Qəza

Zaur Muradxanlı

Qəza

(Əvvəli ötən saylarımızda)

-Nə bilim?
Bu vaxt Rahabın cib telefonu zəng çaldı, gələn zəngin kimliyinə baxmadan bir əli ilə tutduğu fincandan çay içə-içə o biri əli ilə telefonunu açaraq cavabladı:
-Bəli!
Natəvan ömür-gün yoldaşının böyründə dayanıb masaya söykənmiş, onun yemək yeməyinə, telefonla danışmağına, kağız dəsmalla əllərini təmizləməyinə baxır, sanki heç nəyi gözdən qaçırmaq istəmir, hər şeyi sonsuzadək qalacaq şəkildə yaddaşına işləmək istəyirdi. Rahab hələ də telefonda danışırdı:
-Yaxşı, Emin, mən də çıxıram indi.
Telefonu söndürüb şalvarının cibinə qoydu, dolabdan əsgər gödəkcəsini götürüb qapıya çıxdı. Çəkmələrini geyinərkən bir dəqiqəliyə saxlaması üçün gödəkcəsini xanımına verdi və çəkmələrini geyindikdən sonra alıb qapılarını açdığı maşınının arxa salonuna atdı, mühərrikin qızması üçün avtomobilini işə saldıqdan sonra gəlib darvazanı açdı. Küçədə onu gözləyən Eminlə salamlaşdılar:
-Sabahın xeyir.
-Sabahın xeyir.
-Bir dəqiqə gözlə maşını həyətdən çıxarım gedək.
-Narahat olma, gedəcəyik də.
Avtomobilini küçəyə çıxardıqdan sonra, Eminə:
-Sən əyləş, darvazanı bağlayım gedək.
Emin keçib ön oturacaqda əyləşdi, maşının qızdırıcısını işə salaraq Rahabı gözləməyə başladı.
Darvazanı bağlayan Rahab bala qapıdan çıxmadan öncə evin kandarında dayanaraq bayaqdan gözləri ilə onu izləyən xanımına:
-Natəvan, bilirsən, yuxumu qatmışam, bu gün uşaqlardan göz-qulaq ol.
-Arxayın ol, Rahab, onlara gözüm kimi baxaram, sən özündən muğayat ol.
Bu vaxt evin qapısı açıldı və Nihad gözlərini ovuşdura-ovuşdura astanada göründü, yarıyuxulu bir səslə ağlamsınaraq atasını çağırdı:
-Ata, ay ata, getmə də, nolar.
Natəvan cəld qucaqlayıb yuxarı qaldırdığı oğluna:
-Ata işə gecikər, emilər onu danlayar, gəl biz evə gedək.
-Yox, mən atamı istəyirəm!- deyə anasının qucağında çırpınan Nihad atasına tərəf can atdı. Bu vaxt artıq Rahab da qayıdıb yanlarına gəlmişdi, dəcəllik edən oğlunu qucağına alıb öpdü içəri keçib yerə qoydu və:
-Ata qurban, nə olub sənə? Daha sən yekə kişisən, heç yaraşır sənə? Sən bilmirsən ki, ata evdə olmayanda bu evin kişisi sənsən?
-Bilirəm, deyən Nihad başı ilə də atasının dediklərini təsdiq edirdi. Rahabın sözləri onun balaca qəlbinə yağ kimi yayılır, zövqünü oxşayırdı:
-Ağıllı balam, bir az böyü səni də özümlə aparacam işə, amma hələlik evdə qal, çoxlu yemək ye ki, tez böyüyəsən, bir də axı, ata bir yerə gedəndə bilirsən ki, evimizi sənə arxayın olur. Sən axı atanın oğul balasısan. İndi get əynini geyin, xəstələnərsən, bir azdan da Aydanı yuxudan durquzarsan getsin məktəbə, yoxsa yatıb qalar. Görürsən bacıların yatıblar hələ, onlar qızdırlar, amma sən atanın kişi balasısan ona görə də ata kimi tezdən qalxırsan, indi sən get əynini geyin, ata da getsin işə, gecikərəm axı, kələ balam.
Lakin Nihadı heç cür yola gətirmək mümkün deyildi, bunu görən Rahab əlacsız:
-Aslan parçası, sən evdə gözlə, mən gedim icazə alım gəlim birlikdə şəhərə gedərik, sonra da axşam Emin əmi gilə gedərik qızıynan oynayarsan. Görmüsən də, balaca Fizzəni?
