Yəmən böhranı

0
5

Yəmən böhranı

“Ərəb baharı” başlayanda çoxları bu “bahar”ın Yaxın Şərqə demokratiya gətirəcəyinə inanır, bu coğrafiyada yaşayan insanların, xüsusən ərəblərin bundan belə artıq demokratiya, insan haq-hüququnun üstünlüyü kimi qavramlara sahib olacaqlarına ümid bəsləyirdi. Təəssüf ki, belə olmadığı kimi hər şey əvvəlkindən daha da pis olmağa başladı. Mərakeşdən tutun, ta Suriyaya qədər bir çox ölkələrin xalqları vətəndaş müharibəsi, terrorist çatışmalar və müxtəlif digər çətinliklərdən əziyyət çəkməyə başladılar.
Onlar istər-istəməz artıq bu “bahar”a lənət edir və “ən pis qanun qanunsuzluqdan yaxşıdır” deyə içlərinden keçirirlər. Bundan heç şübhəniz olmasın ki, “ərəb baharı” fırtınasının keçdiyi bütün ölkələrdə durum eynən dediyim kimidir. O ölkələrin əhalisinin nə çəkdiyini anlamaq üçün nə müharibə ilə altı üstünə gətirilən Liviyada, nə də iki gündə bir dövlət çevrilişi olan Misirdə yaşamağa ehtiyac yoxdur. Sadəcə özünüzü bu ölkələrdən hər hansı birində yaşayan bir ərəbin yerinə qoyaraq onların nə çəkdiyini anlaya bilərik. İndi də o “bahar” fırtınasının vaxtilə-2011-ci ildə yerlə bir etdiyi Yəməndə vəziyyət gərginləşib. Bələ ki, İranın açıq-aşkar dəstəklədiyi şiə Hutsi, Zeydi və Əl-Kaidə terror təşkilatlarının keçirdikləri ortaq əməliyyatla ölkənin seçilmiş hakimiyyəti devrilib, əvvəlcə paytaxt Səna, daha sonra isə Qırmızı dənizin sahilində yerləşən ölkənin ikinci ən böyük şəhəri bu terrorçu qruplaşmaların əlinə keçib. Vəziyyətin gərginləşdiyini görən və hələ ki, qaçmadan öncə dünya birliyindən terror qruplaşmalarına qarşı mübarizə edə bilmək üçün yardım tələb edən baş nazir bu tələbindən dərhal sonra paytaxtı tərk edib və hələlik harda olduğu bilinməməkdədir.
Yəmən baş nazirinin çağırışından dərhal sonra bu barədə BMT təhlükəsizlik şurasının hər hansı bir qətnaməsinin olmamasına baxmayaraq Səudiyyə Ərəbistanının liderlik etdiyi daha doqquz ölkənin toplam yüz səksən beş təyyarəsi hərbi müdaxilə edərək dünyanın ən yoxsul ölkələrindən olan Yəməni bombalamağa, strateji obyektlərini yerlə bir etməyə başlayıblar. Bütün bunlardan əlavə Səudiyyə Ərəbistanının seçmə birliklərdən ibarət 150 min nəfərlik ordusu da Yəmən sərhəddinə toplanıb və hər an quru əməliyyatlarını həyata keçirmək üçün hazırdır.
Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri öz inventarına və pilotlarının döyüş hazırlığı səviyyəsinə görə bölgədə ən üstün hava qüvvələri hesab olunur. Ona görə də bu ölkənin başını çəkdiyi koalisiya bombardmanlar zamanı asanlıqla terrorçulara məxsus hərbi obyektləri məhv edə bilməkdədir. Bununla belə bəhs etdiyimiz ölkənin quru qoşunlarının torpaqlarına olunacaq hər hansı kənar müdaxilə zamanı birləşərək ümumi düşmənə qarşı mübarizə aparacağından döyüşkən Yəmən xalqı qarşısında eyni səviyyəli uğuru qazanacağı şübhəlidir. Ayrıca Yəmən sosial baxımdan da müasir mədəniyyət səviyyəsindən xeyli geri qaldığından bu ölkədə nəinki tayfa-nəsil qalıqları xeyli güclüdür, hətta əhalisi qəbilələrə bölünmüş olan Yəməndə hər qəbilə öz ağsaqqalının dediyi ilə oturib-durmaqda, qəbilə ağsaqqallarının sözü qanunlardan daha keçərli sayılmaqdadır.
Yaxın Şərqin ən mürəkkəb sosial iqliminə sahib olan bu ölkədə daha nələr olacaq bunu bir Allah bilir. Amma bir şey ortadadır ki,sadə xalq kütlələri daha da əziləcək, əllərində olan nə varsa itirəcəklər.
