Zaur Muradov
Yalançının şahidi yanında olar!
Din xadiminin “soyqırım”la nə əlaqəsi?
Ermənilər öz “soyqırım”larının yüz illiyi ərəfəsində fəallaşaraq yeni tərəfdaşlar, yalanlarına şahidlər tapmağa çalışır. Bu çalışmalarında heç də başarısız sayılmazlar, əgər başarısız olsaydılar onda katolik dünyasının ruhani lideri, papa Françes də onlara şərik olub, dərdlərini bölüşməzdi. Bəs, niyə və hansı səbəblərdən bu günə gəlindi?
Əlbəttə? Türkiyənin bu gün sadəcə Avropada deyil, ümumiyyətlə dünya arenasında təklənməyinin, bütün beynəlxalq qurumlarda boynubükük duruma düşməsinin yeganə səbəbi vardır ki, o da AKP. Əslində isə Ərdoğan siyasətinin yanlış məcrada olması və bəlkə də bilincli şəkildə Türkiyəni hər gün bu yalnızlıq və tərkedilmişlik uçrumunun kənarına bir az daha itələməsidir. Hələ bir neçə ay öncə Ərdoğan açıqlamalarının birində artıq Avropada yalnızlaşdıqlarını etiraf edərək artıq bizi istəmirlər, onların arasında bizim dostumuz yoxdur kimi açıqlamalar etmişdi. Bəli, bu gün Türkiyənin Qərbdə, demokratik dəyərlərin hökmran olduğu sivil dünyada dostu yoxdursa, bunun günahını məhz Ərdoğanda və onun iki dodağının arasına baxan xarici siyasət idarəsinin təmsilçilərində axtarmaq lazımdır. Türklər iynəni başqasına, çuvaldızı özlərinə batırmalı, nə oldu da bugünlərə gəldik deyə papaqlarını önlərinə qoyub düşünməlidirlər. Bəs, düşünürlərmi görəsən?
Düşünüb düşünmədiklərini və yaxud nə dərəcədə düşündüklərini hər halda iyunda görəcəyik, amma indi yenə də dönək bu argentinalı Papa Françesin açıqlamalarına və hansı səbəbdən dini siyasətə alət etmə gərəyini hiss etdiyinə.
Əvvəla Françes hələ Argentinada yepiskopkən (bu arada onun argentinalı olduğunu və bu ölkədə nəinki erməni lobbisinin güclü olduğunu, hətta media maqnatları içərisində də ermənilərin olduğunu unutmadan məsələyə yanaşmaq lazım olduğunu düşünürəm) və bu yepiskopluğu dönəmində yazdığı kitabında “erməni soyqırımı”ndan bəhs edərək bu “soyqırım”ı XX əsrin ilk soyqırımı adlandırdığını unutmamalıyıq. Bundan əlavə o Roma papalığına seçildikdən qısa müddət sonra bir qrup ermənini qəbul edərkən, hansı ki, onların arasında ata-babalarının 1915-ci ildə türklər tərəfindən öldürüldüyünü iddia edənlər də var idi, yenə də məzlum xristianların soyqırıma məruz qaldıqları haqqında danışmış, öz aləmində onları təsəlli etmişdi. Doğrusu, o vaxt Türkiyənin sərt təpkisindən sonra Vatikandan verilən yazılı açıqlamada Françesin bu sözləri şəxsi söhbət zəminində sərf edildiyindən Vatikanın rəsmi mövqeyini ifadə etmədiyi deyilmiş, ayrıca Türkiyədən üzr də istənilməmişdi. Amma indi Papa Françes bir neçə gün bundan əvvəl ermənistan xarici işlər naziri, soyadından da türk qanı ilə qarışığının olduğu, bəlkə də atalarımızın hansınınsa Sovet dövründəki Ermənistanda saxlamaq adətində olduqları qeyri-qanuni arvadlarından dünyaya gələn Nalbandyanla görüşü zamanı soyqırım ifadəsini daha konkret olaraq işlətmişdir. Doğrudur, Türkiyə