-Hə, görmüşəm. Nihad həm dili ilə cavab verir, həm də başı ilə təsdiqləyirdi.
-Yaxşı, di salamat qal, Rahab bunu deyib oğlunu qucaqladı, yanaqlarından öpərək sallağı oturduğu yerdən qalxıb xanımına:
-Di yaxşı, Natəvan, mən getdim, deyərək dönüb qapıdan çıxdı.
Natəvan da həyat yoldaşının ardınca evin kandarına çıxdı, nəsə demək istədiyi hər halından bəlli idi, amma özünü saxlayır, Rahabı daha artıq narahat edəcəyindən qorxurdu.
Bu gecə o da yuxusunu qatmış, həm də təsadüfmüydü nəydi, o da elə Rahabın balaca vaxtını görmüşdü. Yuxusunun məzmunu da elə hardasa Rahabınkına bənzəyirdi, həm bu ilk dəfə deyildi, son vaxtlar elə hey yuxusunu qatır, amma hər dəfə də ömür gün yoldaşını görərdi, amma elə bil basaratı bağlanmışdı, bu yuxularından heç vaxt ona söz açmaz, bəlkə də danışarsa yuxusunun çin çıxacağından qorxduuğu üçün belə edərdi. İndi də qəlbi narahatlıqla dolu idi. Nə etsin, dərdini kimə desin bilmirdi ki… İndi Rahabı ötürmək üçün ardınca çıxanda onun son vaxtlar dediyi “mənsizliyə hazır olun” sözlərini xatırladı və anidən tüklərinin biz-biz olduğunu, ətinin ürpərdiyini hiss etdi.
Bala qapını örtməkdə olan Rahab son dəfə çardağa, həyətə verilmiş çınqıla, iaşə tikililərinə və yenicə suvanmış evlərinə göz gəzdirib ona:
-Salamat qal Natəvan, mən getdim, deyərək qapını çəkib örtdü.
Nəmlənən gözlərini gizlətmək üçün gülümsəməyə çalışan Natəvan:
-Yaxşı yol, sağ get salamat gəl, deyərək evin girişinə söykənib əlləri ilə üzünü örtdü…
Rahab gəlib maşına əyləşdiyində Emin:
-Xeyir ola, ay Rahab, nə gec gəldin?
-Heç əşi, Nihad çıxıb dalımca mızıldanırdı ki, ata getmə, ata getmə. Bir an susub əzizləyici tonda- kopəyoğlu elə deyir, elə bil mən istirahətə gedirəm bunu aparmıram, başını aldatdım ki, gedirəm icazə alım gəlib səni aparacam Fizzəynən oynayasan, ondan sonra kiriyib dəyyus.
-Uşaqdı da, ay Rahab, onların öz dünyası var.
-Hə, elədi. Doğurdan, Fizzə necədi? Böyüyür yavaş-yavaş?
-Hə, uşaqdı da. Bu gecə səhərə qədər çığırıb, qoymayıb yataq.
-Həkimə göstərərdin, bəlkə köpü var?
-Yox əşi, köplük, qazlıq deyil, anası götürəndə çığırırdı, mən qucağıma alanda sakitləşirdi. Elə deyib səhərə qədər məni qucağında gəzdir ki, gəzdir.
-Böyüyəcək, ay Emin, mən də o üçündən az çəkməmişəm. Ancaq biz orda-burda oluruq, indi gör anaları nə çəkir?
Artıq ana yola çıxmışdılar və avtomobil sürətlə irəliləyir, onlarınsa söhbəti davam edirdi:
-Bu gün ayın on səkkizidi?
-Hə, necə ki?
-Mən də Nihadı aldatdım ki, icazə alıb gələcəyəm, tamam yadımdan çıxıb, bu gün növbədəyəm.
-Eybi yoxdur, uşaqdı da, bir az oynasın yadından çıxacaq.
-Eee, Emin, sən hələ Nihadı tanımırsan, maşallah bir yaddaşı var ki, elə bil bilgisayardı, tam birterebaytlıq. Onun yadından şey çıxar?
