AXCP Rəyasət heyəti yığıncağını keçirə bilmir.
Həsən Kərimovun Gürcüstan səfəri nələrə hesablanıb?
AXCP-nin çətin günlər yaşaması məlumdur. Partiya daxili çəkişmələr AXCP sədri Əli Kərimlinin ciddi narahatlığına səbəb olub. Təşkilatı “xəfiyyə üsul-idarəsi”nin nəzarətində saxlamağa alışmış Ə.Kərimli artıq “oxun yay”dan çıxdığının fərqindədir. O, AXCP-ni idarə etdiyi müddətdə ilk dəfə olaraq geriyə addım atmaq məcburiyyətində qaldığını həzm edə bilmir.
Təşkilatdan qovulmuş üç gənci yenidən AXCP-yə bərpa etmək Ə.Kərimlini hədsiz sarsıtmış kimi görünür. Digər tərəfdən, ona yaxınlığı ilə seçilənlər AXCP sədrinin geriyə addımını bəyənməyib. Həmin sırada AXCP Ali Məclisinin sədri Həsən Kərimov və Gözəl Bayramlının adları çəkilir. Məhz, həmin iki şəxsin Gürcüstana səfər etməsi Ə.Kərimlinin növbəti peşmanlığına səbəb olub.
AXCP-dəki mötəbər mənbəmizin verdiyi məlumata görə H.Kərimovun xəstəliyi ilə əlaqədar Tiblisiyə səfər etdiyi söylənilsə də, AXCP Rəyasət Heyətinin toplantıları daimi olaraq H.Kərimovun mənzilində keçirilmiş. Təşkilatda baş verən son çəkişmələrin onun məğlubiyyəti ilə nəticələnməsindən narazı qalan H.Kərimov mənzilində toplantıların keçirilməsinə razılıq verməyib. AXCP artıq iki dəfədir ki, planlaşdırdığı toplantını həyata keçirə bilmir.
Ə.Kərimlinin yaşadığı mənzilin dövlət qulluqçuları üçün tikilmiş binada yerləşməsi, orada yığıncaq keçirməyə imkan vermir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Mehdiabad qəsəbəsidə yaşaması, məsafə baxımından rəyasət heyətinin yığıncaqlarını keçirmək üçün əlverişli hesab edilməyib.
Əvvəllər, hətta H.Kərimov müalicə məqsədilə Türkiyəyə səfər etdikdə, onun mənzilindən toplantılar üçün istifadə edildiyindən, həmin mənzilin qapılarının Ə.Kərimlinin və digər AXCP yetkililərinin üzünə bağlanması təşkilatda müzakirə mövzusuna çevrilib. Məlumat verən mənbə H.Kərimovun incik düşdüyünü və “əgər, təşkilatda sözüm keçərli olmayacaqsa, onda nədən evimi qərargaha çevirməliyəm” söyləməsini şəxsən eşitdiyini bildirib. Onun həm də AXCP Gənclər Komitəsinin Ə.Kərimliyə ünvanladığı müraciətdən qəzəbləndiyi də qeyd edilib. Həmin müraciətdə gənclər AXCP sədrindən H.Kərimovun istefaya göndərilməsini, Ali məclisə yeni sədr seçilməsi məsələsinə baxılmasını tələb etmişdilər.
Əli Kərimli vəziyyətə nəzarət edə bilirmi?
AXCP sədrinin təşkilatı idarəetmə metodu artıq tam iflasa uğrayıb. Əsasən, təşkilatdaxili intriqalar yaratmaqla, bir çox mənbədən məlumat alaraq hər kəsi nəzarətdə saxlamağı bacaran Ə.Kərimli “kələfin ucunu” itirib. İndi əksər qruplar ona qarşı hücuma keçib. Gənclər qarşısında geri çəkilməyi AXCP sədrinə baha başa gəlib. Bu, onun gücsüzlüyünü ekstremal şəraitdə başını itirdiyini bir daha təsdiq edib.
