Putinin “Ukrayna planı”nda nələr var?

0
5

Zaur Muradxanlı

Donbasda həssas atəşkəs…

Putinin “Ukrayna planı”nda nələr var?

Olland və Merkelin vasitəçilik səyləri, həmçinin Kerrinin Kiyev səfəri nəticəsində fevralın 15-dən etibarən keçərli olmaq şərti ilə münaqişə tərəfləri, yəni Ukrayna mərkəzi hökuməti ilə qiyamçı Donetsk və Luqansk tərəfləri arasında atəşkəs sazişi imzalandı. Bu sazişin şərtlərinə görə iki həftə müddətində hər iki tərəf də cəbhə xəttindən ağır silahları və döyüş texnikasını geri çəkəcək, bundan əlavə girov və hərbi əsirlərin qarşılıqlı surətdə bir-birinə təhvil verilməsi də nəzərdə tutulur.
İndi Ukrayna prezidenti Pyotr Proşenkonun diqqət mərkəzində duran əsas məsələ Port Artemovada mühasirəyə düşən səkkiz min nəfərlik Ukrayna hərbi birləşməsinin talehidir. Separatçılar və onların tərəfindən döyüşən rus nizami ordu bölmələri heç kimi blokadaya salmadıqlarını bildirərək mühasirədəki əsgərləri tamamən məhv etməyə çalışsalar da, onların mövcud olduğu bölgədən ara sıra da olsa döyüşlərin getdiyinə dair xəbərlər gəlməkdədir. Sadəcə Port Artemovada deyil, elə təmas xəttinin digər hissələrində də atəşkəsin ilk saatlarında altı dəfədən çox atəşkəsin pozulduğu barədə məlumat verilməkdədir. Bu məlumatlardan sonra ABŞ prezidenti Barak Obama ilə telefonda görüşən Proşenkonunun əgər atəşkəsə əməl olunmazsa, atılacaq addımları əlaqələndirmək haqqında razılığa gəldikləri bildirilir.
Təəssüf ki, istərsə ABŞ, istərsə də Avropa Birliyi bu gün Ukraynanı Rusiya və Donbas separatçıları qarşısında yalnız buraxmaqdadırlar. Əvvəlcə söz verdikləri kimi nə maddi, nə də silah yardımları göstərilməməkdə, hər gün iqtisadi böhranın pəncəsində bir az daha sarsılan Ukrayna iqtisadiyyatı gün keçdikcə daha da məhv olmaqdadır. Buna qarşı rus iqtisadiyyatı da hər nə qədər iqtisadi böhran keçirsə də, rubl dolların qarşısında gün keçdikcə daha da deyərini itirsə belə rus ordusu yeni modernləşdirmə planlarının həyata keçirilməsi sayəsində sürətlə qüvvətlənmə imici qazanmaqdadır. Xüsusən, kalaşnikov avtomatlarının moderinləşdirilməsi, habelə dünyada ən mükəmməl sayılan s-400 hava hücumundan müdafiə raketlərinin istehsalının artırılması və on min kilometr mənzilli qitələrarası tobol raketlərinin mobil versiyalarının istehsalının üzərində iş aparılması bu imici möhkəmləndirməkdədir. Əlbəttə ki, amerikan avtomatlarının ən modern versiyaları olan m-165-lər hər nə qədər yüngül, daşınmağa əlverişlı və atəş üstünlüyünə malik olsalar da, mexanizmlərinin mürəkkəbliyi baxımından dünyada ən geniş yayılmış atıcı silah olan kalaşnikovlara uduzmaqdadırlar. Habelə s-400-lərlə dünyada müqayisə oluna biləcək ikinci bir hava hücumundan müdafiə sistemi yoxdur, belə ki, bu raketlər qarışıq hava döyüşləri zamanı qətiyyən səhvdən düşüb dost təyyarə və ya raketlərə toxunmazlar, çünki üzərlərinə yerləşdirilmiş xüsusi texnologiya vasitəsilə ötürülən siqnallardan dost-düşmən ayırımını edə və beləliklə də ancaq kodlarını tanımadıqları vasitələri məhv edirlər.Əvvəlcə Donbas regionunda münaqişənin yaranma tarixçəsinə və səbəblərinə qısaca nəzər salaq.

