Demokratiyadan avtoritarizmə

0
5

Zaur Muradxanlı

Demokratiyadan avtoritarizmə

Keçən ilki prezident seçkilərindən sonra R.T. Ərdoğanın avtoritarizm eşqi Türkiyəni sürətlə sahib olduğu demokratik dəyərlərdən uzaqlaşdıraraq polis dövləti olma yoluna salmaqdadır. Artıq millət məclisinə gətirilən və müxalifətin böyük etirazlarına rəğmən həm Ərdoğanın, həm də hökuməti təmsil edən Əhməd Davudoğlunun bu qanun mütləq qəbul olunmalıdır dedikləri 133 maddəlik daxili təhlükəsizlik paketi Türkiyənin bitərəf mətbuatında olduğu kimi sivil dünyanın da öndə gedən media quruluşlarında böyük səs-küyə səbəb olmuşdur.
Sözü gedən qanunla bağlı Qərb mediasında gedən şərh yazılarında Ərdoğanın avtoritar dövlət yaratma həvəsinin o prezident seçildikdən sonra kluminasiya nöqtəsinə çıxdığı və bəhs edilən paketlə onun iqtidarını sarsa biləcək kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün qabaqlayıcl tədbirlər görmək məqsədi güddüyündən bəhs edilir. Bəs, görəsən, bu doğurdan da belədirmi? Həm türk müxalifəti və bitərəf mediasının, həm də Qərb kütləvi informasiya vasitələrinin nə dərəcədə haqlı olduqlarını görə bilmək üçün öncə Ərdoğanın gerçəkdən avtoritarizmə meyilli, diktator ruhlu birisi olub-olmadığına baxaq.
Ərdoğanın demokrat, yoxsa diktator ruhlu biri olduğunu öyrənə bilmək üçün çoxda köhnə tarixə getməyə qətiyyən ehtiyac yoxdur. Bunun üçün türk siyasi tarixinin yaxın, həm də çox yaxın tarixində baş verən siyasi hadisələri analiz etməyimiz bizə rəy bildirməmiz üçün kifayət qədər dəlil tapma imkanı verəcəkdir. Bir neçə il öncə Ərdoğanın Avstraliyada altmış səkkiz dildə yayınlanan və kifayət qədər geniş dinləyici auditoriyasına sahib bir radio kanalına verdiyi müsahibə zamanı terrorist başçısından “hörmətli Öcalan” deyə bəhs etməsi və Türkiyənin terrorizm bəlasına qurban verdiyi 35 min nəfər şəhidindən isə “Öcalan otuz beş min kəllə aldı” deyərək şəhidlərə həqarət etməsi üzə çıxdıqdan sonra şəhid analarından biri prokurorluğa şikayət edərək üç qəpik təzminat davası açmış və bu məhkəmə prosesinin sonunda Ərdoğanı şəhidlərə həqarət etmə və terroristlərin liderini tərifləmə suçundan məhkum edən məhkəmə hakimi iş yeri dəyişdirilərək daha aşağı vəzifəyə keçirilmiş və Türkiyənin Cənub Şərq ərazisinə sürgün edilmişdi. Daha sonrakı dönəmlərdə də Ərdoğanın kindar tutumu və hər kəs mən deyənlə hərəkəti etsin istəyi davam etməkdə idi. 2010-cu ilin yanvar ayında ərazi mübadiləsi yolu ilə, Qalatasaray klubunun İstanbulun göbəyindəki stadionunun yerləşdiyi olduqca dəyərli ərazi əlindən alınaraq bu ərazinin sadəcə yarı qiymətinə şəhər kənarında inşa olunan stadionunun açılışında bəzi dövlət bürokratlarının çıxış edərək beş yüz illik Qalatasaray Cəmiyyəti və onun prezidenti haqqında artıq-əskik danışmaları nəticəsində tərəfdarların etirazları və fitlə bu bürokratların sözlərini kəsmələrinə əsəbləşərək stadionu tərk etmişdir. Həmin gündən bu yana Türkiyənin Qərbə açılan pəncərəsi olaraq bilinən Qalatasaray idman cəmiyyətinin maliyyə şöbəsindən