Qarabağ qazisinin evini kim viran qoydu?

0
11

Qarabağ qazisinin evini kim viran qoydu?

“Basqına birbaşa “başçı”nın müavini Güloğlan Məmmədov rəhbərlik edib”

Qarabağ qazisi Vüqar Əliyevi dinlədikcə dəhşəti yaşamalı oldum. Doğrudanmı, ölkəmizdə qazilərə bu qədər etinasızlıq var?-deyə, onunla söhbətə girişdim. Vüqarın baş verənlərdən şok yaşadığı açıq-aydın bəlli olurdu.
O,1991-ci ilin noyabr ayından 1996-cı ilin avqust ayının 23-ü arası Qarabağ bölgəsində müqəddəs saydığı torpaqlarımız uğrunda qəhrəmancasına vuruşub. 750 və sonra 751 saylı hərbi hissələrdə xidmət göstərib. Şücaət göstərdiyinə görə dəfələrlə mükafatlandırılıb. İki dəfə ağır yaralanıb. 1996-cı ildə ona ömürlük ikinci qrup əlillik dərəcəsi verilib. Əslən Culfa rayonunun Yaycı kəndindən olan Vüqar ömrünün üç ilini müxtəlif xəstəxanalarda keçirilməli olub. Mütəmadi olaraq müalicə almaq məcburiyyətində olduğundan Bakıda yaşamağı qərarlaşdırıb. Ona Neft Şirkətinin balansında olan yataqxanada yer verilib. Təəssüf ki, həmin yataqxana bərbad vəziyyətdədir. Vüqar həmin yataqxanada qeydiyyatda olmasına baxmayaraq, kirayə mənzild yaşayır. Əlilliyi üçün 161 manat təqaüd alsa da, bu onun yalnız dərman ala bilməsinə yarayır. Qarabağ qazisi səhhəti imkan verdikcə, müxtəlif işlərdə çalışaraq, iki övladını böyüdüb.
Vüqar ölkə prezidentindən ağızdolusu razılıq etsə də, digər məmurlar barədə xoş söz söyləyə bilməyəcəyini vurğulayır: “Prezident şəxsən mənə avtomobil verib. 2012-ci ilin dekabr ayının 24-də Gəncəyə dəvət edib, avtomobili təqdim etdilər. Avtomobilin açarını mənə ölkə prezidenti İlham Əliyev verdi. Yaxşı yadımdadır, cənab İlham Əliyev həmin mərasimdə üzünü bizə tutub, “siz, bizim fəxrimizsiniz” dedi”.
Bütün baş verənlərdən danışan Vüqar mövzunu dəyişib, Sabunçu rayon İcra hakimiyyəti tərəfindən başına gətirilmiş müsibətdən söhbət açdı. Dinlədikcə düşünməli olursan ki, doğurdanmı məmur qudurğanlığı son həddə çatıb. Yoxsa, Vüqarın minbir əzab-əziyyətlə ərsəyə gətirdiyi kiçicik ev yerlə-yeksan edilə bilərdimi? Vüqar başına gətirilənlər barədə bunları deyir:

“3500 manat pul göndərib, hədə-qorxu gəldi ki, pulu qəbul edib, imzanı atmasan səni həbs etdirəcəyəm”

“Bir neçə il öncə Sabunçu rayon İcra hakimiyyətinə müraciət edib, ev tikmək üçün torpaq sahəsi istədim. Zabrat qəsəbəsində, kərpic zavodun yaxınlığındakı əncirlik deyilən yerdə torpaq təklif etdilər. Sən tik, sənədləşməni edəcəyik, deyəndə xeyli sevindim. İnanırsınız, azacıq hörmət, diqqət görəndə sanki bütün yaralarım sağalır. Bütün acıları unuduram. Verilmiş ərazidə kiçi ev tikdim. Əlbəttə, yaxınlarımını, doğmalarımın yardımı ilə. Yoxsa, mən ev tikmək imkanında deyiləm. Ev kiçik, uyğunsuz olsa belə, işimə yarayacaqdı. Belə ki, ilk dəfə olaraq evimdə şadlıq keçiriləcəkdi. Nişanlı olan qızımın toyuna çox az qalırdı. Hətta qızıma aldığım cehizləri tikdiyim evə köçürtmüşdüm. Sabunçu rayon İcra hakimiyyəti başçısının müavini, özünü Güloğlan Məmmədov kimi təqdim edən şəxs bütün ümidimizi puç etdi. Atamın yas mərasimi səbəbindən Culfa rayonuna getmişdik. Bir müddət sonra geri döndüyümüzdə evimizin yerində yalnız xarabalığın qaldığını gördük. Dəhşət orasında idi ki, evimizin əşyaları uçqunun altında qalmışdı. Evi uçqundan 6 ay əvvəl inşa etsək də, Sabunçu rayonu İcra hakimiyyətindən həmin əraziyə kim isə qədəm basmamışdı. Evdə olmamağımızdan istifadə edib, kasıb komamızı traktorla sökmüşdülər. Həmin basqına birbaşa “başçı”nın müavini Güloğlan Məmmədov rəhbərlik edib. Evin sökülməsinə səbəb kimi isə, tək daşla hörgü aparılmasını göstərir. Ona yuxarı instanasiyalara şikayət edəcəyimi bildirdikdə, hiss etdim ki, narahatlıq keçirir. Bundan sonra Fərid adlı işçisi ilə mənə 3500 manat pul göndərib, hədə-qorxu gəldi ki, pulu qəbul edib, imzanı atmasan səni həbs etdirəcəyəm. Bir az ehtiyat etdim, çünki basqın, özbaşınalıq, qəddarlıq elə açıq şəkildə edilmişdi ki, övladlarıma qarşı təxribatın olacağını düşünərək, həmin sənədə imza atdım.

“Düşmən güllələri məni iki dəfə ağır yaralasa da, belə acı çəkməmişdim”

Qarabağda torpaqlarımızı qoruyarkən iki dəfə yaralansam da, öz evimi qoruya bilmədim. Bədənimdə gəzdirdiyim çoxlu sayda qəlpə məni bu qədər ağrıtmamışdı ki, Gülbalanın etdiyi qəddarlıq acı çəkdirir”.
Vüqarın dərdinə şərik olmaq, səsini bütün ölkəyə çatdırmaq bizim peşə borcumuzdur və bunu edirik. Kaş ki, Güloğlan kimi harınlamış məmurlar da atdıqları addımların peşə borcuna nə qədər uyğun gəldiyini anlaya biləydilər. Yəqin ki, ona vəzifə borcunun nə olduğunu anladanlar mütləq tapılacaq. Yoxsa, hələ çox evlər qazı övladlarının cehizinin üstünə uçurula bilər.
Sonra Vüqar evinin uçurdulması barədə daha maraqlı məlumat verdi: “Mən burada ev inşa etdirməyə başlayanda, torpağın bir sotu min manat idi. İndi isə 7 min manatdır. Güloğlan belə şeylərin hesabını yaxşı bilir”.
Vüqara inamımız hədsiz çoxdur. Ümumiyyətlə, Vətən yolunda sinəsini irəli verən hər kəsə inanıb, onlarla daima qürur duymuşuq. Bizi indi bir sualın cavabı düşündürür. Görəsən, Qarabağ qazisinin başına gətirilmiş müsibəti görən əsgərlərimizin döyüş ruhu necə olar?

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya qayıdacağıq.
Turan Türk

LEAVE A REPLY