yenə də sərt və populist təpkilər verməkdə gecikmədi. Amma bu iqtidarın ictimaiyyət önündə şivən salıb, arxada yerlərə qədər əyilərək üzr istəməkdə nə qədər mahir olduğunu “one minut” olayından bilirik. Belə ki, Ərdoğanın Davosdakı o çıxışı islam dünyasına yönəldilmiş bir çıxış idi, hansı ki, həmin dönəmdə və daha sonralar türk mediasının “dərin qulaq”ları Ərdoğanın kürsüdən düşdükdən həmən sonra üzr istəmək və barışıq edə bilmək üçün araya xətrli adamlar qoyduğunu, yəhudi lobbisi tərəfindən bağışlanmaq üçün dəridən qabıqdan çıxdığını danışır və yazırdılar. Doğrudur, “one minut” olayından sonra üzrxahlıq hadisəsini təsdiq etmək üçün əlimdə konkret faktlar yoxdur, amma o gündən sonra Türkiyənin Tel Əviv səfirinin rəsmən aşağılanması və buna türk hökumətinin heç bir səs çıxarmaması, İsrail sərhədlərindən yetmiş iki mil kənarda yardım daşıyan türk gəmisinə bu ölkə əsgərlərinin hücum edərək doqquz türkü öldürməsi və heç bir üzür də istəməməsi və bütün bunların fonunda İsraillə ticarət dövriyəsinin ən az ikiqat artması da bizi o “dərin qulaq”lara inanmağa sövq edən səbəblərdəndir.
Türkiyə xarici siyasət idarəsinin bütün uğursuzluqlarının başlıca səbəbləri hər şeyi hamıdan daha yaxşı bildiyini iddia edən bir nəfərin təsiri altında sadəcə onun dediklərini həyata keçirə bilmə cəhdləri, həyatının böyük bölümünü diplomatiyaya həsr etmiş insanların isə fikirlərinin heç bir məsələdə alınmamasındandır. Arada öz-özünə “özləri bilərlər” desəm də, qəlbən özümü təkzib edir, bu qardaş ölkə xalqının düşdüyü duruma yanıram desəm yeridir. Axı, biz eyni kökdən gələn, eyni dinə inanan, eyni səccadəyə alın qoyan, eyni kitaba inanan insanlarıq. Ərdoğan hər nə qədər İŞİD-i “öfkəli bir qrup gənc” adlandıraraq, Suriyada sünnilərə dəstək verərək şiələrin öldürülməsinə yardım etsə də, Tehrana getdiyində isə səhər yediyini günorta unudan uşaqlar kimi bunun əksinə bəyanat verərək “ölənlər istər sünni olsun, istərsə şiə, məni müsəlmanların ölümü narahat edir” deyərək bu ölkədə 2011-ci ildən bəri 3 yüz mindən artıq insanın ölümünə diqqət çəkməsi də düşündürücüdür. Axı, indi texnologiya o qədər inkişaf edib ki, adamın uşaq vaxtı etdiyi hərəkətləri belə bir dəqiqədə gözlərinin önünə qoyarlar. Necə ki, onun iyirmili yaşlarında terrorçu başı Hikmətyarın önündə diz çökərək əlini öpdüyü fotoşəklini bəzi dairələr hələ illər öncə çıxarıb gözləri önünə qoymuşdular və yaxud bir radioda “sayın Öcalan 35 min kəllə aldı” sözlərini də həmçinin. Bu misalları ona görə çəkirəm ki, hər kəs üçün aydın olsun ki, İran prezidenti nə Ərdoğanın sünnü terrorçular haqqında dediyi sözləri, nə də Yəməndə İraqın maraqlarını tapdalayaraq Səudiyyə Ərəbistanının yanında yer almasını unutmuş ola bilməz və bəlkə də bağlı qapılar arxasında bütün bunları ona xatırlatmışdır. Kim bilir bütün bunları bilmək üçün orada olmaq lazımdır, amma təəssüf ki, biz orada deyildik və heç bu imkanımız da yoxdur.