maliyyə nazirliyinin müfəttişləri, idarə heyətinin poçt qutusundan isə prokurorluq və məhkəmə dəvətnamələri əskik olmaz bütün bunlarla eyni vaxtda sözü gedən futbol sezonunda digər İstanbul idman cəmiyyətləri, Beşiktaşın bir Fənərbağçanın isə beş futbol maçını satın almalarına və üstəlik Fənərbağça idman cəmiyyətində çirkli pulların yuyulması və vergi qaçırma hallarının məhkəmələr tərəfindən sübut edilməsinə, habelə Fənərbağça idman cəmiyyətinin prezidentinin canlı yayında bizim stadionun tribunalarında narkotik maddələrin alveri getməkdədir deyə bildirməsinə baxmayaraq nə bütün yuxarıda saydığım hallarla bağlı, nə də bu idman cəmiyyətinin prezidentinin canlı yayında söylədiyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir addım atılmamaqdadır. Qeyd edim ki, bəhs etdiyimiz klubun ev oyunlarını keçirdiyi stadionda daha öncə də qanunsuz fəaliyyət göstərən qumarxana aşkar edilsə də, heç bir tədbir görülməmişdi. Bütün bunların isə tək bir səbəbi var: Ərdoğan Fənərbağçalıdır və tutduğu komanda istədiyi qədər əxlaqsız işlərlə məşğul olursa olsun o bu komandanın superliqadan kənarlaşdırılmasını istəmir. Məsələ ilə bağlı bəyanat verən keçmiş Türkiyə futbol federasiyası prezidentliyinə namizəd Gürşad Tüzmən də Ərdoğanla görüşdüm və o, istənilən halda Fənərbağçanın liqada saxlanılmasını istəyir demişdi. Türk idmanını sadəcə bir tutqu, bir həvəs naminə dünyaya rəzil edən insanların müdafiəsi, qanunun tələb etdiyi kimi deyil, mən istədiyim kimi cəza veriləcək və ya verilməyəcək demək, eyni zamanda bir başqa klubun tərəfdarları onun sevimli bürokratlarını ən demokratik haqqlarından istifadə etməklə protesto ədiblər deyə cəzalandırmaq o şəxsin avtoritar ruhlu olduğunun ən gözəl isbatıdır.
Gələk 2013- cü ilə… 17-25 dekabr böyük rüşvət və korrupsiya prosesi başlandıqdan qısa bir müddət sonra bu istintaq işinin başlanması üçün sanksiya verə İstanbul baş prokuror vəkili Zəkəriyya Öz yazılı açıqlama yayınladı. Bu açıqlama mətnində deyilirdi ki, Bursada olduğum zaman iki nəfər çox hörmətli insan oteldə məni ziyarət edərək Ərdoğanın açılan istintaq işinə çox əsəbləşdiyini bildirdilər və təcili surətdə bu istintaq işini bağlayaraq Ərdoğandan üzr istəməmi, əks təqdirdə şəxsimin və ailəmin başına gələ biləcəklərdən birbaşa özümün məsul olacağımı bildirdilər. Əlbəttə o zaman Zəkəriyya bəy əsil insanlıq örnəyi göstərərək Ərdoğanın oğlunun da bu rüşvət skandalında adının keçməsinə baxmayaraq davam edən istintaq işini bağlamamış, əksinə əgər iddia etdikləri kimi günahsızdırlarsa, onda məhkəmədən qorxmalarına qətiyyən ehtiyac yoxdur, gedib orda bəraət alarlar demişdi. Bu gün gəldiyimiz nöqtədə diqqətli oxucularımız Türkiyədə qanun dəyişiklikləri və hakim prokurorların çalışma sahələrinə müdaxilə edilərək sözü gedən istintaq işinin necə qapatıldığını, hər şeyin üstündən necə xətt çəkildiyini və bu istintaq prosesində iştirak edən prokurorlardan hakimlərə, polislərə qədər minlərlə insanın talehi ilə necə oynandığını bilməkdədirlər.

