Davudoğlunun ermənilərə başsağlığı verməsi Bakıda etirazla qarşılandı

0
7

Davudoğlunun ermənilərə başsağlığı verməsi Bakıda etirazla qarşılandı

Ramiz Tağıyev: “Davudoğlunun bu açıqlaması ermənilərə daha da azğınlaşmaq üçün əlavə stimul vermiş olur”

Roma Papası və Avropa parlamentini “erməni soyqırımı” ifadələrini işlətdiyinə görə qınayan Türkiyə hökuməti ermənilərə 1915-ci ildə yaşanan hadisələrə görə başsağlığı verib. Baş naziri Əhməd Davudoğlu başsağlığında 24 aprel günü osmanlı ermənilərinin anılacağını deyib:
“Birinci Dünya Müharibəsi şərtlərində fərqli etnik və dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığımızı diləyirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir vəzifədir. Bu mənada, bu il aprelin 24-də erməni patriarxlığında təşkil ediləcək dini mərasimlə Osmanlı erməniləri, bütün dünyada olduğu kimi, Türkiyədə də anılacaq”.
Türkiyə baş naziri Əhməd Davudoğlunun 1915-ci il olaylarında ölən ermənilərin nəvələrinə başsağlığı verməsi və bunun ardınca baş nazirin müavini Bülənt Arıncın ona bənzər fakir səsləndirməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanmaqdadır. Belə ki, sadə vətəndaşlardan tutmuş ictimai-siyasi xadimlərə qədər bir çox insan rəsmi Ankaranın bu yanaşmasını Türkiyənin qondarma erməni soyqırımı iddiasını dolayısı ilə qəbul etməsi kimi dəyərləndirir.
Siyasətçi Ramiz Tağıyev açıqlamasında bildirdi ki, Davudoğlunun bu açıqlaması ermənilərə daha da azğınlaşmaq üçün əlavə stimul vermiş olur: “Bu olduqca incə məsələdir. Osmanlıda ölən ermənilər deməklə nə dəyişir ki? Ermənilərin özü də iddia edir ki, onları Osmanlı ərazısində öldürüblər. Açıqlama mənim üçün gözlənilməz oldu. Böyük təəssüf hissi keçirirəm”.

Tanınmış ziyalı Mehriban Vəzirin sözlərinə görə, 1915-ci il olaylarına bu şəkildə yanaşma kökündən yanlışdır: “Əhməd Davudoğlunun açıqlaması böyük bir xətadır. Çünki 1915-ci il olaylarının mahiyyəti, türklər tərəfindən ermənilərə qarşı hər hansı soyqırımının həyata keçirilmədiyi həqiqəti hər kəsə məlumdur. Bu, araşdırılması hər kəsə açıq olan tarixi faktlardır. Bu baxımdan Türkiyənin 1915-ci il olayları ilə bağlı hər hansı məsuliyyəti yoxdur və ola da bilməz. Hesab edirəm ki, türkiyəli rəsmilərin verdiyi bu kimi açıqlamalar əsla doğru deyil və Türkiyənin suçlu görüntüsünü formalaşdırır. Proseslərin bu şəkildə gedişi isə Türkiyə və türk dünyasına yaxşı heç nə vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY