Bəxtiyar Vahabzadə İsgəndər Həmidova məktub yazıbmı?
R.Tağıyev:“Nazir İsgəndər, siyasətçi İsgəndərdən tam fərqli olub. Dostlarımız tənqiddən xoşlanmasalar da tarixi həqiqətlər mütləq ortaya çıxarılmalıdır”
Strateq.az saytı bir neçə gün öncə dahi şair Bəxtiyar Vahabzadənin 22 il öncə o zamanın Daxili İşlər naziri olmuş İşgəndər Həmidova ünvanladığı məktubu yayıb. Həmin məktub ictimaiyyətin geniş müzakirəsinə çevrildiyindən biz də AXC-Müsavat iqtidarı zamanında mühüm vəzifələr tutmuş şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Çox maraqlıdır, doğrudanmı, İ.Həmidov xalq şairini qəbul edib, dinləmək istəməyib? Və yaxud, bəlkə belə bir məktub heç olmayıb?
Sabiq nazirin birmənalı olaraq məktubun saxta olması barədə açıqlamalar etməsi, müəyyən mənada bizdə də məktubun həqiqi olduğuna şübhə yaratmışdı. Həmin məsələ ilə bağlı AXC-nin öndərlərindən sayılan, qeyd olunan məktubun yazıldığı tarixdə Culfa rayonuna rəhbərlik etmiş Ramiz Tağıyevə müraciət etdik. Ramiz bəy Bəxtiyar Vahabzadənin XX əsrin dahi şəxsiyyətlərindən biri olduğunu söylədi: “B.Vahabzadə barəsidə yalnız müsbət danışmaq mümkündür. Mən onda səhv axtaranları qəbul edə bilmirəm. SSRİ imperiyasının qılıncının dal-qabağı kəsdiyi zaman “Gülüstan” poemasını ərsəyə gətirmiş şəxsiyyətdə səhv axtarmağın özü nadanlıqdır. Mərhum şair təkcə Azərbaycana deyil, bütün Türk dünyasına məxsus olan şəxsiyyətlərdəndir. Bəziləri çox cılız mühakimələr yürüdüb, dahi şairin övladlarının mühm dövlət vəzifələrində çalışdığını irad tutublar. Gülünc deyilmi?
Axı, nədən Bəxtiyar Vahabzadənin övladları mühüm vəzifələrdə çalışmamalıdırlar? Onların aldığı təhsil standartlara uyğun olmayıb, yoxsa?”
Ramiz bəy Milli Azadlıq Hərəkatı zamanı B.Vahabzadənin yaradıcılığından xüsusi olaraq yararlandığını qeyd etdi. O, “Sərhəd Hərəkatı”nın ideya müəllifi olaraq iki Culfa arasındakı tikanlı məftillərdən kəsdiyi ilk parçaları da məhz Bəxtiyar müəllimə hədiyyə göndərdiyini xatırlatdı: “Bizlər, onun əsərlərini oxuya-oxuya milli ruhla böyümüş nəsilik. Onunla cəmi bir dəfə rastlaşsam da xatirini daima uca tutmuşam. Bəxtiyar müəllimin əleyhinə təbliğat aparanları dərk etmək olmur. Hər kəsin səhvi olduğu kimi, onun da səhvi ola bilərdi. Ancaq heç bir halda dahilərin səhvləri barədə müzakirə aparmağın tərəfdarı olmamışam. Demokratiya deyib, bütün dəyərlərin üstündən xətt çəkmək düzgün olmazdı. Təbii ki, AXC-Müsavat iqtidarı zamanı vəzifəyə yüksəlmiş bir çoxları milli mentalitetə, milli dəyərlərə barmaqarası baxdı. Açıq söyləyim, bir çox hallarda nə ağsaqqal bilinirdi, nə də qarasaqqal. Təsəvvür edirsiniz, Böyük Vətən Müharibəsində vuruşmuş ata-babalarımıza etinasız münasibət bəslənilir və hətta qınaq obyektinə çevirirdilər. O zaman da belə hallara etiraz etdiyimdən iqtidarda olanlar mənə düşmən münasibəti bəsləyirdilər. Yalan ayaq tutub yeriyirdi. İş orasındadır ki, AXC-Müsavat iqtidarı zamanı yalanları ilə cəmiyyətdə, ölkədə çaxnaşmalar, təlatümlər yaradanların bəziləri Milli Məclisə qədər ayaq basa bilib. Bir çoxu isə özlərini cəmiyyətə əvəzedilməz, həqiqətsevər müxalifət lideri kimi təqdim etməyə nail olub, bəzən yığıncaqlarda pafoslu, həqiqətdə isə heç nəyə yaramayan çıxışlarıyla siyasi gündəmdə qalmağa çalışır.”
