SƏTİRLƏRİN GÖZ YAŞINA BAX!!!(IB)

0
6

Mehriban VƏZİR

SƏTİRLƏRİN GÖZ YAŞINA BAX!!!(IB)

Biz nə etməliyik!

Əlimdə köhnə əlyazmalar var. Həmidə xanım Cavanşir-Məmmədquluzadənin xatirələri. O yerdəyəm ki, Həmidə xanım başının adamı – ailəsi, nökər-qulluqçusu, muzdlu işçiləri, qohumları, qonaqları, uşaqların dayələri, yalvarıb ağlayıb onlara qoşulan həmkəndliləri, bu Xan nəvəsinin karvanı ilə qacmağı yeganə nicat yolu sayan hər kəs başılovlu qaçır, Arazı keçməyə, İrana yetməyə can atır.
Çünki arxadan çaparaq gələn var – ölüm, qarət, qiyamət…
1920-ci ilin mayında Gəncədə cumhuriyyətin devrilməsinə və rus işğalına qarşı qiyam qalxmış, bolşeviklər qiyamı boğmaq və ölkə boyu yayılmasının qarşısını almaq üçün görünməmiş qətliam törətmiş, təkcə 12 min gəncəlini Gəncəçayın kənarına düzüb gülləboran etmişdilər. 12 min insanı… Zarafat gəlməsin… Şahidlər Gəncəçayın qıpqırmızı qan axdığını danışırdılar. Bundan əlavə rusların silahlandırdığı və təlmatlandırdığı erməni daşnaklar bolşeviklərlə birgə evlərə soxulmuş, qarşılarına çıxan hər kəsi süngüdən keçirmiş, evləri talan etmiş, yandırmışdılar.
Gəncədəki bu vəhşətdən sonra rus qoşunu qətl-qarət edə-edə üzü Qarabağa sarı gəlirdi. Dəhşətlərdən salamat qurtaranlar hadisələri rast gəldikləri hər kəsə nağıl edir, eşidənlər isə olan-olmazlarını – ev-eşiklərini atıb, tək canlarını götürüb qaçırdılar. Yol boyu düzülən bəy karvanları Araza çatmağa, o taya keçməyə can atırdı. Hətta gözünü bolşeviklərin gələcəyinə və onları bəylərin, ağaların zülmündən qurtaracağına dikən rəiyyət də bəy karvanlarının böyür-başına qısılıb Araza üz tutmuşdu. Çünki gələn xəbərlər kasıb-kusuba belə aman olmadığını gətirmişdi.
… Azərbaycan tarix elmindən, nəsrindən, nəzmindən, publisistikasından, memuarından, incəsətindən – rəssamlıq, heykəltəraşlıq və sairdən, eyni zamanda milli-ictimai şüurundan yan geçmiş Gəncə qətliamı… bolşevizmin, Kremlin, yırtıcı rus siyasi mənafeyinin bəşərə qarşı törətdiyi ən vəhşi cinayətlərdən biri… Xocalıdan 10 dəfə ağır faciə… Bu gün də üstü örtülü qalan, açılması və öyrənilməsi Kreml tərəfindən nəzarətdə olan rus siyasi-mənəvi tarixinin Azərbaycandakı tükürpərdici mənzərələrindən biri…
“…Gəncədə başıpapaqlı qoymadıq…” bunu bolşeviklərdən biri öz xatirələrində yazırdı. Ətraf kəndlər isə bir-bir yer üzündən silinir, bəzən qaçıb canını qurtaran bir nəfər belə tapılmırdı. O qətliamda altıaylıq çağalara belə aman verilməmişdi.
Həmidə xanımın karvanını da həmin bu qanlı fırtına Araza sarı tələsdirirdi.
Özünü bolşeviklərin dostu sayan Mirzə Cəlil dərin fikirlərə dalmışdı. Heç nə başa düşə bilmirdi. Bu qədər qan tökülməyini ağlına sığdıra və anlaya bilmirdi.
Qardaşı Mirzə Ələkbər isə getmək, burdan uzaqlaşmaq üçün tələsir, heç kəsi dinləmədən yığışmaq haqqında sərəncamlar verirdi.
Axı, Mirzə niyə qaçmalıdı, nədən qaçmalıdı? Hər şey bir yana Nərimanovla da yoldaşdı, qardaşdı, kişinin yanında dünya qədər hörməti var. Ona, ailəsinə niyə zərər yetirməlidilər boşeviklər? Zəngin deyil, zadəgan deyil, rəiyyət içindən çıxmış yazar babadı…
Bu, çox acı və uzun bir hekayətdir. Məqsədim o qanlı hadisələri təsvir etmək deyil. Sadəcə bir məqama görə bu sözləri yazmalı oldum. O da Həmidə xanımın yolboyu uzanan qaçqınlıq mənzərələrinə baxa-baxa atası Əhməd bəy Cavanşirin bir fikrini xatırlmasıdır.
Əhməd bəy Cvanşir deyirmiş ki, biz dünyanın elə bir ərazisində yaşayırıq ki, bura Avropa ilə Asiyanın qapısıdır. Burada hər yüz ildə müharibələr, fəlakətlər, qaçqınlıqlar baş verir. Əhali bu qapıdan keçib cənuba və ya şimala axın etməli olur. Ona görə də bizim millətimiz belə vəziyyətdədir: qəribədir, yabanıdır, kasıbdır. Çünki hər dəfə özünə gəlməyə macal tapmamış, düz-əməlli oturuşmamış yenidən var dövlətini itirməli, hər şeyini atıb qaçmalı olur.
Əhməd bəy Cavanşir Qarabağ xanlıq dövlətinin qurucusu Pənah Xan Cavaşirin nəvəsi, ünlü sərkərdə Məmməd bəy Cavanşirin oğludur. Avropada ali mühəndis təhsili almış, xüsusi mülkiyyəti olan Kəhrizli kəndində mütərəqqi aqrar islahatlar aparmışdır. Qafqaz tarixi haqında qiymətli bəlgə və sənədlər toplamış, əsərlər yazmışdır. “Qarabağın ictimai-siyasi həyatına dair” adlı əsərin müəllifidir. Bu əsər “Qarabağnamə”lərdən biri sayılır.
