İflas!
Çovğunun sovudruğu Bakı…
Fevralın 21-i və 22-si Azərbaycanda, xüsusən də paytaxt Bakıda baş verənlərə qısaca bir ad vermək olar: İflas…
Bu sadəcə Azərenerjinin, Azəryolservisin və ya hansısa digər səhmdar şirkətin deyil, bütövlükdə Azərbaycan hökumətinin bir neçə santimetrlik qar və sadəcə bir gün davam edən çovğun qarşısında bütün hərəkət qabiliyyətini itirərək iflic olmasının qısaca adıdır.
Mətbuata çıxan Azeryolservisin nümayəndəsi hazırkı vəziyyətdəki texnikadan, qum və texniki duz ehtiyatından danışır, amma nədənsə beş-on santimetrlik qarın səbəb olduğu fəsadlardan və bu fəsadların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməməsindən danışmır. Əgər bu cənab səlahiyyətli nümayəndəyə buz bağlamış yollarda qalmış avtomobillər, gölə dönmüş yol qovşaqları göstərilsəydi, yəqin ki, ya kəskin şaxtanı, ya da kanalizasiya sisteminin qarın əriməsi nəticəsində toplanmış suyu təxliyə edə bilməməsi səbəbindən su və kanalizasiya idarəsini suçlayacaqdı. Doğrudur, keçən həftə sonu yollarda yaranan qarmaqışıqlıqlardan kanalizasiya idarəsi də günahkardır, amma onlara hələ sonra gələcəyik.
Qeyd etdiyimiz kimi, cavab alacağımız təqdirdə Azəryolservis özü-özünü təkzib etmiş olmayacaqmıydı? Axı, şəhərimizin eni-uzunu o qədər böyük deyil ki, bir tərəfində şaxta olanda o biri tərəfində mülayim hava olsun. Deməli, suç hər iki halda bu idarənindir ki, yollarda duzlama çalışmaları vaxtında və lazımınca aparılmayıb, duzlanma olmayan yerlərdə külək haraları tutursa, məhz həmin yerlərin yollarında qar donaraq yerdə qalıb və nisbətən gec əriyib. Digər yerlərdə isə , əgər bu yerlər hələ çökəkdirlərsə həm o ərazilərin, həm də ətraf yolların qarı əriyərək bayaq qeyd etdiyimiz kimi kanalizasiya xətləri vasitəsi ilə təxliyə sistemi olmadığından və ya işləmədiyindən su toplanaraq göllər yaradıb. Bir də yollarımızın ”yüksək səviyyəli” çala-çökəklərini işin içinə qatsaq, xüsusən məhəllə aralarındakı yollar sürücülər üçün əsil əzaba dönmüşdü. Qarşısındakı su dolu çökəklərdə onları nə gözlədiyini bilməyən sürücülər istər istəməz ehtiyatlı olmağa, gözlənilməz təhlükələrdən qoruna bilmək üçün asta sürətlə hərəkət etməyə məcbur idilər. Yollarımızın bu vəziyyətini hər hansı əcnəbi görsə, yəqin ki, Bakı bu yolları ilə 2015 Olimpiya oyunlarına ev sahibliyi haqqını necə alıb deyə düşünməmiş olmaz.
İndi gələk Kanalizasiya idarəsinin qəbahətlərinə… Bu idarə Bakıda bəlkə də haralarasa kanalizasiya xətləri çəkir və ya istismar müddəti başa çatmış xətləri yeniləyir. Ola bilər, söz demirəm, amma gəlin unutmayaq ki, onların vəzifəsi sadəcə bununla məhdudlaşmır. Mən şəhər ətrafı qəsəbələrdən birinin sakini kimi tam əminliklə bildirirəm ki, Azərsu nə buralarda su, nə də kanalizasiya çəkib. Məsələn, Masazırda- bizim məhəllədə bir iş adamının iri diametrli borularla çəkərək əsil kommersant nümunəsi göstərərək ətrafda yaşayan sakinlərə satmaqla qoyduğu xərci birə beş çıxardığı xətt, vaxtında televiziyada necə oldusa həmin iş adamının xeyriyyə aksiyası kimi göstərildi. Kanalizasiya xətlərini isə sakinlər aralarında vəsait toplayaraq çəkmələrinə baxmayaraq, istifadə etdikləri hər kubmetr suyun üstündə əlavədən kanalizasiya pulu da ödəməkdədirlər. Azərsu Səhmdar Cəmiyyətindən kimsə çıxıb kustar üsulla çəkilmiş kanalizasiyadan bir şey olmaz , heç olmasa bu xətləri yeniləyək demir və o kustar üsulla çəkilmiş kanalizasiyalar da yağmur sularını ötürmək gücündə olmadığından göydən tökülən yağmur da yolun çökək yerlərində toplanıb qalır. Burda diqqət etdinizsə, asfalt sözünü işlətmədim, çünki, hər hansı küçənin sakinləri öz aralarında pul toplayıb öz küçələrinə asfalt tökməyiblərsə, onlar hələ də zığın-palçığın içində hərəkət etməyə məcburdurlar.
