“Yaxın günlərdə AXCP-də sensasion istefalar olacaq”

0
6

“Yaxın günlərdə AXCP-də sensasion istefalar olacaq”

Ramiz Tağıyev:“Ölkə iqtidarındakı, hələlik adını çəkmək istəmədiyim klan, Fərhad Əliyev-Əli Kərimli işbirliyinin iflasa uğramasından sonra hansı ağılla Əliylə ortaq “işə” girişib?”

Ölkəmizdə bir çox proseslər baş verməkdədir. Milli manatımızın ucuzlaşması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Ölkənin əsas müxalifət partiyaları sayılan AXCP və Müsavatda mövzu başqadır. Daxili çəkişmələr həmin partiyaları hər gün zəiflətməklə yanaşı diqqətlərini ölkə əhalisinin əsas problemlərindən yayındırıb. Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Canımız Azərbaycan Naminə Partiyasının sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevə müraciət etdik.

(Əvvəvli ötən saymızda)

-Maraqlıdır, hansı klana xidmət edir ki?

-Mən, ipucu verdim, araşdırma aparmaq sizlərin öhdəsinə düşür. Ə.Kərimli mənim üçün maraqlı birisi deyil. Xatırlayırsınızsa, 2003-05-ci illərdə onun o zaman İqtisadi İnkişaf naziri olmuş Fərhad Əliyevlə işbirliyi barədə söhbətlər gəzirdi. Çoxları bunu ciddi qəbul etmir, Əlinin iqtidarla işbirliyinə getməsinə inanmaq istəmirdi. Gördünüz ki, deyilənlər özünü doğrultdu. F.Əliyev həbs olunduqdan sonra Ə.Kərimlinin “Azadlıq”ı ona 5-6 xüsusi bülleten həsr etdi. Sual oluna bilər; F.Əliyevin hansı xidmətləri Əlini razı salmışdı? Cavab birmənalıdır, onlar okeanın o tayından verilmiş təlimata uyğun hərəkət edib, hakimiyyətə sahib çıxmaq istəmişdilər. Fərhad həmin ərəfədə özünü zəmanənin qəhrəmanı kimi aparırdı. Yaxşı yadımdadır, telekanallardan birində pafosla kimsədən qorxmadığını bəyan edirdi. Buna qədər isə, səfər etdiyi ABŞ-da az qala dövlət başçısı kimi təmtəraqla qarşılanıb, hətta nüfuzlu universitetlərdə islahatçı nazir kimi görüşlər təşkil edilirdi. Həmin ssenarini indi Ə.Kərimli digərləri ilə oynayır. Səhv etmirəmsə, “Millətim”də bu barədə araşdırma yazı görmüşəm.

-Ramiz bəy, doğurdanmı Əli Kərimli yol gedilməli siyasətçi deyil?

-Əslində, Əli siyasətlə məşğul deyil. Onun əsas işi şantaj, təxribat və özü barədə mif yaratmaqdır. Bunları da ətrafında bəslədiyi 3-4 əqidəsiz tərəfindən həyata keçirir. Onu yaxından tanımağa nail olanlar vaxt itirmədən yollarını ayırırlar. İstəyirsiniz adlarını bir-bir sadalayım.

-Elə şəxsləri bizdə tanıyırıq. Ancaq sizdən eşitmək daha maraqlı olardı.

-Mirmahmud Mirəlioğlu, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Akif İslamzadə, Xaləddin İbrahimli, Qorxmaz İbrahimli, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Asəf Quliyev, Nəriman Qasımzadə…Düşünürəm ki, kifayət edər.

-Özünüzün və tanınmış satirik yazar Mirzə Sakitin adını çəkmədiniz…

-Siyahını çox uzatmaq olar. Onda gərək Cəmil Həsənlini də qeyd edəydim.