Dövrünün görkəmli ziyalısı və maarifpərvəri olan Əhməd bəy Cavanşirin bu fikirləri məni yaman düşündürdü. Çünki bu coğrafiyanın bu problemi bu gün də çox aktual görünməkdədir.
Belə bir sual üzərində düşündüm: görəsən bu vətəndə neçə faiz qadın ola bilər ki, onun barmağında 3-cü, və ya 4-cü nənəsinin üzüyü olsun? Yaxud neçə ( faiz demirəm) kişi ola bilər ki, 100-150 il öncə babasının cibində olan saat bu gün də ona məxsus olsun?
Çətin məsələdir. Siz də ətrafınızda verin bu sualı görək belə tanış-bilişinız varmı? Müsbət cavabınız yoxdursa gəlin bir yerdə düşünək: niyə bizim ölkəmizdə davamlılıq yoxdur? Niyə ataların qazancları övladlara qismət olmur? Niyə xüsusi mülkiyyət nəsilbənəsil ötürülə bilmir? Niyə bizim evlərimizi ulularımızın yadigarları bəzəmir? Niyə biz hər 50, 100 ildə bir talan oluruq? Niyə bizim qazancımız – maddi və mənəvi sərvətimiz əlimizdən su kimi axıb gedir? Daşınır, yağmalanır…
Əslində isə hər 50, 100 ildən bir mədəniyyətimiz, maarifimiz, təhsilimiz – milli səviyyəmiz talanır. Və hər dəfə sıfırdan başlamalı oluruq.
Niyə bu məmləkətdə şah övladları qalmadı, xan nəsilləri bəlli deyil hardadırlar, neftxudaların balaları küçələrdə diləndi, nəsilləri itib batdı, cümhuriyyətçilər – hər biri bir xalqın iftixar yeri ola biləcək mütəfəkkirlər tək-tək qətlə yetirildilər, sosial-demokratları, eserləri, ünlü bolşevikləri güllələdilər, Nərimanovu zəhərlədilər, Rəsulzadəni dəyərləndirə biilmədilər, Elçi Bəyi anlamadılar, niyə biz özümüzü qiymətləndirə bilmirik?
Niyə ideyalar burada doğulur, amma burada böyümür? Niyə orta çağ sufi məktəbləri dağıdıldı? Niyə musavatçılıq yarımcıq qaldı? Niyə cümhuriyətçilik baltalandı? Niyə bolşevizm çürüdü? Niyə azad söz məhv edilir? Niyə demokratiya yürümür? Niyə bizdə istiqlal əldə edilir, amma qoruna bilmir? Niyə biz əlimizdə olanın, bizimlə yanaşı duranın qədrini bilmirik? Niyə biz ideologiyaları yürüdüb inkişaf etdirə, çağdaşlaşdıra, davam etdirə, məktəb yarada bilmirik?
Elçibəy hökumətinin gətirdiyi demokratik dəyərlər qorunsaydı, Nərimanov Məmməd Əminlə birgə cümhuriyyətçi olsaydi, neftxudalar qumara qoyduqları paraları top tüfəngə verib Cümhuriyyəti XI rus ordusundan qorusaydı, xanlıqlar bir-biri ilə savaşmasaydı, Nadir şah qətlə yetirilməsəydi, səfəvilər dinlə oynamasaydı… ah, nələr olmasaydı…olmasaydı… bu gün bizim milli taleyimiz necə olardı?
Şəksiz, şübhəsiz Azərbaycan sivilizasiyaların beşiyidir. Bunu elm isbat edir. Amma hanı sivilizasiya? Bu beşikdən qalxan ayağı yer tutar-tutmaz başını götrüb qaçır. Burda heç nə dayanıqlı olmur, dözə bilmir, sanki. Bura açıq qapıdır, yeldöyəndir. Bu cərəyana tab gətirmək mümkün deyil. Böyük mədəniyyət yaradan, dünyaya yeni ideyalar verən, ən humanist, ən nəcib adət ənənlər yaradan bir xalq acınacaqlı vəziyyətdədir. Aciz, cahil və yoxsul durumdadır. Niyə?
Faşizm ən yaramaz şeydi, amma onun da davamlılığı var, burda isə əkilən hər nəsnə solub saralır, itib batır. Bu torpaq davamlılıq üçün münbit deyil. Niyə? Qapı ağzında yaşamağın aqibətidirmi bu? Yoxsa xəta bizim özümüzdədir ki, qapıya sahib çıxa bilmirik, nəzarət edə bilmirik?
Bu gün bu taleyi dəyişmək üçün Azərbaycanın düşünən insanları nə etməlidirlər?
Övladının, nəslinin gələcəyini bu vətənin gələcəyi ilə bağlayan, bu “məşum qapı”dan geri durmaq istəməyən fərd nə etməlidir?
…Murtuza Muxtarov ismi hamıya bəlli deyil. Amma “Səadət Sarayı” deyəndə əvvəllər hamı bilirdi söhbət kimdən və nədən gedir. İndi o ev “səadət sarayı” deyil, nə olacaq, kimin olacaq o da bəlli deyil. Və olacaq əhvalat o evin taleyindəki son səhifə də deyil. Amma kaş ki, o binaya “Murtuza Muxtarovun evi” adı veriləydi. Çünki Murtuza ağa son bir etiraf məktubuna görə buna haqq etmişdir.
Bəlli olduğu kimi Murtuza Muxtarov bolşeviklərə təslim olmayıb, son nəfəsinə qədər atışıb və evində qətlə yetirilib. Sabahı bəlli olamayan dünənki o “səadət sarayı” nda ev sahibinin – tarix üçün o qan hələ qurumayıb – nahaq qanı tökülüb. Murtuza Muxtarov bu son döyüşdə öləcəyini bilirdi. Amma qərarı qəti idi, təslim olmayacaqdı bolşeviklərə.
Bolşeviklər axırıncı dəfə qapısını çalana qədər iş otağında, masa arxasında oturub bu sözləri yazır: “Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”
Sətirlərin göz yaşına bax… hələ də qan ağlayır…

