Səlim Müslümovun işçiləri Qarabağ qazisini get-gələ salıb…

0
7

Səlim Müslümovun işçiləri Qarabağ qazisini get-gələ salıb…

II qrup əlilə avtomobil nə üçün verilmir?

Səlim Müslümovun Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinatından sonra düşündük ki, artıq süründürməçiliyin, məmur özbaşınalığının qarşısı mütləq alınacaq. Yəni, hörmətli nazirin müxtəlif səviyyəli tədbirlərdə, qəbullardakı çıxışlarına əsasən belə qənaətə gəlmək mümkün idi. Təəssüf ki, belə olmadı…
Bu mövzunu qələmə alırdım ki, telekanallardan birində S.Müslümovun müavini Natiq Məmmədovun görüntüsü yayımlandı. Diqqətlə dinlədim. Qarabağ qazilərinin avtomobillə təmin edilməsində söhbət açırdı. Onun söylədiklərindən xeyli məmnun olsam da, reallığın başqa cür olduğu barədə əlimdə faktlar var idi.
Bir neçə gün öncə, əslən Laçın rayonundan olan II qrup Qarabağ Müharibə əlili Mehdiyev Şahin Səfiyar oğlu ilə görüşmüşdüm. Onunla söhbətdən aydın olurdu ki, əvvəlki nazirlərin zamanında olduğutək, Səlim Müslümovun gəlisindən sonra da ƏƏSMN-də süründürməçilik, özbaşınalıq davam etməkdədir. Şahin bəy həmin nazirliyə və tabeliyində olan idarələrə ayaq döyməkdən artıq cana yığılıb. Sözün əsil mənasında ruhdan düşüb və artıq nə avtomobil arzulayır, nədə ki, Səlim Müslümova zərrə qədər inamı qalıb. Yaxşı olar ki, qəhrəmanımızı bir az yaxından tanıyaq. Şahin bəy 1969-cu ildə Laçın rayonunun Türklər kəndində dünyaya gəlib. Ailə şəraitinə görə cəmi 8 il təhsil ala bilib. Sonradan əmək fəaliyyətinə başlamalı olub. Əvvəlcə kənddə kolxozda çalışsa da, sonradan teleötürücüdə operator vəzifəsini tutub. 1991-ci ildən Vətənin müdafiəsi naminə könüllü olaraq 850 saylı hərbi hissənin 5-ci batalyonunda, sonradan isə 706 saylı hərbi hissənin tərkibində döyüş yolu keçib. 1992-ci ilin mart ayında ağır yaralanıb. Düşmən gülləsi ağız nahiyyəsini yaraladığından uzun müddət danışa bilməyib. Elə indi də danışmağa çətinlik çəkir. Uzun müddət o zaman “Semaşko” adlanan xəstəxananın travmatologiya şöbəsində müalicə alıb. 1994-cü ildə ailə qurub. 3 övladı var- bir qızı, iki oğlu. Özünün II qrup əlil olması azmış kimi, 19 yaşlı böyük oğlu da II qrup əlildir.

Şahin əlilliyinə görə 197 manat təqaüd alır. Bu ailənin ehtiyaclarını ödəmədiyi səbəbindən səhhəti imkan verməsə də, Keşlə qəsəbəsində yerləşən “EUROPEAN TOBACCO BAKU” tütün kombinatında çalışıb. Ayda 250 manat maaş alırmış. Alırmış ona görə deyirəm ki, hazırda həmin kombinatın da işi dayanıb. Şahin Masazır qəsəbəsində 85 yaşlı atası Səfiyar kişi və qardaşı Xaqani ilə birgə yaşayır. 7 nəfərlik ailənin yaşadığı ev 4 otaqlı olsa da, şəraitsizlikdən əziyyət çəkirlər.
Onu da qeyd etməliyəm ki, bu ailənin ən yüksək səviyyədə yaşamaq haqqı var. Çünki ailə üzvlərinin demək olar hamısı döyüş yolu keçib. Belə ki, ağsaqqal Səfiyar kişi 65 yaşında əlinə silah alıb, gənclərlə birgə doğma Laçının müdafiəsinə qoşulub. Ayağından ağır yara almasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün müraciət etməyib. Onun ömür-gün yoldaşı Firuzə xanım bədənindəki 20-dən artıq qəlpə yarasını, uzun illər müalicə almasına baxmayaraq, 2001-ci ildə özü ilə o biri “dünya”ya aparmalı olub.
Şahin zəhmətkeş insandır. II qrup əlilliyi belə onu bir an olsun işdən ayıra bilmir. Ancaq bəzən yoruluram deyir: “On illərdir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayaq döyürəm. Avtomobil növbəsinə alsalar da, sonradan naməlum səbəblərdən siyahıdan çıxarırlar. Artıq ora gedib-gəlməkdən yorulmuşam. Onların verdiyi avtomobil də lazım deyil. Televizorda elə gözəl danışırlar ki, ümidlənib yenidən Səlim Müslümovun nazirliyinə getsəm də, keçmişdəki mənzərənin şahidi oldum. Ancaq söz verilir vəssalam. Və yaxud elə idarələrə göndərirlər ki, həmin idarələrdə adama cavab verməyi qəbahət bilirlər.”
Biz belə mövzuya dəfələrlə toxunmuşuq. Bəzən səsimizi eşitsələr də, bəzən də qulaqardına vurulub yazdıqlarımız…
Bəli, S.Müslümovun müavini N.Məmmədovun ekrandan söylədiklərini məndə bəyəndim. Ancaq onun söylədiklərinin quru vəd olub-olmaması hələ məlum deyil. O zaman məlum olacaq ki, Şahin Mehdiyev kimi Vətən yolunda döyüşüb,əlil olmuş şəxs avtomobillə təmin olunacaq. Yoxsa danışmağa nə verirlər ki?!

Nizami

LEAVE A REPLY