəllimin başı bu coxluqla şişəcək, valideynin əsəbləri 45 dəqiqədən öz övladına ayrılmayan bir dəqiqəyə görə pozulacaqsa, sonradan şagirdlərin yerini dəyişmək zərurəti yaranacaqsa, söhbət elektron sistemin şəffaflığından və keyfiyyətindən yox, görüntü xarakteri daşımasından getmiş olacaq.
Bundan savayı, imtahandan keçmiş balacaları ikinci dəfə müsahibə mərhələsinə dəvət edib, onları şifahı qaydada yoxlamaq, fiziki və psixoloyi sağlıq durumlarını öyrənmək kimi uzun prosedurlar qəbula ciddiyyət görkəmi versə də, həm sağlamlıq haqqında arayışlar, həm həmin uşaqların doğru cavabları olan yerdə, həm də onlar dövlət qulluğuna imtahan vermədiyi üçün lüzumsuz fiziki gərginlik deməkdir.
Beləliklə, baxın: ibtidai hazırlıq kurslarına çəkilən xərc+ qəbulda yetərli balın yığılmaması müqabilində edilən gizli “hörmət”, üstəgəl hazırlıq kursları ilə məktəb arasında uzunmüddətli get-gəl kiçik bir uşağın təhsil qədəmləri necə ağır bir maliyyə yükü və fiziki yorğunluq yaradır.
Nəzərə alanda ki, bəzi lisey və gimnaziyaların sadəcə adı, zahiri parıltısı var, keyfiyyət adi orta məktəbin keyfiyyətindən çox cüzi fərq yaradır, o zaman, həm fiziki gərginlik, üstəgəl, hazırlığa xərclənən pullar hədər getmiş olur, həm də yaxşı məktəb seçimi ilə öyünən valideyn gülməli vəziyyətə düşür…
Vəfa Allahverdiyeva