Azərbaycanın dərman bazarı ilə bağlı inanılmaz iddialar

0
1

Azərbaycanın dərman bazarı ilə bağlı inanılmaz iddialar

Azərbaycanda dərman bazarında anarxik vəziyyətin yarandığı artıq təsdiqlənməkdədir. Əgər bir müddət əvvələ kimi, ayrı-ayrı mətbu orqanlarda dərmanların keyfiyyətsiz və saxta olduğu iddia edilirdisə, artıq vəziyyətin daha kritik həddə çatdığı göz önündədir.
Belə ki, dərmanların keyfiyyətsiz və saxta olması televiziya kanallarında da müzakirə olunmağa başlayıb. Bir neçə gün öncə Dəmiryol Xəstəxanasının şöbə müdiri Kərimov soyadlı həkimi canlı yayımlanan verilişə telefon açaraq, ölkəyə gətirilən dərmanların tərkibi ilə bağlı şok detallar açıqlayıb. Həkim bildirib ki, Avropada olduğu dövrdə bir sıra dərman istehsal edən şirkətlərdə apardığı araşdırma zamanı tükürpədici faktlar ortaya çıxarıb. O bildirib ki, Azərbaycana gətirilən dərman preparatlarının tərkibi standartlara cavab vermir. Daha doğrusu, Azərbaycandan olan sifarişçilər istehsalçıdan tələb edirlər ki, dərmanların qiyməti ucuz olsun, tərkibində isə dəyişiklik edilsin.
Maraqlıdır, əgər ölkəyə bu qədər saxta və ya keyfiyyətsiz dərmanlar gətirilirsə, o zaman bu sahəyə cavabdeh olan Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi hansı işlə məşğuldur?
Zaman-zaman bu kimi məsələlər gündəmə gələndə Səhiyyə Naziriliyinin nümayəndələri vaxtaşırı yoxlamaların aparıldığı, saxta dərmanların aşkarlanaraq satışdan çıxarıldığı və apteklərin cəzalandırıldığını bildirirlər. Amma məsələ ondadır ki, ölkənin dərman bazarında saxta və keyfiyyətsiz dərmanların həcmi 50 faizi ötür. Bu isə o deməkdir, ölkəyə dəman daşıyan əsas idxalçılar məhz bu cür məhsulların gətirilməsində maraqlıdırlar.
Əgər həmin firmalar bunu rahat şəkildə edirlərsə, deməli, Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi onların qanunsuz əməllərinə göz yumur, ya da nazirliyin sözügedən qurumu bu cür qanunsuzluqları aşkarlamaqda acizdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dərmanların təsirsizliyi ilə bağlı hər həftə 3-4 şikayət daxil olur. Onun sözlərinə görə, bu faktın özü göstərir ki, hazırda apteklərdə satışa çıxarılan dərmanların böyük əksəriyyəti ya keyfiyyətsizdir, ya da saxtadır:
«2007-ci ildə Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda bu məsələylə bağlı konfransı keçirilidi. 26 dövlətin gömrük generallarının iştirak etdiyi həmin tədbirə mən də qatılmışdım. Saxta və keyfiyyətsiz dərmanların qarşısının necə alınmasını müzakirə etdik. Məlum oldu ki, dünyada 30-60 faiz arasında saxta dərman dövriyyəsi var. Həmin dərmanların qutuları eyni olur, amma tərkibindəki molekullar, mikroqramların həcmi həddindən artıq az olur, içlikdə isə fərqli rəqəmlər yazılır. Bu səbəbdən də gömrük orqanları saxta və keyfiyyətsiz dərmanların ölkəyə hansı yolla gəldiyini müəyyənləşdirə bilmir. Biz böyük dərman istehsalçısı olan “Fayzer” şirkətinin Vaşinqtondakı ofisində görüş keçirdik. Həmin firma da təsdiqlədi ki, dünyada saxta və keyfiyyətsiz dərman dövriyyəsinin həcmi 30-60 faiz civarındadır.
Bir il sonra Hindistanda dərman forumunda iştirak etdim. Burada məlum oldu ki, dərman xammalının 90 faizini Hindistan versə də, həmin ölkədə keyfiyyəti aşağı olan dərmanların buraxılışı qeyri-qanuni deyil. Orada əsas dərmanın təhlükəsizliyi önə çəkilir, yəni, dərmanın tərkibindəki molekulların azaldılması qanuniləşib. Təbii ki, Hindistanın keyfiyyətli dərmanları da var və bunlar Avropaya ixrac olunur. Azərbaycanda da vəziyyət olduqca kritikdir. Düzdür, müəyyən işlər görülür, amma problemlər hələ də qalmaqdadır».

