Məhkum nədən fəryad edir?

0
7

Məhkum nədən fəryad edir?

Azadlıq kimlər üçündür?

“Millətim”in elektron poçtuna, ünvanına şikayət məktubları tez-tez daxil olur. Bu səbəbsiz deyil. Biz hər kəsin dərdinə şərik olmağı peşə borcumuz kimi qəbul etdiyimizdən, vətəndaşlar son ümid yeri olaraq dərdlərini bizimlə bölüşmək istəyir. Düzdür, yazdıqlarımıza bəzən diqqət yetirilməsə də, şikayət məktublarını səhifəmizə çıxarmağı müqəddəs peşə borcumuz hesab edirik.
“Millətim”in daimi oxucularından olan iş adamı Tofiq Cəfərovun “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın qanunsuz əməlləri barədə yazdıqlarını dəfələrlə səhifəmizə çıxarsaq da, Kəbirə xanım “qanun da mənəm, hökumət də” deyib, kimsəni eşitmək istəmədi. İndi ümidini itirmiş T.Cəfərovun sosial şəbəkələr vasitəsilə ölkə rəhbərliyinə etdiyi müraciətlərə tez-tez rast gəlirik. Nəticəsi olacaqmı? Əlbəttə, bunu zaman göstərəcək. Biz də inanmaq istəyirik ki, ölkə vətəndaşlarının səsini, şikayətini eşidən mütləq olacaq. Vətəndaşın harada olmasından və kimdən şikayət etməsindən asılı olmayaraq “Millətim” həmin şikayət məktublarını ünvanına çatdırmağa çalışıb və bundan sonra da həmin missiyanı ardıcıl olaraq yerinə yetirməyə çalışacağıq.
Bu gün barəsində söhbət açacağımız məktub Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinin 7 saylı Ciddi rejimli Cəzaçəkmə müəssisəsində 11 ildən artıq cəza çəkən Hüseynov Səxavət Ədalət oğlu tərəfindən göndərilib. Məhkum sözün əsil mənasında fəryad çəkib, səsinin ölkə rəhbərliyinə, müvafiq strukturlara çatdırılmasını istəyib. Məktubdan görünür ki, S.Hüseynov müxtəlif üvanlara, dəfələrlə müraciət etsə də, sikayəti qulaqardına vurulub. Məhz həmin səbəbdən də məhkum “Millətim”i son ümid yeri adlandırıb.
Qeyd etdim ki, S.Hüseynov 10 ildən artıq bir müddətdir cəza çəkir. Əslən Ağdam rayonunun Ətyeməzlər kəndindən olan məhkumun daha öncə qismətinə məcburi köçkün həyatı yaşamaq düşüb. Səxavət Bərdə rayonunun Alaçadırlı kəndinin ərazisində yerləşən “SMU-32” tikinti idarəsində bir otaqlı mənzildə yaşayıb. 2004-cü ildə ailə qurub, iki azyaşlı övladı var. Məhkumun ailəsi yalnız sosial müavinətlə yaşamaq məcburiyyətindədir ki, bunun da yetərli olmadığını sübut etməyə ehtiyac duyulmur. Səxavəti narahat edən də məhz həmin amildir. O, ailəsindən, azyaşlı övladlarından hədsiz nigarandır. Sözün əsil mənasında əzab çəkir, fəryad edir, övladlarının yaşam ehtiyaclarını ödəmək üçün azadlığa qovuşmaq istəyir.
Uzun müddətdir ki, məhkumluq həyatı yaşayan S.Hüseynov müvafiq qanunlara əsasən cəzasının dörddən üç müddətini çəkdiyinə görə vaxtından əvvəl azadlığa qovuşmaq üçün məhkəməyə müraciət edib. Belə ki, cəza çəkdiyi müddətdə dəfələrlə müəssisə rəhbərliyi tərəfindən aldığı təşəkkürlər və həmin barədə daha ətraflı qeyd edilmiş mülahizəni məhkəməyə təqdim etmişdir. Bütün bunları nəzərə alaraq məhkum təyin olunmuş cəzasının çəkilməmiş hissəsini şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə və 7 saylı cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mülahizə ilə məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə cəzaçəkmə müəssisəsində 19 mart 2015-ci ildə keçirilmiş açıq məhkəmə iclasının qərarında da Səxavətin nümunəvi məhkumlardan olduğu qeyd edilib. Məhkumun şəxsi işindən və mülahizədən görünüb ki, o, müəssisəyə gəldiyi gündən daxili rejim qayda pozuntusuna yol verməmişdir. Müəssisədə və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edib, əməyə və təhsilə münasibəti müsbət olub. Belə ki, müəssisənin nəzdində fəaliyyət göstərən 103 saylı tam orta məktəbi və 18 saylı peşə məktəbini bitirib. Nümunəvi davranışına, müəssisənin ictimai işlərində fəal iştirak etdiyinə görə 27.11.2007-ci il tarixli 87 saylı, 23.12.2008-ci il 89 saylı, 09.12.2009-cu il 88 saylı, 09.09.2011-ci il tarixli 57 saylı, 18.12.2012-ci il tarixli 93 saylı qərarlarla məhkuma əlavə olaraq ailəsi ilə uzun müddətli görüş verilmişdir.
01.08.2013-cü il tarixli müəssisə rəhbərinin 68 saylı əmrinə əsasən məhkum yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmişdir. 16.10.2013-cü il tarixdə 67 saylı əmrlə S.Hüseynova təşəkkür elan edilmişdir.Səxavət həm də dəstə kollektiv şurasının fəal üzvlərindəndir. Müəssisə rəhbərliyinin məhkəməyə təqdim etdiyi mülahizədən açıq-aşkar görünür ki, məhkum müəssisə əməkdaşlarına və məhkum yoldaşlarına qarşı münasibətdə nəzakətli olub, yataq yerini üst geyim formasını səliqəli saxlayıb. S.Hüseynovun törətdiyi cinayəti səmimi etiraf etdiyi və peşmançılıq hissi keçirdiyi də bəlli olub. Məhkum yaxın qohumları ilə daima telefon əlaqəsi saxlayıb və qanuna uyğun olaraq görüşə bilib. Mülahizədə S.Hüseynovun sakit təbiətli olduğu da xüsusi olaraq vurğulanıb. Cinayət işi ilə əlaqədar çəkilmiş ekspertiza xərcini ödəməsi Səxavətin qaydalara hörmətlə yanaşdığını təsdiq edib. Ən əsası isə 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkumun islah olunduğunu nəzərə alıb və vaxtından əvvəl çəkilməmiş qalan cəzasından şərti olaraq azad edilməsi məsələsini məqsədə müvafiq hesab etməsidir. Təəssüf ki, məhkəmə qeyd olunan mülahizəni qiymətləndirməyib və S.Hüseynovun şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməyib. Məhkəmənin gəldiyi qənaətə görə məhkum zərərçəkmiş tərəflə barışığa nail olmayıb. Araşdırmamız təsdiq edir ki, 2006-cı il 20 fevral tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.1, 228.2.1 maddələrinə əsasən Səxavət Hüseynov barəsində 12 il 6 ay həbs cəzası hökmünü çıxararkən zərərçəkmişin atası Məmmədov Ağasüphan Mirsəfi oğlunun verdiyi barışıq ərizəsini istintaq materiallarına əlavə edib. Əlbəttə, zərrəçəkmiş tərəf Səxavətin cinayəti namus üstündə törətdiyini nəzərə alıbmış.