Bütün bunlardan sonra yenə də qayıdaq soyqırım yalanına. XX əsrin əvvəllərində bir soyqırım olmuşdursa, o da Andranik və onun ardından ruslar tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımdır. Bu barədə qısaca danışaraq ermənilərinin böyük yalanının əsas səbəblərini anlatmağa çalışacağam. Belə ki, hələ 1920-ci ilin siyahıya alınmasında Azərbaycanın əhalisi 2 milyon 340 min nəfər idisə, tam bir il sonra rus işğalından sonrakı siyahıya alınmada əhalinin sayı 1 milyon nəfərdən artıq azalmışdı. Bunu Qubada və digər yerlərdə üzə çıxarılan kütləvi məzarlıqlar və əhali haqqındakı rəsmi statistik məlumatlar də təsdiq edir. İndi isə gələk ermənilərin soyqırımı məsələsinə. O vaxt hələ bu soyqırımın olduğu iddia edilən ildən də üç il sonra Azərbaycanın razılığı ilə yaradılan Ermənistan respublikasının ərazisi sadəcə on min kvadrat kilometr idi. Yəni indiki Naxçıvandan bir az böyük. Ayrıca Türkiyə ərazisinin Şərqində də ermənilər heç bir ərazidə çoxluqda deyildilər və etnik azlıq şəklində yaşayırdılar. Demək burdan belə bir nəticəyə gəlirik ki, iddia edildiyi kimi soyqırım olsaydı, onda milyon yarım erməni öldürmək üçün nəinki bu ərazidə yaşayan ermənilərin hamısını öldürmək kifayət etməzdi, hətta dünyanın digər ölkələrindən də erməniləri gətirib burada öldürmək lazım olardı ki, iddia edilən saya çatmaq mümkün olsun. Bundan əlavə bildiyimiz kimi min doqquz yüz on beşinci ildə birinci dünya müharibəsi çərçivəsində osmanlılarla ruslar qarşı cəbhələrdə yer alırdılar və türklər təbii olaraq onlara xəyanət edərək cəbhənin arxasında təxribat işləri ilə məşğul olan erməniləri hərbii vəziyyət bitənədək cəbhə arxasına köçürüblər. Bu cəbhə arxasına köçürülmə onların öz günahları ucbatından olmaqla bərabər, hər halda heç bir səbəb olmadan Stalin tərəfindən yurd yuvasından didərgin salınaraq Qazaxıstan çöllərinə sürgün edilən Axısxa türkləri qədər əziyyət çəkməyiblər. Bütün bunları ermənilər də bilir, əgər bilməsəydilər hələ türk hökumətinin bir neçə il öncə qarşılıqlı olaraq arxivləri açaraq araşdırma aparma təklifinə qarşı çıxmazdılar. Demək burda iki maraq qalır. Birincisi, ermənilərin böyük Ermənistan xülyası, ikincisi isə böyük dövlətlərin və xristian dünyasının bu oyuncaq millətdən istifadə edərək Türkiyəni daim təzyiq aıtında saxlama cəhdləri. Əgər belə olmasaydı Qərbin böyük dövlətləri Fransanın 1951-ci ildə milyon yarım dinc Əl-cəzairlini qətl etməsinə, yaxud Amerikanın on iki milyon hindunu öldürməsinə, ya da Ruanda və sair hadisələrinə münasibət bildirərdilər. İndi qayıdaq birinci məsələyə, yəni Böyük Ermənistan xülyasına.
