Farmokoloji firmalar nəyə xidmət edir?

0
5

Farmokoloji firmalar nəyə xidmət edir?

Sağlamlığımızla oynamağa, yoxsa sağlamlığa?

İlk firma dərmanları ilə nə vaxt tanış olduğumuzu yəqin xatırlayırsınız? Təxminən on beş il bundan öncə açılan özəl tibb müəssisələri həkimləri iki yüz dollar maaş və ancaq onların təklif etdiyi dərman preparatlarını, həm də mümkün qədər çox dərman yazmaq şərti ilə işə götürürdülər. O vaxtlar dərman firmaları kifayət qədər yayılmamışdı və rəqabət də az idi. Elə bu səbəbdən də yaxşıca pul qazanan firmalar həkimlərə yazdıqları dərmanların dəyərinin otuz üç faizi məbləğində nəğd ödəmələr edir, onları binəva xəstələri soyub soğana çevirmələri və elə bu zaman da sağlamlıqları ilə oynamaları üçün təşviq edirdilər.
Əlbəttə ki, hər gəlirli sahə kimi dərman ticarətinə də getdikcə iş adamlarının marağı artıqca və bu sahədə də təbii olaraq rəqabət qızışdıqca həkimlərə ödənən faizlərdə düşüşlər yaşanmağa başladı. Çünki aprteklər ağzına qədər firma dərmanları ilə dolmuşdu və xəstə sadəcə hansısa xəstəxananın aptekindən deyil, istədiyi aptekdən, istədiyi dərmanı tapa bilirdi, ayrıca getdikcə artıb törəyən əczaçı firmalar işi daha da təkmilləşdirərək bütün tibb müəssisələrinə nüfuz etməyə başlamışdılar. Bəli, kimsə xəstənin maddi durumunu düşünmür, “Allah heç kimi nə hakimə, nə də həkimə salmasın” deyə dad edən xəstələrdən çox, öz gəlirlərini düşünürdülər. Əslində elə indinin özündə də elədir. Dəyişən bir şey yoxdur. Sadəcə olaraq firmaların həkimlərə verdikləri faizlərdə oynamalar vardır ki, bu da Hippokrat andı içmiş insanların xeyrinə deyil, zərərinədir. Yəni onların xəstələrə sözün əsil mənasında sıradıqları dərman preparatlarının qarşılığında aldıqları faizlər 33-dən dərmanın satış qiymətinə görə 10-25 faiz arasında dəyişən həddə düşmüşdür. Hətta bəzi “çoxbilən” firma sahibləri həkimləri də tovlayaraq onlara nəğd pul əvəzinə elə özlərinin xaricdən gətirdikləri və ya topdan aldıqları ütü, tozsoran, qab-qacaq və sair məişət əşyaları hədiyyə etməkdə, bununla da ikiqat qazanc götürməkdədirlər.
Doğrudur, dərman ticarəti və firmaların özbaşına fəaliyyətlərində həkimlərdən öncə qınanmalı olan subyektlər vardır. Məsələn, onların əmək haqqlarını düşünürsək, heç bir həkim sırf əmək haqqı ilə nədə geri qalsa da, qiymətlər baxımından Avropa ilə çiyin-çiyinə irəliləyən Azərbaycanımızda dolanmağın mümkün olduğunu idia edə bilməz, ayrıca kimsə ən az yeddi il məktəb oxumur ki, sonra maddi mərhumiyyətlər içində yaşasın. Bizdə sovetlərdən qalma “həkimi el saxlar” prinsipi o qədər genlərimizə işləyib ki, kimsə tibb işçilərinin niyə bu cüzi əmək haqqına çalışmalı olduğunu sorğulamır. Yanlış anlamayın, mən farmokoloji firmaların satış vasitəçisinə çevrilən həkimləri müdafiə etmirəm, əksinə onları bu duruma düşürənlərin vicdanlarda məhkum olunmasını istəyirəm.

