“Millətimizin, dar ayaqda güvənə biləcəyi bircə nəfər də olsun, siyasi lider qalmayıb”

0
6

“Millətimizin, dar ayaqda güvənə biləcəyi bircə nəfər də olsun, siyasi lider qalmayıb”

Elşad Musayev:“Kimlərsə insanların kortəbii şəkildə küçələrə çıxacağını gözləyirlərsə, bunun özünün də müsbət və mənfi tərəfləri var. Biz qətiyyən istəmirik ki, Azərbaycanda belə xaotik proseslər baş versin”

İllərdi ki, Azərbaycan hakimiyyətinin qürrələndiyi analoqsuz siyasətin və görünməmiş inkişafın yolundan, sanki qara pişik keçib. Aylardı, bir-birinin ardınca gələn bəd olayları, sanki kimsə bilərəkdən ard-arda düzüb və bu bədliklərin biri bitmədən, digəri başlayır. Istər-istəməz, elə təəsürat yaranır ki, hakimiyyətin illərə dayanan rahat yürüyüşünə maneə kimi ortaya çıxmış bu nahamar yollar heç bitməyəcək. Cari ilin büdcəsi qəbul edilməmiş, dünya bazarında netin qymətinin kəskin şəkildə düşməsi, hakimiyyətin xeyli planlarını alt-üst elədi. Bu məsələnin sonunun, cəmiyyətin də kürkünə birə salacağı təlaşı içində yaşayan insanlar özlərinə gəlməmiş, başlanğıcını xeyli əvvəldən götürmüş siyasi həbslərin növbəti dalğasında diksindilər. Bu arada rəsmi təbliğatın Qərbin aparıcı dövlətlərinə və ABŞ-a qarşı savaş elan etməsi ovqatları bir az da təlx elədi. Ovqatı yerinə qayıtmayan cəmiyyət, günlərin birində 14 saylı CÇM-dən gələn dəhşətli xəbərlərdən və məhkum Elşad Babayevin ölməsi, ya da öldürülməsi xəbərindən sarsıldı. Ölkənin hüquq-mühafizə sistemini də cəmiyyəti də kökündən silkələyən bu xəbərdən axan qanın yaraları qaysaqlamamış, “Lamiyə” faciəsi məmləkəti başına götürdü. Beləcə ard-arda gələn və həftələrlə ölkənin mətbu, sosial və siyasi gündəmini işğal edən bu olaylar, hakimiyyətin də, cəmiyyətin də dəngələrini qədərinnən artıq pozduğundan, küllən Azərbaycan, manatın devalvasiyasına və bir gecədə, dollara nisbətdə, illərlə süni şəkildə saxlandığı zirvədən , ta dərənin dibinə qədər yuvarlanmasına dəngəsiz yaxalandı. Bunun, hakimiyyətin özünü də, cəmiyyəti də gətirdiyi qara zolağın son həddi olmadığının, indi hər kəs fərqindədi…
Amma bu vəziyyətdən yararlanmaqla mükəlləf olan və siyasi arenanın müxalif cinahında aparıcı sayılan təşkilatlarda da vəziyyət elə hakimiyyətdəki kimidi, yəni, darmadağın və dəngəsiz.
Belə bir vaxtda, olanlardan və olacaqlardan danışa bilmək üçün Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə görüşdük. Söhbət əsnasında BAP sədrindən bəzi sualları cavablandırmasını da istədik ki, onun ölkədəki duruma baxışları ilə oxcuları da tanış edək.

Sərdar ƏLİBƏYLİ

(Əvvəli ötən saymızda)

-Elşad bəy, prezidentin manatın devalvasiyasına münasibəti, Sizcə, gözlənilən idimi, yoxsa, bir çoxları kimi, Siz də bu xəbərdən şoka düşdünüz?

-Bu şoka düşmək məsələsi deyildi və biz o qədər də sadəlövh deyilik ki, bu məsələnin Elman Rüstəmov səviyyəsində həll olunduğunu düşünək. Təbii ki, məsələ ən yüksək səviyyədə müzakirə edilərək ümümi qərar verilmişdi. Prezidentin müəyyən müddət zaman qazanmasını mən ümumi nəbzyoxlama kimi dəyərləndirirəm. Hesab edirəm ki, nəbz yoxlanıldı və cəmiyyətdən açıq, sərt etirazlar gəlmədi. Bunu da nəzərə alaraq, hakimiyyətin birinci adamı öz konkret mövqeyini ortalığa qoydu.

