Soylu Atalı
ULUSAL GƏLƏCƏYİMİZ
Bu gün Azərbaycan toplumunda ictimai çalışmaların (fəaliyyətlərin) spektri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir ki, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bunun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar:
1. Hakimiyyət ugrunda siyasi çalışmaları deyək. Bu çalışmada bulunan qüvvələr olduqca dağınıq, gücsüz, yöntəmsiz bir durumdadırlar. Ən başlıcası odur ki, ulusal yöndə bunların heç bir ortaq paylaşımları da yoxdur. Eləcə də siyasətdən qıraqda çaba göstərənlərlə (deyək ki, ədəbiyyat, mədəniyyət adamları ilə) onların ortaq bağlantıları gözə dəymir. Sadəcə ayrı-ayrı küsdürülmüş, incidilmiş ədəbiyyat, sənət, mədəniyyət adamları siyasi qüvvələrin yanında yer alır. Burada da yerliçilik amili güclü rol oynayır. Başqa təbəqənin adamlarının öz bölgəsindən olan siyasətçilərin yanında yer alması bir daha onların çalışmalarında ulusal istəklərin yoxluğunu sübut edir.
II. Tarixçilərin çalışmaları (fəaliyyətləri): burada da ulusal istəkləri doğruldan çabalar çox azdır. Dağıdıcı qüvvələrin buyruguna girmiş adamlar (bunların içərisində ayrı-ayrı etnik toplumların da nümayəndələri var, baltalara sap olan özümüzünkülər də) tarixi köklərimizə daim zərbə vururlar. Onların çalışmaları əsasən inkar, yanıltma (təhrif), gizləmə biçimində özünü göstərir. Bu xalqı kökündən ayırmaq, onun törəmə bir şey oldugunu qondarmaq bəlli strategiya ilə gerçəkləş¬dirilməkdədir. Dediyimiz kimi, bunun qarşılığında ulusal kimliyin təsdiqi yönündə çalışan tarixçilər çox azdır, onların etkisi də bir o qədər ötkəm deyil.
III. Ədəbiyyat, sənət yönündə çalışmalar. Sovet ideolojili quruluş dağıldıqdan sonra çoxları ədəbiyyat, sənət xəttində ulusal bireylərin (milli fərdlərin) ortaya çıxacağını gözləyirdi. Ancaq nə yazıqlar ki, başqa istəklər, çalışmalar ortaya çıxarıldı. Dəyərlərin, şəxsiyyətlərin, ulusal keçmişin yenidən qiymətləndirilməsi adı altında dağıdıcı, inkaredici, lağlağıya çevirici ədəbiyyat-sənət örnəkləri araya gətirildi. Üzdən baxanda çox yaxşı səslənir – ələşdirmə, yenidən qiymətləndirmə. Adını da qoydular postmodern ədəbiyyat. Ayrı-ayrı istedadlar dağıdıcılığa yönləndirildi. Dagı¬dıcılıq xəttində yarışlar başlandı. Bu yarışlarda udanlar ödülləndirildi.
IV. Mədəniyyət xəttində çalışmalar. Bu məsələdə ən çox qabaga gedən, daha doğrusu, qabağa aparılan musiqi sahəsidir. Yabançı musiqi çeşidləri qazanc-gəlir qaynağına çevrildi. Xalq mahnıları, el havaları sıradan çıxarıldı. Əxlaqsız, mənəviyyatsız adamlarla səhnələr dolduruldu. Onları tanıtmaq üçün proqramlar işlənildi. İndi hər gün onların əxlaqsız davranışları, mənəviy¬yatsız yaşamları təbliğ olunub topluma sırınır. Hələ ulusal mahiyyətini anlamayan gəncliyə sübut eləməyə çalışırlar ki, özünə karyera qurmaq, firavan yaşamaq bu cür çalışmalarla əldə olunur.
Mədəniyyətin bir yönü də idman çalışmalarıdır. Öncələrdə də yazmışdıq ki, idman iç siyasətin birinci sütunudur. Sağlamlıq istəyilə deyil, qazanc istəyilə həyata keçirilən idman, həm də, hakim elitanı qorumaq görəvi daşıyır. Bir sözlə, idman xalqın ulusal qalxınma (milli inkişaf) tələblərindən deyil, siyasətin toplumu gerilikdə (cəhalətdə) saxlaması istəklərindən qaynaqlanır.
VI. Ruhaniyyat yönündə çalışmalar. Siyasi çalışmaların bir hissəsi olsa da, buraya ideoloji çalışmaları da qatmaq olar. Çünki ruhaniyyat ideologiya yaradır, yaxud ideologiyaya çevrilir.