Emin Rahabın bu bənzətməsinə gülərək:
-Maşallah, uşaqda yaddaşın olmağı yaxşıdır, nə qədər güclü olsa o qədər xeyirdir.
-Bəs nə…
Emin yolun kənarlarındakı dəmir lövhələrə baxaraq:
-Yaxşı ki, bu dəmirləri bərkidiblər yolun kənarlarına.
-Bəs necə, bu yolları yaxşı ki, təmir elədilər, işə rahatca gedib gəlirik, həm örtük beton, həm də kənarlar və qarşı yolları bir-birindən ayıran dəmir lövhələr.
-Bilirsən, Rahab, yolu beton eləməmişdən öncə də onsuz bu magistralda maşınlar güllə kimi gedirdi. İndi həm yolun örtüyü düz olduğundan idarəetmə asandır, həm də bu kənarlardakı və gedən yolla gələn yolun arasındakı metal lövhələr maşınların bir-birinin yoluna çıxmasının qarşısını alır. Ondan əlavə əvvəl baxırdın kim yolun harasından istəyir dönüb o biri yola keçirdi, indi ara bağlanandan sonra daha o da mümkün deyil, biz də rahat-rahat işə gedib gəlirik.
Yollarının üstündəki qəsəbələrin, kəndlərin yanından sürətlə keçir yüz iyirmilik yolda irəliləyirdilər. Xidmət etdikləri hərbi hissəyə az qalmış sonuncu qəsəbəni də yenicə keçmişdilər ki, birdən xeyli irəlidə, qarşı yöndə gözü nəyəsə ilişən Emin bağırdı:
-Adə, ora bax! O nədi elə?
Rahab Eminin əli ilə göstərdiyi tərəfə baxaraq:
-O maşın niyə elə gəlir? Nolub ə onun sürücüsünə deyə həyəcanla bağırdı.
Qarşı yoldan sürətlə gələn ağır tonnajlı yük maşını yolda bir o yana, bir bu yana gedir, hər dəfə də yolun kənarındakı dəmir lövhələrə toxunaraq onları əzib dağıtdıqdan sonra istiqamətini dəyişir, digər tərəfə dönürdü. Artıq bir neçə saniyə sonra yük maşını o qədər yaxınlarında idi ki, markasını belə seçmək mümkün idi. Rahab:
-Şaqmandı e! Baxırsan özü də yüklüdü! Allah bilir ya bunun sürücüsü yatıb, ya da idarəetməni itirib.
Emin dəhşətlə bağırdı:
-Rahab! Sağa qaçırt! Sağaaa!!!
Rahab ani bir instinktlə sükanı tamamən sağa döndərərək qaçmaq istədi, amma artıq gec idi və qaçacaq yer qalmamışdı, çünki sağ tərəfləri də dəmir lövhələr idi. İdarəetməni itirən iyirmi kubmetrlik, üstü çınqılla dolu Şaqman onların solundakı iki qat dəmir lövhələri dağıdaraq üstlərinə gəlirdi. Şaqmanın partlayıb dağılan ön təkərləri diskilərdən çıxmış, beton örtüyə sürtünən diskilərsə dəhşətli qıcırtı və qığılcım yaymaqda idilər. Sürücü sükanı buraxaraq əlləri ilə başını tutmuş, qapadığı göz qapaqları ilə sanki hara gedirsə getsin, təki dayansın deyir, kaha kimi açılan ağzı bağıra-bağıra hansısa gözəgörünməz qüvvələrdən kömək istədiyini bildirirdi. Rahab nə etməli deyə düşündü… Artıq nəsə etmənin nə xeyri, nə də ziyanı var idi. Qəlbində “bu da yuxu, belə tez çin çıxacağı ağlıma belə gəlməzdi, deyə düşündü…
Nə sonuna qədər sağa döndərdiyi sükan, nə var gücü ilə sıxdığı əyləc kar etmədi. Sübhün şehindən islanmış yolda sürüşərək irəliləyən “Tofaş” əyləcsiz üstlərinə gələn Şaqmanla toqquşdu. Zərbə anında ikisi də əlləri ilə üzlərini qapayaraq bağırdılar…
Minik və yük avtomobilinin toqquşmasından çıxan dəhşətli səs dalğa-dalğa yayılaraq bütün aləmi bürüdü. Artıq hər şey bitmiş, nicat yolu qapanmışdı. Şaqman önünə qataraq sürüklədiyi minik avtomobilini hər keçən an bir az daha altına alır, üstünə çıxdığı hər santimetrdə bir az daha xıncıb qırış-buruş olmuş kağız parçasına bənzədirdi. Şaqman önünə qatıb sürüklədiyi “Tofaş”ı əzdikcə öncə partlayan radiatordan axan qaynar su Rahabla Eminin ayaqlarına tökülüb yandırmağa başladı, daha sonra avtomobilin qırılan şüşələri onların əllərini, üzlərini, bədənlərini doğramağa başladı, damı əzilərək üstlərinə qapandı…
Artıq hər şey bitmiş, dəmir tabutda əzrayılla təkbə-tək qalmışdılar. Xilas olmaq üçün çabalamır, talehin zərbəsi qarşısında səssizcə əmin olduqları, amma qətiyyən layiq olmadıqları sonlarını, son nəfəslərini verəcəkləri anı gözləyirdilər.
