Elxan Şükürlü
Mədinədən başlanan yol: Azərbaycan seyidləri
(Əvvəli ötən saylarımızda)
İndiki Azərbaycan ərazilərinin də daxil olduğu Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) vaxtında da“Naqibi-Nuqabayı Sadat” adlı qurum yaradılıb və onun qarşısına Peyğəmbər nəslindən gələnlərin şəcərələrini müəyyənləşdirmək, onlara aid işləri yerinə yetirmək, maarifləndirmək və haqlarını qorumaq vəzifəsi qoyulub…
Osmanlı imperiyasında (1299-1922) isə bu iş daha da təkmil qurulub: sırf Məhəmməd Peyğəmbərin (s.) nəslindən gələnlərin işləri ilə məşğul olacaq “Naqibul-əşraflıq” adlı ayrıca qurum yaradılıb. Bu qurum seyid olduğunu iddia edən hər kəs haqqında əsaslı araşdırma apararaq, saxta seyidlərin həqiqi seyidlər arasına qarışmasına imkan verməməyə çalışıb və bu məqsədlə yoxlama dəftərləri tutub. Bu dəftərlər indi də Türkiyə Cümhuriyyəti arxivlərində qorunub saxlanır və seyid soylarının müəyyənləşməsində qiymətli mənbə rolunu oynayır…
Olduqca diqqətçəkən haldır ki, bu ənənə 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının tərkibinə verilən Azərbaycanda da tətbiq edilib. Belə ki, Azərbaycanın bir hissəsinin Rusiyaya birləşdirilməsindən sonra bütünlükdə Cənubi Qafqaz ərazisində yaşayan seyidlərin siyahısı tutulub, onların şəcərələrinin araşdırılmasına başlanılıb. Səbəb də o olub ki, seyidlər əvvəlki hakimiyyətlərin vaxtında vergidən azad olduqlarını əsas gətirərərk, yeni hökumətin dövründə də bu hüquqlarından istifadə etmək istəyiblər. Bu haqda hazırda Tiflis və Sankt-Peterburq arxivlərində saxlanan sənədlərdə olduqca qiymətli məlumatlara rast gəlinir. Məsələn, bu sənədlərdən birində – 1843-cü ilin 12 oktyabrında Xəzər Vilayəti Birinci Şöbəsinin II Bölməsinin 895 saylı məktubunda Azərbaycan ərazisində yaşayan seyidlərlə bağlı Xəzər Vilayətinin rəisi general-mayor Apollos İvanovun imzasıyla hədsiz dərəcədə maraqlı rəy hazırlanıb.
Həmin rəyə keçməzdən öncə bildirək ki, Xəzər vilayəti çar I Nikolayın inzibati islahat qanununa əsasən, 1841-ci ilin yanvarında yaradılıb və vilayətə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzaları daxil edilib. Yaradılan vaxt Vilayətin başçısı vəzifəsini icra etmək hələ 1836-cı ildən Şirvan əyalətinin komendantı olan polkovnik Nikolay Fyodoroviç fon Aşeberqə həvalə edilib və o, 1842-ci ildə vəzifəsindən azad edilib.
General-mayor Apollos İvanovun məktubunda göstərilir ki, polkovnik fon Aşeberq hələ 1842-ci il fevralın 10-da Vilayət İdarəsinə belə bir təklif verib: “Diyarın ənənəsinə görə, Xəzər vilayətində xalq tərəfindən Məhəmməd peyğəmbərin nəsli kimi qəbul edilən “Seyidlər” və “Ağamirlər” vergi ödəməmək və biyar azadlığından istifadə edirlər. Lakin “seyid” və “ağamirlər”in arasında bu zümrəyə aidliklərinə dair sənədi olmayan xeyli yalançılar meydana çıxıb…”.
İvanovun yazdığına görə, Zaqafqaziya Diyarının Baş Komandanı general Qolovin seyidləri biyara və vergi verməyə sövq etmək üçün fon Aşeberqdən uyğun təkliflərini verməsini istəyib.
Öz növbəsində polkovnik fon Aşeberq ona bildirib ki, o, hüququn mənimsənilməsinə qarşı sərt mübarizənin, ancaq eyni zamanda seyidliyini təsdiq edə bilənlərin əvvəlkitək vergidən və biyardan azad edilməsinin tərəfdarıdır. Bundan sonra general Qolovin fon Aşeberqin təkliflərini nəzərə alaraq, 421 saylı məktubla göstəriş verib ki, iki il müddətinə özünü “seyid” və “ağamir” sayanların hamısı vergidən azad edilsin, bu iki il müddətində isə seyidlərin sənədləri yoxlanılsın və seyidliyi təsdiqlənməyənlər vergi və biyara cəlb edilsinlər. Hətta Dövlət Əmlakının Xəzər Palatasına da tapşırılır ki, özünü “Seyid” və “Ağamir” adlandıran bütün şəxslərə sənədlərini göstərilən müddətdə qəza rəhbərlərinə təqdim etmək xəbərdarlığı olunsun.