CANP sədri və “Millətim” baş məsləhətçisi Ramiz Tağıyevdən Strateq.az saytının yayımladığı Bəxtiyar Vahabzadənin məktubuna münasibət bildirməyi xahiş etdik: “Strateq.az saytı yalanı, əsası olmayan bir informasiyanı yaymaz. Saytıq rəhbəri Elxan Şükürlünü yaxşı tanıdığımdan belə qənaətdəyəm. Tam əminəm ki, əldə arxiv materialı var. Bəxtiyar müəllimin İsgəndər Həmidova məktubu həm də ona görə inandırıcıdır ki, məktub sabiq Daxili İşlər nazirinin xarakterik xüsusiyyətlərini bir daha ortaya qoyur. Qeyd edim ki, İ.Həmidovla nazir olduğu müddətdən savayı, digər zamanlarda yaxşı münasibətim olub. Görüşlərimiz, söhbətlərimiz çox olub. Nazir İsgəndər, siyasətçi İsgəndərdən tam fərqli olub. Bizim dostlarımız tənqiddən xoşlanmasalar da tarixi həqiqətlər mütləq ortaya çıxarılmalıdır. Strateq.az saytının bu mənada fəaliyyətini təqdirəlayiq hesab etmək lazımdır. Mən, hələ 1994-cü ildə AXC-Müsavat iqtidarında təmsil olunmuş şəxslərin toplantısının keçirilməsi təşəbbüsüylə çıxış etmişdim. Rəhmətlik Əbülfəz Elçibəyə dedim ki, bizim hamımızın səhvi olub. Yığışıb, müzakirə edib, səhvlərimizin nədən ibarət olduğunu etiraf etməliyik. Və hətta yekun nəticəni xalqa çatdırmağa borcluyuq ki, xalq bizim öz səhvlərimizi dərk etdiyimizdən xəbərdar olsun. Yalnız həmin halda xalq bizlərin bir daha iqtidarda olmağımızı qəbul edərdi. Çünki düşünmək olardı ki, buraxılmış səhvlər bi daha təkrarlanmaz. Ancaq indi vəziyyət tam başqadır. Ənənəvi müxalifəti kimsə qəbul etmir. Axı, hamıya bəllidir ki, onlar etiraf etmək istəmədikləri səhvləri bir daha təkrarlaya bilərlər. Bu isə daha dəhşətli faciələrə səbəb olar. İ.Həmidov da tipik AXC-Müsavat iqtidarı nümayəndələrindəndir. Tanıdığım zamandan bəri ondan doğru-dürüst nə isə eşitməmişəm. İfrat yalanları ilə Fərəc Quliyevdən bir o qədər fərqlənmir. Gah şəxsi atom bombasının olduğunu, gah Hillari Klintonun ərinin inaqurasiya mərasimində ona boz qurd salamı verdiyini, gah da bir qrup əsgəri məhkəməsiz-filansız güllələdiyini pafosla açıqlamasıyla diletantları müəyyən mənada aldada bilmişdi. Özünü zəmanəsinin “qəhrəmanı” hesab edən İ.Həmidovun məsuliyyətsiz addımları, çağırışları hədsiz çox olub. Hətta o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin üzərinə hücum etməyə qədər çağırışlar edib. Mənim İ.Həmidovla heç bir ədavətim yoxdur. Ancaq tarix tarixliyində qaldığından, heç nəyin unudulmadığını və heç nəyin yaddan çıxmadığını nəzərə alaraq tarixi həqiqətləri ortaya çıxarmaq lazımdır. Yoxsa, onun səhvlərini digərləri də təkrarlaya bilər.”
