Candan keçilir, Çanaqqaladan keçilməz

0
5

Zaur Muradxanlı

Candan keçilir, Çanaqqaladan keçilməz

Türklərin haqlı olaraq hələ də iftixarla səsləndirdikləri bu söz birləşməsi nə deməkdir? Heç düşündünüzmü? 1915-ci ildə, Birinci dünya müharibəsinin ən gərgin döyüşlərindən birinin getdiyi Çanaqqala və Gəlibolu yarımadasında gedən uzun və ağır döyüşlər dünya hərb tarixinə əbədi qəhrəmanlıq dastanı olaraq yazıldı. Əlbəttə bir savaşda qəhrəmanlıq dastanları elə-belə sazla-sözlə deyil, qanla yazılır. Necə ki, qazi Mustafa Kamalın komandanlığı altında Türk ordusunun sayca daha üstün və daha yaxşı silahlanmış Antanta ordularına qarşı yazdıqları dastan kimi…
Bu savaşın sonsuzadək yaddaşlarda qalmasına səbəbiyyət verən onlarca, bəlkə də yüzlərcə qəhrəmanlıq hadisəsi, igidlik hekayəsi vardır. Hansı birindən danışaq? İngiliscəni hələ Galatasaray litseyində təhsil aldığı zamanlarda ana dili kimi danışa bildiyindən ləqəbi ingilis Kamala çıxan qəhrəman türk gəncinin hər “dil“ lazım olduqca ingilis zabit uniformasını geyinib qarşı tərəfə keçərək yanında ən az bir əsirlə döndüyündənmi? Gelibolu yarımadasının müdafiəsində son nəfəslərinədək döyüşüb şəhid olan bütöv bir alayın Avstraliyada hələ də böyük sayqı ilə mühavizə olunan bayrağındanmı? Topçu yoldaşları şəhid düşdüyü üçün qalan son mərmini, həm də iki yüz əlli kiloluq mərmini təkbaşına qaldırıb topa qoyan və sahilə yaxınlaşmaqda olan ingilis desant gəmisini vuran Seyid Əli çavuşdanmı? Yoxsa, döyüşlərdə hələ polkovnik rütbəsində olan qazi Mustafa Kamalın əsgərlərinə verdiyi ”mən sizə ölməyi deyil, öldürməyi əmr edirəm” əmrindənmi? Yoxsa, türk əsgərlərinin batırılan ingilis gəmisinin heyət üzvləri ilə birlikdə daşıdığı 5 min beş yüz nəfəri Çanaqqala boğazında boğulmaqdan xilas edərək göstərdikləri əvəzsiz humanistlik və düşmənə qarşı belə duyulan hörmətdənmi? Günlər deyil, həftələr deyil, aylar boyu sürən və döyüşlərə bir an belə ara verilməyən Çanaqqala savaşı nəhayət aprelin on səkkizində türklərin böyük qalibiyyəti ilə başa çatdı. Qarınları ac, ayaqları yalın, geri qalmış silahlarla silahlanmış, amma qəlbi Vətən sevgisi ilə dolu qəhrəman türk əsgəri təpədən dırnağadək silahlı Antanta birliklərini diz çökdürərək adını tarixə qızıl hərflərlə yazdırdı.

Çanaqqala savaşı sadəcə ikinci dünya müharibəsinin gedişinə təsir etmədi. Belə ki, əgər Çanaqqala Antanta orduları tərəfindən işğal olunsaydı müttəfiq ordularının İstanbula yolu açılmaqla qalmayacaqdı, həm də onlar Bosfor boğazından keçərək Qara dənizə çıxacaq və Çar Rusiyasının almanlar qarşısında məğlubiyyətini önləyə biləcək, ən azından bunu gecikdirəcəkdilər. Bu isə öz növbəsində bəlkə də rus ordusunun məğlubiyyətlər nəticəsindəki ruh düşgünlüyü və intizamsızlıq kimi halların baş alıb getməsinin qarşısını ala biləcək, bəlkə də nə burjua inqilabı, nə də bolşeviklərin dövlət çevrilişi olmayacaqdı. Çanaqqalada şəhid olan on minlərlə türk o zaman əlbəttə bunları düşünmürdü, sadəcə vətənlərinin düşmən tapdağı altına düşməməsi üçün qanlarının son damlasınadək mübarizə aparır, son nəfəslərinədək döyüşürdülər.
Doğrudur, Çanaqqaladakı böyük zəfər Türkiyənin bu müharibədəki məğlubiyyətini önləyə bilmədi, əvəzində bu gün yüz yaşını qeyd etməyə hazırlaşan Çanaqqala zəfəri və bu zəfərin memarı olan on minlərlə şəhid sadəcə qardaş türk xalqının deyil, bütün dünya türklərinin qəlbində sonsuzadək yaşayacaqlardır.

LEAVE A REPLY