baku
Bundan sonra qurşun səsləri aləmi bürüyür və bir dönəm bitir. Tarixin səhifəsi bir nəfər üçün deyil, bir xalq üçün qanla, qətllə sona yetir. Murtuza Muxtarov və onun kimi başbilənlərimiz anlayanda iş işdən keçmiş olur. Bakını əyləncə mərkəzinə çevirən neftxudalar nəinki saraylarının, hətta bir qol saatlarının belə oğul-uşaqlarına, nəvə-nəticələrinə qalmayacaqlarını heç ağıllarına gətirmirdilər. Dünya mənimdir- deyirdilər. Elə indikilər kimi…
Paltar-palazlarının, qaş-daşlarının, evlərinin sayını itirən və gözüdoymayan arvadlar da elə o kişilərin günündə idilər… o da eynilə indikilər kimi…
İnsan çoxmu dəyişib? O, bu gün 100 il əvvəlkindən nə ilə fərqlənir? Zənginlər Murtuza Muxtarovu tanıyırlarmı? Son məktubunu oxudularmı? Vətəni alınmaz qalaya çevirmək üçün nələr elədilər? Axı, o kişi o məktubu özü üçün yazmamışdı. Özündən sonra gələn zənginlər, yəni məsullar üçün yazmışdı. Öz taleyini göstərib Bakını əmanət etmişdi. Edə bilmədiklərini xələflərinə tövsiyə etmişdi. Zəngin zümrənin harınlığının faciə ilə bitən sonluğundan danışmışdı. Vətən və vətənpərvərlik anlayışının eləcə şüar olmadığını qanı ilə yazmışdı.
Bu günkü zənginlər Murtuza Muxtarovun o qanlı məktubunun deyil, o qanlı evin peşindədirlə, yəqin ki. İnsan dəyişə bilmir. Qılı-qiyafəti, arabası dəyişir, zatı dəyişmir.
Yaxşı, bunlar bəlli, bəs biz nə etməliyik? Bu qədər acı təcrübəsi olan bir xalq nə etməlidir? Bu xalqın zənginləri, boynunda məsuliyyəti olanları, düşünürləri nə etməlidirlər? Alimi, ziyalısı, məmuru nə etməlidir?
Bəli, Bakını alınmaz bir qalaya çevirməliyik.
Bu qalanın uzaqgörən və uzaqvuran bürcləri olmalıdır.
Bu gün üçün bu bürclərdən biri təhsildir!O biri elmdir!
Mədəniyyətdir!
Maarifdir!
Səhiyyədir!
Azad sözdür!
Ədalətdir!
Qanundur!
Demokratiyadır!
Vətənpərvərlikdir!
Cəsarətdir!
Ləyaqətdir!
Şərəfdir!
Xalqın rifahıdır!
Dürüstlükdür!
Halallıqdır!

