“İqtidarın kifayət qədər ciddi səhvləri olub”

0
8

“İqtidarın kifayət qədər ciddi səhvləri olub”

Ramiz Tağıyev: “Məmurlarımız aşağıdan yuxarı təkəbbür, özündən razılıq xəstəliyinə tutulublar”

(Əvvəli ötən saylarımızda)

-Necə düşünürsünüz, bacara bilıəcəyikmi?

-Biz, təşkilat olaraq I Avropa oyunlarının ölkəmizdə keçirilməsinə böyük önəm veririk. Həmin tədbirin yüksək səviyyədə baş tutması üçün əlimizdən nə gəlirsə dəstək verməyə hazırıq. Onu da bilirik ki, bir çox düşmən dövlətlər oyunların boykot edilməsində maraqlıdır. Təbii ki, həmin dövlətlərin maraqlarına xidmət göstərməyə daima hazır olan “həmvətən”lərimiz də var. Təəssüf ki, belələri var. Açıq söyləyim, biz həmin satqınlara öz yerlərini göstərəcəyik. Xəyanət bağışlanmır.

-Ramiz bəy, Sizin belə açıqlamalarınızdan rəqibləriniz əleyhinizə istifadə edə bilər. Onlar Sizi iqtidara xidmət etməkdə suçlaya bilməz?

-Bilirsiniz, kimlər söylədiyiniz mövqeyi sərgiləyib, bizi iqtidara xidmət etməkdə suçlayacaq? İqtidarın süfrəsində artıqları əl-qap edənlər. Nə deyirlər desinlər. Biz sözdə yox, əməldə də canımızdan artıq sevdiyimiz Azərbaycanımıza xidmət göstərməkdən qürur duymuşuq və duyacağıq. İqtidarın münasibəti bizə dodaq büzən bəzi müxalifət qüvvələrin münasibətindən heç nə ilə fərqlənmir.

-Onda nə üçün iqtidarı dəstəkləyirsiniz?

-Yanılırsınız! Bizim fəaliyyətimiz iqtidarı dəstəkləməkdən ibarət deyil. Belə bir öhdəliyimiz də yoxdur. İqtidarın kifayət qədər ciddi səhvləri və bununla yanaşı bir çox uğurları olub.

-Etiraf edin ki, Siz daha çox iqtidarın uğurlarından söhbət açırsınız. Tənqidi fikirlərinizə rast gəlmirik.

-Qətiyyən! Zaman-zaman sərt tənqidlərim olub. Digərlərindən fərqimiz ondan ibarətdir ki, biz daltonik deyilik, rəngləri seçə bilirik. Birdə ki, mən verilən suallara cavab verirəm.

-Əla…İqtidarın səhvləri barədə söhbət edək? Səhv varmı?

-Ölkə iqtidarı dedikdə bir-iki səlahiyyətlini düşünməjk lazım deyil. Yəqin ki, siz də iqtidar söylədikdə ya ölkə prezidentini, ya da ki digər məlum rəsmiləri nəzərdə tutursunuz. Bu cür yanaşma tamamilə yanlışdır. Aşağıdan yuxarı iqtidar komandasında təmsil olunmuş kiçik, orta və ali kadrların hamısı müxtəlif səhvlər buraxıb və bu gün də buraxırlar. Ən ciddi səhvləri isə səhvlərini görməməkdir. Bu çox təhlükəlidir. Kiçik səhvlərin qarşısı alınmayanda daha ciddi səhvlər buraxılır. Ümumiyyətlə, ölkə iqtidarı səhvdən söhbət açmağı xoşlamır və üstəlik də bu barədə danışanlara getdikcə barışmaz münasibət bəsləyir. Əlbəttə, o da mənim mövqeyimdir ki, “JEK” müdirinin səhvinə görə ölkə prezidenti tənqid edilməməlidir. İş orasındadır ki, kiçik, orta pillə iqtidar məmurları da tənqidə dözümsüz olublar. Onları tənqid etmək daha qorxuludur. Üstünə bir şər atıb ləkələyəcəklər, adını da qoyacaqlar ki, bütövlükdə iqtidarın düşmənidir. Yanlışdır, bu cür siyasətlə, idarəçiliklə uzağa getmək olmaz.

