“Biz bu prosesi dialoq kimi qəbul etmirik”
Elşad Musayev:“Görüş xatirinə görüş keçirmək kimi istəyimiz-filan yoxdu”
“Oktay Əsədov çox məsuliyyətsiz və populist bir bəyanat verib”
“Hakimiyyət-müxalifət dialoqu” kimi təqdim olunan və prezidentin köməkçisi Əli Həsənovla müxalifət partiyalarının bir qismi formatında baş tutan görüşlərin arası səngiyib. Onsuz da cəmiyyəti və elə müxalif kəsimin digər qanadı təəfindən də birmənalı qarşılanmayan bu “dialoq”un nə yerdə qaldığı, eləcə də “dialoq” iştirakçısı olan partiya sədrinin Avropa oyunlarına münasibəti ilə bağlı həmsöhbətimiz Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.
– Elşad bəy, cəmiyyətin və elə müxalifətin özü tərəfindən də birmənalı qarşılanmayan və Sizin də qatıldığınız bir dialoq məsələsi vardı. Amma bu arada nəsə bir səngimə hiss olunur. Dialoq davam edirmi ?
– Biz bu prosesi dialoq kimi qəbul etmirik və bu, hakimiyyət nümayəndəsi, yaxud da prezidentin təmsilçisi ilə bir qrup müxalifət partiyasının görüşü formatında aparılan danışıqlardır. Bu barədə də çox danışıldı, çoxlu fikirlər və rəylər səsləndirildi. Biz belə hesab edirik ki, bu görüşlər bundan sonra da davam etdirilməlidi. Hakimiyyət dinc yolla müəyyən addımlar atmağa sövq edilməlidi. Amma hələlik görünəni odur ki, hakimiyyət də bu məsələdə imitasiya eləyir və biz də bunu çox yaxşı başa düşürük. Əlbəttə, hakimiyyət də məsələyə ciddi yanaşmalı və bu cür imitasiyalara son verilməlidir. Məsələn, siyasi məhbus məsələsinin həlli üçün, ilkin olaraq, bir addım atılmışdı və bir çox digər məsələlər də var ki, onlar tam ciddiyyəti ilə müzakirə olunmalıdır. Amma biz belə hesab edirik ki, bütün bu müzakirələr xarici tərcüməçilər vasitəsi ilə aparılmamalıdır. Hakimiyyətlə müxalifət öz aralarında bu müzakirələri apara bilməli, milli və dövləti məsələlərin birgə həllinə nail ola bilməlidilər. Yəni, İlham Əliyevin özü də, onun hakimiyyəti də bu yöndə ciddi addımlar atmağa hazır olmalıdır və bu müzakirələrə start verilməlidir. Bunun üçün də biz əvvəlcədən xəbərdarlığımızı edirik və öz mövqeyimizi də ortaya qoyuruq. Və prezidentin birbaşa təmsilçisi ilə də bu məsələləri birbaşa müzakirəyə çıxarmağın tərəfdarıyıq. Doğru buyurdunuz ki, bü müstəvidə son görüşdən sonra bir az ara səngiyib və məndə olan məlumata görə, bu ay ərzində görüşün olması da nəzərdə tutulmur. Yəni, bu məsələ də hakimiyyətdən asılıdır və gorüşmək istiyirlərsə, gələn ay görüş ola bilər. Bizim görüş xatirinə görüş keçirmək kimi də, elə bir istəyimiz-filan yoxdu və şəxsən mən BAP sədri olaraq da belə düşünürəm. Amma belə hesab edirəm ki, ölkənin taleyi ilə bağlı məsələləri hakimiyyət təmsilçiləri qarşısında açıq surətdə qaldırmaq lazımdır. Bu görüşlərlə bağlı mənim şəxsi baxışlarım da, partiyamızın mövqeyi də belədir. Artıq top hakimiyyət tərəfdədir və onlar bu görüşün olmasını və davamını istəyəcəklərsə, görüşlər olacaq. Yox, əgər istəməsələr, bütün məsuliyyət də onların boynunda qalacaqdır.
– Bəzi görüntülər və söyləntilər var ki, hakimiyyət dialoq partnyorlarını dəyişməyə meyllidi və görünəni də odur ki, əvvəllər sizləri dialoqa getməkdə qınayan müxalifətçilərin özləri də bunda maraqlıdırlar. Bu haqda hansı düşüncələriniz var ?
– Hakimiyyətin cürbəcür fikirləri var və hətta fərqli planları da ola bilər. Eyni zamanda onu da deyim ki, hakimiyyətin özünə lazım olmasaydı, heç bizimlə də görüşə gəlməzdi. Hakimiyyətə sərf eləməsəydi heç belə bir məsələnin bu şəkildə gündəmə gətirilməsində də maraqlı olmazdı. Təbii ki, bu məsələdə, ilk növbədə hakimiyyətin maraqları var. Burada bizim də marağımız ondan ibarətdi ki, Azərbaycanın siyasi arenasında təmsil olunan bütün müxalifət təşkilatları bu görüşlərdə iştirak etsinlər və öz mövqelərini ortaya qoysunlar. Amma indi hakimiyyətin kiminlə görüşmək istəyib-istəməməsi onun öz işidir. Bizim şəxsi mövqeyimizsə onlan ibarətdir ki, siyasi qüvvələrin hamısı bu prosesə cəlb edilsin və aktiv şəkildə müzakirələdə iştirak eləsinlər. Axı, bu bir açıq görüşdür və orada iştirak edən siyasi partiyaların heç biri, bir-birindən gizli heç nə demir və istədikləri məsələni açıq şəkildə müzakirə müstəvisinə çıxarırlar. Amma əvvəlki illərin də təcrübəsindən bəllidir ki, bəziləri təşkilat olaraq, bəzi siyasilər isə, hətta öz təşkilatlarından da xəlvət görüşlərə üstünlük verirlər. Bizim isə belə xəlvəti görüşlərlə nə əlaqəmiz yoxdu, nə də bunu heç arzulamadıq və indinin özündə də arzulamırıq. İndən belə də bu cür şəffaf fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hakimiyyət bundan sonra hansı addımı atacaqsa, artıq o hakimiyyətin addımı olacaq və başqaları da eləcə. Mən, nə indi burda, nə də ayrı bir müstəvidə başqalarının atacağı addımları müzakirə etmək niyyətində deyiləm.
