Sağda birlik arayışı…

0
5

Sağda birlik arayışı…

Türkiyədə 7 iyun millət vəkili seçimləri yaxınlaşdıqca, xüsusən, kiçik partiyalar arasında seçim blokları yarada bilmək üçün artıq çoxdandır ki, arayışlar başlanmışdı. Son keçirilən rəy sorğularına görə, xüsusən sağ görüşlü türk vətəndaşların AKP-a gedən səslərində önəmli azalma olması və seçim öncəsi “qərarsızlar” adlanan qrupun seçicilərin içindəki xüsusi çəkisinin artması da kiçik partiyaları bu birləşməyə sövq edən amillərdəndir. Üstəgəl türk seçki qanunundakı antidemokratik yüzdə on seçim baryeri də partiyaların birləşmə meyillərində az rol oynamır.
AKP hər nə qədər məzlum rolu oynayaraq çevriliş dövrü qanunlarından dad etsə də, öz işlərinə yarayan qanunları, xüsusən bu seçim baryeri deyilən lənəti götürmək bir yana, heç olmasa beş-altı faizə də endirmədi ki, insanların seçdikləri şəxs və partiyalar onların istədikləri kimi parlamentdə təmsil oluna bilsin. Axı, indiki seçki sisteminə göre baryeri keçən partiyalar baryerin altında qalan partiyaların da səslərini öz aralarında seçki qutusundan çıxan nəticəyə görə bölüşdürür. Belə olan halda isə sistemin eynən davam etməsi sadə AKP-liyə sərf edir. Məclisdə illərdən bəridir ki, digər müxalifət partiyaları qanun təklifi versələr də, mütləq çoxluqda olan AKP-lilər istəmədikləri, daha doğrusu, onların liderləri “barmaq qaldırın “ demədiyi üçün seçim baryeri türk demokratiyasının ayıbı, keçirilən hər seçimlərdə isə seçicilərin iradəsinə qarşı edilən böyük hörmətsizliyin nümunəsi olaraq qalmaqdadır.
Parlamentdə bir neçə il bundan öncə CHP bir neçə qanun layihəsi təklifi vermişdi, bunlardan biri millət vəkillərinin toxunulmazlıqlarının qaldırılması, digəri isə seçki baryeri haqqında idi. Ərdoğanın özünün və partiyasının bir neçə irəli gələn millət vəkilinin haqqlarında davam edən, ancaq millət vəkili olduqlarından dolayı hələlik rəfdə duran cinayət işləri olduğundan, onlar həm toxunulmazlıqların qaldırılması, həm də yuxarıda qeyd etdiyimiz səbəblər üzündən seçki baryerinin qoruna bilməsi üçün çalışmışdılar və nəticədə təkbaşına hər hansı qanunu keçirmə gücü olmayan CHP-nin bu təklifləri qanunlaşmadan elə kağız üstündəcə qalmışdı.
İndi seçim ittifaqı arayışları, bir tərəfdən də yenə qeyd etdiyimiz kimi o seçim baryerinin gətirdiyi problemlərin aşıla bilməsi ilə bağlıdır. Səadət və Böyük birlik partiyalarının son seçimlərdə topladıqları toplam səs təxminən beş faizdən yüksək deyildi. Bu seçimlərdə də nə qədər səs alacaqları, baryeri keçib keçə bilməyəcəkləri sual altındadır. Amma istənilən halda seçicilərinin onlara verdikləri səslərin hədərə getməməsi üçün şəxsi ambisiyalarını bir kənara qoyaraq bu cəhbədə olmaları əlbəttə ki, təqdirəlayiq hadisədir. Əvvəlcə bu iki partiya birlikdə Milliyətçi Hərəkat Partiyasına müraciət edərək onlarla birlikdə ittifaq qurmaq istədiklərini bəyan etmişdilər. Amma hansısa səbəblərdən MHP və elə bu partiyanın başqanı Dövlət Baxçalı da seçim ittifaqı fikrinə soyuq münasibət bəslədiyini bildirdi. Lakin MHP cəbhəsindən gələn bu soyuq münasibət Səadət və Böyük Birlik partiyalarının liderlərini nəinki ruhdan salmadı, hətta onlar nəyin bahasına olursa-olsun ən azından Türkiyənin kiçik partiyalarını bir birlik ətrafında toplamaq qərarına gəldilər. Keçən cuma günü birlikdə bəyanat verən Səadət partiyasının lideri Mustafa Kamalak və Böyük Birlik Partiyasının başqanı Mustafa Destiçi artıq seçim birliyinin bütün detalları üzərində razılığa gəldiklərini bildirərək iqtidara alternativ olmaq istədiklərini bəyan etdilər. Onlar həmçinin media nümayəndələrinin qarşısında digər partiyalara müraciət ünvanlayaraq sağ görüşlü, yəni milliyətçi və mühavizəkar yönümlü istənilən siyasi partiya ilə seçim ortaqlığına hazır olduqlarını bir daha vurğuladılar.

