Deputatdan kəskin etiraz: “Bütün bu tipli yanğın risqi olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalıdır”
Millət vəkili Fazil Mustafa ötən gün Bakıda yaşayış binalarından birində baş verən yanğın hadisəsilə bağlı münasibətini açıqlayıb. Azinforum.az deputatın fikirlərini təqdim edir:
“Nobel preospektində 9-mərtəbəli binanın yanıb kül olması təsadüfi hadisə deyil. Vətəndaşların bu cür izdirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular.Yadıma Qabriel Qarsia Markesın illər öncə oxuduğum “Gözlənilən bir qətlin tarixçəsi” əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. O da davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma risqi olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risq daha da artıq. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?.. Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq… Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, “zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq”. Görəsən bu “istəsə” sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni “siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək?” sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın risqi olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir”.