-C.Həsənli Ə.Kərimliylə bir yerdədilər ki…

-O üzdə adamlara fərq etməz. Bir gün küsərlər, bir gün təhqir edərlər bir-birilərini, bir gün də qucaqlaşıb öpüşərlər. Başqa nə iş gəlir əllərindən?Siz söyləyin, bəlkə mən bilmirəm. C.Həsənli deputatlıq mandatını ələ keçirən kimi AXCP-yə, Əli Kərimliyə “təpik” atmadımı? İndi hansı mənəviyyatdan, kişilikdən dəm vururlar, başa düşmək olmur. C.Həsənlinin danışmağı, xüsusilə ədalətdən, qanundan, mənəviyyatdan söhbət açması ikrah hissi doğurur. Görün, onun ətrafına-qondarma “Milli Şura”ya toplaşanlar nə gündədir. Orada biri tapılıb sual vermir ki, cənab C.Həsənli, bir mandata təşkilat satmağın adı nə olar?

-Ə.Kərimli AXCP-dən gedənləri zaman-zaman xəyanətdə suçlayıb…

-Əgər AXCP ölkə siyasətinə yalnız xəyanətkarlar ixrac edibsə, həmin təşkilatın təcilli qapanması lazım. Əksinə, gedənlərin hamısı Ə.Kərimlinin çirkin oyunlarına etiraz edərək yollarını ayırıb. Çünki gedənlərin əksəriyyəti siyasi fəaliyyətlərini davam etdirmir. Əli onları siyasətdən diksindirib. Əli AXCP-ni tərk edənlərə heç nə verməyib. Əksinə, həmin insanlar ömürlərinin ən gözəl çağını onun intiriqalarına xidmət etməyə sərf ediblər. Təəssüf ki, həmin şəxslərin 2-3-ü istisna olmaqla AXCP-ni tərk etdikdən sonra susmağa üstünlük veriblər. Mənim qənaətimə görə, onlar Əlinin şantajından ehtiyatlanıblar.

-Mirzə Sakit bəzən sosial şəbəkələrdə yazır…

-Əlinin bəzi tərəfdarları Mirzənin də satıldığını iddia edirlər. Ancaq mollanın bir gözəl məsəli var: “ətdirsə pişik hanı, pişikdirsə, ət hanı?”. Mirzə AXCP-nin fədakar üzvlərindən biri idi. Həbs olundu. Əlinin də, mənsub olduğu təşkilatın da diqqətindən kənarda qaldı. Özü həbsxanada, ailəsi azadlıqda minbir əzab çəkdi. Yaxşı yadımdadır, Mirzənin həyat yoldaşı KİV-lərə ailəsinin faciəvi durumundan söhbət açmışdı. Həmin ərəfədə isə AXCP sədri onlarla əsabəsini yığıb Qubada keyf məclisi təşkil etmişdi. Bizlər də münasibət bildirən kimi Əlinin özü susur, ətrafına yığışmış bir qrup “Gözəlçəni” ötürür qabağa.Başqa kimi var axı?

-“Gözəlçə”lərə cavab verirsinizmi?

-Bir kəlmə deyərəm, get, aranızda kişi varsa, o gəlsin.Əli adam tapa bilməyib, xadiməni, çaypaylayanı özünə müavin edib, indi biz nə edək, özümüzü onun səviyyəsinə endirək?

-Sirr deyilsə, “gözəlçə” deyəndə Gözəl Bayramlını nəzərdə tutursunuz? O, həbs edilən zaman “Millətim” olaraq müdafiəsinə qalxmışdıq…

-Əgər müdafiə etmisinizsə, tamamilə doğru addım atmısınız. Ancaq adını xanım qoyanlar, gərək oturuşunu-duruşunu, danışığını bilsin. Gözünü yumub, ağzını açmasın.

-AXCP-də dostlarınızdan qalırmı? Onlarla əlaqəniz hansı səviyyədədir?

-AXCP-də hərəkatçılarımızdan say-seçmə bir neçə şəxs qalıb. Onlarla görüşürük, çay süfrəsində müzakirələrimiz olur. Onların da AXCP-ni tərk edəcəkləri günə sayılı günlərin qaldığını düşünürəm. Bunu xüsusi olaraq qeyd edin və əgər söylədiyim baş verməyəçəksə, onda mənə irad tutarsınız.Hörmət bəslədiyim, dəyərli ziyalılar da var, AXCP-də. İqtisadçı Nemət Əliyev, Fuad Qəhrəmanlı, təəssüf ki, hələ Ə.Kərimlinin əsarətindədirlər. Açıq söyləyim, hər ikisinin fəaliyyətini, mətbuatdakı çıxışlarını izləyir və dəyərləndirirəm.