Bu iki partiyanın yaratdığı seçki bloku digər partiyaların hesabına genişlənəcək, yoxsa yox, bunu hələ bilmirik. Lakin bildiyimiz bir şey var ki, bu iki partiya liderlərinin şəxsi ambisiyalarını bir kənara qoyaraq türk millətini hər gün bir az daha qaranlıq uçruma doğru sürükləyən AKP iqtidarından qurtara bilmək üçün atıqları bu böyük addım türk ictimaiyyəti tərəfindən də bilinməkdədir. Əlbəttə, insanlar artıq boş vədlərə aldanacaq qədər sadəlövh deyillər və AKP-nin onları illər boyu aldadaraq qanlarını necə əmdiyini anlamaqdadırlar. Elə onları bu partiyanın əlindən qurtarmaq üçün şəxsi maraqlarını fəda edən insanların bu fədakar hərəkətlərini də şübhəsiz ki, qiymətləndirəcəklər.
Yeddi iyun seçimlərindən sonra bizi hansı tablo gözləyir? Hələ bu barədə danışmaq çətin olsa da, bir şey şübhəsizdir ki, AKP son seçimlərdə alışdığı kimi yenə də millətin iradəsinə hiylə qarışdırmağa çalışacaqdır. Bunun belə olacağını türk siyasi tarixinin son yeddi- səkkiz illik qısa tarixinə baxmaqla bilmək o qədər də çətin deyil. Millət vəkili, bələdiyyə və prezident seçimlərində yoxa çıxan çuvallar dolusu səslər, ayrıca Taner Yıldızın deyimi ilə desək, transformatorlara pişiklərin girib səslərin sayımı vaxtı seçki məntəqələrini qaranlıqda qoymaları və nəhayət bütün bunlardan əlavə hökumətin ağır toplarından , eləcə də AKP-nin qurucularından Bülənt Arıncın AKP-li Ankara Böyük Şəhər Bələdiyyə başqanı Məlik Gökçənin ünvanına necə seçilməsi ilə bağlı yönəldilən itthamlar və indi burada saymadığımız digər faktlar bizi belə düşünməyə vadar edir. Rəcəb Tayyib Ərdoğanın sanki prezident deyil də, AKP-nin təşviqat nümayəndəsiymiş kimi işini- gücünü ataraq Türkiyəni qarış-qarış gəzərək getdiyi hər yerdə xalq kütlələrinə müraciət edərək iqtidar partiyası üçün dörd yüz millət vəkili istəməsi və bu millət vəkili sayını da rejimi dəyişdirərək parlamentli sistemdən prezidentli sistemə keçid üçün istədiyini açıq-aşkar bəyan etməsi, sadə xalqa hərbə gəlirmiş kimi “dörd yüz vəkil verin, bu iş sakitcə həll olunsun “ deməsinə baxmayaraq, son rəy sorğularına görə AKP səslərinin otuz üç faizə qədər geriləməsi və bütün bunların fonunda Türkiyədə yaxın günlərdə baş verən elektrik böhranı da hakim partiyanın seçkilərdə saxtakarlıq etməyə hazırlaşdığının və bu elektrik kəsintisinin də bir məşq, həm də seçki günü elektriklər kəsildiyində insanlara sadəcə indi deyil, daha öncə də bu cür böyük qəzalar olmuşdu deye bilmək üçün bir bəhanə olduğunu düşünməmizə əsas verir. Elektrik kəsintisi ilə bağlı təkcə bir şeyi xatırlatmaq kifayətdir ki, nə Türkiyənin enerji nazirliyi, nə də digər dövlət qurumları hələ də bu cümhuriyyət tarixinin ən böyük elektrik kəsintisinin səbəbini açıqlamırlar. Hər dediyi düz çıxan twitter fenomeni Fuad Abni isə bu kəsinti ilə bağlı maraqlı bir iddia ilə çıxış edib. Belə ki, o, Twitterdəki hesabından elektrik böhranına münasibət bildirərək, bu ilk kəsintinin bir məşq olduğunu, seçkilərə qədər daha iki kəsinti olacağını və yeddi iyunda sonuncu, dördüncü kəsinti ilə iqtidar partiyasının sandıqdan istədiyi qədər millət vəkili çıxaracağını yazıb. Bu əlbəttə bizim fərziyələrimizin nə qədər doğru olduğunu təsdiqləməkdədir, ayrıca valiliklərin təşkil edilən seçkilərə nəzarət kurslarına da sadəcə AKP-li şəxləri dəvət etmələri də digər tərəfdən insanlarda şübhə doğuran elementlərdəndir.
İyun seçimlərinə hiylə qarışdırılmasının qarşısını almaq mümkün olarsa, nəinki Ərdoğanın prezident üsul idarəsi arzusu ürəyində qalacaq, hətta AKP-nin növbəti dəfə təkbaşına iqtidar olması belə ciddi təhlükə altına girəcəkdir. Bunu başa düşən istər parlamentdə təmsil olunsun, istərsə olunmasın, demək olar ki, bütün müxalifət partiyaları seçim bitdikdən sonra öz təmsilçilərinin seçki qutularını qoyub getməsinin qarşısını almaq üçün çalışmalara başlayıblar.

Zaur

LEAVE A REPLY