AXCP casus axtarışında…

0
7

AXCP casus axtarışında…
Mitinqdə kimlər danışacaq?

“Millətim”in AXCP Rəyasət Heyətinin toplantı keçirə bilməməsi barədə yaydığı məlumat partiya rəhbərliyini bərk narahat edib. Belə ki, rəyasət heyətinin yığıncaqları bir qayda olaraq AXCP Ali Məclisinin sədri Həsən Kərimovun mənzilində keçirilsə də, son iki toplantı alınmırmış.
“Millətim”ə AXCP-də baş verənlər barədə informasiyaların sızması təşkilat üçün daha ciddi problem yaradıbmış. AXCP sədri Əli Kərimlinin məxfi göstərişinə əsasən təşkilatdakı casusun axtarışına başlanıb. Partiyanın bir çox üzvü sorğu-suala tutulub, onların CANP sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevlə əlaqələrinin olub-olmadığı barədə məlumat almağa çalışıblar. AXCP sədri hətta R.Tağıyevin AXCP-ni parçalamaq missiyasını yerinə yetirdiyini söyləyib. Söylənilənləri nəzərə alıb Ramiz bəydən AXCP-də baş verənlər barədə ətraflı məlumat almağa çalışdıq.

“Millətim”in informasiya almaq hüququnu məhdudlaşdırmaq Əlinin işi”
O, bir zamanlar fəaliyyət göstərdiyi, yüksəlişində böyük xidmətlər göstərdiyi AXCP-dəki son olaylar haqqında bunları söylədi:”Əli Kərimlinin idarəetmə metodu mütləq iflasa uğramalıydı. Adam sanki siyasi partiyanın deyil, xəfiyyə orqanının rəhbəridir. Elə edib ki, AXCP-də hər kəs bir-birinə şübhəylə yanaşır. “Millətim”in informasiya almaq hüququnu məhdudlaşdırmaq Əlinin işi deyil və onu da xatırlatmaq istəyirəm ki, həmin məlumatlar mənə ötürülməyib. AXCP-də kifayət qədər dostum, Milli Azadlıq Hərəkatı zamanından hörmət bəslədiyim insanlar var. Ara-sıra görüşüb, çay süfrəsi arxasında olub-keçənləri xatırlayırıq. Başa düşmək olmur, bəlkə AXCP-çilər çay içmək və ya kiminlə söhbət etməyin icazəsini də Əlidən almalıdır? Əlbəttə, siyasilər hansı məclisdə olur-olsun, orada gündəmdə olan mövzulara toxunurlar. AXCP-də baş verənlərdən də söhbət açılır. Nə üçün də açılmasın, AXCP Əlinin şəxsi mülkiyyəti deyil ki. Həmin təşkilata mənim etdiyim xidmətlər Əlidən dəfələrlə çox olub. Digər tərəfdən, Ə.Kərimli başqa partiyalar, siyasətçilər barədə müzakirələr aparmır? Əslində elə həmin işlə məşğuldur, başqa nə işi var ki? AXCP mənim üçün uzaq təşkilat olmadığından, onun dağılmasında maraqlı deyiləm. Əksinə, Əli illərin təşkilatını darmadağın etməyə çox yaxınlaşıb. İsa Qəmbər özündən sonra Müsavatı necə görmək istədisə, Əli də həmin siyasəti yeridir. Tam qətiyyətlə deyirəm, AXCP-ni dağıtmaq istəsəm, bir çağırışımla yüzlərlə cəbhəçi yanımda olar. O ki qaldı, “Millətim”in AXCP barədə yaydığı informasiyalara, burada qeyri-adi nə isə aramağın dəyməz. Bu, qəzetin müstəsna hüququdur. Tam əminəm ki, “Millətim” yalan informasiya yaymır. Ə.Kərimlinin etirazı varsa, bildirsin, yəqin ki, “Millətim” onun mövqeyini də işıqlandırar.”
Bəli, AXCP-də və eləcə də digər siyasi təşkilatlarda baş verənlərdən məlumat almaq, yayımlamaq peşə borcumuzdur. AXCP-nin keçirdiyi kütləvi tədbirləri də izləyirik. Orada qeyri-adi nəyinsə baş verməməsi səbəbindən, mitinq mövzusuna bir o qədər də toxunmuruq. Görünən odur ki, mitinqlərin ssenarisini Ə.Kərimli yazır və kimsə hələlik həmin ssenaridən kənara çıxa bilmir. Mitnqdə eyni şəxslərin çıxış edəcəyi öncədən bəlli olduğundan, növbəti mitinqlər hər kəs üçün maraqsız olur.
Müşahidələrimiz təsdiq edir ki, Ə.Kərimli nüfuzlu şəxslərin mitinqdə çıxış etməsinə şərait yaratmır. Tanınmış siyasətçi, Milli Azadlıq Hərəkatının öndərlərinən biri olan Qurban Məmmədov keçirilən bütün mitinqlərə qatılsa da, ona çıxış etmək imkanı yaradılmayıb. AXCP-dən aldığımız məlumatda dəfələrlə qeyd edilib ki, Ə.Kərimli nüfuzlu, cəsarətli siyasətçilərə qısqanclıqla yanaşır. AXCP sədrinin Əbülfəz Qurbanlı kimi iddiası boyundan hədsiz böyük görünən prespektivsiz birilərini önə çıxarmasında Ə.Kərimlinin gizli məqsədlərinə xidmət göstərir. Axı, Ə.Qurbanlı nə zamansa Ə.Kərimliyə rəqib olacaq birisi deyil.