-Əli Kərimli ətrafı son günlər iqtidar tərəfindən ona hücum kampaniyası təşkil edildiyini iddia edirlər. Siz, həmin kampaniyaya qoşulmamısınız?

-Məni yaxından tanıyanlar bu sualı mənə verməz. Ümumiyyətlə, sifarişlə yaşamaq, fəaliyyət göstərmək əxlaqıma ziddir. Siz sual verirsiniz, mən də cavablandırıram. Gizlətmirəm ki, Əliyə nifrətim var. Bir çox məqamda ona yazığım gəldiyi üçün, onu müdafiə etmək üçün xarakterimə, səviyyəmə uyğun gəlməyən addımlar atdığıma görə, indi də peşmanlıq çəkirəm. Əli bunlara dəyməzdi. Üstəlik də, keçdiyim mübarizə yoluna rəğmən ondan qat-qat uca zirvədə olmuşam. Müqayisə olunmaz dərəcədə… Əli kimilər üç-dörd dəfə mitinqə çıxmaqlarını cəmiyyətə qəhrəmanlıq kimi təqdim edirlər. Onlar mənim Milli Azadlıq Hərəkatı zamanı atdığım bir addımı atmaq cəsarətində olmayıblar.

-Ramiz bəy, gənc nəsil üçün çox maraqlıdır. Bəzi epizodları xatırlada bilərsinizmi?

-Söylədiklərimi mənəm-mənəmlik kimi qəbul etməyin. Biz danışmadıqca, bir çoxları “at”larının başını buraxıb, hara gəldi çapmaq istəyir. Təvazökarlıq edib susmağımızdan Əli kimilər çox istifadə edib. Xatırladım ki, rəhbərliyimlə hələ AXC yaranmamışdan öncə 1989-cu ilin iyun ayının 14-də SSRİ imperiyasını lərzəyə salan Culfada dəmiryolçuların tətili başlayıb. Həmin tətil SSRİ imperiyası rəhbərliyinin bütün diqqətini Culfaya yönəltmişdi. Bilirsinizmi, tətillər zamanı Culfaya kimlər gəlib-gedib?

-Maraqlıdır…

-SOVİKPMK-nın katibi Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri Nişanov, SSRİ Dəmiryol naziri Konarev, müavinləri Fadeyev, Pinqaryov, Daxili qoşunların komandanı general Şatalin, Quru qoşunları komandanı marşal Varennikov, general Eqorov, “Alfa” qrupunun rəhbərliyindən biri polkovnik Evqeneviç, sonralar SSRİ imperiyasında rəhbər vəzifələr tutmuş, 1989-cu ildə isə Azərbaycan KPMK-nın ikinci katibi vəzifəsini tutan Polyaniçko, general Barannikov, Ermənistanın rus milliyətindən olan ikinci katibi, Azərbaycanın o zamanın demək olar ki, bütün rəhbər vəzifələri Culfaya axışmışdı. Onlarla saatlarla dialoqa gedib, bütün hədə-qorxularına baxmayaraq, məqsədimdən-məramımdan bir addım da olsun geri addım atmamışam. Hələ bu azmış kimi Bakıda şərəfsiz Vəzirovun istefasıyla yekunlaşan aksiyalara rəhbərlik etmişəm. AXC-nin qeydə alınması məhz Culfa dəmiryolçularının tətilləri nəticəsində baş tutub. “Sərhəd Hərəkatı”nın birmənalı olaraq həm ideya müəllifi, həm də ilkin addım atanı olmuşam. Qoy, AXCP üzvləri dediklərimin həqiqət olub-olmadığını müəyyən etmək üçün indi Əliyə “ləbbeyk” deyib, nökərçilik etməyi qəbul etmiş “Azadlıq”ın arxivinə nəzər yetirsinlər. SSRİ imperiyasının onurğa sütunu sayılan “KQB”-nin Culfada fəaliyyət göstərən idarəsinin fəaliyyətini imperiya tarixində ilk olaraq mən sərəncam verərək dayandırmışam. SSRİ-nin saxlanılması üçün keçirilən-1991-ci il 17 mart tarixli referendumu boykot etmək üçün Naxçıvan televiziyasını ələ keçirib, xalqa müraciət edən qrupun önündə getmişəm. Azdırsa, yenə danışım?

