Cahangir Hacıyev nələrin və kimlərin güdazına gedib?
Sabiq bankirin dostları vurulacaqmı?
Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin istefası gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Xatırladaq ki, ABB-nin ilkin olaraq yaydığı məlumata görə C.Hacıyev səhhətilə əlaqədar istefa veribmiş. Ancaq sonradan KİV-lərə sızan məlumatlar təsdiq edir ki, sabiq bankir heç də səhhətindən narazı deyilmiş, əksinə, onun fəaliyyətindən narazılıq həddən artıq olub.Onun yaxın keçmişə qədər rəhbərlik etdiyi ABB ölkənin ən böyük və nəzarət səhm paketi dövlətə məxsus olan yeganə bankı olsa da, zaman göstərdi ki, o, maliyyə böhranları sınağından çıxa bilmədi, 2008-09-cu illərdə və indi olduğu kimi.
Azərbaycan Beynəlxalq Bankının bütün kreditlərinin təxminən üçdə biri problemli kreditlər kateqoriyasına aid edilib. Bu gün müştərilərin bank kreditlərinin ödənişi ilə bağlı problemləri ABB-nin kredit “zənbil”ində 27,8 faiz “pis borcların” yaranmasına gətirib çıxarıb.
Əslində digər bankların vəziyyətini ABB-dən yaxşı hesab etmək düzgün olmazdı. Məhz həmin səbəbdən də C.Hacıyevin istefasını səhhətilə və yaxud pis fəaliyyətilə bağlamaq düzgün olmazdı.
C.Hacıyev əleyhinə “öldürücü doza”da komporomatları kim ortaya qoyub?
Bəzi ekspertlərin saytlara açıqlamaları da maraqlı olub. Onlar C.Hacıyevin hakimiyyətdəxili qurplaşmaların intriqalarının güdazına getdiyini önə çəkiblər. Virtualaz.org saytı yazıb: “Qərarverici şəxsə qeyri-məhdud çıxış imkanları olan prespektivli bankirin sürətli yüksəlişindən ehtiyatlanan məmurlar ola bilsin ki, onun pis idarəçiliyinə dair faktlardan, Moskva və Fuceyradakı biznes layihələrinin iflasa uğramasından yararlanıblar. Yəni onun əleyhinə “öldürücü doza”da komporomatları ortaya qoyublar. İstənilən halda Cahangir Hacıyevin istefası ölkənin siyasi həyatında mühüm hadisə oldu. Çox güman ki, bu istefa ölkənin maliyyə institutlarının vəziyyətinə və ilk növbədə Beynəlxalq Bankın özünə heç cür təsir göstərməyəcək.
Samir Şərifovun quru rəsmi məlumatında boş yerə deyilmirdi ki, ölkənin iri bankı olan Beynəlxalq Bankın inkişafına bundan sonra da tam dəstək veriləcək. Bu bəyanat xarici investorlara hesablanıb. Onlar isə hələ ötən ilin yayında boş yerə narahatlıq keçirməmişdilər. Artıq o vaxt xarici investorlar və ABB-nin xarici əmanətçiləri Azərbaycanda yaxınlaşan maliyyə böhranıni hiss etmişdilər. Xarici əmanətçilər öz vəsaitlərini bankdan çıxarmağa başlamışdılar. Bunu dolayısı ilə AMB sədri Elman Rüstəmov da parlamentdəki son çıxışında təsdiq edib.”
İqtisadçı ekspert Samir Əliyevin mövqeyi də oxşar olub: “Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq “şişib”. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur.”
Bank sektoru “boz kardinalı”nın sonunu gətirən məqamlar…
C.Hacıyevin bank sektorunda təsadüfi şəxs olmadığını hər kəs bilir. O, Azərbaycan və regionun ən iri bank kredit təşkiları olan Beynəlxalq banka 2001-ci ildən rəhbərlik edirdi. O, uzun illər idi ki, ölkənin bank sektorunun önəmli simalarından biri və bəlkə də birincisi olub. O, Beynəlxalq Bankla yanaşı, oliqarxlarla birgə bir sıra bankları da qeyri-rəsmi idarə edib, ya da şərik olub. C.Hacıyevi hətta bank sektorunun “boz kardinalı” hesab edənlər də olub. Məşhur “Forbes” jurnalı bir neçə dəfə C.Hacıyevi tərif edən yazıları səhifəsinə də çıxarıbmış.
C.Hacıyev ölkənin ən nüfuzlu iş adamlarından biri də hesab edilib. O, xüsusilə paytaxt Bakıda elit yaşayış binalarının tikintisinin şəriksiz sahibidir. 2002-ci ildə “Yeni Həyat” şirkətlər qrupunu təşkil edib. C.Hacıyevin sərəncamında bir çox iri istehsal müəssisələri də var. Onun həyat yoldaşı isə “İdeal” parfumeriya mağazalar şəbəkəsinin sahibidir.
“Millətim”ə daxil olan məlumatda isə Cahangir Hacıyevin vurulması barədə maraqlı məqamlar ortaya çıxıb. Belə ki, C.Hacıyevin işdən çıxarılması səbəbi kimi onun indi istintaqı aparılan Qeyri Hökumət Təşkilatları (QHT) rəhbərlərinə xaricdən ötürülən maliyyə vəsaitləri barədə məlumatları sirr saxlaması olub. Məlumat verən mənbə xüsusilə AXCP sədri Əli Kərimliyə və qohumlarına məxsus milyonlarla valyutanın ölkədən çıxarılmasına şərait yaratması C.Hacıyevi “xəstələnməyə” məcbur edib. Görünən odur ki, həmin pulköçürmə əməliyyatlarından digər vəzifəli şəxslərin də məlumatı olub. Çünki C.Hacıyev iqtidarın yüksək çinli məmurları ilə sıx əlaqədə olduğundan, həmin məlumatları onlara ötürməsi inandırıcı görünmür.
Beləliklə, Cahangir Hacıyev “xəstələndi” və yola salındı. Növbədə kimdir və yaxud “xəstələnmə” sırası kimdə?
Nicat Sadiq