“Əli özü canla-başla iqtidardakı bir klana xidmət edir”

0
6

“Əli özü canla-başla iqtidardakı bir klana xidmət edir”

Ramiz Tağıyev: “Daha öncə də məni həbsxanaya ezam edənlər, Ə.Kərimli və 3-4 tərəfdarına mandat hədiyyə edib, parlament müxalifəti obrazı yaradırdılar. Bu gün də Əliyə, Cəmil Həsənliyə, 3-4 mandat hədiyyə versələr, qaça-qaça Milli Məclisdə əyləşəcəklər”

Ölkəmizdə bir çox proseslər baş verməkdədir. Milli manatımızın ucuzlaşması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Ölkənin əsas müxalifət partiyaları sayılan AXCP və Müsavatda mövzu başqadır. Daxili çəkişmələr həmin partiyaları hər gün zəiflətməklə yanaşı diqqətlərini ölkə əhalisinin əsas problemlərindən yayındırıb. Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Canımız Azərbaycan Naminə Partiyasının sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevə müraciət etdik.

-Ramiz bəy, manatın kəskin ucuzlaşmasına münasibətiniz necədir?

-Əlbəttə, gözlənilməz oldu. Desəm ki, şəxsi həyatımda bunu bir o qədər hiss etmirəm. Çünki nə manatım var, nədə ki, dollarım. (gülür). Düşünürəm ki, ölkəmizdə kifayət qədər güclü iqtisadçılar var və onlar çalışıb ən düzgün olan seçimi edəcəklər. Birmənalı söyləmək istəyirəm ki, bu onların işidir. Millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli inandığım, hörmət bəslədiyim iqtisadçılardandırlar. Ancaq onu da qeyd etmək istəyirəm ki, manatın ucuzlaşacağını əvvəlcədən görməmək mümkün deyildi. Qarşısını yalnız güclü iqtisadiyyatla almaq olardı.

-Axı, ölkə rəsmiləri iqtisadiyyatımızın güclü inkişaf etdiyini daima vurğulayıblar…

-Zamanında kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməli idi. Qardaş Türkiyə Cümhuriyyətinin iqtisadiyyatı əsasən kiçik və orta sahibkarlığın inkişafıyla bağlıdır. Sirr deyil ki, aparılmış islahatlar sayəsində qardaş ölkədə kiçik və orta sahibkarlar belə ölkələrinə valyuta axını təşkil ediblər. Bizdə isə göstərin görüm, belə sahibkarlar var? Elə sənaye məhsulları istehsal edilməli idi ki, xarici bazarlarda yer alsın. Təəssüf ki, bu olmayıb.

-Kimdir günahkar?

-Buraxılmış səhvlərə görə hamımız məsuliyyət daşıyırıq. Xüsusilə, ölkə iqtisadiyyatını inhisara almış oliqarxlar səhvlərini anlamalıdırlar. Məhz onlar kiçik və orta sahibkarlığın inkişafına əngəl törədiblər. Burada kiçik “padşah”ların da “xidməti” böyük olub.

“Ölkə iqtisadiyyatını inhisara almış oliqarxlar səhvlərini anlamalıdırlar”

-Kiçik “parşah”lar deyəndə kimləri nəzərdə tutursunuz?

-Əlbəttə, rayonları çapıb-talayan, fəaliyyətləri zamanı rəhbərlik etdikləri rayonların iqtisadi inkişafıyla bağlı bir dəfə olsun təşəbbüslə, proqramla çıxış etməyən icra hakimiyyəti başçılarını. Bir neçə rayon istisna olmaqla, əksər rayonların heç birində sənaye müəssisələri yoxdur. Ancaq yarada bilərdilər. Bölgələrimizin buna kifayət qədər imkanı, potensialı var. Təəssüf ki, cavabdeh kiçik “padşah”lar daha asan yolları seçiblər. Torpaqlar satılıb qurtarıb. Sovetdən qalma zavod və fabriklər sökülüb satılsa da, əvəzində heç nə yaradılmayıb. İş orasındadır ki, məhsuldar torpaqlar, otlaq sahələr bir çox oliqarxın əlində cəmləşdiyindən, rayonlarda, kəndlərdə yaşayan əhali əkin-biçinlə, maldarlıqla istədikləri səviyyədə məşğul ola bilmir. Suvarma sistemi bərbad olduğundan, əksər rayonlarda əkinlərin suvarılmasında ciddi problem yaşanır.

-Çıxış yolunu nədə görürsünüz?