-Ramiz bəy, Sizi hamı döyüşçü kimi tanıyıb. Rəhbərlik etdiyiniz könüllülər batalyonundan heç söhbət açmaq istəmədiniz…

-İndi həmin mövzuda hər kəs danışır. Hətta Əli Kərimli də utanıb-qızarmadan döyüşçü olduğundan söhbət açır. Hansı ki, avtomatı doğru-dürüst əlində saxlaya bilməz. Olsa-olsa bir dəfə cəbhə bölgəsinə gedib, kənardan müşahidə aparıb. Mən eyni zamanda 250-300 döyüşçünü silahlandıra biləcək batalyon yaratmışdım. Döyüş maşınlarından tutmuş, gülləsi, mərmisinə qədər özümüzün gücü ilə əldə edilmişdi. Naxçıvanın müdafiəsini təşkil etmək üçün qışın soyuğunda Araza baş vurmalı olurduq. Etiraf edim ki, silahların əksəriyyətini gizli yollarla Cənubi Azərbaycandan gətirirdik. Culfa batalyonu şərəfli döyüş yolu keçib, Naxçıvanın hər qarış torpağı uğrunda şərəflə, qəhrəmanlıqla vuruşub, şəhidlər verdi. Şəhidlərin sırasında mənim əziz dostlarım və qohumlarım çoxluq təşkil edir. Tarixin istehzası odur ki, nə mən, nə də batalyonumun əksər üzvü müharibə veteranı sayılmırıq.

-Bu necə olur?

-Bunu ölkə iqtidarından, birdə Əli Kərimli və ətrafındakı şantajçılardan soruşmaq lazımdır.

-Əli Kərimlinin buna nə aidiyyatı?

-Onun ətrafındakı bəzi çığırqan “meymun”lar demir ki, biz iqtidara satılmışıq? Əgər mən, elementar haqqımı-hüququmu əldə edə bilmirəmsə, bu iqtidarın zamanında kimlər nə qazanıb? Əli Kərimli kimi iki dəfə deputat mandatı qazanmışam?Və yaxud Cəmil Həsənli kimi partiyasının qərarına tabe olmayaraq, bir mandata satılmışam? Onlar özlərini nə hesab edirlər? Söylədikləri yalanlara hər kəsin inanacağını düşünmək dərəcəsindəmi ağılsızdırlar? Keçmiş olsun… İndi Əlinin oynada biləcəyi diletantlar barmaqla sayıla biləcək qədərdir. Baxarsınız, AXCP-nin qurultayında nələr baş verəcək. Müsavatdakı darmadağın yalan olacaq AXCP-də baş verənlərin yanında.

-Düşünürsünüz ki, Razi Nurullayevdən sonra yenə istefalar baş verəcək?

-Razi bəy AXCP-yə sonradan gələnlərdən olduğu üçün AXCP-dən bir o qədər tərəfdar apara bilməzdi. Hər halda onun istefası təşkilat üçün böyük zərbədir. Bu gün dodaq büzənlər tapılsa da, R.Nurullayev AXCP-yə qəbul olanda da Ə.Kərimli bunu AXCP-nin böyük uğuru kimi qəbul etmişdi. Razi kifayət qədər intelektə sahib siyasətçilərdəndir. Bu, Əlini qıcıqlandırmaya bilməzdi. Razinin açıqlamaları son zamanlar görüşdüyüm müxtəlif səviyyəli AXCP üzvlərinin mövqeyi ilə tamamilə üst-üstə düşür.

-Nəyi nəzərdə tutursunuz?

-Məsələn, sosial şəbəkələrdəki “layk” söhbəti. Söhbətlərdən görünür ki, işini evdə kompyuter qarşısında keçirməklə, müxtəlif saxta profillərlə statuslar yazmaqla bitmiş hesab edən Ə.Kərimli həm də “layk”ları saymaqla məşğuldur. Bu da onun xəstə təxəyyüllü olmsını təsdiq edir. Adam hədsiz vasvası və xırdaçıldır. Onun elə qeyri-adı hərəkətlərini müşahidə etmişəm ki, normal insan o cür səhvləri buraxmaz.