– Elşad bəy, indi gündəmin ən aktual məsələrindən biri də, ərəfəsində olduğumuz Avropa oyunlarıdı. Bu oyuların vaxtı yaxınlaşdıqca ölkənin müxtəlif sahələrində gərgilik şkalası da üzüyuxarı qalxır. Elə bil ki, bu oyunlar bilərəkdən Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün düşünülmüş planın tərkib hissəsidi. Bu haqda nə deyə bilərsiniz ?
– Avropa oyunları ilə bağlı mən öz mövqeyimi hələ lap əvvəldən bildirmişəm. Biz indi də o mövqeyimizdən çəkilməmişik. Mən belə hesab edirəm ki, bu oyunların Bakıda keçirilməsi, Azərbaycan hakimiyyətinin piarı üçün hesablanmışdı və hakimiyyət bu oyunlardan öz reklamı üçün istifadə etmək niyyətindəydi. Bu prosesə start veriləndə neftin qiymətinin belə kəskin şəkildə düşəcəyi proqnozlaşdırılmırdı və bu arada Ukrayna hadisələri baş verdi. Dünya Rusiyanı küncə sıxmağa qərar verdi. Rusiyanın əsas strateji məhsulu enerji resurslarıdır, neftdir və Azərbaycanda da strateji məhsullar eynidir və büdcə də əsasən neft pullarının hesabına formalaşırdı. Neftin qiyməti kəskin şəkildə düşdüyünə görə, arxada ciddi iqtisadi siyasət durmadığına və hər hansı ciddi əsaslara söykənən iqtisadiyyat yaradılmadığına görə, dərhal ortaya ciddi də problemlər çıxmalıydı ki, indi baş verən də odur. Avropa oyunlarının Azərbaycanda keçirilməsinin tərəfdalarının ya da əleyhdarlarının kimlər olduğunu mən bilmirəm, amma fakt odur ki, dünyada heç bir ölkə bu oyunları keçirməyi istəməyib. Çünki bu əlavə xərcdir və indi də bizə çoxlu məlumatlar gəlir ki, oyunlar başlamamışdan, artıq ciddi problemlər başlayıb. Düşünürəm ki, oyunlar zamanı da bu problemlər həm artacaq, həm də daha qabarıq şəkildə hiss olunacaq. Bu yöndə mütəxəssislərin proqnozları da ürək açan deyil və oyunların bitməsinnən sonra, payıza doğru ölkəmizdə çox ciddi iqtisadi, sosial və siyasi gərginliklərin olacağı istisna edilmir.
– Bu arada parlamentin spikeri “bu oyunları istəməyənlər ermənidən də pisdir”-dedi. Amma maraqlıdır ki, dövlətin zirvəsində oturan birinin bu cür açıqlamasına nə ictimai, nə də siyasi çevrələrdən hər hansı formada ciddi etirazlar gəlmədi. Bunu sıradan bir jurnalist demiş olsaydı, indi adamın gününü göy əskiyə bükmüşdülər. Dövlətin adınnan belə bir açıqlama olurmu?
– Belə bir bəyanatı verən adam, ölkənin statusca üçüncü adamı olsa da, məsuliyyətsiz adamdır. Yəni, Oktay Əsədov çox məsuliyyətsiz və populist bir bəyanat verib. Görünəni budur ki, Oktay Əsədov oturduğu kreslonun məsuliyyətini anlamır və bu səbəbdən də o məsuliyyəti də daşımır. Çünki adam saxta yolla deputat seçilib, saxta yolla da ölkənin parlamentinə rəhbərlik edir. Biz isə ölkəmizi də sevirik, olimpiadanı da, idmanı da sevirik, amma bununla yanaşı ölkəmizə ziyan dəyməsini də istəmirik. Avropa oyunlarını da belə mətah bir şeydisə, getsinlər başqa ölkələrdə keçirsinlər, xərcini də başqaları çəksin, zatən belə olsaydı heç onu bizə verməzdilər. Avropada o qədər iqtisadi imkanları geniş olan ölkələr var ki, bəs niyə onlar bunu istəmədilər, çünki bu oyunlar ümumiyyətlə heç kimə lazım deyil. Bu baxımdan da, Oktay Əsədov belə açıqlama ilə görünür kimlərəsə yarınmaq cəhdində bulunub və ona bir o qədər də fikir vermək lazım deyil, Çünki adam nə tutduğu vəzifənin, nə də danışdığı sözün məsuliyyətini bilmir, dərk eləmir.
Söhbətləşdi: Sərdar ƏLİBƏYLİ