-Ölkədə ciddi kadr islahatına ehtiyac duyulur. Bu dəfələrlə iqtidar yetkililəri tərəfindən etiraf edilsə də, nədənsə həyata keçirilmir. Belə görünür ki, hamı Azərbaycanın yalnız paytaxtdan-Bakıdan ibarət olduğunu düşünür. Düzdür, bölgələrdə abadlıq işləri kifayət qədər görülüb. Zənnimcə, ilk olaraq bölgələrdə kənd təsərrüfatının, sənayenin inkişafına diqqət yetirilsəydi, daha effektli olardı.

-Ramiz bəy, deyəsən Siz də radikal müxalifət nümayəndələri kimi səhvi yalnız iqtidar nümayəndələrində görürüsünüz?

-Qətiyyən! Əvvəlcədən etiraf etdim ki, baş verənlərdə hamımız günahkarıq. Ona görə ki, iqtidar-müxalifət münasibətlərini elə qurmuşuq ki, bir-birimizi eşitmək istəmir, təklifləri, tənqidləri qəbul etmirik.

-Son zamanlar bir neçə iqtidar-müxalifət dialoqu baş tutub…

-Alqışlayıram…Orada hansı mövzulardan söhbət açıldığından bir o qədər məlumatlı deyiləm. Müxalifətimizə yaxşı bələd olduğumdan, təxmin edirəm ki, orada əsasən fərdlərə, ondan ötsə, firqə maraqlarına xidmət göstərən problemlər araşdırılır. Yaxşı olardı ki, qlobal, milli maraqlar önə çəkilsin. Manatın ucuzlaşmasını bayraq edib, iqtidarın üzərinə “şığıyan”ları təqdir etmirəm. Bu, fürsətçilikdən, məqsədçilikdən savayı bir şey deyil. Etiraf edək ki, belə infilyasiya zaman-zaman dünyanın inkişaf etmiş ölkələrində də baş verir. Onu da qeyd etmək yerinə düşərdi ki, yaxın keçmişdə dünyanı bürüyən iqtisadi böhrandan bizi üzü ağ çıxaran mövcud iqtidar olub. Birmənalı söyləyə bilərəm ki, bu böhrandan ölkəni çıxarmaq əzmində olan yeganə qüvvə mövcud iqtidardır. Hələlik təəssüf ki, başqa komanda görmürəm. Yalandan vədlər verməklə ölkə vətəndaşlarını aldatmaq istəyənlər olsa da, həmin siyasi partiyaların gücü bir kəndi və yaxud “JEK”-i idarə etməyə yetməz.

“Əli Kərimlini tanımaq tanımaq çox çətindir, xüsusilə siyasi diletantlar bunu gec anlayır”

-Ramiz bəy, sizinlə həmin məqamı bölüşmək zorundayıq. Belə ki, özlərini ana-ata müxalifət adlandıranlar öz daxili problemlərini həll etməkdə gücsüz görünürlər. Keçmiş partiyanız AXCP-də baş verən növbəti səsli-küylü istefaya münasibətiniz necə oldu?

-Yəqin ki, AXCP sədrinin müavini Razi Nurullayevin istefasını nəzərdə tutursunuz? Son istefa o olmayıb?Bilmək olur ki, Müsavatla AXCP-nin qapısı deyəsən yalnız eşiyə açılır. Gələn yox, gedən çox. Razi bəyin açıqlamalarıyla tanışam. Əslində yeni bir söz demədi. İndiyə qədər AXCP –dən istefa vermişlərin hamısı Əli Kərimlinin xislətindən kifayət qədər xəbərdardırlar. Yazıq onu tanımayan bir qrup gəncin halına. Həmin bədbəxtlər elə bilirlər ki, Azərbacyanda varsa, yoxsa elə Ə.Kərimlidir. Başa düşmək olmur hansı xidmətlərinə görə… AXCP sədri özünə o qədər vurulub ki, ətrafda olanları görmək belə istəmir. Kimsənin yüksəlişinə razı deyil. R.Nurullayev bir müddət öncə beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri ilə görüşlər keçirəndə təəccüblənmişdim.

-Onun görüşlər keçirməsində təəccüblü nə var idi?

-Görüşlərdə qeyri-adi nə isə aramırdım. Sadəcə olaraq AXCP sədrinin ona həmin missiyanı necə həvalə etdiyinə təəccüblənmişdim. Ə.Kərimli kimsəyə inanmayıb və bundan sonra da inanmayacaq.

-Bir zamanlar münasibətiniz pis olmayıb. Ə.Kərimli Sizin barənizdə tərifli ifadələr çox işlədib. Münasibətinizin pozulmasında özünüzdə səhv görmürsünüz?