Bu istntaq işi başlandığı zaman Ərdoğanın məhkəmə və prokurorluq orqanları üzərində qurduğu sərt və ədalətsiz təzyiqə etiraz edən, qəlbində insaf və vicdan qalmış bəzi millət vəkilləri istefa edərək AKP sıralarından ayrıldılar. Elə bu millət vəkillərinə qarşı da Ərdoğanın göstərdiyi təpki olduqca sərt idi. Onları heç kim olduqlarını və məhz onun partiyasının nüfuzu sayəsində millət vəkilliyi mandatını aldıqlarını bildirərək həmin vəkilləri xəyanətkarlıqda belə ittiham etməkdən çəkinməyən Ərdoğan işi o qədər irəli apardı ki, sonunda özünü tuta bilmədi və keçmiş partiya yoldaşlarını, illərcə çiyin-çiyinə mübarizə apardığı insanları duz qabına belə bənzətdi. Bu diktatura deyil nədir? Partiyadaxili diktaturasına artıq sahib olan və onu “Allah bütün sifətlərini özündə birləşdirən böyük lider” deyə tanıdan dinsiz yaltaqları ətrafında cəmləyərək bu yaltaq təbəqəsinin gurultulu alqışlarından məst olan, nə yaşadığı ultra lüks həyatın , nə də istədiyi kimi qərarlar verməsinin heç bir dövlət qurumu tərəfindən sorğulanmasına dözə bilməməyi avtoritarizm xəstəliyinə tutulmasının ən gözəl örnəyi deyilmidir?
O, ultra lüx düşgünü olmasaydı hələ sadəcə min otağı hazır olan və ümumi dəyəri dörd milyard dollardan artıq tutan sarayını tikdirməyə hansı başqa səbəbdən ehtiyac duyardı ki? Ayrıca 182 milyon dollarlıq dünyanın ən bahalı ikinci şəxsi təyyarəsini də sifariş etməsini başqa nə ilə izah etmək mümkündür? Yeri gəlmişkən onu da qeyd edək ki, Ərdoğanın Ağ sarayının sadəcə illik elektrik xərcləri tamamlanmamış vəziyyətdə belə altı milyon dolları keçməkdədir. Bütün bunları bir yerə topladığımız zaman o türk xalqının gözünün içinə baxa-baxa məscidlərdə qıldığı Cuma namazları riya deyildir nədir? Və müqəddəs kitabımızda da riya haqqında qeyd olunub ki, riyakarlar axirət günü müflis olmuş tacirlərə bənzəyərlər. Dini təmayüllü litsey məzunu olan Ərdoğanın bu ayəti kəlimədən xəbərsiz olması mümkünsüzdür, sadəcə olaraq ultra lüks yaşam həvəsi bu zatın gözlərini elə pərdələyib ki, o ya etdiyinin riya olduğundan xəbərsizdir, ya da bir çox başqaları kimi dinlə münasibətlərini, dindar görüntüsünü böyük əksəriyyəti mühavizəkar olan türk toplumunu əldə saxlaya bilmək üçün istifadə edir.