Eyyub Hüseynov:“Aptek işçilərinin özlərində müxtəlif cür holoqram var və istədikləri dərman qutusuna yapışdırırlar”

E.Hüseynov deyir ki, Səhiyyə Nazirliyinin müvafiq orqanları ölkəyə gətirilən dərmanların kefiyyətini yoxlamaq, tərkibindəki elementlərin həcmini müəyənləşdirmək üçün yüksək səviyyəli ekspertiza apara bilmirlər. Onun sözlərinə görə, dərmanlarda olan elementlərin ekspertizasını aparmaq üçün yüksək ixtisaslı mütəxəssislər və müasir laboratoriyalar lazımdır, amma bu sahədə ciddi çatışmazlıqlarımız var:
«Doğrudur, saxta dərman məsələsi dünya səviyyəli problemdir. Təəasüf ki, Azərbaycanda vəziyyət pisdir. Bizə daxil olan şikayətlər arasında təsirsiz, hətta əks effekt verənlərin olması da narahatedici səviyyədədir. Yəni, bu gün dərman bazarı həddindən artıq zibillənmiş bir bazardır. Bir müddət öncə holoqramlar tətbiq olundu. Lakin sonra məlum oldu kimi, holoqramlar dərmanları saxtalıqdan xilas etmir. Bizə daxil olan şikayətçilər onu da bildirirlər ki, aptek işçilərinin özlərində müxtəlif cür holoqram var və istədikləri dərman qutusuna yapışdırırlar. Hesab edirəm ki, Azərbacan dərman bazarını saxta və keyfiyyətsiz dərmanlardan təmizlənməsi üçün ciddi addımlar atılmalıdır, yüksəx ixtisaslı laboratoriya yaradılmalıdır ki, detallı yoxlamalar aparılsın».
Həkim-ekspert Həsrət Rüstəmov isə bizimlə söhbətində nəzərə çatdırıb ki, bu mövzu təkcə bizim ölkəmiz üçün deyil, dünya üçün çox aktual bir mövzudur. Onun qənaətincə, saxta dərmanlar, bəzi məlumatlara görə, dünya dərman bazarının 30- 40%-ni təşkil edir:
«Dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirdən sonra ikinci yerdə məhz saxta dərman tacirlərinin gəlirləri durur. Ona görə bunları xatırlatdım ki, bu mövzu ciddi və düşündürücü olduğu qədər, ümumbəşəri və müəyyən bir tarixə malikdir. Azərbaycana gəldikdə isə, şəffaflığın olmadığı, iqtisadi azadlığın zəif olduğu, süni iqtisadi monopoliya və korrupsiya şəraitinin mövcudluğu, ictimai nəzarətin zəif olduğu bir ölkənin saxta dərman tacirlərinin diqqətində olması heç də təəccüblü deyil. Bəli, bu barədə məlumatları mən də tez tez eşidirəm, gündəlik praktik fəaliyyətimdə rast gəlirəm. İnsanlar həkim təyinatı ilə qəbul etdikləri dərmanların fayda vermədiklərindən şikayətlənirlər. İstisna deyil ki, xüsusilə qiyməti baha başa gələn dərman preparatlarının saxta nüsxələri ölkəyə gətirilsin və realizasiya olunsun. Hazırda bu sahəyə nəzarət edən Səhiyyə Nazirliyinin müvafiq qurumu ölkəyə gətirilən bütün dərmanları deyil, yalnız onların nümunələrini kimyəvi analizdən keçirir. Bu isə təbii ki, kifayət deyil. Bir sözlə, problem kifayət qədər ciddi və aktualdır, bu sahədə ciddi, panika və hay-küydən uzaq müzakirələrə ehtiyac vardır».
Ekspert onu da qeyd edib ki, saxta dərman dedikdə, əsasən tərkibində olması lazım olan dərman maddəsinin standartda göstərilən miqdarda olmaması və ya ümumiyyətlə olmaması başa düşülməlidir. Onun fikrincə, bu halda dərman ya effeksiz və az effektli olur, ya da “placebo effekti” deyilən hal baş verir, yəni dərman təyinindən baş verən psixoloji müsbət effekt alınır:
«Bu halda xəstəyə hər hansı təhlükə meydana gəlməsə, belə vətəndaş aldadılmış vəziyyətə düşür. Digər, daha təhlükəli hal isə dərmanın istifadə müddətinin bitməsinə baxmayaraq, dəyişdirilməsi, onun istifadəyə yararlı kimi satışa çıxarılmasıdır. Bu halda isə ciddi, hətta xəstənin həyatı bahasına başa gələ bilən fəsad meydana çıxa bilər. Təbii xəstəliyi sağaltmaq üçün dərman maddəsinin optimal dozalandırılması vacibdir».
AXCP sədrinin müavini, biologiya elmlər doktoru Nurəddin Məmmədli dərman bazarındakı vəziyyətin kritik olduğunu bildirib. Onun sözlərinə, Azərbaycanda bu praktikadan hazırkı hakimiyyətin mövcud olduğu bütün dövrlərdə istifadə olunub:

«1998-ci ildə Varşavada olarkən müəyyən etdim ki, Polşadan Azərbaycana gətirilən kolbasa burada 4-5 dəfə ucuz satılır. Bu möcüzənin mexanizmini həmin kolbasanı gətirənlərdən soruşduqda, məlum oldu ki, bu məhsul yalnız etiketinə və xarici əlamətlərinə görə Polşada satılanın analoqudur. Daxili isə standartlardan çox uzaq, artıq satışdan çıxarılmış məhsullardan ibarətdir. Dərmanlarla bağlı indiyə qədər də vəziyyət acınacaqlı olub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə satışa çıxarılan istənilən dərman pereparatı ən azı 10-12 təmizlik testindən keçirilməlidir».
Müsahibimiz onu da qeyd edib ki, Azərbaycanda satılan dərmanların əksəriyyəti yarımfabrikat, təmizlənməmiş məhsullardır. N.Məmmədli hesab edir ki, elə bu səbəbdən də normal ölkələrdəki qiymətlərdən qat-qat ucuz qiymətə satılırlar:
«Təbii ki, Avropada baha olan məhsul Azərbaycanda “ucuzlaşa” bilməz. Sadəcə olaraq, bu firma öz keyfiyyət brendini saxlamaq üçün faktı içtimailəşdirib. Yeri gəlmişkən deyim ki, bu saxtakarlıq Azərbaycan bazarında satılan digər mallarda da müşahidə olunan reallıqdır. Rüşvətxorluq, korrupsiya və monopolizm bu sahədə dövlət nəzarətini tamamilə sıradan çıxarıb. Çünki gətirən də, satdıran da, nəzarət etməli olanlar da eyni adamlardır».
Azərbaycan Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də dərmanların keyfiyyətinin aşağı olması, saxta dərmanların satışa çıxarılmasının narahaedici fakt olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu cür məlumatlar ara-sıra eşidilir, amma bunun qarşısının alınması üçün ciddi tədbirlərin görüldüyü müşahidə edilmir:

«Həqiqətən də ölkədə dövriyyədə olan preparatların qeyri-effektliyi barədə məlumatlar dolaşmaqdadır. Xüsusən bu məlumatlar kənarda müalicə alan pasientlər tərəfindən tez-tez səsləndirilir. Belə ki, xroniki xəstələr eyni tərkibli preparatın xarici analoqu ilə üzləşən zaman effektiv təsiri duyduqda belə qənaət formalaşır. Bizim özümüz də bir sıra hallarda belə eybəcərliklərlə üzləşmişik.
Mən özüm də bir neçə preparatın müxtəlif istehsalçı nüsxələri arasındakı fərqi söyləyə bilərəm. Anti-kampaniya olmasın deyə, üzləşdiyim faktları söyləmək istəmirəm. İndi bu praktikanın təşəkkül tapma texnologiyasına diqqət yetirək. Əlbəttə ki, belə saxtakarlıq faktları dərman idxalçılarının mənəvi-etik problemləri ilə sahənin idarəçilik qüsurlarının çuğlaşmasından irəli gələn müşküldür. İdxalçılar unudurlar ki, dərman idxalatı digər idxalat sahələrindən fərqli sahədir.
Yeri gəlmişkən, hamını eyni siyahıya salmaq düzgün deyildir. İnanmıram ki, bütün import iştirakçıları belə əyri işlərlə məşğul olsunlar. Lakin sadalanan hallara rastgəlmə intensivliyindən əminəm ki, bütün sahələr kimi, dərman idxalatında da nadürüst fərdlər mövcuddur”.
Müsahibimiz bu cür addımların atılmasının səbəblərinə də toxunub. O qeyd edib ki, dərman preparatlarının tərkibi 2 qrup maddələrdən ibarətdir: təsiredən və kütlə formalaşdırmaq üçün in deferent maddələr.
Onun sözlərinə görə, preparatların qiymətini formalaşdıran ünsür də məhz birinci qrup maddələrdir, çünki kapital tutumlu laborator proseslərdən başlamış, mürəkkəb texnoloji istehsala qədər sintez işləri ilk növbədə birinci qrup maddələr üzərində həyata keçirilir:
«Bu baxımdan, istənilən preparatın, formasından asılı olmayaraq, maya salınması üçün belə inqredientlərin miqdarının azaldılması proseduru həyata keçirilə bilər. Son mənzildə, yəni pərakəndə dərman satışı şəbəkələrində formalaşmış qiymətlərdən xeyli fərqli, yəni ucuz əmtəəyə sahiblənmiş cinayətkar işbazlar daha çox mənfəət əldə etmək məqsədi güdürlər. Lakin standartlardan fərqli dərmanların xəstəyə çatdırılması yolunda mövcud maneələr, yəni gömrük orqanları, Baş Analitik laboratoriya, Səhiyyə nazirliyinin müvafiq qurumları normal fəaliyyət göstərsələr, bu sahədə mövcud cinayət qanunvericiliyini sərtləşdirilərsə, həkim və provizorlar arasında müvafiq təbliğat aparılarsa və ən vacibi, əhalinin ictimai nəzarətinə şərait yaradılarsa, adıçəkilən sahədə irəliləyişə nail olmaq mümkündür. Fikrimcə, dərman dövriyyəsində bütövlükdə vəziyyəti normallaşdırmaq üçün bu sahənin bugünkü statusuna dəyişiklik edilməlidir».

İlqar Altay:“Minlərlə insan bilmədən dərman adı ilə pataloji mənfi təsirə malik yad maddə qəbul etməli olur”

İctimai Tədqiqatlar Mərkəzinin sədri, müstəqil araşdırmaçı İlqar Altay deyib ki, Azərbaycana gətirilən dərman preparatlarının tərkibinin standartlara cavab verməməsi iddiasının arxasında real həqiqət də dayana bilər. Onun fikrincə, bu iddiaları aydınlaşdırmaq dərman preparatlarının analiz və ekspertizası üzrə konkret dövlət qurumunun öhdəsinə düşür:
«Bu məsələ çox ciddidir. Söhbət minlərlə, yüzminlərlə vətəndaşın sağlamlığının təhlükəyə atılmasından gedir. Bir dərman preparatının hazırlanması xüsusi bilgili alimlərin xüsusi laboratoriyalarda təcrübədən cıxartdığı maddənin konkret dozada hazırlanmasıdır. Dərmanın kimyəv tərkibi, oradakı komponentlərin nisbəti insan orqanizminə müsbət müalicəvi təsir üçün hesablanıb. Bu doza, bu nisbətə müdaxilə olunaraq, hər hansı səbəbə, həm də şəxsi mənfəət səbəbindən dəyişdirilərsə, bu, artıq dərmandan çevrilib, orqanizm üçün zəhərə dönür. Minlərlə insan bilmədən dərman adı ilə pataloji mənfi təsirə malik yad maddə qəbul etməli olur. Onların orqanizmində müxtəlif arzuedilməz patofizioloji proseslər baş verir. Dərman üzərində vicdansız mənfəət qurmaq istəyən işbazlar bunu bilməlidirlər».
Ekspert onu da vurğulayıb ki, bu məsələyə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır:
«İnsanların sağlamlığı, bir ölkənin genefonudunu təhdid edən bu problemə ciddi yanaşmaq lazımdır. Günahkarlar ciddi cəzalandırılmalıdırlar. İnək əti əvəzində camış və ya at əti satanlara neçə il həbs cəzaları verilib, həbsə atılıblar. Halbuki, bunun elə də mənfi zəhərli təsiri yoxdur. Bütün Hindistan camış əti yeyir, bütün Qazaxıstan at əti yeyir. Amma təyinatı üzrə hazırlanmış dərman preparatının tərkibini pula görə dəyişib, faktiki zəhərə çevirənlər, camaatı zəhərləyən möhtəkirlər nəzarətdən kənarda qala bilir…».
Strateq.az

LEAVE A REPLY