AXCP-də qiyam səngiyəcəkmi?
Ağstafada nələr baş verib?
“Milli Şura”nın aprelin 5-də keçirdiyi mitinqin uğursuz alınmasını təşkilatçıların etiraf etməsinin şahidi olduq. Əslində, mitinqlərin keçirilməsinin təşəbbüskarı olan AXCP, kütləvi tədbirlərlə təşkilatdaxili çəkişməni görünməz etmək niyyətini gizlədə bilmir. Görünən odur ki, kütləvi tədbir belə AXCP-dəki çaxnaşmaları ört-basdır edə bilmir. Ekstremal şəraitdə daima özünü itirən AXCP sədri Əli Kərimlinin durumu heç də ürəkaçan deyil.
AXCP-də açıq-aşkar qiyam baş verir. Yaxın keçmişə qədər təşkilatı təkbaşına diktator kimi idarə etmiş Ə.Kərimli gənclərin ciddi etirazları ilə qarşılaşıb. AXCP-də baş verənlərin mətbuata ötürülməsindən açıq-aşkar narahatlıq keçirən Ə.Kərimli AXCP sıralarından qanunsuz çıxarılmış üç gəncin şikayətinə aprelin 5-də keçirilmiş mitinqdən sonra baxılacağına söz vermişdi. Gözlənildiyi kimi ertəsi gün AXCP rəyasət heyətinin əlahiddə yığıncağı keçirilib. Gündəlikdə əsas məsələ AXCP sıralarından qovulmuş üç gəncin təşkilata bərpası olub.
Aldığımız məlumata görə rəyasət heyətinin yığıncağı gərgin və uzun davam edib. Ə.Kərimli AXCP-yə rəhbərlik etdiyi müddətdə ilk dəfə geri çəkilməli olub. AXCP sıralarından tam qeyri-qanuni çıxarılmış üç gənc yenidən təşkilatın sıralarına bərpa edilib. Dəyişiklik yalnız gənclərin AXCP Nərimanov rayon şöbəsinə keçirilmələri ilə baş verib. Bu da Ə.Kərimlinin yersiz hikkəsi nəticəsində edilib. Məğlubiyyətlə barışmaq zorunda qalmış AXCP sədri üç gəncin başqa rayon şöbəsinə “transfer” edilməsini azacıq da olsa qələbəsi hesab edə bilər.
AXCP rəyasət heyətinin gecəyarısına qədər davam edən yığıncağı həm də təşkilatda Ə.Kərimlinin diktatorluq erasının bitməsi kimi yadda qala bilər. Çünki rəyasət üzvlərinin əksəriyyəti AXCP sədrini tənqid etməkdən, irad bildirməkdən çəkinməyib. Gənclərin AXCP-dən çıxarılması motivi Ə.Kərimlini çətin duruma salıb. Belə ki, həmin gənclərdən birinə qarşı dələduzluq edərək xaricə sığınmış AXCP fəalı təşkilatdakı dayaqlarından istifadə edərək, gənclər barəsində ədalətsiz qərar qəbul edilməsinə nail olmuşdu. Mühacirətə getmiş, AXCP sədri tərəfindən himayə edilən fəalın barəsində qanunsuz qərar çıxarılmış gənclərdən birinə 40 min ABŞ dolları məbləğində pul “atması” geniş söhbətin mövzusudur. AXCP üzvləri həmin məbləğin yarısından çoxunun Ə.Kərimliyə verildiyinə rəğmən gənclər barəsində ədalətsiz qərar çıxarıldığını bəyan etməkdən çəkinməyiblər. Əslində isə AXCP-də baş verənlərin bir adı var-Qiyam.
Ağstafa rayonundan aldığımız məlumat isə AXCP-də qiyamın baş verməsini bir daha təsdiq edib. AXCP yetkilisi Eldar Hüseynov AXCP Ağstafa rayonunda qiyamın təşkilatçısı olub.
AXCP sədrinin tapşırığına əsasən Ağstafaya ezam edilmiş E.Hüseynov həmin rayonun cəbhəçilərindən xəbərsiz olaraq “konfrans” keçirməyə nail olub. Hələ üstəlik də AXCP Ağstafa rayon şöbəsinin sədrini vəzifəsindən qeyri-qanuni keçirilmiş konfrans nəticəsində istefaya göndərə bilib. “Konfrans”dan xəbər tutan əsil Ağstafa cəbhəçiləri şöbənin sədri və 30-a yaxın məclis üzvünün imzasıyla Ə.Kərimliyə müraciət göndərilib. Hələlik hansı qərarın qəbul edildiyini dəqiqləşdirə bilməsək də, əlavə məlumat əldə etməyə çalışacağıq.
Ağstafada baş verənlər söyləməyə əsas verir ki, Ə.Kərimli AXCP-nin növbəti qurultayına qədər ona asi ola biləcək bütün rayon şöbələrinin sədrlərini təmizləmək niyyətindədir. Belə görünür ki, AXCP-də sözün əsil mənasında qiyam baş verir. Ancaq bu qiyam AXCP-nin bütün işləri kimi tərsinə baş verməkdədir. Görünən odur ki, qiyama birbaşa AXCP sədrinin özü rəhbərlik edir. Demokratiyanın tükəndiyi və ya yerli-dibli olmadığı bir təşkilatda qiyamdan savayı nə baş verə bilər ki?
Nizami