-Ramiz bəy, Siz iddia edirsiniz ki, Ə.Kərimli iqtidardakı bir klanla əlaqəlidir. Onun belə əlaqələri olsa, onda nədən ötən yay oğlu həbs olundu?

-Çox qəribə yanaşma tərziniz var. İndi mən sual edirəm, necə olur ki, digər gənclər həbs edildikdə uzunmüddətli cəza alır. Əlinin oğlu isə cəmi bir ay istirahətə göndərilir. Bu həm də İsa Qəmbərin oğluna aiddir. Ümumiyyətlə, kimsənin övladının həbs olunmasını arzu etməmişəm. AXCP-dən yaxşı tanıdığım Rafiq Daşdəmirovun oğlunun barəsindəki cəzanın yüngülləşdirilməsindən çox sevindim. Ancaq ondan da xəbərim var ki, bizlər həbs ediləndə Ə.Kərimli sevincini gizləyə bilmirmiş. Mənim də ətrafımda olan gənclərdən bir neçəsi həbs olundu. Qeyd edim ki, mənimlə birlikdə cəzalanan bacımoğlu Akif Səfərov uzun müddət AXCP fəallarından olub. Həmin təşkilatın ağır günlərində o və digər qardaşı AXCP qərargahını müdafiə edənlərdən olublar. Mənim həbsimə əhəmiyyət verməyən Ə.Kərimli heç olmasa hətta onun mühafizəsində yaxından iştirak etmiş Akif Səfərovun həbs olunmasına münasibətini bildirəydi. Son həbsimdə özüm 3 il 2 ay ciddi rejimli cəzaçəkmə müəssisəsində, Akif isə 1 il 6 ay cəza çəkmişik. Yenə qeyd edirəm, kimdir iqtidarın adamı özünüz müəyyən edin.Sadəcə olaraq ilk fürsətdən istifadə edib, özlərini cəmiyyətə elə sırıyırlar ki, guya ölkədə müxalifət varsa, yoxsa elə Ə.Kərimli və ətrafındakılardı. İstənilən faktı elə təhrif edib, altından ustalıqla çıxır. Baldızının hesabında milyonlar aşkar olur, deyir xəbərin yoxdur, onda baldızın və ya hansısa millətdən olan əri ortalığa çıxıb, milyonları necə qazandıqları barədə açıqlama edə bilməzdi? Danışa bilməzlər axı, hər şey məlumdu, xaricdən agentliyi müqabilində aldığı milyonlardı. O biri də deyir ki, qızım ingilisə ərə gedib ki, bir xristianı müsəlman etsin. Söz deyəndə də cavabları bu olur ki, özəl həyata qarışırsan. Zənnimcə, millət-millət deyib, bağıranların özəl həyatı şəffaf olmalıdır. Tərbiyə etdikləri övladları Azərbaycanı, azərbaycanlıları seçməyib, ingilis vurğunu olurlarsa, onda əlavə şərhə ehtiyac duymuram.

-Cəmil Həsənlini nəzərdə tutursunuz? Onun da qızını cəzalandırdılar…

-Öhdəmizə düşən o idi ki, onun qızının cəzalandırılmasına öz mövqeyimizi bildirək, onu etdik. Tam səmimi deyirəm C.Həsənlinin qızı barədə edilmiş cəza tədbirini qəbul etmirəm. Pisləmişik də…
Ancaq siyasətçi C.Həsənli çoxdan bitib, tükənib. Əslində isə o, heç bir zaman mübarizə adamı və ya siyasətçi olmayıb, kommunist siyasi şərhçilərindən biri olsa da. Yaxşı xatırlayıram, bir zamanlar-SSRİ imperiyasının tərkibidə yaşadığımız zaman Azərbaycan televiziyasında siyasi şərhçilik edib, kommunist rejiminin uğurlarından söhbət açıb, indi üzünü çevirdiyi Avropanı, ABŞ-ı pisləyərdi. O zaman həmin işi bilirsinizmi kimlərə həvalə edərdilər?

-Bilgim yoxdur. Əlbəttə, çox maraqlıdır…

-Mütləq “KQB-lə” əməkdaşlığın olmalı idi. Öhdəliyin olmalı idi.