Sual edirəm? Sayılan bürclərin hansı ayaqdadır, hansı dimdikdir, hansı yenilməzdir?
Heç xəbərimiz varmı ki, biz bu şəhəri, yəni bu vətəni nə günə qoymuşuq? Avropa ilə Asiya arasında “altun” qapı olan bu vətən, bizə tale yazılan bu zavallı vətən hansı yeldöyənə dözə bilər bu sınıq-salxaq halı ilə?
Təssüf ki, tarix təkrar oluna bilər. Şəklindən və şərtlərindən asılı olmayaraq təkrar… Və biz zorla həmin təkrara – daima dönməkdə olan şeytan çarxına doğru sürükləyirik bu Vətəni. Bəlkə də bu günkü harınlardan kimlərsə döyüşəcəklər, kimlərsə bənzər mətnli məktublar yazacaqlar, kimlərinsə nəsilləri yenə də küçədə dilənəcəklər. Yaxud böyük banklarda yatan böyük paraların kiçik varisləri olaraq küncdə-bucaqda sakitcə qətlə yetiriləcəklər. Amma uduzan hamı olacaq. Hamı. Istisnasız olaraq hamı.
Yüz il sonra yenə də ötən əzəmətdən bir qadına belə bir qırıq üzük, bir kişiyə belə yatmış bir saat nişanası qalmayacaq indiki zənginlərdən. Çünki davamlılıq yoxdur. Çünki zənginlik bizim zənginlərə ağıl deyil, mədəniyyət deyil, nəciblik deyil, məsuliyyət deyil, yalnız harınlıq gətirir. Sonu isə qanla bitir. Bu, tarix boyu belə olub. Qanlı yeldöyənlər başlayıb. Gələn gedəni məhv edib. Gələn gedənə qənim kəsilib. Məzlumlar zalım yetişdirib. Zalımlar isə həm məzlumlara, həm də öz nəsillərinə, gələcəklərinə qənim kəsiliblər.
Əlbəttə, məsələ nə üzükdə, nə saatdadır. Məsələ varislikdədir.
Bu məmləkətdə niyə varislik yoxdur, niyə davamlılıq yoxdur? Mən bu sualın cavabını axtarıram. Xata bizdədirmi, coğrafiyamızdadırmı? Biz nə etməliyik?

LEAVE A REPLY