Böyük Ermənistan və yaxud, dənizdən dənizə Ermənistan yeni çıxma bir şey deyil. Bu üzdəniraq qonşuların çoxdankı, lakin heç bir zaman gerçəkləşməyən xəyallarıdır. İnşallah elə sonsuzadək də xəyal olaraq qalacaqdır. İndi ermənilər bu soyqırım yalanının tanınmasına ona görə çalışırlar ki, soyqırım dünya ictimaiyyəti tərəfindən tanındıqdan sonra almanların yəhudilərə ödədikləri təzminat kimi Türkiyədən ciddi miqdarda təzminat alsınlar. Məsələ sadəcə madiyyatla bitmir. Onlar təzminat tələblərini reallaşdırdıqdan sonra istəklərinin son mərhələsinə keçərək Şərqi Anadolunu, yəni bugünkü Türkiyənin Şərq torpaqlarının ermənilərin ata babalarına məxsus olduğunu iddia edərək bu torpaqların üzərində haqq iddia edəcəklər. Bildiyimiz kimi Amerika Birləşmiş Ştatları da hər nə qədər özünü Nato və digər ittifaq anlaşmalarında Türkiyənin müttəfiqi kimi aparsa da, hələ də Türkiyənin sərhədlərini müəyyən edən Lozann sazişini tanımayıb. Onların tanıdığı heç bir əhəmiyyəti olmayan və Türkiyə Böyük Millət Məclisi tərəfindən də vaxtilə rədd edilən Sevr anlaşmasıdır ki, bu anlaşmanın şərtlərinə görə Diyarbəkirdən Trabzona qədər olan ərazi və yenə Diyarbəkirdən Hataya qədər olan cənub şərqi Anadolu torpaqları bu günkü Türkiyənin əraziləri xaricində qalmaqdadır. Doğrudur, həmin anlaşmada bu ərazilərin hansı dövlətə veriləcəyi barədə dəqiq məlumat olmasa da, hər halda Şərqdəki bu torpaqlara ermənilər iddia ilə çıxış edəcəkləri vaxt Sevr anlaşmasını tanıyan ABŞ onları dəstəkləyə bilər. Doğrudur, bu hələ ehtimaldır, amma ABŞ-ın Türkiyə üzərində hər hansı planı, yaxud da təzyiq edə bilmək üçün bir düşüncəsi olmasaydı o zaman digər Qərb dövlətləri kimi onlar da elə Sevrdən sonra imzalanan Lozan sülh sazişini tanıyardılar.
Əlbəttə papanın durub dururkən soyqırımdan bəhs etməsi və xristian məzlumlardan danışması hansısa çox kombinasiyalı oyunun sadəcə bir gedişi ola bilər. Bu eyni zamanda əhalisinin mütləq əksəriyyəti katolik olan Amerika ictimaiyyətinə verilmiş bir mesaj kimi də oxunmalıdır. Başqa bir məsələ var ki, o da Qərbdə İŞİD və digər terrorçu qrupların fəallaşmasından sonra islama qarşı yüksələn antipatiyanı və islamafobiyanın dəstəklənməsi kimi də oxumaq mümkündür. Yoxsa din xadiminin “soyqırım”la nə əlaqəsi? Adama deyərlər, sən get pasxada boyanmış yumurtayla çaxıra batırılmış peçenye payla, qarşında diz çöküb günah çıxaranları dinlə, şamların altında kilsə mahnıları oxuya-oxuya gələnlərə tamaşa edib feyziyab ol. Xristian dünyası belə şeylərdən danışaraq müsəlmanlara qarşı nifrət yaradacağına öz it-pişiklərini gətirib kilsədə evləndirənləri, Qərbdə baş alıb gedən maviliyi, lezbiyanlığı, hətta bacı- qardaş evliliklərini müzakirə etsə daha yaxşı olmazdımı? Tarixi siyasətə vasitə edənlər bitdi, indi də tarixi dinə alət edənlər başladı. Nə deyək, Tanrı Türkü Qorusun. Həm Türkiyədəkiləri, həm bütün dünyadakıları…
Zaur