Manatın dəyəri düşdü, işbazlara fürsət çıxdı.
Manatın artıq dollar qarşısında dəstəklənməyəcəyi və sərbəst buraxılması haqqında Mərkəzi Bankın sədri Elman Rüstəmovun bəyanatından sonra sadəcə valyuta dəyişmə məntəqələrində dollar qıta çıxmadı, həm də gündəlik təlabat mallarının qiymətlərində ani yüksəlişlər yaşandı. Sadəcə qiymətlər qalxsa yaxşıdır, hətta işbazlar artıq neçə gündür ki, mağazalarının qapısına kilid vuraraq, yaxud mağazaları açıq olduqda belə malların satılmadığını bildirir, alıcıları boş qaytarırlar.
Artıq həftənin birinci iş günü “Sədərək” bazarı adlı ticarət mərkəzinin də işləmədiyi barədə məlumatlar yayılıb. Bütün bunlar insana hər şeyin qıta çıxdığı, əlində pulun olsa belə bazardan evə boş dönməli olduğumuz 90-92-ci illəri xatırladır. Yəni, bizim iqtisadiyyatımız doğurdanmı “gil ayaqlı nəhəng” imiş? Azərbaycanın sürətli inkişafı haqqında kütləvi informasiya vasitələrindən bağıra-bağıra söylənənlər, millətin beyninə yeridilənlər hamısı valyuta kurslarındakı azacıq oynama ilə alt-üst olacaq qədər boş və mənasız imiş…
Bahalaşma xüsusən özünü ərzaq malları və tütün məmulatları kimi zəruri məhsullarda özünü göstərdi. Belə ki, müştərilərə siqaretlər firma tərəfindən toplanaraq aparılıb və yeni qiymətlər müəyyənləşdirildikdən sonra yenidən gətiriləcək, deyə cavab verilsə də əslində alıcılar siqaretlərin elə mağaza sahiblərinin özləri tərəfindən bilincli şəkildə gizlədildiyini və əllərində saxladıqları bütün malları bir neçə gün sonra, yeni qiymətlərlə satışa çıxararaq əlavə qazanc əldə etmək istədiklərini bilirlər. İsrarlara “dayana bilməyən” bəzi mağaza sahibləri isə müştərilərinə həddindən artıq baha qiymətə bu malları təklif etməkdədirlər. Yəni, qısaca olaraq qeyd etməliyik ki, işbazlar tərəfindən ortalıqdan yığışdırılan siqaretlərə tələbat artdığından bəziləri qiymətləri istədikləri kimi müəyyən etmə imkanı qazanıblar.
Məsələn daha iki gün öncə bir manata satılan siqaret bir manat altmış qəpiyə, bir manat yetmiş qəpiyə satılan siqaretlər isə iki manat iyirmi qəpiyə təklif edilməyə başlanıb. Hər yerdə siqaret olmadığından siqaret aludəçiləri məcburiyyət qarşısında qalaraq təklif edilən qiymətlərin hədsiz baha olmasına baxmayaraq tütün məhsullarını almağa məcbur olurlar. Halbuki, mağaza sahibləri həmin tütün məhsullarını dollar qalxmadan öncə alıblar və bu qiymət artımları onların müştərilərini soymalarından başqa bir şey deyildir. Burda ikinci məsələ də mağazalarda satılan malların valyutaya indeksli olmamalarıdır ki, buna baxmayaraq hər hansı qurumun bu işbazlara qarşı konkret tədbir görməsi barədə məlumat verilmir. Ayrıca antinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiə komitəsi də məsələ ilə bağlı hələ ki, bir tədbir görməyib. Məsələ burasındadır ki, hüquq mühavizə orqanlarının bu barədə qaynar xətt açmayıblar. Əgər vəziyyətdən sui-istifadə hallarının qarşısını almaq və beləliklə də xalqımızın fürsətcil işbazlar tərəfindən soyulmasına son vermək üçün qəti addımlar atılmasa, bu vəziyyət hələ çox davam edəcək. Ayrıca qeyd etmək istəyirəm ki, bahalaşma sadəcə tütün məhsullarında özünü göstərmir. Məsələn, bütün mağazalarda satışı davam edən çörək məhsulları da bəzi işbazlar tərəfindən on qəpiyədək bahalaşdırılıb. Səbəbini soruşduqda isə cavab hazırdır: bizə də baha gətirirlər. Burda başa düşmədiyim bir şey var. Məgər bizim respublikamızda buğda əkilmir? Yoxsa, fermerlər əkdikləri buğdanın kiloqramını topdançılara qepiklə deyil, sentlə hesablayaraq satırlar? Və ya dəyirmanlar və çörək zavodları buğdanı üyüdərkən ödədikləri elektrik pulunu, işçilərinin əmək haqqlarını, nəhayət vergilərini dollar üzərindən hesablayaraq ödəyirlər? Bunların heç birinin olmadığını hamımız bilirik. Belə olduğu təqdirdə çörək fabriki və yaxud mağaza müdirləri hansı hüquqla insanların ən zəruri ehtiyac maddəsi olan çörək məmulatlarının qiyməti ilə oynamaq cəsarəti tapırlar? Bu sadəcə hər istəyənin, hər “bacaranın etdiyi qazanc yanına kar qalır” məsələsi deyil, həm də dövlətimizə və xalqımıza qarşı yönəlmiş ən mülayim forması ilə desək təxribat deyil, nədir? Hansı işbazın nə haqqı var ölkəmizin ərzaq təhlükəsizliyi ilə oyuncaq kimi oynamağa? Bu gün Azərbaycanda heç bir mal və xidmətin dəyərinin qalxmadığı, sadəcə olaraq dolların məzənnəsindəki oynamadan istifadə edən işbazların bu hərəkətinə hansı əxlaqi don geydirmək olar? Süni qiymət artımı ilə bağlı faktlar qənnadı məhsullarından yağa, ətriyyatdan tutmuş hədiyyəlik əşyalara qədər bütün sahələrdə özünü göstərməkdədir. Məhz bu faktlara görə də bu işbazların yaxalanaraq qanunvericiliyimizin uyğun maddələri ilə təcili surətdə cəzalandırıla bilinməsi üçün qaynar xətt mütləq açılmalıdır ki, aldatıldığını görən istehlakçılar zəng edərək həm öz hüquqlarını qoruya, həm də ölkəmizin ərzaq təhlükəsizliyini baltalayan işbazlarla mübarizə edə bilsinlər.
Ümid edirəm ki, ən qısa zamanda istehlakçıların hüquqlarının qorunması üçün birbaşa hüquq mühavizə orqanlarına bağlı olaraq çalışan qaynar xətt açılacaqdır. Bu xətt açıldıqdan sonra hələlik meydanı boş görüb tələblə təklif arasındakı balansı süni surətdə pozaraq haqsız qazanc əldə edən fürsətcil işbazların tapılaraq cəzalandırılması daha da asanlaşacaqdır. Əks təqdirdə yoxsul xalq kütlələri arasında haqlı olaraq qiymət artımlarından doğan narahatçılıq və təşviş halları getdikcə şişib arta, millətin hökumətinə inamı zəifləyə bilər ki, bu da başda iqtidarımız olmaqla heç kimə sərf etməz.
Turan Türk