Ailə faciələrinə səbəb nədir?

0
1

Ailə faciələrinə səbəb nədir?
Savadsızlıq, yoxsa tərəflərdən birinin vəhşiliyi?

Telekanalların birindəki tok şouda ailə daxili vəhşiliyin qurbanı olmuş cavan bir qadın- gənc bir ana müzakirə mövzusu idi. Qısaca desək, xanımı, ikinci övladları da qız olaraq dünyaya gəldiyinə görə baş verən ailə münaqişəsi zəminində həyat yoldaşı vəhşicəsinə döyüb. Xanım başına aldığı zərbələr nəticəsində gözlərini itirərək dünya işığından məhrum olub. Ümid edirik ki, həyat yoldaşı adını daşımağa layiq olmayan bu cani xanımına qarşı işlətdiyi zorakılığa görə hüquq mühavizə orqanları tərəfindən lazımi şəkildə cəzalandırılacaqdır.
Bəs, kişilərin davamlı olaraq qız övladı dünyaya gətirən xanımlarına qarşı bu cür düşməncə münasibət bəsləmələrinə səbəb nədir? Bu fakt ilk olmasa da güman ki, son da olmayacaq. Doğrudur, daha öncələri qız övladı dünyaya gətirdiyinə görə hansısa xanımın döyülərək kor edildiyini eşitməmişdik, amma məsələ burasındadır ki, daha öncələri də heç cür oğlan doğa bilməyən qadınların həyat yoldaşları tərəfindən üçüncü və ya dördüncü uşaqdan sonra istənmədiyi, boşanmasalar belə artıq o xanımlarla ailədə insan kimi rəftar edilmədiyi barədə çox eşitmişdik. Belə kişilər mütləq qanun qarşısında cavab verməlidirlər. Amma yadda saxlamalıyıq ki, hər şeyi də cəzalarla həll etmək mümkün deyildir. İşin bir az da maarifləndirmə yönü ilə maraqlanmaq lazımdır.
Bu barədə tok şoular təşkil olunmalı, kütləvi informasiya vasitələrinin toplum üzərindəki təsir gücündən maksimum səviyyədə istifadə olunmalıdır. Bundan əlavə təhsil müəssisələrində, istər orta, istərsə də ali məktəblərdə mövzu geniş şəkildə işlənməli və bütün bunlardan əlavə də nikah müqaviləsi imzalanarkən tərəflər məlumatlandırılaraq imzaları alınmalıdır ki, həqiqətən döllənmə və uşaqların doğulma prosesləri barədə məlumatlandırılıblar. Əgər bu tədbirlər silsiləsi həyata keçirilsə və kişi ailə qurarkən tibbi cəhətdən döllənmə prosesindən xəbərdar olunsa o zaman biləcək ki, övladının qız və ya oğlan olması qətiyyən onun xanımından asılı deyildir. Əksinə kişi övladın cinsiyyətinin müəyyən olunmasında müstəsna rol oynayır və övladının cinsiyyəti məhz ondan asılıdır. Bunu bilən kişilər daha savadsızca xanımlarına “niyə yenə qız doğdun” deyə təzyiq edə bilməyəcək, ən azından bu məsələ üstündə boşanmaların qarşısı alınmış olacaq. Əlbəttə, bu günkü vəziyyətdə boşanmaların baş alıb getdiyini düşünürsək ildə on ailə belə boşanmaqdan qurtarmaq böyük işdir. Bu ailələrin dağılmasını önləyəcəyi kimi, qarşı cins tərəfindən vəhşicəsinə zorakılığa uğrayan xanımlarımız üçün də bir qurtuluş, nicat yolu olardı.
Təklif etmək bizdən, dəyərləndirməksə əlaqədar təşkilatlardan. Ümid edirik ki, təklifimiz havada qalmaz və yaxın günlərdə məsələ ilə bağlı əlaqədar təşkilatlar tərəfindən geniş ictimaiyyəti maraqlandıran tədbirlər planı hazırlanar.

Leyla

LEAVE A REPLY