İvanovun məktubundan aydın olur ki, bu göstərişdən sonra Vilayət İdarəsinə özünü seyid sayanların çoxsaylı müraciətləri daxil olub. Ancaq sənədlərini, yəni hansı İmamın soyuna gedib çatdığını təsdiqləyən şəcərələrini təqdim edənlərlə yanaşı, bu şəcərələrini 1826-cı ilin müharibəsində itirdiklərini söyləyənlər də olub. Belələrinin isə istintaqı aparılsa da, ziddiyyətli ifadələrə rast gəlinməyib.
Nəhayət, vilayət rəhbərliyi başa düşüb ki, bu cür sübutsuzluq şəraitində yalandan özünü seyid kimi qələmə verməyin kökünü kəsmək asan deyil və daha ciddi addımlar atılmalıdır. Ona görə də, Xəzər vilayəti rəisinin müavininin imzası ilə seyidlər haqqında və atılacaq növbəti addımlar barədə belə bir “raport” – rəy hazırlanıb:
“…Zaqafqaziya diyarının müsəlmanları içərisində yalançı seyidlərə həqiqətən də rast gəlinir, lakin onların yeganə məqsədi hökumətə vergi ödəməkdən və biyara getməkdən yayınmaqdır. Heç bir müsəlman sübutu olmadan, həmkəndlilərinin yanında bu adı mənimsəməyə cəsarət etməz və yalançılığına görə Allah tərəfindən cəzalandırılacağına əmindir. Ümumiyyətlə, Məhəmmədlə Əlinin varisləri olan İmamlarn nəsli seyidlər adlanır. Seyidlər, Ağamirlər, Mirlər şiələr arasında çoxluq təşkil edirlər. Sünni məzhəbinə mənsub müsəlmanlar arasında tək-tük ailəni seyid hesab edirlər.
Seyidlər nəsli iki əsas qola ayrılır: bəziləri III imam Hüseyndən, digərləri isə VII İmam Museyi-Kazimdən törəyib. Birincilər “Hüseyn seyidləri”, ikincilər isə “Musəvi seyidlər” adlanırlar. Məhəmmədin və Əlinin qohumlarından törəmək barədə sənədlər bəzilərinin ulu babasından qorunub saxlanır. Amma burası da var ki, hər bir ərazinin seyid mənşəli şəxslərini bütün nufuzlu ruhani şəxslər tanıyır. Çünki hər bir müsəlman ölkəsinin əsas ruhani şəxsləri xümsü və xüsusən də nəziri vermək, bölmək üçün seyid mənşəli şəxsləri mütləq şəkildə tanımalıdırlar.
Xüms – Şiə məzhəbində hər bir müsəlman tərəfindən bütün var-dövlətinin beşdə birinin seyidlərin nəfinə birdəfəlik verilməsidir.
Nəzir isə əslində hansısa bir işin icrası və ya uğurla başa çatması üçün vəd formasında verilən ixtiyari bir hədiyyədir.
Xüms bölgüdə bütün seyidlərə çatır. Nəzirdən isə təkcə “Musəvi seyidləri”nin istifadə etməsinə icazə verilir.
Hazırda əsas ruhani simaların və hörmətli seyidlərin bizə müraciət edən ərizəçilərin tanınmış seyid nəslinə mənsubluğu barədə şahidliyi seyid mənşəyinin şəhadətnaməsi sayılır – hətta bu ad üçün təqdim edilən sənədlər varsa belə. Ancaq seyidlik mənşəyinin zəruri şərti məşhur imamlara qədər fasiləsiz nəsil şəcərəsinin olmasıdır.