2013-cü ilə qədər Ukraynada hakimiyyətdə olan Rusiya yönümlü regionlar partiyası və prezident Yanukoviçin sayəsində Rusiya ilə münasibətlər çox yüksək səviyyədə idi. Belə ki, etnik cəhətdən bu iki qardaş toplumun arasında nə toplumsal, nə də dövlətlərarası hansısa münaqişə zəmini yox idi və mehriban qonşuluq siyasəti hər iki ölkənin də yoxsul xalq kütlələrinin mənafelərinə cavab verəcək şəkildə idi. Lakin 2013-cü ilin payızında Avropa Birliyi ilə Rusiyanın Ukrayna üzərindəki gizli mübarizəsi su üzünə çıxdı. İmperialist ambisiyalarını yerə qoymaq istəməyən ruslar hər vəchlə çalışaraq Ukraynanı Avropadan kənarlaşdırmağa, Avropa Birliyi isə əksinə, bu zəngin ölkəni öz zəngin iqtisadiyyatı və yüksək yaşam tərzi ilə cəlb edərək öz tərəflərinə çəkməyə çalışırdılar. Bunu ukraynalıların qara qaşlarına, ala gözlərinə aşiq olduqlarından deyil, daha çox Rusiya ilə arada bufer zona yaratmaq və eyni zamanda Rusiyanın genişlənərək ən azından keçmiş SSRİ sərhədlərinə çıxmaq cəhdlərinin qarşısını almaq istədiklərindən edirdilər. Amma bayaq da qeyd etdiyimiz kimi Ukraynada hakimiyyətdə Rusiya meyilli Yanukoviç və onun partiyası idi. Belə olan şəraitdə Avropa Birliyi Ukrayna müxalifətini qızışdıraraq hakimiyyəti ələ keçirməyə təhrik etməli, Rusiya isə Yanukoviçdən Avropa İttifaqı sözləşməsinə imza atmamasını tələb etməli idi. Bu iki gücün ikisinin də istədiyi oldu. Əvvəlcə Yanukoviç Avropa İttifaqı sözləşməsini imzalamaqdan imtina etdi və Rusiya ilə on beş milyard dollarlıq kredit anlaşması imzalandı. Daha sonra bizi aparıb rusların qoltuğunun altına soxmayın deyən müxalifət ayağa qalxdı və Kiyevdə günlərcə davam edən mitinq və qarşıdurmalardan sonra Yanukoviç ölkəni tərk edərək əvvəlcə Rusiyayönümlü Xarkov vilayətinə, daha sonra isə Moskvaya qaçdı. Əlbəttə xalq kütlələrinin Yanukoviçi hakimiyyətdən uzaqlaşdırması onun ən önəmli dəstəkçisi Rusiyanın qəzəblənməsinə səbəb olmuşdu. Ukrayna ərazisindəki narazı qüvvələri təhrik edərək onları bir qüvvə ətrafında toplamaq və qiyama qaldırmaq istəyən Rusiya zəif həlqələri tapmaqda çətinlik çəkmədi. İlkin olaraq əhalisiinin altmış faizinə yaxınını rusların təşkil etdiyi Krım vilayəti mərkəzi hökumətdən ayrılmağa təşviq edildi. Krımın rus idarəçiləri və hərbi dəniz donanmasının böyük bir qismi bu təşviqə cavab verərək Ukraynadan ayrıldıqlarını elan edərək referendum keçirəcəklərini bəyan etdilər. Bu vaxt artıq yarımadada yaşayan rusların təhlükəsizliyini təmin etmək bəhanəsi ilə gələn rus ordusu demək olar ki, yarımadanın əsas strateji obyektlərini nəzarətə götürərək Ukrayna silahlı bölmələrini təcrid etmiş, dislokasiya rayonları ərazisindən kənara çıxmalarına imkan vermirdilər. Bütün bunlar əlbəttə ki, Ukraynadakı hakimiyyət boşluğu fonunda baş verirdi. Belə ki, Yanukoviç ölkəni tərk etdikdən sonra hələ yeni prezident seçkiləri keçirilməmişdi və ölkə müvəqqəti hökumətin idarəsi altında idi. Mart ayının ortalarında Krımda keçirilən qeyri qanuni referendumun nəticələrinə görə Krımın Rusiyaya birləşdirilmə qərarı çıxdı. Əlbəttə ki, bu qərar dünya ictimaiyyəti, həmçinin də təbii olaraq Ukrayna hökuməti tərəfindən birmənalı şəkildə tanınmadı və rus süngülərinin kölgəsində keçirildiyindən tanınması da gözlənə bilməzdi. Amma ruslar üçün nə dünya ictimaiyyətinin, nə də Ukrayna mərkəzi hökumətinin məsələyə münasibəti maraqlı deyildi, onlar üçün maraqlı olan tək şey ölkələrinin imperialist maraqlarının təmini idi və bunu etmək üçün də heç bir addımdan çəkinməyəcəklərini göstərmək istəyirdilər ki, elə Krım məsələsindəki radikal tutumları da bunun ən açıq dəlili idi. Yarımadanın ilhaqından sonra Donbas regionunda davam edən müharibə qismən də olsa səngidi, amma bu səngimə müvvəqqəti idi və Rusiya tərəfdarları əslində güc toplamaq, Rusiyadan aldıqları müasir silah sistemləri və ağır texnikadan istifadə qaydalarını könüllü adı ilə müxtəlif bölgədən topladıqları muzdlu döyüşçülərinə öyrətmək istəyirdilər. Rusiyanın da öz növbəsində Krım yarımadasını işğal etdikdən sonra həm federasiya ictimaiyyəti nəzdində işğalçı imicini az da olsa silə bilmək, həm də dünya ictimaiyyətindən gələ biləcək sərt təpkilərin dozasını ölçmək, habelə qarşı addımları düşünmək üçün zamana ehtiyacı var idi.