Cinayət cəzasız qalmamalıdır. Bizim mövqeyimiz də məhz belədir.Ancaq cinayət törətmiş şəxslərin islah olunması, onların azadlığa qovuşaraq cəmiyyətimizin yararlı üzvünə çevrilməsi hər kəsi düşündürməlidir. Cəzaçəkmə müəssisələrinin üzərinə daha böyük məsuliyyət düşdüyündən, məhkumların vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə müəssisə rəhbərlərinin məhkəməyə təqdim etdikləri mülahizələr mütləq dəyərləndirilməlidir. Əks təqdirdə cəzaçəkmə müəssisələrində islah işindən söhbət belə gedə bilməz.
Peşə borcumuzu yerinə yetirərək məhkum S.Hüseynovun ailəsi ilə əlaqə saxlamağı məqsədəuyğun hesab etdik. O, nümunəvi ailədə tərbiyə almışdır. Bu gün özü də ailə başçısıdır. İki övladı səbirsizliklə atalarının azadlığa qovuşacağı günü gözləyir. Maddi baxımdan ciddi sıxıntılar olsa da belə, atalarını görmək arzuları onların bütün ehtiyaclarını unutdurur. Məcburi köçkünlük əksər ailələrin əsəblərini uzun müddət tarıma çəkib. Öz ellərindən, obalarından didərgin düşmüş insanların hansı zülmlər çəkdiyini hər kəs bilir. Belə ailələrdən biri də Səxavətin ailəsidir. Məhz həmin səbəbdən də Səxavət azadlığa can atır. Ailəsinə, övladlarına gün-güzəran yaratmaq istəyi onu bir an rahat buraxmır. “Millətim”in baş redaktoru Lalə Ramizqızına ünvanladığı məktub sözün əsil mənasında məhkum fəryadıdır. Ürək istəyir ki, həmin fəryada tab gətirsin.
Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə böyük hümanistlik nümayiş etdirərək, yüzlərlə məhkumu əfv edib, ailələrinə qovuşdurub. Onda, bəs nə üçün məhkəmələrimiz cənab prezindentin humanist addımlarından nümunə götürmək istəmirlər?
Səxavətin yazdığı məktubdan görünür ki, o, Xətai rayon məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Biz də Səxavət kimi ümidimizi itirmirik. 4 may tarixində Bakı Apellyasiya məhkəməsindən məhkumun fəryadını eşidəcək qərar gözləyirik.

Turan Türk

LEAVE A REPLY