Ruhaniyyat bizi ən çox düşündürən çalışma (fəaliyyət) sahəsidir. Əslində bütün sorunların ilk böyük nədəni birbaşa buradan qaynaqlanır. İnsanı ayaqda tutan və onun çalışmalarını doğru¬layan, yaxud əyən ruhaniyyat olayıdır. Ayrı-ayrı insanlar – bilim adamları, ədəbiyyat adamları, fəlsəfə, siyasət adamları fərqli düşüncələrlə fərqli çalışmalarda bulunsalar da, bütövlükdə toplu¬mun həyat özəllikləri ruhaniyyat quralları ilə nizamlanır.
Yurdumuzda ruhaniyyatın yönü, yöntəmi də hər kəsə bəllidir. Min ildir ruhaniyyat məsələsində yenilmiş durumdayıq. Yabançı bir ruhaniyyat ulusal özünüqoruma sistemimizi sıradan çıxarıb, milli şüurumuzu işğal edib. Bəli, əslində bütün sorunlarımız burdan başlayır. Siyasi qüvvələ-rimizin yenilgənliyi, ulusumuza və özünə güvənsizliyi, ulusun gələcəyi ugrunda deyil, hakimiy¬yət ugrunda savaşması – ulusal yaşamımızda özgür, özümlü ruhaniyyatçılığın olmamasına görədir.
Eləcə də tariximizi bilməməyimiz ucbatından milli inkişaf tariximizin yanlışlara uğradılması ruhaniyyatsızlıq etkisində milli şüurumuzun yenilməsinə görədir. Yadlığı həmişə
yaşamımıza özül edib özümlüyümüzün qədir-qiymətini bilməmişik.
Ədəbiyyatda, sənətdə olan adamların çoxları ruhsuzluq, ruhaniyyatsızlıq ucbatından kosmopolit əhvallara köklənir. Ədəbiyyat millətsevərlərin ağlında, ürəyində yaranmalıykən siyasi ideologi¬yaların yedəyində yaranır. Sonucda ulusallıq ictimai istəklərə və yaşama gətirilmir.
Mədəniyyət sümürücüləri də yuxarıda vurguladığımız qoşullar (şərtlər) üzərində millətin özəlliklərinə qarşı çalışırlar.
Millətin içində bu qədər dağıntıların olmasına görədir ki, Yurdumuz coğrafi baxımından da paralana-paralana daralır, dövlətsizləşmə təhlükəsi ilə üz-üzə gətirilir. Hər cəhətdən toplumun mənliyi sıradan çıxarılandan sonra Vətəni sevən və qoruyan qalmır. Vətən sevgisini itirən hər kəs yörəsindəkilərə də vətənsizlik aşılayır. Toplumda psixoloji etki daha güclü olur. Çünki toplum daha çox psixolojilik üstə yaşam sürür. Psixologiya da mənəvi özüllərə dayanmırsa, yenilmələr qaçılmazdır.
Bura qədər dediyimiz fikirləri indi deyəcəyimiz ulusal sorunumuza görə ümumiləşdirib irəli sürdük.
Ötən yüzilin 80-ci illərinin sonunda başlayan qovulmalar, köçürtmələr Azərbaycan toplumunda hiddət, ağrı və qeyrət doğurmadı. Yaxud doğursa da, çox ötəri göründü və aradan getdi. Bunun dalınca daha fəlakətli münasibətlər ortaya çıxdı. Məsələn, Azərbaycanın Batı hissəsindən (Ermənistan adlandırılan bölgələrimizdən) qovulanlara münasibət “mən-sən” ayrılığı üzərində quruldu. Ordan qovulan soydaşlarımıza “yeraz” damğası vuruldu. Bu gün “yeraz” sözü yiyəsiz, yurdumu atıb qaçmış, qeyrətsiz sözlərinin sinonimi kimi işlədilir. Ancaq heç kim oradan qovulmuş soydaşlarının işgəncələrə ugramasını, qarda-qışda ayaqyalın, çılpaq dağlara səpələn¬məsini, namusuna təcavüz olunan qız-gəlinlərin fəryadını özünün dərdi saya bilmir. Sanki bu faciələr – uğrayanların şəxsi dərdidir. Bir yandan yurdundan-yuvasından uzaq düşmələr, elat mədəniyyətini itirmələr, bir yandan da qaçıb qovuşduğu soydaşlarından ögey münasibətlər qaçqın, köçkün yaşamı sürənlərə ağır zərbələr endirir. Sonucda o insanların gözündə bütün dəyərlər qiymətdən düşür. Dəyərə münasibətini itriən adamlar simasızlaşırlar.