Bütün bu olayların fonunda 25 may tarixində Ukrayna öz yeni-Qərb yönümlü prezidentini, milyarder iş adamı Pyotr Proşenkonu seçdi. İşğalçı kimi görünməkdən xoşlanmayan Rusiya ilk mərhələdə imicini dəyişdirə bilmək və Qərbin tətbiq etdiyi sanksiyaları zəiflətmək üçün Ukraynaya ixracını kəsdiyi təbii qazın satışına yenidən başladı, Donetsk və Luqansk vilayətlərinin separatçı hökumətləri ilə mərkəzi hökumət arasında vasitəçi ola biləcəyini bildirdi. Amma bütün bunlar baş verərkən Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi Donetskin səmasında separatçıların istifadə etdiyi s-200 raketi ilə vuruldu. Əlbəttə bu düpədüz provakasiya və qiyamçıların nəzarətində olan ərazilərin hava sərhədlərinin də mülki uçuşlara bağlanması demək idi. Ayrıca qısa müddətli təlimlərlə nə hansısa muzdlu döyüşçünün, nə də könüllü birliklərin üzvlərinin bu qədər mürəkkəb silahlardan istifadə etməsi mümkün olan iş deyildir. Əlbəttə ki, Donbas ərazisindəki istərsə müasir hava hücumundan müdafiə vasitələri olsun, istərsə də uzun mənzilli reaktiv artilleriya qurğularınadək hamısının Rusiyadan gəlmiş hərbi birləşmələrin əsgərləri tərəfindən istifadə olunduğu şübhəsizdir. Elə ABŞ xarici işlər naziri Con Kerri də Kiyevə son səfəri zamanı “biz rus tanklarının Ukrayna ərazisində at oynatmasına yol verə bilmərik” deyərkən bir tərəfdən də bizim sözlərimizi təsdiqləyirdi.
Son aylarda Rusiya dəstəkli separatçı birlikləri Ukraynanın Azov dənizi sahilindəki metallurgiya şəhəri Mariuopolu almaq üçün genişmiqyaslı əməliyyatlara başlamışdılar. Yarım milyonluq əhalisi olan bu şəhəri almaqda separatçıların məqsədinin Krıma quru yolu açmaq olduğu söylənməkdədir. Məntiqlə düşünsək Krıma yol separatçıların nəyinə lazımdır? Bu yarımada artıq Rusiya tərəfindən işğal olunub və Rusiyanın ana ərazisi ilə sərhəd olduqları halda bir də yenicə işğal etdiyi yarımada ilə niyə sərhəd olmaq istəsinlər ki? Əlbəttə bu separatçıların öz fikri deyildir, Krımla quru əlaqəsi olmayan və bu yarımadaya sadəcə Kerç boğazından çıxışı olan rus imperialistlərinin fikridir. Çünki Rusiya bir daha Donbas regionunu Ukraynaya geri qaytarmaq barədə düşünmür və elə buna görə də separatçıların arxasında gizlənərək əslində öz nizami ordu bölmələri ilə Krıma qurudan yol açmaq, sonra da Abxaziya və Osetiya modelində olduğu kimi Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıyaraq rəsmən olmasa da, faktiki bu regionu ilhaq etməklə yenicə işğal etdiyi Krıma