ABŞ-la İsrail arasında qalmaqal BÖYÜDÜ: “Netanyahu təcrid etməklə məşğuldur”

0
7

ABŞ-la İsrail arasında qalmaqal BÖYÜDÜ: “Netanyahu təcrid etməklə məşğuldur”

İsraildə Knessetə (parlament) keçirilən seçkilərdə baş nazir Benyamin Netanyahunun liderlik etdiyi “Likud” Partiyasının qalib gəlməsindən sonra Ağ Ev açıqlama ilə çıxış edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə Ağ Evin mətbuat katibi Coş Ernest İsrailin baş naziri Benyamin Netanyahunun parlament seçkiləri öncəsi apardığı təbliğatı tənqid edib.

Onun sözlərinə görə Vaşinqton hesab edir ki, baş nazir Benyamin Netanyahunun seçki qabağı kampaniyası İsrail vətəndaşı olan ərəblərin təcrid edilməsinə yönəlmişdi.

Coş Ernest bildirib ki, ABŞ İsrailin hökumət başçısının ərəblərə qarşı ritorikasından dərin narahatdır. Ağ Ev rəsmisi bəyan edib ki, Netanyahunun təcrid etmək planları İsrail əhalisinin müəyyən bir hissəsində dərin narahatlığa səbəb olur.

Bununla yanaşı Coş Ernest, ABŞ dövlət katibi Con Kerrinin Knessetə keçirilən seçkilərdə qalib gələn Netanyahu ilə telefonla əlaqə saxladığını və onu təbrik etdiyini söyləyib.

Ağ Ev nümayəndəsi əlavə edib ki, ABŞ prezidenti Barak Obama da yaxın günlərdə Netanyahuya telefon vasitəsilə təbriklərini çatdıracaq.

Vaşinqton administrasiyasının nümayəndəsi Yaxın Şərqdə əsas münaqişələrdən biri olan Fələstin probleminin perspektivlərini də şərh edib:

“ABŞ Yaxın Şərqdə münaqişənin nizama salınması üçün öz yanaşmasını təkrar gözdən keçirəcək. Vaşinqton hesab edir ki, müstəqil Fələstin dövlətinin yaradılması gərginliyin aradan qalxması üçün ən yaxşı yoldur”.

Məlumat üçün deyək ki, Netanyahu İsrailin strateji partnyoru ABŞ-ın İranın nüvə proqramı ilə bağlı siyasətini kəskin tənqid etdikdən sonra iki ölkə arasında gərginlik müşahidə edilib. “Altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İranla Tehranın nüvə strategiyası ilə bağlı apardığı danışıqlar fonunda ABŞ-ın tutduğu mövqeyi təndiq edən Netanyahu hesab edir ki, İrana heç bir güzəşt edilməməlidir.

Netanyahu ABŞ Konqresində çıxışı zamanı da bu məsələni qaldırmışdı. Netanyahunun bu çıxışına reaksiya verən ABŞ prezidenti Barak Obama isə bildirmişdi ki, onun bu cür açıqlamasında yeni, alternativ bir fikir yoxdur.

Onu da xatırladaq ki, Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ-ın yüksək səviyyəli şəxsləri tərəfindən qəbul edilməməsi diqqət çəkmişdi.

Şübhəsiz ki, Ağ Evin Knessetə keçirilən seçkidən sonra Netanyahunu belə formada ittiham etməsi İsrailin İranın nüvə proqramı ilə bağlı tutduğu radikal mövqeyinə və bu məsələdə ABŞ-ı da təqsirləndirməsinə görədir.

LEAVE A REPLY