Bir vaxtlar gözlərinin alışdığı, öyrəşdiyi təbiət – dağlar, ormanlar indi yoxdur, onlarda ilahi duygular əmələ gətirmir. İlahi duyğular itirilirsə, vətənə, millətə sevgi ayaqda qala bilməz, gələcəyə umudla boylana bilməz. Elindən, yurdundan, təbiətindən ayrılmaq – kökündən, varlığa bağlı düşüncəsindən ayrılmaq deməkdir. Duyğular obyektsiz qalanda cılızlaşır, milli-mənəvi ayrıntılar əmələ gətirir. O insanlar üçün hər şeyin dəyəri adiləşir.
Bir dəfə Asif Atadan soruşdular ki, niyə qaraçılar sırtıq olur? Cavab verdi, çünki vətənləri yoxdur. Bəli, vətən insanda insani keyfiyyətlər bəsləyən qutsal olaydır. Yurd itkisində əxlaqi-mənəvi pozuntular çox olur.
Çadırlarda doğulan uşaqların vətəni haradır görəsən?! Onlar böyüyür, oxula gedir, başqaları onların gah üzlərinə, gah arxalarına deyirlər ki, xeyirli insanlar olsaydınız yurdunuzu qoyub gəlməzdiniz. Bu anlamsız qınaqlar həmin gənclik üçün hər şeyi heçə çevirir. Onların çoxu vecsiz olur. Vecsizlik genişlənir, başqalarına da etki göstərir. Ağıl, ürək boş qalır. Bu boşluğu doldura biləcək ortam (şərait) yox, dəyər örnəkləri yox. Bəs sabah vətənin yiyəsi kim olacaq?! Onsuz da çadırda doğulan uşaqlar üşün hər şey adi yaşanır. Onlar üçün ailə ilə, təbiətlə bağlı pünhanlıq ortadan qalxır. Sehr, sirr itir. Sehrlənməyən ürək qutsal duyğular bəsləyə bilərmi?! Elə onların böyükləri üçün də bu sorunlar yaşanır. Onların öncə yaşadığı, onları boya-başa çatdıran təbiətin yaratdığı duyğuların yerini nə doldura bilər ki?! Bu cür böyük milli-mənəvi itkilərlə üzləşən insanlar, labüd şəkildə, getdikcə simasını da itirirlər – “yağışdan islanmışın sudan nə qorxusu”…
Ona görə postmodern ədəbiyyat asan yeriyir içimizdə. Hər cür yad, yabançı əhvallar asan oturuşur. Bu cür pozuntular bütövlükdə xalqı pozur. Umudsuzluq, pozulmuş ruh yaşadığı, mövcud oldugu hər yerdə pis ovqatlara nədən olur.
Dindirəndə hər kəs deyir ki, qaçqınlar, köçkünlər gəlib pis gələnəklər yaratdılar. Halbuki türkün ruhu – qovulanların coğrafiyasında daha dərin özüllər üzərində yaşayıb. Türkün bənzərsiz dəyəri olan saz Azərbaycanın batı bölgələrindən yayılmadımı?! Adı dillərdə dolaşan ustadları bu gün öz yurdundan qovulanların anaları doğmadımı?!
Düşünmək gərək, ayrıseçkilik yaratmaq millətə qarşı getməkdir. Millətin dərdini ayrı-ayrı bölgələrin ayağına yazmaq yolverilməzdir.
Bizim qovulmalarımıza yardımçı olan siyasi güclərin buyrugunda durub öz ulusunu söyənlər anlamalıdırlar ki, vətənin hər qarışına hər kəs sorumludur. Bizi içimizdə özümüzə qarşı qoymaqla əridənlərin dəyirmanına su olmaq xəyanətdir. Onsuz da dünyanın hər yerində ayrı-ayrı türk etniklərini əridib sıradan çıxarırlar. Buna qarşı açıq zor da işlədirlər. Tarixdə buna bəs qədər örnək var. Bunu görmək vaxtıdır.
Bizi əritmək istəyənlərin əsas planları özümüzü öz gözümüzdən salıb söydürmək, hissələrə bölüb bir-birilə cırmaqlaşdırmaqdır. Bu həqiqəti anlamadan ulusal qalxınma (milli inkişaf) aşamasına ayaq basa bilməyəcəyik.