-Sizin söylədiyinizi radikal müxalifət adlandırılanlar da dəfələrlə qeyd edib. Siz isə radikal müxalifətin liderlərini daha çox tənqid edirsiniz…

-Məni onlarla eyniləşdirməyin. Dəfələrlə qeyd etmişəm ki, mənim səhvim də, düzüm də özümündür. Ölkəmdə düşmən axtaranlardan deyiləm. Xaricdən idarə olunanlara rəğbətim olmayıb və bundan sonra da olmayacaq. Ümumiyyətlə, iqtidar-müxalifət münasibətlərini düşmənçilik səviyyəsinə çıxaranları müsbət dəyərləndirmirəm. Tənqid ədalətli olmalı, sahibinə ünvanlanmalıdır.

-İqtidar nümayəndələri də müxalifəti sərt tənqidə “qonaq” edirlər…

-İnkar etmirəm. Özüm o qədər ədalətsizliyə məruz qalmışam ki…Daha çox iqtidar partiyasının sözçüləri danışır. Elələri var ki, danışdıqları ilə özlərini gülünc vəziyyətə salırlar. Əllərində olan telekanallardan rəqiblərinə qarşı yerli-yersiz istifadə etməkləri məqbul sayıla bilməz.Açıq söyləyim ki, bir çox YAP-çının efirdə görünməsi iqtidarın nüfuzuna ciddi zərbədir. Bəziləri Heydər Əliyevin adından, ölkə prezidentinin hələlik müsbət imicindən yerli-yersiz “xərcləməyə” girişiblər. Allah axırını xeyir etsin. Kimin harada olmasından asılı olmayaraq rəqibinə hörmətlə yanaşması lazımdır. Təkəbbür cəmiyyətdə qütbləşməyə stimulverici əsas amillərdən birincisidir. Bizim məmurlarımız aşağıdan yuxarı təkəbbür, özündən razılıq xəstəliyinə tutulublar. Son zamanlar məmurların vətəndaşlara qarşı buraxdıqları ciddi səhvlərinə şahidlik etməli olduq. İnanırsınız, məmurlar artıq heç nədən, heç kimdən çəkinmirlər. Hərəsi öz qanunları ilə idarə edir, əgər buna idarəçilik demək mümkünsə. Əlbəttə, vicdanlı, vətənpərvər, millətsevər məmurlara da zaman-zaman rast gəlirik.

-Deyəsən həbsxana yadınıza düşüb?

-Düşünmürəm ki, iqtidarımız bu dərəcədə tənqidə dözümsüz olsun. (gülür) Ancaq Sizin mənim barəmdə düşündüklərinizi də qəbul etmirəm. Həbsxana mənim qorxacaq yerim deyil. Əslində azadlıqda qorxa-qorxa yaşamağa öyrəncəli deyiləm. Haqsızlığa, ədalətsizliyə dözümsüzəm. İstər iqtidara qarşı olsun, istərsə də müxalifətə qarşı ədalətsizlik olanda mövqeyimi ortaya qoymuşam və bundan sonra da mövqeyimi açıqlamaqdan kimsə çəkindirə bilməz məni.

-Əlbəttə, Sizin ölkədə yaşamaq, özü də yaxşı yaşamaq hüququnuzun tanınmadığı tam məlumdur. Narazı deyilsinizmi?

-Həmin sırada mən tək deyiləm. Ömrümüzün ən yaxşı illərini müstəqilliyimiz uğrunda mübarizəyə sərf etdik. İndi rahat kabinetlərdə əyləşib, müstəqil dövlətimizin keyfini çıxaranların həmin mübarizənin əzab-əziyyətindən məlumatları olsa da, qeyd etdiyim kimi, tarixi təhrif edib, bizi cəmiyyətə az qala düşmən kimi təqdim edirlər. Bu sırada Milli Azadlıq Hərəkatı fədailərinin günahı az deyil. Bir-birilərinə şər-böhtan atdılar, biri digərinin tarixi xidmətini şərəfsizcəsinə mənimsəməyə girişdi. Özümüz-özümüzə hörmətlə yanaşmadıqca, digərlərindən nə diqqət gözləyək. Sovet imperiyasına meydan oxuduğumuz zaman komsomol, kommunist aktivistləri olanlar indi elə pafosla müsahibələr verirlər ki, guya müstəqilliyi onlar qazanıb, torpaqlarımızı onlar qoruyub. Atalar yaxşı deyib, “utanmasan oynamağa nə var ki?”