-BAXCP sədri Qüdrət Həsənquliyev Əli Kərimli barədə ilginc açıqlamalar edib. Məlumatınız varmı?

-KİV-ləri mütəmadi izləyirəm. Qüdrət bəyin müsahibəsindən məlumatım var. Söylədikləri faktdır.

-Bəs, onda nədən susdunuz, AXC-nin yarandığı ilk illərdə Əli Kərimlini niyə ifşa etmədiniz?

-AXC Milli Azadlıq Hərəkatının önündə gedən bir təşkilat idi. Sıralarımıza cürbəcür, müxtəlif əqidə adamları da soxula bilmişdi. Həmin zaman bir çox xəyanətləri ört-basdır edirdik ki, AXC-nin nüfuzuna xələl gətirə bilər. Çox həssas zaman idi. Rəhmətlik Əbülfəz Elçibəy isə qədərindən artıq humanist idi. Əli kimiləri bağışlamaqla yanaşı layiq olmadığı mənsəbə yüksəltmişdi. Əli o zaman bilirdi ki, əsil cəbhəçilər nə zamansa həqiqətləri ortaya qoyub, onu ifşa edəcək. Ona görə də “Yurd”a sığındı, nicatı sonralar inkar etdiyi yurdçularda görürdü. İndi ustalıqla istifadə etdiyi yurdçuların da yurdunu dağıdıb. Bax, budur Əlinin siması, xisləti.

-Qüdrət bəy Ə.Kərimlinin o zaman yaradılmış Müdafiə Şurasının vəsiqəsini rus əsgərlərinə təqdim etdiyini söyləyib. Həqiqətdirmi?

-Qanlı Yanvar hadisələri zamanı Bakıya bir çox xarici ölkələrdən jurnalistlər gəlmişdi. Moskvadan əsasən hərbi jurnalistlər-“Krasnaya Zvezda” qəzetinin əməkdaşları operativ məlumatlar toplayırdılar. Həmin qəzetdə Ə.Kərimlinin vəsiqəsi necə çıxdığına Qüdrət bəy yetərincə aydınlıq gətirə bilib. “Krasnaya Zvezda” həmin ərəfədə mənim də şəklimi səhifəsinə çıxarmışdı.

-Onda Ə.Kərimlinin vəsiqəsinin “Krasnaya Zvezda”-nın səhifəsində görünməsində təəccüblü nə var ki? Özünüz etiraf edirsiniz ki, Sizin də şəkliniz həmin qəzetdə çıxıb…

-Bunlar tamamilə başqa-başqa epizodlardı, Əli komsomol aktivisti olduğunu etiraf etmiş və vəsiqəsini rus hərbçilərinə təhvil vermişdi. Mən Qanlı Yanvar öncəsi 18-19 yanvarda Mərkəzi Komitənin qarşısındakı mitinqi idarə edirdim. İmperiyanın səlahiyyətlilərindən olan Yevgeni Primakov həmin mitinqə təşrif buyurmuşdu. Sözümüz çəpləşdi, qalstukundan möhkəm çəkdim, həmin epizod “Krasnaya Zvezda”-nın müxbirinin diqqətindən yayınmamışdı. Mənim Moskvada nəşr olunan bir çox qəzetə müsahibələrim olub ki, onları indi də arxivimdə saxlayıram.

-Nə barədə suallar verirdilər?

-Məsələn, 11 yanvar 1990-cı il tarixli “Komsomolskaya Pravda” qəzetində belə bir açıqlamam olmuşdu. Muxbirin “nə üçün tikanlı məftilləri sökdünüz?”-sualına, bura mənim torpağım, Vətənimdir və mən öz xalqımla torpağımızda azad gəzmək istəyirəm. Bu tikanlı məftillər mənim ürəyimi doğrayır, cavabını vermişdim. Ə.Kərimli zamanında belə açıqlamalar etsəydi, indi tərəfdarları onu milli qəhrəman etmişdilər. Bu adamdan soruşan yoxdur ki, harda mübarizə aparmısan, nə etmisən, kiminlə və harda vuruşmusan, döyüş yoldaşların kim olub? Gedin, sual verin də!

-Ə.Kərimli bizə müsahibə verər?