İndi gələk Azərenerji Səhmdar Cəmiyyətinə. Dünya təcrübəsində belədir ki, hər hansı şirkət rəhbərləri əgər öz fəaliyyətləri ilə əvəzolunmaz adam görüntüsü verirlərsə, onlar nəinki vəzifəsindən uzaqlaşdırılmır, hətta qanunvericilikdə nəzərdə tutulmuş qaydada mükafatlandırılırlar. Güman edirəm ki, elə Azərenerjinin prezidenti Etibar Priverdiyev də bu tip vəzifə sahiblərindəndir. Doğrusu, onun mükafatlandırılıb mükafatlandırılmadığı barədə məlumatım yoxdur, sadəcə olaraq yaxın keçmişimizdə Azərenerjinin daha başqa prezidentini xatırlamadığımdan mənə elə gəlir ki, elə bu şirkət yaradılandan onun prezidenti Etibar müəllimdir. Burda yaddaşım məni aldada bilər, ona görə də Etibar müəllimin bu vəzifəyə təyin olunma tarixini xatırlayan diqqətli oxucularımızdan üzr istəyir və bildirirəm ki, mən xatırlamadığıma görə onun bu vəzifəyə təyini hər halda kifayət qəddər köhnə tarixə təsadüf edir. Nə isə məsələ Azerenerjinin prezidentinin kimliyi və bu vəzifəyə nə vaxt təyin edilməsi deyil, məsələ ondadır ki, Etibar müəllim uzun illərdir ki, bu vəzifədə çalışmasına baxmayaraq adicə bir çovğun belə bütün Bakının elektrik təchizatını iflic edə bilirsə, onda demək ən azından ona mükafat düşmür, çünki bu Etibar müəllimin yaxşı çalışmadığına işarədir.
Mən hələ keçən saylarımızdan ən az birində Bakıətrafı yaşayış məntəqələrinin, konkret desək, Masazır qəsəbəsinin elektrik təminatının nə qədər bərbad vəziyyətdə olduğu, Masazırın elektrik təminatı cəhətdən Afrikanın yoxsul ölkələrinin ucqar kəndləri ilə müqayisə edilə biləcəyindən danışmışdım. Amma bu çovğun yaşadığım və buna görə də hər halından xəbərdar olduğum, on minlərlə taleyin ümidinə tərk edilmiş insanın məskunlaşdığı Masazır qəsəbəsinin deyil, bütün Azərbaycanın elektrik təminatının adi bir çovğunla yerlə bir olacaq qədər qüdrətli olduğuna işarə etməkdədir.
Elektriklər kəsildiyi zaman istər Abşeron enerji qəza xidmətinə, istərsə də rayon İcra hakimiyyətinə zəng etdiyimiz zaman ala biləcəyiniz iki cavab var: xətt açılıb təmir edirlər və ya transformator həddindən artıq yüklənmədən partlayıb, iş gedir, iki saata elektriklər veriləcək. O da təsadüfən qəza xidmətinə düşə bilsən…
Bildiyimiz standartlara görə bir yaşayış massivi kommunikasiya xətləri ilə təmin olunarkən o massivin iyirmi beş illik plana əsasən nə qədər genişləyə biləcəyi hesablanır və transformatordan ötürücü xətlərə, yollardan su xətlərinədək hamısı bu hesablamaya əsasən tikilir, yaxşı, deyək ki, su və kanalizasiya xətləri şəhər ətrafı qəsəbələrin əhalisi talehin ümidinə tərk edildiyindən tikilmir, bəs eləktrik xətləri və transformatorlar? Hansı haqla “xətlər gərginliyə dözməyib qırılıb” və ya “transformator həddindən artıq yüklənmədən partlayıb” deyə cavab verirlər?
Bu bir gecəlik çovğun və üç günlük qaranlıqda qalmağımız vətəndaş olaraq bizə çox şey öyrətdi. Məsələn, Avropa enerji təhlükəsizliyi üçün önəmli partnyor olmağımızdan qürur duyduğumuz halda, özümüzün enerji təhlükəsizlik proqramımızın olmadığını…
Allah Bakı küləyinə insaf verə Olimpiyada vaxtı əsməyə, yoxsa dünyanın gözü qarşısında bu idarəçilərlə və bu enerji veriliş keyfiyyəti ilə elə rəzil olarıq ki, başımızı qaldırıb kimsənin üzünə baxası halımız qalmaz.
Zaur