-Ümumiyyətlə, manatın dəyərinin bu cür qərarla dəyişdirilməsinin özü necə, doğrudurmu və başqa ölkələrdə bu proses nə cür baş verir?

-Başqa ölkələrdə iqtisadi qanunlar işləyir, yəni iqtisadiyyatın öz qanunauyğunluqları, yazılmış və yazılmamış qanunları var. Və bu qanunların da tələblərinə uyğun şəkildə hansısa ölkələrdə valyutanın qiyməti qalxa da, düşə də bilər. Azərbaycanda isə, iqtisadi qanunlardan çox, inzibati amirlik metodlları işlədiyindən və bütün digər sahələr kimi iqtisadiyyat da göstərişlə idarə olduğundan, biz də bu məsələlər inzibati yolla həll edilir. Əslinə baxsan, bu məsələni daha hamar və yumşaq şəkildə həyata keçirmək olardı, manatın mərhələlərlə qiymətdən düşməsi də saxlana bilərdi ki, nəticədə, onsuz da vəziyyəti ağır olan xalqa bu boyda zərbə dəyməzdi. Amma indi, birdən birə sərt şəkildə manatın 33 faiz dəyərdən salınması, əhalinin bütün təbəqələrinə çox ağır zərbə vurdu və eyni zamanda da Azərbaycanla işləyən xarici portnyorlara da bir siqnal oldu ki, Azərbaycanın manatı da etibarlı valyuta deyil, Azərbaycanla iqtisadi əlaqələr qurmaq da etibarli deyil. Bu səbəbdən, Azərbaycanın beynəlxalq iqtisadi ilişgilərində də tezliklə müəyyən problemlər ortaya çıxacaq. Bir şeyi də xüsusi olaraq qeyd edim ki, Azərbaycana rəhbərlik etdiyi 12 il ərzində prezident hələ belə ciddi zərbə almamışdı. Bu, əslində, prezidentin imicinə bütün bu illər ərzində vurulan ən ciddi və ən böyük zərbədi. Və təbii ki, bu məsələyə, sağlam məntiqə görə, indi iqtisadiyyatla məşğul olan adamlar cavab verməli, məsuliyyət daşımalıdılar. Təəssüflər olsun ki, bizdə, ötən 20 ildə nəinki sağlam məntiq, heç adi məntiq də işləməyib və az-çox normal ölkələrdə belə şeylər olanda hökumət istefaya göndərilir, baş nazir siyasətdən gedir. Bizdə isə, bu vurhavurda, bu qarmaqarışıqlıqda hökumətin başçısına “Şöhrət” ordeni verilir. Bax, ölkədə belə paroloksal bir şərait yaranıb və ya yaradılıb.

-Adətən bu cür situasiyaları müxalif təşkilatlar öz siyasi maraqları üçün istifadə edərək hakimiyyətlə mübarizdə daha açıq və geniş şəkildə istifadə edirlər. Əslində müxalifətçilik də elə bunun üçündü. Lakin bu qədər ciddi bir səbəb varkən, bir-iki xırda və bir az da şəxsi xarakter daşıyan bəyanatlar xaricində, siyasi arenada, heç nə hiss olunmadı. Amma müxalifətin öz içində böyük qovğalar başladı. Sizcə bu niyə belədi və sizin də içində yer aldığınız Azərbaycan müxalifəti bunu bilə-biləmi edir, yoxsa, nəsə başqa səbəblərmi var.