-Onda nə haray-həşir salıb ki, demokratiya belə gəldi-getdi, mətbuat, söz azadlığı yoxdur, deyə haray çəkir. Görürsünüz, daima elan etmişəm, istənilən jurnalistə qapım açıqdır və ürəklərindən keçən, onları düşündürən bütün suallara cavab verməyə hazıram. Onu da bilirəm ki, “Millətim” hər bir siyasətçinin, hər bir ölkə vətəndaşının söylədiklərini səhifəsinə çıxarmağa hazırdır. Təbii ki, təhqir olmasa.

-Ə.Kərimli ilə eyni masa arxasında əyləşə bilərsinizmi?

-Qətiyyən! O, ölkə müxalifətini darmadağın edib. Söhbət təkcə AXCP-dən getmir. Əlinin iddiası, intriqası, şantajı müxalifətə ciddi zərbə vurdu. Bu gündə “Milli Şura” oyunu ilə müxalifəti acınacaqlı duruma salıb. “Milli Şura” oyununun ssenarisi Moskvada yazılmadımı? Hardan ortalığa atılmışdı Rüstəm İbrahimbəyov? Onun azacıq Bakıdakı biznes maraqlarına toxunulmuşdu, dönüb olmuşdu müxalifətçi. R.İbrahimbəyovun Bakıda nə qədər “göydələn” ucaltdığı zaman yaxınlıqda yaşayan imkansız ailələrə necə zülm edib, xəbəriniz varmı? Onlarmı xalqı ağ günə çıxarmaq istəyirlər? C.Həsənli Milli Məclisdə əyləşib, şəxsi problemlərini həll edən zaman millətimi xatırlayırdı. Deyəsən, onlar xalqı tam yaddaşsız hesab edirlər. Əlbəttə, xalq hər şeyi görür və birmənalı olaraq onlara dəstək verməkdən imtina edir.

-“Milli Şura” martın 15-nə mitinq təyin edib. Necə düşünürsünüz, xalqın dəstəyinə nail ola biləcəklər?

-Olmayan bir şeydən danışmaq çox çətindir. “Milli Şura” var ki? Cəmil Həsənlini marionet edib, salıblar ortalığa, o bədbəxt Ə.Kərimlinin dirijor çubuğuyla oturub-durur. Alim adını daşıyasan, özünü gülünc duruma salasan, dəhşətdir. O ki qaldı mitinqə, xalq o şəxslərin arxasınca gedər ki, onun həyatında müsbət dəyişiklik edəcəyinə inansın. Bura qədər gəldikləri yolda Əli də, Cəmil də, Rüstəm də yalnız öz şəxsi problemlərini həll etmək barədə düşünüblər və etiraf edim ki, həmin problemləri həll edə biliblər. Övladları xaricdə, ən bahalı şəhərlərin, bahalı universitetlərində təhsil alıb və alırlar. Heç birinin bizlər kimi gündəlik qayğısı-filanı yox. Belələri xalq qədri bilməz, kimsə özünü aldatmasın. Sadəcə olaraq Əli çox “istedad”lı artistdir. Həm Qərbə, həm Şimala eyni zamanda xidmət göstərə bilir. Necə deyərlər, kül onların başına ki, beləsinin kimliyini, şəxsiyyətini, normal biri olub-olmadığını müəyyənləşdirə bilmirlər. Hələ ölkə iqtidarındakı, hələlik adını çəkmək istəmədiyim klan, Fərhad Əliyev-Əli Kərimli işbirliyinin iflasa uğramasından sonra hansı ağılla Əliylə ortaq “işə” girişib? Birmənalı söyləyirəm, Əli, İsa, Cəmil kimilərin dövranı çoxdan bitib. Müxalifətin necə mübarizə aparmalı olmasını mən onlara göstərəcəyəm.

-İddialı görünür, sərt danışırsınız. Növbəti həbs gözlənilmirmi?

-Dedim axı, atalar üçdən deyib. Atalar səhv etməyibsə, onda mənim həbs olunma limitim bitib. (gülür)

-Nelson Mandela olmaq istəməzdinizmi? 28 il həbsxana həyatı və sonunda prezidentlik kreslosu?

Ardı var…
Söhbətləşdi: Nicat Sadiq

My Webpage

LEAVE A REPLY