Qarşıda bizi nələr gözləyir?

0
5

Milli valyuta sərbəst buraxıldı!
Qarşıda bizi nələr gözləyir?

Mərkəzi Bankın milli valyutamızın artıq dollara indeksli olmayacağı və məzənnənin sərbəst buraxılması barəsindəki qərarını fevralın 16-da Bankın idarə heyətinin sədri Elman Rüstəmov açıqladı. Bəs, bu qərar özlüyündə nə deməkdir? Yəni, indiyə qədər manatın beynəlxalq valyutalar qarşısında dəyərini süni şəkildə qorumaq üçün sərf edilən zəhmətin gərəksiz olduğunu anlayan rəsmilərimiz bu işdən vaz keçərək manatın beynəlxalq valyutalar qarşısındakı əsil dəyərini qazanması üçün onu sərbəst buraxıblar.
Bu mahiyyətcə daha yaxşı seçimdir və illər öncədən atılması lazım olan addım idi. Çünki qeyri-rəsmi məlumatlara görə, kursun sabit şəkildə saxlanılmasını təmin edə bilmək üçün hər il dövlət dörd milyard manata yaxın pul xərcləyirdi ki, bu da Azərbaycan gerçəkliyində olduqca böyük bir məbləğdir. İqtisadiyyatımızın olduqca zəif inkişaf etdiyi, ağır sənayemizin yox səviyyəsində olduğu və sadəcə büdcəmizin deyil, elə bütövlükdə iqtisadiyyatımızın da neft sektorundan asılı olduğu bu günkü dönəmdə rəsmilərimiz infilyasiyanın qarşısını ala bilmək üçün bu strategiyadan, yəni manatın beynəlxalq valyuta qarşısındakı kursunu süni şəkildə qoruyub saxlayaraq həm Azərbaycanda infilyasiyanın minimum səviyyədə olduğu, həm də iqtisadiyyatımızın möhkəmləndiyi imicini verməyə çalışırdılar. Amma xam neftin qiymətindəki gözlənilməz düşüş, qonşularımızdan Rusiyanın ağır iqtisadi böhranın pəncəsində can çəkişməsi və İranın dollardan dövlət səviyyəsində tamamən imtina etməsi kimi faktorlar manatın süni şəkildə dəstəklənməsi zərurətini ortadan qaldırmaqla bərabər ayrıca iqtisadi cəhətdən də bunu mümkünsüz etməkdədir.

Bəs, indi nə olacaq? Məsələnin elə əhalinin maaşa baxan orta və aşağı təbəqəsi üçün maraqlı olan tərəfi də elə bu deyilmi? Təbii ki, istər istəməz manat dollar qarşısındakı əsil dəyərini tapana qədər ucuzlaşmağa davam edəcək. Bunun ilk şok təsiri yaxın bir neçə gün ərzində görünəcək. Belə ki, dolların qalxacağını bilən və banklardan valyuta ilə borclanmış şəxslər- bunlar əsasən ev və avtomobilərini valyuta krediti ilə alanlardır, krediti geri ödəmələrində daha çox ziyana düşməmələri üçün təbii instinklə hərəkət edərək əllərindəki bütün vasitələrlə borclarını bağlamağa çalışacaqlar. Bu gün Azərbaycanda banklara borclu olanların sayının təxminən iki milyon iki yüz min nəfərdən artıq olduğunu bilməklə yanaşı, bu şəxslərin neçə faizinin valtyuta ilə borclandığını bilməməkdəyik. Bununla belə, valyuta borcu olanların borclarından ən qısa müddətdə yaxa qurtarmaq istəyəcəkləri dəqiqdir ki, bu da öz növbəsində valyuta dəyişmə məntəqələrində dolların qıta çıxacağı deməkdir. Dollar bazarda azaldıqca tələb təklifi üstələyəcəkdir ki, bu da öz növbəsində istər-istəməz qiymətlərdə də bahalaşma üçün yeni təkan olacaqdır.
Manatın dollar qarşısında ucuzlaşması sadəcə banklara kredit borcu olanlar üçün təhlükə mənbəyi deyil, bütövlükdə dükandan bazara, özəl xəstəxanalardan otellərədək valyutaya indeksli şəkildə çalışan sahələrdə bahalaşmanın olacağı deməkdir. Yuxarıda iqtisadiyyatımızın zəifliyindən nahaq yerə bəhs etmədik. Normal elektronika məhsullarından tutun, istirahət mərkəzlərinədək dünyanın ən bahalı mal və xidmətlərini almaq məcburiyyətində qalan Azərbaycan vətəndaşları üçün bütün bu mal və xidmətlər əlçatan olmaqdan çıxacaq, sadəcə kiçik bir zümrənin istifadə edə biləcəyi mal və xidmətlər sırasına girəcəkdir. Məsələn, iphone 6 telefonlarını götürək. Keçən ilin sentyabırında bazara çıxan bu telefonlar dünya üzərindəki bütün distrübütorlarda 750 dollardan satışa çıxmasına baxmayaraq, Azərbaycanda əvvəlcə 1600 manatdan satıldı və indi ucuzlaşaraq 750 manata müştərilərə təqdim edilməkdədir ki, bu qiymətin belə malın əsil dəyərindən nə qədər bahalı olduğunu siz özünüz düşünün. Bunun səbəbi əlbəttə ki, manatın süni şəkildə qorunub saxlanan dəyəri deyildir, Azərbaycanda baş alıb gedən və bəlli “çinovnik”lər arasında bölüşdürülən monopoliyadır.
Mərkəzi Bankımız manatın altından əlini çəkmişkən, elə Gömrük komitəsi də monopoliyalarla mübarizə etsəydi və təbii ki, bu mübarizəni edərkən digər əlaqədar dövlət qurumlarından dəstək alsaydı yaxşı olardı. Hər halda bütün hadisələrin yaxşılığa doğru dəyişəcəyini ümid edərək, gözləyək…

Turan Türk

LEAVE A REPLY