-Gəlin, əvvəl ondan danışaq və ordan başlayaq ki, Azərbaycanda müxalif cinah həddən artıq zəifləyib. Demirəm ki, yox səviyyəsindədi, var, ama çox zəiləyib. Azərbaycanda siyasi proseslərə azacıq da olsa, təsir edə biləcək heç bir müxalif qüvvə qalmayıb. Bu cinahdakı qüvvələrin güclü, stajlı hesab edən, və ya yeni yaranan bütün siyasi təşkilatların hamısının təşkilati strukturları darmadağın vəziyyətdədi. Yəni, bizim partiya da daxil olmaqla, ortada olan vəziyyətimiz budu. Ona görə də müxalif siyasi təşkilatlar bu məsələyə adekvat reaksiya verə bilmədilər. Və gəlin etiraf edəyin ki, siyasi partiyaların könüllü surətdə küçələrə çıxara biləcəkləri elektoratları, sosial bazaları qalmayıb və bu potensial, demək olar ki, tamam tükənib. İki-üç partiyada, bəlkə də müəyyən qisim adamlar var ki, onları, hansı yolla fərqi yoxdur, küçəyə çıxara bilirlər. Amma, yenə də deyirəm ki, bütövlükdə müxalif cinah bu sahədə xeyli zəifləyib. Bu da, təbii ki, özlüyündə müxtəlif səbəblərlə bağlıdır. Bu yöndə hakimiyyətin maraqları da, müəyyən mənada basqısı da xeyli rol oynayıb və istər obyektiv, istərsə də subyektiv olmaqla, çoxlu başqa səbəblər də az deyil. Amma ən əsas səbəb isə hakimiyyətin illərdi ki götürdüyü sərt, hətta amansız xəttdir ki, müxalifət cinahı ya tamam sıradan çıxarılsın, ya da ki, ən yaxşı halda hansısa QHT səviyyəsinə salınsın. O ki qaldı müxalifət daxilindəki qovğalara, bu da yeni bir şey deyil və təəssüf ki, artıq illərlə davam edən bir prosesə çevrilib. Bunun da əsas səbəbini hakimiyyətdə axtarmaq lazımdı və bu qovğaların zaman-zaman meydana gəlməsi və davamlı olaraq yenilənməsi ilk növbədə onun maraq dairəsindədi. Eyni zamanda, bir geri zəkalılıq da, hadisələri düzgün qiymətləndirə bilməmək də var burada. Müxalifət nümayəndələri 20 ildir ki, bir-birini gözdən salmaqla məşğuldular. Müxaliflərin ruporu olan mətbuat orqanları bu ölkədə bircə nəfər də olsun, güclü, nüfuzlu siyasi xadim saxlamadılar və hamını , eləcə də bir-birini gözdən saldılar. Və bunun nəticəsi olaraq, indi çox zavallı duruma salınmış uca millətimizin, dar ayaqda güvənə biləcəyi bircə nəfər də olsun, siyasi lider qalmayıb. Belə bir vəziyyətdə də, kimlərsə insanların kortəbii şəkildə küçələrə çıxacağını gözləyirlərsə, bunun özünün də müsbət və mənfi tərəfləri var. Amma bir şey də var ki, biz qətiyyən istəmirik ki, Azərbaycanda belə xaotik proseslər baş versin. Amma bıçaq sümüyə dirənəndə, artıq bu da qaçılmaz olur ki, artıq bıçaq sümüyü kəsməkdədi. Təsəvvür edin ki, bunun sonu , obrazlı şəkildə desək, sel gətirəcək və o zaman da selin qarşısını nə siyasi qüvvələr, nə hakimiyyət, nə də xarici qüvvələr ala biləsidi. İndiki durumun xaotikliyi həm də bu baxımdan çox təhlükəlidi. Və illərdi ki, Azərbaycanda aparılan iqtisadi siyasət və son günlərdə baş verənlər ölkədə sosial partlayışı labüd edir. Aşıq deyirəm ki, biz bunu istəmirik, istəmirik ki, hadisələr məcrasından çıxaraq xaotik və dağıdıcı proseslərə çevrilsin. Amma yenə də təəssüflə deyirəm ki, aparılan xətt birbaşa buna xidmət edir. Məndə olan dəqiq məlumata görə indi Bakının əksər valyuta dəyişmə məntəqələrində nə manat satırlar, nə də dollar. Manat artıq qiymətdən düşüb və bu tərəfdən də inzibati yollarla qiymətlərin qalxmasını əngəlləməyə çalışırlar. Axı bunu inzibati yolla eləmək mümkün deyil, bazarın öz qanunları var. Bax belə qeyri-ciddi yanaşmalar və qeyri-müəyyən hadisələr, nəticə etibarı ilə, Azərbaycanda həm iqtisadi, həm də siyasi vəziyyəti gərginləşdirməkdə davam edir.