Təşkilatdaxili qruplaşmaların çoxalması, AXCP sədrinin əvvəllər istifadə etdiyi nəzarət mexanizminin-“xəfiyyə”lərinin effektli işləməsinə imkan vermir. “Xəfiyyə”lərin ifşa olunması da mühüm əhəmiyyət kəsb edib. Gənclər birmənalı olaraq təşkilatdaxili satqınlara etiraz etməyə başlayıb.
Ə.Kərimlinin özünə rəqib hesab etdiyi bəzi AXCP yetkililərini məxsusi ustalıqla, dezinformasiyalar vasitəsilə gözdən salma mexanizmi də fiaskoya uğramış kimi görünür. İstefaya göndərilmiş AXCP sədrinin müavini Razi Nurullayevdən sonra partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov barəsində yayılan şayiələrin Ə.Kərimli tərəfindən dövrəyə buraxılması da məlum olub. AXCP sədri R.Daşdəmirovun saxta ittihamlarla həbs edilmiş oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra, təşkilat şöbəsinin müavini “xəfiyyə”lərinin obyektinə salıb. AXCP-dəki mənbəmiz Rafiq bəyin Ə.Kərimli tərəfindən daima izlədildiyi xəbərini təsdiq edib:”Əli Kərimli Rafiq bəyi təşkilatdan uzaqlaşdırmaq istəsə də, nədənsə ehtiyat edir. Böyük ehtimalla Rafiq bəyin gənclər tərəfindən dəstəklənməsi və təşkilatdakı nüfuzundan çəkinir. Bununla yanaşı Ə.Kərimli itirilmiş nüfuzunu bərpa etməyə də ciddi-cəhdlə səy göstərir. Bu yaxınlarda həbs olunmuş AXCP üzvlərindən bir neçəsinin ailəsinə 500 manat yardım göndərib. Həmin yardım, hələlik AXCP sədrinə ən sədaqətlilərdən sayılan Fuad Qəhrəmanlı vasitəsilə paylanılıb. Ancaq paylanılan yardım əks effekt göstərib. İndi AXCP üzvləri yaxın zamana qədər pulsuzluqdan gileylənib, hər keçirilən təbdirdən öncə təşkilatın sıravilərindən belə əl açıb,pul toplayan Ə.Kərimlinin hardan maliyyə yardımı aldığını araşdırmağa başlayıblar. Ümumiyyətlə, AXCP sədrinin maliyyə mənbələri, oğlunun dünyanın ən bahalı şəhərlərindən sayılan Londonda təhsil alması geniş müzakirə mövzusuna çevrilib. Birmənalı söyləyirəm, Ə.Kərimli başını nə bununla yanaşı AXCP üzərindəki bütün nəzarətini itirib. Düşünürəm ki, o, əvvəlki hegemonluğunu bir daha bərpa edə bilməyəcək.”
Gözəl Bayramlı haradadır?
Bir zamanlar AXCP qərargahının bir küncündə səssiz-səmirsiz oturub, kimsənin diqqətini cəlb etməyən Gözəl Bayramlının partiya səlahiyyətlisinə çevrilməsi hər kəsi təəccübləndirir. Axı, siyasi təşkilatda olub, siyasətdən tam kənarda qalmağı bacaran Gözəl xanımın birdən-birə ciddi siyasi rəqabətin yaşandığı AXCP-nin zirvəsinə yüksəlməsi sensassiyadan savayı nə isə hesab edilə bilməz. Çox qəribədir ki, AXCP sədrinin müavini postuna yüksəlməyi bacarmış bu xanım ciddi bir qruplaşmanı ətrafına topalaya bilib. Uzun müddətdir ki, G.Bayramlının AXCP-də “kəsdiyi baş”ların sorğu-sualı belə aparılmır. Ən qəribəsi isə, xanımın tez-tez Gürcüstana səfər etməsidir. Əvvəla, Gözəl xanım doğru-dürüst Azərbaycan dilində danışa bilmir. Gürcüstandakı görüşlərində hansı dildə anlaşma və ya müzakirə aparıb, bu, doğrudan da təəccüblü görünür.