Bir az da Ərdoğanın media qurumları ilə münasibətlərindən bəhs edək. Türkiyədəki demək olar hər media qurumunda öz nəzarətçisini yerləşdirən Ərdoğan bu media qurumlarında gedən bütün verilişlərdən xəbərlərədək günlük proqram axışına müdaxilə etməkdə, sadəcə yaxınlarının sahib olduqları kütləvi informasiya vasitələrini deyil, bütün digər yazılı və elektron media vasitələrini də öz nəzarəti altında saxlamağa çalışmaqdadır. Türk mediasından bildiyim qədəriylə bir neçə belə müdaxilə barədə məlumat verməyimiz yerinə düşərdi. Məsələn, iki il öncə Ərdoğan Mərakeşdə rəsmi səfərdəykən “Haber türk” kanalında Dövlət Baxçalının Məclis qrup toplantısında etdiyi çıxışın xülasəsinin verildiyini və bu zaman alt yazı keçdiyini görür. Xatırladaq ki, həmin vaxt Taksim Gəzi parkı olayları daha yeni qızışmaqdaydı və bu parka yığışan insanlar ağacların kəsilərək yerinə alış-veriş mərkəzi tikilməsinə etiraz edirdilər. Dövlət Bağçalının çıxışını və alt yazını görən Ərdoğan əsəbləşir və kanala zəng edərək alt yazının dərhal qaldırılması barədə göstəriş verir. Bundan əlavə “Demirörən” qrupu mediaya girərək “Milliyət” və “Vətən” qəzetlərinin səhmlərinin böyük hissələrini aldıqdan sonra “Milliyət” qəzetində gedən bir yazıya əsəbləşən baş nazir Ərdoğan səfərdən dönərkən baş nazirlik təyyarəsindən “Demirörən” holdinqin sahibi Dəmirörənə zəng vuraraq, onu elə təhdid edib ki, o, sonuda dözə bilməyərək ağlayıb və “sayın başbakanım, mən mediaya sizi üzmək için girmədim, uyqun gördüyünüz birinə təhvil verməyə hazıram” deyib. Bu iki misal düşünürəm ki, kifayətdir.
Bütün bu hadisələr, hətta bunların qatbaqat artığı türk müxalifətinin, eyni zamanda dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyindən təbii olaraq dünyanın demokrat qüvvələri daxili təhlükəsizlik paketinə qarşı çıxmaqdadırlar. Hətta keçmiş prezident Abdullah Gül belə, biz keçmişdə polisin səlahiyyətini genişləndirdik və fəsadlarını da gördük,deyə bəyanat verib. Bu qanun isə polis və icra orqanlarına hədsiz dərəcədə səlahiyyət verməkdə, onları istədikləri kimi hərəkət etmə sərbəstliyi tanımaqdadır. Belə olduğuna görə də bəhs edilən paketin Türkiyə Böyük Millət məclisində qəbulu prosesi müxalifət millət vəkillərinin fədakarca dirənmələrinin nəticəsində olduqca yavaş irəliləməkdədir. Doğrudur, bəzən AKP-li məclis başqan vəkili Ayşə Bahçeqapılı maddələrin müzakirəsi və səsvermə üçün yetərsay yoxlamalarına belə ehtiyac görməməkdədir. Amma bütün bununla belə bir həftə müddətində sadəcə on üç-on dörd maddə müzakirə olunaraq qəbul edilə bilmişdir. Onu da qeyd edək ki,müzakirələr zamanı millət məclisində baş verən kütləvi davalarda bir müxalifət millətvəkilinin altı qabırğası qırılmış, daha neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Müzakirəsi belə millət vəkillərinin təhlükəsizliyinin pozulmasına səbəb olan bir qanun paketinin qəbulu türk xalqına nələr gətirəcəkdir, onu gələcək göstərəcək, amma artıq demokratiyanın türk torpaqlarını tərk edib getməkdə olduğu danılmaz bir faktdır…
Bir vaxt 2001-ci il Asiya İqtisadi böhranı nəticəsində məhv olan Türkiyə iqtisadiyyatının cəzasını dönəmin koalisiya hökumətinə kəsərək onların yerine AKP-ni iqtidara gətirən türk xalqı artıq etdiyinə peşman olma nöqtəsinə gəlmişdir. Hökumət nümayəndələrindən Bülənt Arıncın da etiraf etdiyi kimi artıq türk xalqının yarıdan çoxu AKP-dən nifrət edir. Diqqət edin, xoşlanmır yox, sadəcə nifrət edir. Sizcə səbəb?

LEAVE A REPLY