İsgəndər Həmidovun Strateq.az saytında yayılan məktubu qurama, qərəzli adlandırdığını bildirdikdə Ramiz bəy məktubda yazılanlara bənzər hadisənin öz başına gəldiyini xatırlatdı:”Bilirsiniz ki, Culfanı o tay Culfayla yalnız Araz çayı üzərindəki körpü ayırır. Məhz həmin səbəbdən İran dövləti, Cənubi Azərbaycan rəsmiləri əksər zamanlar bizim Culfadan hərəkət edib Naxçıvana və ya Bakıya rəsmi görüşlərə gedir, qayıdırdılar. Onları müşaiyət etməli olan Culfa rayon Polis idarəsinin köhnə, sınıq-salxaq “UAZ” avtomobili vardı. O da əksər vaxt yarı yolda qalardı. Rayon polis idarəsinin rəisi Faiq Əhmədovla birgə Bakıya, Daxili İşlər naziri İsgəndər Həmidovun qəbuluna düşmək məqsədilə səfər etmişdik. Qeyd edim ki, Culfa rayonuna rəhbərlik etməklə yanaşı Naxçıvan Ali Məclisinin deputatı və Ali Məclisin Azərbaycan Milli Məclisində səlahiyyətli nümayəndəsi idim. Düşünürdüm ki, İ.Həmidov məni tez bir zamanda qəbul edib, problemi həll edəcək. DİN-in ətrafında bir gün dolaşıb, içəri daxil olmaq istəyimiz baş tutmadı. Ertəsi gün bir daha “şans”ımızı sınamağa çalışdıq. Yenə böyük ümidlə nazir İ.Həmidova “sifariş” göndərib 5-6 saat gözlədik. İş vaxtının qurtarmasına az qalmış əslən Ordubad rayonunun Dırnıs kəndindən olan “Seyid” kimi tanıdığım bir şəxs nazirlikdən çıxıb, polis rəisi F.Əhmədovu kənara çəkib, nə isə dedi. Bundan sonra polis rəisi gizləyə bilmədiyi pərtliklə məni kənara çəkib, “bəy, xahiş edirəm qayıdaq Culfaya, maşın problemi qaldı sonraya” dedi. Ona qədər isə rəisə özümü tərifləyərək, İ.Həmidovun yaxın dostum olduğunu söylədiyimdən, özümü sındırmaq istəməyib, gəlmişkən dostumla bir görüşüm, desəm də, F.Əhmədov məni Culfaya qayıtmağa razı sala bildi. Bir neçə gün sonra bildim ki, İ.Həmidovun göndərdiyi “Seyid” polis rəisinə çatdırıbmış ki, “nazir deyir ki, Ramiz Tağıyev cəhənnəm olub getsin. Yoxsa onu saldıracağam “içəri”. Kaş ki, polis rəisi mənə həmin xəbəri DİN-in qarşısında verərdi və kimin cəhənnməlik olmasını İsgəndərə sübut etməyin yollarını elə orada arayaydım. İllər keçdi, biz yenə qarşılaşdıq. Arıtq çığır-bağır salan İsgəndərdən əsər-əlamət qalmamışdı. Ətrafımızdakı insanlara məni o qədər tərif etdi ki, xəcalətimdən nazir olduğu zaman məni nə üçün cəhənnəmə göndərmək istədiyini xəbər ala bilmədim. Bax, budur isgəndərkimilərin mahiyyəti. Ətraflarında 5-6 insan görən kimi Aslana, Şirə dönürlər. Xaraktercə isə qorxaq və pısırıqdılar. Belə qorxaqlar nəinki bir “Kamaz”, heç bir erməni qulağı kəsə bilmək cəsarətində ola bilməzlər. Vəzifədə olanda isə nəinki Xalq şairinin, hətta dostlarını belə qəbul etmək istəmədilər. Həqiqət belədir…
İsgəndər istəsə də, istəməsə də Strateq.az heç bir halda yalan yaymayıb. Yalan danışmaq isə isgəndərkimilərə xasdır. Təəssüf ki, AXC-Müsavat iqtidarında bu cür dil pəhləvanları kifayət qədər idi. Məğlubiyyətimizin səbəbini başqa amillərdə aramağa ehtiyac duyulmur.”
Turan Türk