Hazırda Həsən Kərimov da Gürcüstanda səfərdə olduğundan, eyni zamanda iki AXCP yetkilisinin qonşu ölkəyə səfər etməsi də bir çox sual doğurur. Təbii ki, ilk öncə çətin maliyyə probleminin yaşandığı iddiasını ortaya qoyan AXCP-nin eyni zamanda xarici səfərə iki səlahiyyətlisini göndərməsi maraqlı faktdır. Əlbəttə, həmin məqama aydınlıq gətirmək üçün araşdırma aparmalı olduq. Bəlli oldu ki, Gürcüstanda Saakaşvili “era”sı bitdikdən sonra, qonşu ölkənin iqtidarı Azərbaycan əleyhinə mübarizə aparan qüvvələrə kifayət qədər münbit şərait yaradıb. Sirr deyil ki, bir çox siyasi təşkilata yardım məhz Gürcüstan vasitəsiylə edilir. Həsən Kərimov və Gözəl Bayramlının eyni zamanda Tbilisiyə səfər etmələrinin kökündə də həmin amil dayanıb. Belə ki, əslən Ağstafa rayonundan olan H.Kərimovun öz qohumları vasitəsilə Gürcüstandan istənilən qədər maliyyə vəsaiti keçirmək imkanı var. Gözəl xanım nəzarətçi rolunu oynayır. Əslində isə Ə.Kərimli hər iki yetkilini bir-birinə nəzarət etmək üçün Gürcüstana göndərib. Maliyyə məsələlərinə kifayət qədər həssas yanaşan AXCP sədrinin kimsəni nəzarətsiz qoyması inandırıcı olmazdı. Nəzərə alınsa ki, uzun müddətdir Tibilisidə Ə.Kərimlinin xüsusi nümayəndəsi var, o zaman AXCP sədrinin maliyyə vəsaitlərinin ötürülməsinə xüsusi nəzarət mexanizmlərinin olduğu bir daha təsdiqlənər.
AXCP sədrinin ciddi məsələləri yalnız H.Kərimov, G.Bayaramlı və F.Qəhrəmanlıya etibar etməsi, adları qeyd olunan yetkililərdən narazı olan gəncləri bir daha qıcıqlandırıb. Görünən odur ki, səfərdən qayıdacaq AXCP yetkililərini heç də yaxşı günlər gözləmir. Onlar narazıların bir çox suallarına cavab verməli olacaqlar. Əlbəttə, AXCP sədrinin durumu daha çətin olacaq. Nə qədər qəribə görünsə də, mötəbər mənbənin məlumatında o da xüsusi olaraq vurğulanıb ki, gənclərin etirazından sonra ciddi narahatlıq keçirmiş Əli Kərimli təşkilatı müavini Fuad Qəhrəmanlıya ötürməsi barədə yollar arayır. Mənbə həmin məqsədlə Fuad bəyin iqtidardakı yaxınları vasitəsiylə AXCP sədrinin pasport problemini həll etməyə çalışdığını qeyd edib. Böyük ehtimalla siyasi karyerasının uğursuzluğunu qəbul edə bilməyən Ə.Kərimli parlament seçkilərinə qədər Londonda məskunlaşacaq. AXCP sədrinin indi yalnız maliyyə vəsaitləri barədə düşünməsi də gözlənilən mühacirətlə bağlı ola bilər.
Mənbə onu da qeyd edib ki, Ə.Kərimlinin ailəsi hazırda Londonda yaşayır. Bir neçə qohumunun daha öncədən İngiltərənin paytaxtında məskunlaşıb, böyük biznes fəaliyyəti ilə məşğul olmaları Ə.Kərimliyə də Londonda prespektivlər vəd edir. O da məlum olub ki, AXCP sədrinin Londonun ən bahalı məhəllələrindən birində qiyməti milyonlarla ölçülən villası var imiş. Həmin villa bir neçə il öncə Azərbaycanın oliqarx nazirlərindən biri tərəfindən hədiyyə edilib.
Turan Türk