-Ramiz bəy, Sizin həm də döyüşçü olduğunuzu, könüllülərdən ibarət batalyon yaradıb, torpaqlarımızın qorunmasında cəsarət göstərdiyinizdən də məlumatlıyıq. O illəri necə xatırlayırsınız?

-Söyləsəm ki, xatırlamaq istəmirəm, inanmayacaqsınız. Xatırladıqca, bu gün çörəklə imtahana çəkilən döyüşçü dostlarım gözümün önünə gəlir. Dəhşətdir, həmin illər qaçıb xarici ölkələrdə gizlənməyi məqbul hesab edənlərin cibində “müharibə veteranı” vəsiqəsi olduğu halda, əsil döyüşçüləri həmin addan da məhrum ediblər. Bir millət vəkili çıxıb televiziyada ağlına gələni- “sərhəd simlərini ona görə sökdülər ki, Naxçıvanı təslim etsinlər” deyir. O, belə danışa bilər, cünki nə dünən, nədə ki bu gün dünyada, ölkədə baş verənlərdən xəbəri olmayıb və yoxdur. Bir dəfə Arazın soyuq sularına baş vurub, o taydan çiynində müdafiə işləri üçün nə isə gətirsəydi, belə danışmazdı. Belə adamlar bizlərə qarşı elə nifrətlə danışırlar ki, ermənilərə bir o qədər kin-küdrətləri yoxdur. Əvəzində isə ultimatum verir ki, siz mütləq bizi sevməlisiniz, söylədiyimiz şər-böhtanı, gülünc uydurmaları həzm etməlisiniz, susmalısınız. Necə deyərlər, qarşısındakını qarışqa kimi görüb, meydan sulayır. Biz belə olmadıq, gücümüzdən, imkanımızdan yalnız düşmənə qarşı istifadə etdik. Milli ordu yaradılan gün əlimizdə olan silah-sursatı könüllü təhvil verdik.

-Necə düşünürsünüz, sizlərə münasibət nə zamansa dəyişəcək?

-Hələlik yaxşı heç nə görünmür. Ömrü başa vurmağımıza bir o qədər qalmayıb. Təsəvvür edirsinizmi, Milli Azadlıq fədailərinin əksəriyyəti yalnız yaşa görə təqaüd ala biləcəklər. Həmin təqaüd isə onların dərman xərclərini ödəyə bilməz.

-Nə üçün yaşa görə təqaüd alacaqlar?

-Kim işlə təmin edildi ki? Əvəzində ömrümüzün bir qismini də həbsxanalara sərf etdik. Gəncliyimizi Azadlıq mübarizəsinə həsr etdik. Sonra həbsxanalar mükafatımız oldu. Belə görünür ki, qocala bilsək, daha əzablı ömür bizi gözləyir. Kimlərsə çətinliklərimizdən həzz alır.

-Kimləri nəzərdə tutursunuz?

-İqtidardakılar kimi bəzi əldəqayırma müxalifətçilər də bizim durumumuza sevinclərini gizlətmirlər. Cəmil Həsənli 2 min manat təqaüd alandan sonra, istiqlalçı deputatların taleyi onu maraqlandırarmı? Və yaxud bütün ehtiyacları başdan aşma təmin edilən Əli Kərimli ehtiyac içində boğulan Azadlıq fədailərinin dərdinə şərik ola bilərmi? AXCP sədri mitinqlərə çoxluğun qatılmamasından narazılıq edir. Təbii ki, onun ətrafına çoxluq yığışa bilməz. Çünki Ə.Kərimlini yalnız özünü düşündürən problemlərin həlli maraqlandırır və bunu artıq hər kəs müəyyən edə bilib. Digər tərəfdən mübarizə adamlarının meydanlardan çəkilməsi əksəriyyətin mübarizə əzminə təsirsiz ötüşmür. Bu baxımdan birmənalı söyləyirəm, Milli Azadlıq Hərəkatının öndərlərinə ən çox sayğısızlıq Ə.Kərimli kimilərdən göstərildi. Burada qısqanclıq xüsusi olaraq hiss edilirdi. Axı, Ə.Kərimli, C.Həsənli həmin mübariz insanların əhatəsində görünməz olurdular.