Məsələyə başqa tərəfdən baxdıqda isə burada İran və Səudiyyə Ərəbistanı arasında gedən bilək güləşini görə bilərik. Qərb dövlətləri, xüsusən Amerika Birləşmiş ştatları da bu bilək güləşində Ərəbistanın yanında yer almaqdadır. Səbəb isə çox sadədir, əvəla dünya neftinin səkkiz faizinin keçdiyi boğazların terrorçu bir rejimin nəzarətinə keçməsini istəmirlər, digər tərəfdən isə Ərəbistanın cənub qərbində mövcud olan İran dəstəkli terrorçu rejimin bu nəhəng neft ixracatçısının təhlükəsizliyi üçün təhlükə yarada biləcəyini düşünürlər. Onları və elə Səudiyyə Ərəbistanının özünü də bunu düşündüklərinə görə ittiham edə bilmərik, çünki bu barədə kifayət qədər haqlıdırlar. Axı, yeri gəlsə Səudiyyə Ərəbistanı ilə tarixi rəqabət və bölgədə nüfuz qurma mübarizəsi aparan İran nəyə görə Yəməndə çevrilişində esas rol oynayan şiə Hutsi təriqətini dəstəkləyir ki? Bu təriqəti incələsək onun şiə təriqəti olmasına baxmayaraq dini ritualları həyata keçirmə və ibadət tərzlərinə görə sünnilərə daha yaxın olduqlarını görərik. Buna baxmayaraq İranın onları dəstəkləməsinin siyasi səbəblərdən başqa bəhanəsi ola bilməz.
Bu terror qruplaşmasının qarşısına çıxan və onları məhv etmək istəyən ittifaqa baxdığımızda isə sünni dövlətlərini görə bilərik. Bu həm də bölgədə yeni bir məzhəb çatışmasının reallaşması deyilmi?
Məzhəb çatışmaları və terrorçu qruplaşmalar vasitəsilə bəzi dövlətlərin apardığı çıxar savaşları Yaxın Şərqə, ümumiyyətlə islam coğrafiyasına böyük zərər verməkdə, bölgənin sosial iqtisadi inkişafına mane olaraq insanların təhsil və digər sosial haqlarından məhrum qalmalarına səbəb olmaqla cahil insanlar yığınından ibarət toplum yetişməsi üçün zəmin hazırlamaqdadır. Əlbəttə bütün bu əksikliklər neft gəlirləri ilə yaşayaraq istehsalata, elm və texnikanın inkişafına önəm verməyən digər dövlətlərin də əhalisinin tənbəlləşməsinə, zəhmətə deyil, hazıra alışmalarına səbəb olmaqdadır. Təbii ki, burda söhbət İran və Ərəbistan yarımadasının Yəmən xaric digər ölkələrindən getməkdədir. Təhsillə bağlı sadəcə bir misal çəkəcəyəm. Məsələn, Amerika Birləşmiş Ştatlarında adambaşına düşən ortalama təhsil müddəti on üç, Yaponiyada on bir yarım ildirsə, bu Misirdə sadəcə altı ildir. Həm də ölkələr arasındakı təhsilin keyfiyyətini də bura əlavə edərsək fərqin dağlar qədər olduğunu görərik.
Yəmən əhalinin bütün cəhətlərdən geridə qaldığı, təhsil sisteminin çökdüyü, insanların aclıq səviyəsinin altında yaşadığı bir ölkədir. Təbiidir ki, bu şəraitdə yaşayan insanlar da terrorçu qruplaşmalar üçün açıq hədəfdirlər. Bir cahil və yoxsul insandan daha asan kimi aldatmaq olar? Əlbəttə ki, heç kimi…
Yəmən böhranını sadəcə silahla aradan qaldırmaq mümkün deyildir. Bu ölkədə insanların təhsil səviyyəsini yüksəltmək, onların daha yaxşı yaşaya bilmələri üçün iş yerləri açmaq lazımdır. Bunun üçün ərəb ölkələrində kifayət qədər sərmayə əlbəttə vardır. Ayrıca sənaye və kənd təsərrüfatı iinkişaf etdikcə yavaş-yavaş tayfa, nəsil qalıqları da ləğv olub gedəcək və insanlar daha hürr yaşayacaqlar.
Könül istərdi ki, Səudiyyə Ərəbistanı topladığı koalisiya ilə birlikdə indi Yəmənə yağdırdığı bombaların maddi dəyərinin yarısı qədər sərmayəni beşcə il öncədən bu ölkəyə qoymuş olardı. Əgər vaxtında elə etsəydilər inanıram ki, indi heç bu qədər həngaməyə də ehtiyac olmazdı…

Zaur Muradxanlı

LEAVE A REPLY