-Nəsə, müxalifətlə bağlı danışmağa xəsislik edirsiniz, amma bir məsələyə də münasibət bildirin. Əvvəllər bir-biri ilə daha çox mübarizə araran aparıcı müxalifət partiyaları, indi öz içərilərində mübarizəyə girişiblər. Bu haqda mediada da bəzi məlumatlar var və siyasi kuluarlardan gələn xəbərlərdə, bu məsələnin hakimiyyət daxili qrupların sifarişi olduğu qənaətini yaradır. Sizin bu yöndə düşüncələriniz nədən ibarətdi, doğrudanmı ölkənin aparıcı adlandırılan siyasi qurumları hakimiyyət daxilindəki qruplaşmaların maraqları çərçivəsində fəaliyyət göstərirlər?

-İlk öncə ondan başlayaq ki, özünü siyasi arenanın müxalifət cinahında elan edən partiyalar olaraq biz, heç də bərabər start xəttində deyilik. Yəni hakimiyyət kimi nə qədər güclü görmək istəyirsə, o qədər saxlayır. Məsələn, bizim güclənməyimizin qarşısını almaq üçün bütün vasitələrdən istifadə eləyir. Qohum-əqrəbamızdan bir nəfəri də, hər hansı xırda vəzifədə belə deyil. Bizneslə məşğul olanlar da ordan sıxışdırılıb, obyektləri olanlarımızın obyekləri ya bağlanılıb, ya da əllərindən alınıb. Seçkiyə qatılıb, bir, iki, üç, dörd, hətta beş dəfə dalbadal seçkini uduruq, burda da qələbəmiz tanınmır. Bizə az-çox yaxın olan mətbuat orqanları varsa, onlar da, ya sıradan çıxarılır, ya da rəhbərləri həbs edilir. Amma müəyyən qisim siyasi təşkilatlar da var ki, onlara bizdən fərqli olaraq az, ya da çox dərəcədə şəraitlər yaradılır. Hakimiyyət bununla da öz münasibətini ortaya qoyur və lazım gələndə də müqayisə edərək deyir ki, bunlar daha güclüdür, o birilər isə zəifdi və sair. Eyin zamanda da, mən əvvəlcədən dedim ki, hakimiyyət ümumiyyətlə marağında deyil ki, siyasi partiyalar bütövlükdə özbaşına güclü olsun. Yəni, idarə olunan şəkildə və səviyyədə, bunlar kimisə gücləndirir, kimisə zəiflədirlər. Çünki hakimiyyətin daxilində qruplar var ki, əllərində kifayət qədər artıq vəsait toplanıb, milyardlarla vəsaitlərə sahib olan belə qruplar var. Və təbiidir ki, bu qrupların da maraqları daxilində, müəyyən siyasi qüvvələri gücləndirmək, kimisə zəiflətmək və hətta sıradan çıxarmaq var. Azərbaycan balaca bir ölkədi və çox aydın surətdə görsənir ki, bəzən özünü ən radikal hesab eliyən siyasi qüvvələrin içərisində də, bir-birinə münasibətdə, hakimiyyətdaxili bir xətt digər xətti, yeri gələndə söydürür, yeri gələndə gücləndirir, yeri gələndə təriflədir, yeri gələndə zəiflədir va sair. Və bir şeyi də xüsusu olaraq deyim ki, Azərbaycanın siyasi həyatının təcrübəsi göstərir ki, kim daha ucadan qışqırırsa, kim daha bərkdən söyürsə, adətən onun əli daha dərində bağlı olur. Və müəyyən müddət keçəndən sonra da, bu qapalı qlafın içərisində gedən proseslər, əvvəl mətbuata, oradan da cəmiyyətə sızır, ya da bilərəkdən sızdırılır. İndi artıq burada qeyri-adi heç nə yoxdu, çünki belə hallar ötən illər ərzində onlarca dəfə təkrarlanıb və cəmiyyət üçün də adiləşib.

My Webpage

LEAVE A REPLY