Hələ dəmir lövhələri keçərkən ön təkərləri partlayan, daha sonra isə Rahabın idarə etdiyi avtomobillə toqquşmanın təsirindən yan yatan “Şaqman” onları sürükləyib aparmaqda, altına alıb əzməkdə, qurbanını udan zəhərli ilan kimi santım-santım üstünə çıxıb ətrafdan gizlətməkdə, yox etməyə çalışmaqda idi. “Şaqman”ın altında getdikcə görünməz olan “Tofaş”ın param-parça olaraq ətrafa dağılan detalları, boydan-boya yola səpələnir, partlamış katerindən axan yağ qanlı iz kimi yola yayılırdı…
“Şaqman” “Tofaş”ı tam yüz otuz doqquz metr sürüklədikdən sonra dayandı, artıq tamamən minik avtomobilinin üstünə çıxaraq onu altına almış, başından sonunadək əzib yerə yapışdırmışdı…
Hələ erkən olduğundan işə gedən digər iş yoldaşları Rayhabın başına gələn faciədən xəbər tutub hadisə yerində dayanaraq Fövqaladə Hallan nazirliyinin müvafiq xidmətinə zəng edərək köməyə çağırmışdılar, amma artıq hər şey çox gec idi.
Qəza xilas etmə xidmətinin işçiləri bir saatlıq çalışmanın sonucunda əzilən maşınları bir birindən aralaşdıraraq “Tofaş”ın damını və ön qapılarını kəsib yan-yana yatmış iki dostu- Rahabla Eminin cəsədlərini çıxardılar…
Vətənimizin hər qarış torpağını qanları ilə sulamağa hazır olan bu iki mərd insan bir gün indi cansız bədənlərinin uzadıldığı beton yolu qanları ilə sulayacaqlarını bilməzdilər…
Onların amalı başqa idi, xidmət etmək üçün məhz bu hərbi hissəni seçdiklərində, kursu müvəffəqiyyətlə bitirib qüvvə komandanının qarşısında and içdiklərində beton yolda, bir yük avtomobilinin altında deyil, işğal olunmuş torpaqlarımızın azad olunması üçün gedəcək döyüşlərdə şəhid olmağı, yoldaşları tərəfindən kəfənlə deyil, hərbi geyimdəcə dəfn olunmağı arzulamış, niyyət etmişdilər. Onların ikisi də ölümə hər an hazır yaşayan insanlardan idilər. Ancaq onların arzuladıqları, istədikləri ölüm bu deyildi, onlar düşmən gülləsi ilə şəhid olmaq üçün hazırlamışdılar özlərini, amma qismət deyilmiş… İstənilən halda o iki cəsur insan, Rahabla Emin döyüş yoldaşlarının gözündə qəhrəmanlıq abidəsi, Vətənimizin birliyi və bütövlüyü uğrunda şəhid olmuş insanlardırlar. İş yoldaşları bu iki mərd insanın qəzaya düşərək bir sürücünün səhlənkarlığı ucbatından can verdikləri bu yerdən keçdiklərində avtomobillərinin sürətini azaldır, onları dərin hörmət və ehtiram hissi ilə yad edirlər. Axı, bura onların illərdir çiyin-çiyinə xidmət etdikləri döyüş yoldaşlarının qanı ilə suvarılıb…

Son