daha rahat və qısa yolu həmişəlik nəzarətində saxlamaq istəyir. Rus strateqlər yaxşı başa düşürlər ki, Krım yarımadası sadəcə Rusiyanın gözəl və bərəkətli ərazilərini genişləndirməklə qalmır, həm də bu yarımada Rusiyanın bütün qara dəniz regionuna nəzarət etməsini təmin edəcək qədər əhəmiyyətli torpaq parçası, necə deyərlər Rusiyanın Qara dəniz regionundakı hərbi bazaları ilə bərabər ən güclü qalasıdır. Əlbəttə indiki danışıqlarda Ukrayna tərəfi Donetsk və Luqansk vilayətlərinə muxtariyət verməyi və beləcə də dövlət quruluşunu unitardan federasiyaya dəyişmək barədə öhdəlik götürüb. Gələcəkdə federasiya subyektlərinin hüquqlarının nə olacağı daha sonra müəyyən ediləcək. Bir şeyi də nəzərə almamız lazımdır ki, rus barmağının olduğu yerdə nə tam atəşkəs, nə də sözün əsil mənasında sülhdən söhbət gedə bilər. Ayrıca artıq bu bölgənin yenidən Ukrayna mərkəzi hökumətinin təsiri altına girməsi yuxarıda qeyd etdiyimiz səbəblər dolayısı ilə rus şovinizminin hakimiyyətdəki bir nömrəli təmsilçisi Vladimirin maraqlarına ziddir. Bütün bu səbəblər toplamından isə bir nəticə çıxmaqdadır. On mindən artıq insanın ölümü, ondan qat-qat artığının yaralanması və bir milyona yaxın Ukrayna vətəndaşının yer yurdundan didərgin düşməsindən sonra əldə edilən bu atəşkəs olduqca zəif, hər an qırıla biləcək qədər həssasdır.
Atəşkəsin nə qədər davam edəcəyini zaman, nəticələrini tarix göstərəcəkdir. Amma yazımızın sonunda onu da qeyd etməliyik ki, Ukraynanın Avropa və Amerikadan gözlədiyi köməyi vaxtında və lazımı qədər ala bilməməsi də bu ölkə xalqı kimi hakimiyyətinin də küskünlüyünə səbəb ola bilər. Buna görə də Qərbin zəngin və inkişaf etmiş dövlətləri ən azından Ukrayna dövlətini iqtisadi böhranın pəncəsindən qurtara bilmək üçün əllərini ciblərinə atmaları lazımdır. Daha nəyi gözləyirlər, Ukrayna iqtisadiyyatının tamamən məhv olmasınımı? Əlbəttə, Ukrayna milli valyutasının bu qədər sürətlə dəyərsizləşməsi və valyutanın dəyər qazanması ölkənin milli qüvvələrinin əlini zəiflədə, Rusiya tərəfdarlarının səsinin daha yüksəkdən çıxmasına səbəb ola bilər ki, bu da arzuolunmaz haldır. Əgər Rusiya ilə mübarizə aparırsanız onun qarşısında dayanan qüvvələrə, indiki halda Ukraynaya maddi mənəvi cəhətdən əlinizdən gələn köməyi etməlisiniz. Təəssüf ki, bu nöqtədə Qərb sınaqdan keçə bilməmişdir. Sadəcə vasitəçilik səyləri ilə bir şey əldə etmənin mümkünsüz olduğunu anlamaları lazımdır, sonra çox gec ola bilər.

LEAVE A REPLY