Beləliklə, təklif edirəm ki, yerli polis güclərinin və Vilayət İdarəsinin bütün seyid nəsillərini xüsus bir çətinlik çəkmədən dəqiq şəkildə ortalığa çıxartması üçün qarşıdakı mərhələdə növbəti üsullar həyata keçirilməlidir:
– Seyid adının təsdiqini axtaran şəxslərin ərizəsini alan kimi, həmin şəxslərin adlı siyahısını hər bir qəzanın əsas ruhani simalarına təlimatla göndərmək lazımdır. Ki, onlardan 5 və yaxud 6 nəfər şəhərdə və ya qəzada hörməti olan məşhur seyidlərlə birlikdə ərizəçinin həqiqətən seyid nəslindən olmasının təsdiqini və nəsil şəcərəsini əlavə etməklə eyni ailənin, ya nəslin bütün şəxslərinin ətraflı siyahısını – hansı şəhərdə, kənddə və yaxud düşərgədə yaşadıqlarını və ya hansı məntəqəyə aid edildiklərini bildirməklə – Vilayət İdarəsinə təqdim etsinlər;
– Seyid ailələri haqda dövlət sənədləri ruhani şəxslərin və dəvət edilmiş seyidlərin imzası və möhürü ilə əsaslandırılsın;
– Seyid mənşəyi barədə şəhadətnamənin verilməsi üzrə yerli ruhani şəxslərin sui-istifadə cəhdlərini önləmək üçünsə daha yaxşı üsul var: şəhadətnamənin verilməsində Vilayət və Qəza şəhərlərinin ən hörmətli seyidlərinin iştirakı zəruri sayılmalıdır;
– Vurulmuş möhürləri və hər br şəxsin mənsubluğunu Qəza Rəisiləri və qalabəyilərin imzaları təsdiq etməlidir. Bu qayda ilə təsdiqlənmiş siyahılar Vilayət İdarəsi tərəfindən əldə edilərkən, onlar hazırda İdarədə olan müxtəlif qəzalardakı seyidlərin sayı barədəki siyahılarla tutuşdurulsun və hər bir məntəqə və ya şəhər üzrə ayrıca, xüsusi formada siyahı tərtib edilsin;
– Bu siyahılar Qəza Rəisləri vasitəsilə Qalabəyilərə və Məntəqə iclasçılarına çatdırılsın ki, onlar da siyahıları seyidlərin yaşadığı kəndlərin böyüklərinə və ağsaqqallarına göstərərək, ərizəçilərin həqiqətən də seyid adından istifadə etmək haqqının olduğunu bilsinlər;
– Bundan başqa, gözlənilməyən fikir ayrılıqları ortaya çıxasa, İdarənin xüsusi sərəncamı ilə istintaq qaydasında şəhadətlərin təhqiqatı və ümumi böyük axtarış aparılmalıdır;
– İrandan və yaxud digər müsəlman ölkələrindən gəlmə əcnəbi seyidlər üçün Seyid mənşəyi barədə İranın məşhur müctəhidlərindən birinin verdiyi şəhadətnamə lazımdır; Verilmiş belə bir şəhadətnamənin təminatı isə şəhərin ruhani şəxslərindən və əsas seyidlərindən tələb edilməlidir;
– Nəhayət, Məntəqə iclasçılarından şəxsi siyahıları alarkən və onları son dəfə nəzərdən keçirərkən:
1. Bütün Xəzər Vilayəti üzrə soy-köklərini təsdiqləyə biləcəyi təxmin edilən cəmi Seyidlər, Ağamirlər, Mirlər barədə ümumi siyahı tərtib edilsin;
2. İdarə seyid adını almaqda kələk işlədən şəxsləri müəyyənləşdirdikdən sonra onları vergi verməyə məcbur etsin.
İdarənin yuxarıda göstərilən rütbəni təsdiqlədiyi və yaxud rədd etdiyi siyahılar Zaqafqaziya Diyarının Baş İdarəsinin Şurasının icazəsinə təqdim edilsin.
Bu zaman siyahılara üç forma da əlavə edilsin:
1. Onların Vilayət İdarəsinə, Vilayət və Qəza şəhərlərinin ruhani şəxslərinə göndərilməsi üçün;
2. Ruhani şəxslərdən məlumatın İdarəyə təqdimatı üçün;
3. Məntəqə iclasçılarına və qalabəyilərə yoxlama üçün.
Hazırda qoyulan vaxtın başa çatmasına az qaldığından, seyid mənşəyinə dair sənədlərin təqdim edilməsi və Vilayətin Qəzalarından bu cür xahişlərin bir daha daxil olmaması üçün bütün aşağı instansiyalara məktublar yazılsın və seyid rütbəsindən istifadəni arzulayan şəxslərin hamısı polisə dəvət edilib qarşıdakı 1844-cü ilin yanvar ayına qədər öz xahişləri ilə Vilayət İdarəsinə müraciət etmələri bildirilsin…
Xəzər Vilayətinin rəisi Apollos Alekseyeviç İvanov, 12 oktyabr 1843-cü il”.
Beləliklə, təkcə bu sənəddən aydın olur ki, 1843-cü ilədək Azərbaycan ərazisində yaşayan seyid ailələrinin əksəriyyətinin soy-kökləri araşdırılıb və vahid siyahı halında Zaqafqaziya diyarının baş rəisinə təqdim edilib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda soy-kökləri təsdiqlənmiş seyid ailələrinin ən çox məskunlaşdığı ərazilər Naxçıvan, Şirvan, Lənkəran və Qarabağ bölgəsi olub…
Ümumiyyətlə, çox yaxşı olar ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vaxtilə Azərbaycana sığınmış Peyğəmbər soyundan olanların itib-batmaması üçün hazırda Rusiya və Gürcüstan arxivlərində saxlanan sənədlərin ölkəmizə gətirilməsini təmin edə. Çünki bu sənədlər bir tərəfdən Azərbaycanın İslam dəyərlərinin qorunmasında və təbliğində nə kimi yer tutduğunu göstərmək üçün çox qiymətli mənbə və dəlillərdir, o biri tərəfdən də din tariximizin indiyədək ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənmək fürsəti, imkanıdır…
My Webpage