-Yeganə səhvim o oldu ki, AXCP və Əli üçün çox ağır bir zamanda, onun xahişinə aldanıb, yenidən AXCP-yə qayıtdım. Ona qədər isə Ə.Kərimliyə əvəzsiz yaxşılıqlarım olmuşdu. Onu qorumaq üçün həyatımı bir neçə dəfə təhlükəyə atmışam. Təəssüf ki, AXCP sədri yaxşılıqları qiymətləndirmək iqtidarında olan biri deyil. 2005-ci ildə isə onu müdafiə etmək xatirinə çox güclü qüvvəylə toqquşmalı oldum.Bilirsinizmi, sonunda mənə nə dedi?

-Mümkünsə… Çox maraqlıdır.

-Dedi ki, bir müddət AXCP-dən kənar durum. Mənə görə hakimiyyətdən AXCP-yə təzyiqlər güclənəcək. Səssiz-səmirsiz getdim 6 ay tək-tənha mübarizə apardım. 2005-ci ilin dekabr ayının 31-də telefon açıb, məni tərif yağışına tutdu ki, Milli Azadlıq Hərəkatında misilsiz xidmətlərin olub, Sərhəd Hərəkatının lideri sən olmusan və sairə.

-Siz nə cavab verdiniz?

-Qısaca, artıq gecdir, dedim. Ətrafına toplanmış bir qrup var, nə dünənimizdən, nədə ki, doğru-dürüst bu günümüzdən xəbərləri var. İşləri, peşələri tədbirlərdə “Əli bəy, Əli bəy” qışqırıb, onu tərif etməkdən ibarətdir. Bir dönüb keçmişə baxmırlar ki, kim-kim olub və ya millət qarşısında hansı xidmətləri göstərib. Hələ də başa düşmək istəmirlər ki, AXCP sədri onlardan özünə lazım olan qədər istifadə edir. Onun Millətə, Dövlətçiliyə xidmət etmək fikri yoxdur. O, sıravi üzvlər barəsində zərrə qədər düşünsə idi, onları bələdiyyə seçkilərində iştirak etməyə dəvət edər, dəstək verərdi. Bəlkə 5-10 AXCP üzvü həmin seçkilərdə uğur qazanacaqdı?

-Bəs, Siz nə üçün üzvlərinizin bələdiyyə seçkilərində iştirakına şərait yaratmadınız?

-Açıq söyləyim, biz çox çətinliklə partiyanı formalaşdırmağa çalışırıq. Hələlik, etiraf edim ki, ölkə üzrə keçirilən seçkilərdə iştirak etmək imkanımız xaricindədir.

-Milli Məclisə bu il keçiriləcək seçkilərdə iştirak edəcəksinizmi?

-Çalışırıq…Hələ heç nə deyə bilmərəm. Çünki bir neçə dəfədir ki, seçkilərə az qalmış məni həbsxanaya “ezam” edirlər. (gülür)

-İndi Ə.Kərimli tərəfdarlarına sizin barənizdə sualla müraciət etsək, sizi xəyanətkarlıqda, iqtidara işləməkdə suçlamazlarmı?

-Azərbaycan siyasətinə şantajı, əxlaqsızlığı Ə.Kərimli gətirib. O, zamanında Əbülfəz Elçibəyi də şantaj etməkdən çəkinməyib. Rəqiblərini bir qrup tərbiyəsiz tərəfdarı tərəfindən təhqir etdirməklə həzz alıb. İndi etdikləri bumeranq kimi üstünə qayıdır. Daha öncə də məni həbsxanaya ezam edənlər, Ə.Kərimli və 3-4 tərəfdarına mandat hədiyyə edib, parlament müxalifəti obrazı yaradırdılar. Bu gündə Əliyə, Cəmil Həsənliyə, 3-4 mandat hədiyyə versələr, qaça-qaça Milli Məclisdə əyləşəcəklər. Mənə bu iqtidar nə verib ki, həbsxana zillətindən savayı. Əli və tərəfdarları başqasının üstünə haray-qışqırıq sala bilərlər. Mənimlə “zarafat” etməyə nə gücləri, nədə ki, başları çatmaz. Əli özü canla-başla iqtidara xidmət edir. Açıq söyləsəm, iqtidardakı bir klana… “Azadlıq” qəzetinin bir-iki illik arxivini izləsəniz, söylədiyimin həqiqət olduğunu müəyyən etmək çətin olmazdı.

-Maraqlıdır, hansı klana xidmət edir ki?

Ardı var…
Nicat Sadiq

SHARE
Previous articleDemokratiyadan avtoritarizmə
Next articleİflas!

LEAVE A REPLY