-Ramiz bəy, Ə.Kərimli mübarizə adamı deyildisə, onda necə oldu ki, Sizin kimi mübariz insanları üstələyib, əzab-əziyyətlə qurduğunuz təşkilatı ələ keçirə bildi?

-Əli həmişə güclü maliyyə dəstəyi alıb. İstər ölkədəki klanlardan, istərsə də xaricilərdən. Bizim kimi gündəlik qayğılardan kənar olub. Həmdə ki, nəyi ələ keçirib? Onun rəhbərlik etdiyi AXCP-nin hansı gündə olduğundan yəqin ki, xəbəriniz yoxdur. AXCP sədrindən kütləvi narazılıq mövcuddur təşkilatda.

-Görünən odur ki, ölkə iqtidarı AXCP-dən, Ə.Kərimlidən ehtiyat edir…

-Əlinin gücü Qərbin dəstəyindədir.Okeanın o tayından bir çox xüsusi institutlar AXCP sədrinin iqtidara gətirilməsi mexanizmini işləyib, hazırlamaqdadır. Ə.Kərimlini qiymətləndirməmək düzgün deyil. Atalar yaxşı deyib: “araxalı köpək qurd basar”. AXCP sədri kifayət qədər hiyləgərdir. Məhz həmin səbəbdən manevr imkanları tükənmir. İqtidar öz sırasından və yaxud əldəqayırma müxalifətdən ona elə adamlarla hücumlar təşkil edir ki, bu da əksinə, Əlinin nüfuzunun yüksəlməsinə xidmət edir. “Milli Şura”nın son mitinqi söylədiyimi bir daha təsdiq edir. Bu gün 5-10 min insan etiraza qoşulursa, hər an həmin kütlənin bir neçə dəfə çoxalması ehtimalı var.

-Siz isə Ə.Kərimli ilə bir masada oturmaq istəmədiyinizi söyləyirsiniz?

-Onun mübarizəsi Azərbaycan xalqı, dövlətçiliyimiz üçün deyil. O, maliyyə aldığı ölkələrin, klanların marağına xidmət edir. Əli prezident olsa belə, mən onunla eyni masada əyləşmərəm. Bu mümkün deyil. Onu yaxşı tanıyıram. Bizlərin belə acınacaqlı duruma düşməyimizin əsas səbəbkarı Əlidir. Ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış, torpaqlarımızın qorunmasında böyük xidmətləri olmuş insanları hörmətsiz etməkdə Ə.Kərimlinin “xidmət”i əvəzsiz olub. Ölkədə xəyanətin təməlini qoyanlardandır. Bir mandata təşkilatını qurban verən şəxsdən nə gözləmək olar? Məhz ondan sonra müxalifət lideri özlərini “bazar”a çıxarmaqla mandat almaq rəqabətinə girişdilər. Bir sözlə, heç nə unudulmur, heç nə yaddan çıxmır. Mən ona bir neçə dəfə kişilik dərsi keçmək istədim, təəssüf ki, elələrinin mərdlik, kişilik anlayışı tam fərqli olur. Ölkədə hökm sürən bütün eybəcərlikdə Ə.Kərimlinin payı iqtidarla tam yarıbayarıdır.

-Belə görünür ki, müxalifət partiyaları ilə əməkdaşlıq etmək fikrində deyilsiniz?

-Bir neçə partiya ilə danışıqlar, müzakirələr aparırıq. Yəqin ki, yaxın zamanlarda mövqeyimizi açıqlayacağıq.

-İqtidarla dialoqun iştirakçısı olmaq istərdinizmi?

-Mənim üçün maraqlı deyil. Onların nümayəndələri hətta telekanallardan xalqa elə qəzəblə baxırlar ki, guya bizim onlara borcumuz var. Bir neçə nazir var, diqqət yetirsəniz, özünüz şahid olarsınız ki, sir-sifətlərini elə turşudurlar, elə bil xalqa meydan oxuyurlar. Başqa ölkələrin məmurların və eləcə də xalqının üzündən təbəssüm yağır. Bizim isə duruşumuz, mimikamız, danışığımız əsəb və gərginlikdir.

-Seçki ilidir, təklifləriniz olacaqmı?

Ardı var…
Nicat Sadiq

LEAVE A REPLY