Məsələn, götürək bu gün ölkəmizdə fəaliyyət göstərən hər hansı özəl tibb müəssisəsini. Oralarda çalışan tibb işçiləri kifayət qədər dolğun əmək haqqı aldıqlarından işlərində də məsuliyyətlidirlər. Daha on beş il bundan öncə dərman satdıra bilmək üçün açılan özəl klinikalar kimi deyillər. Standartları çox-çox yuxarılara çəkiblər və buralarda xəstəylə həkim arasında hansısa maddi münasibətdən söhbət belə gedə bilməz. Bəs dövlət tibb müəssisələrində necə, belədirmi? Təəssüf ki, əsla belə deyildir.
Bir də telekanallarda çıxış edən həkimlərimiz bərk-bərk xəstələrə tapşırırlar ki, qətiyyən həkim yazdığı reseptdən kənara çıxmayın, əvəzedicilərə meyl edərək müalicənizi, dolayısı ilə səhətinizi təhlükəyə atmayın. Buraya qədər çox gözəl, amma bir nəfər o verilişə bağlanıb demir ki, ay mənim gözəl qardaşım, sən belə deyirsən, amma o həkim mənə firma dərmanı yazarkən mənim səhhətimimi, yoxsa özünün cibinimi düşündüyünü mən binəva hardan bilim?
Bu barədə qısaca bir xatirəmi anlatacağam. İki il öncə səhhətimlə əlaqədar həkimə müraciət etmiş, müayinə olunmuşdum. Doktorun mənə yazdığı reseptin içində dəqiq xatırlayıram, bir vitamin qrupu da var idi. Həmin vitamin qrupunu aptekdə soruşduğum zaman qiymətinin iyirmi səkkiz manat olduğun, niyə bu qədər baha olduğunu soruşduğumda isə dərmanın firma malı olduğunu, ayrıca Almaniyada istehsal olunduğunu dedilər. Mən əvəzedicisinin olub olmadığını soruşduğum zaman isə eyni kimyəvi aktiv maddəyə malik olan, amma Rusiyada istehsal olunmuş dərman preparatını sadəcə altı manata təklif etdilər. Qiymətlər arasındakı uçrumu görürsünüzmü? Bu sadəcə soyğun olmaqla qalmayıb, eyni zamanda dərman terrorizmi deyilmi?
İmkanlı şəxslər, vəzifəlilər və onların ailə üzvləri dişlərini çəkdirmək üçün belə xaricə, ən azından Türkiyəyə getdikləri zaman demək ki, olan biz kasıb-kusuba olur, o da hansı kasıb ölmüş kimin nə vecinədir ki?
İndi sizə yenə də şəxsən öz başımdan keçmiş bir olayı anladacağam.Təxminən üç-dörd il öncə idi. Səhhəttinlə əlaqədar olaraq akademik Mirqasımov adına Respublika Kliniki xəstəxanasına müayinəyə getmişdim. Həkimin qəbul otağının önündə növbə gözləyərkən dərman firmalarının birinin işçisi gəldi və həkimin otağına daxil oldu. Salamlaşdıqdan sonra firmanın işçisi əlində tutduğu dərman preperatını həkimə göstərərək: “Bir dənə də bu dərmandan yazsan əlli manatın tamam olur, verəcəyik”- dedi.
Həkim isə, “bilirsən, xəstələrin hansına olsa yazaram, amma çoxu kasıb-kusubdurlar, gedib aptekdən əvəzedicisini alacaqlar, bir-iki gün gözlə bir imkanlı xəstəm var, gəlsin ona yazaram, o alacaq…” cavabını verdi. Artıq nə hala düşdüyümü siz düşünün. Xəstəsinin xəstəliyinə görə deyil, maddi imkanına görə dərman yazan həkim və onu bu işə təşviq edən dərman firması…
Bu gün dövlətimizin qarşısında duran ən önəmli problemlərdən biri də məhz dərman firmaları ilə həkimlərin arasındakı münasibətləri kəsməkdir. Bunun da çox sadə bir yolu vardır. Həkimlərimizi öncə atestasiyadan keçirmək, daha sonra da onlara dolğun əmək haqqı vermək. Ayrıca firmalar dərman satışlarına nəzarət edə bilməsinlər deyə bütün reseptlər dövlətin çap edəcəyi xüsusi resept formalarına yazılmalı və sair tədbirlər görülməlidir. Əks təqdirdə xəstəsinə müştəri kimi baxan həkimlərimizin ucbatından olan qalan pulunu, sağlamlığı ilə birlikdə itirən vətəndaşlarımızın sayı hər keçən gün artmağa davam edəcəkdir.
Zaur

LEAVE A REPLY