Ə.Kərimli və Q.Məmmədov arasında gedən gizli savaşın pərdə arxası

AXCP-dəki etibarlı mənbəmiz Ə.Kərimli və Q.Məmmədov arasında gedən gizli savaşın, tezliklə açıq müstəviyə keçəcəyini bildirib. Həmin davadan ehtiyatlanan AXCP sədri bir müddətdir ki, Q.Məmmədov barəsində “kompramat” toplamaqdadır. Siyasi manevr imkanlarından daima yararlanmağı bacaran Ə.Kərimlinin Q.Məmmədova qarşı “Milli Şura”nın sədri Cəmil Həsənlini çıxaracağı da gözləniləndir.
Növbəti mitinqlərdə Q.Məmmədova söz verilməməsi Ə.Kərimlinin hələlik söz sahibi olduğu “Milli Şura”da vəziyyəti hədsiz gərginləşdirəcək. Mitinqlər həm də “Milli Şura”da təmsil olunan siyasətçilərin mandat uğrunda rəqabət tribunasına çevrilib. Nə qədər qəribə görünsə də, “Milli Şura” yetkililəri eyni mövzuda etdiyi çıxışlara fərqli mövqedən yanaşırlar. Ötən mitinqdə I Avropa Oyunlarını gözdən salmağa çalışan Ə.Kərimli elə “Milli Şura”nın digər üzvü Gültəkin Hacıbəyli tərəfindən ağzından vuruldu. Belə ki, sabiq millət vəkili C.Hacıbəyli I Avropa Oyunlarının Azərbaycan üçün böyük önəm daşıdığını xüsusi olaraq vurğuladı.
Növbəti mitinqlərin əvvəlkilərdən nə iləsə fərqlənəcəyini gözləmək diletantlıq olardı. Çünki natiqlər dəyişməyəcək. Ə.Kərimli, C.Həsənli, C.Hacıbəyli kimilər isə yeni bir fikir söyləmək iqtidarında deyillər. Mitinqdə də rəqabət yalnız növbəti parlament seçkilərində mandat qazanmaq uğrunda gedir. Görünən odur ki, Q.Məmmədovun rəqabətə qoşulması Ə.Kərimliyə sərf etmir. Əgər belə olmasaydı, dəfələrlə həbsxana həyatı yaşamış və sonuncu həbsxana həyatından bir müddət öncə azadlığa çıxmış Qurban bəyə hörmətlə yanaşarlar, digərlərinin uzun, mənasız, çeynənmiş çıxışlarının əvəzinə, cəsarətli çıxışlarıyla meydanı qızışdıra bilən Q.Məmmədova da söz verilərdi.

Nicat Sadiq

LEAVE A REPLY