5 4 0 6 can . . .

0
5

5 4 0 6 can . . .

Dünya qadınlarının ortaq taleyi.

AKP iqtidara üç YYY şüarı ilə gəldi. Yəni yoxsulluqla, yolsuzluklarla (korrupsiya) və yasaqlarla mübarizə… 2013- cü ildən bəri bu üç şüarın hansında sözünü tutdu AKP-li siyasətçilər? Əlbəttə, heç birində. Millətin gözünün içinə baxa-baxa yalan danışmaqda nəinki kimsə onların əlinə su tökə bilməz, hətta şeytana papağını elə tərs geyindirərlər illər uzunu xəbəri olmaz. Dindar görüntülü, hər cuma namaz adına məscidlərə şəkil çəkdirib “Allah adamı” görüntüsü verməyə gedən bu ikiüzlü, sadəcə ciblərini və yanlarındakıların mənafelərini düşünən partiya daha nələr etmədi ki, qardaş Türkiyə xalqına!?
Xüsusən də liderləri Ərdoğan və onun ən yaxın adamlarının həm Wikiliks sənədlərinə görə başgicəlləndirici sürətlə zənginləşməsi, həm də özləri zənginləşərkən sadə türk xalqının göz görə-görə yoxsulluq girdabına sürüklənməsi (türk statistika qurumunun son məlumatına görə Türkiyə vətəndaşlarının iyirmi doqquz milyon nəfərlik böyük bir bölümü, yəni üçdə birindən daha artığı aclıq sərhəddində yaşayır-Zaur) və bütün bunların fonunda bu dar zehniyyətli insanların demokratiyanı sadəcə seçimdən seçimə səs vermək olaraq anlayıb seçim zamanları telereklam çarxlarında bir də utanmadan “amacımız millət, görəvimiz hizmət” adlı reklam çarxları yayınlayaraq insanları aldatmaları daha nə qədər davam edəcək?
Biz AKP iqtidarının Türkiyə üçün gördüyü “əvəzsiz” işlər barəsində keçən saylarımızda bəhs etmişik. Diqqətli oxucularımızın vaxtını bu barədə məlumatlarla almayaraq, bu dəfəki yazımızda AKP hökuməti və qadın mövzusunu işləməyə çalışacağıq.
Bəli, məhz AKP hökuməti dönəmində elə bu hökumətin ailə və qadın naziri Ayşə xanımın da açıqlayarkən qətiyyən utanmadığı kimi qadına qarşı zorakılıq halları 2008-ci ildən bu yana on dörd qat artdı və hər nə qədər dövlət qurumları əlimizdə rəsmi statistik məlumatlar yoxdur desələr də, qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə 5406 qadın zorakılığa məruz qaldıqdan sonra həyat yoldaşları, sevgililəri və ya cinsi həvəsini təxmin etmək istəyən sadist ruhlu insancıqlar tərəfindən öldürüldü. Bu məlumat sizə şişirdilmiş görünməsin, bəli, tam tamına 5406 qadın…
Bəs, mitinq meydanlarından boğazı cırıla- cırıla İsraili tənqid edib, sonra da ikiüzlülük edərək İsraildən idxal olunan mallara gömrük vergilərini tətbiq etməkdən boyun qaçıran, xalqı yəhudi düşmənliyinə təhrik edib özləri dost görünmək üçün dövlət büdcəsindən hər il Amerikadakı yəhudi mənşəli lobbi təşkilatlarına milyonlarca dollar vəsait bağışlayan AKP-li liderlər, görəsən, türk qadınının dərdlərindən xəbərsizdilərmi? Qəzza, Suriya, ya da nə bilim bəlkə heç özlərinin də xəritədə yerini göstərə bilməyəcəkləri Afrika dövlətlərinin xalqlarının dərdləri ilə maraqlanırlar. Əlbəttə ki, hər şeydən xəbərləri vardır. Ərdoğanın Türkiyədəki prioritet məsələlərindən biri də qadını nəinki ictimai həyatdan, hətta çalışa biləcəyi bütün sahələrdən təcrid etmək, onun kişilərlə bərabər hüquqlu olmadığını cəmiyyətə empozə edərək daim qapı arxasında qala bilməsini təmin edə bilməkdir. Nə səbəbdəndir bilmirəm, amma, bütün bunlar dindar görüntülü bu siyasətçilərin Allahın və onun rəsulunun xanımlara verdiyi dəyərin mində birini belə vermək istəmir. Qadını sadəcə uşaq doğan vasitə kimi görürlər ki, bu yanlış da təəssüflər olsun ki, artıq öz nəticələrini göstərməkdədir. İnanmaqda tərəddüd edən oxucularımız üçün sadəcə bir misal verəcəyəm. Dünya İqtisadi Forumu hər il bu foruma qatılan ölkələrdəki insan hüquqları, qadın haqqları və sair mövzularda araşdırma aparır və bu araşdırmanın yekunu da dünya ictimaiyyəti üçün açıqlanır. 2002-ci ildən bəri keçən on üç ildə Türkiyədə qadınlar iş həyatında iştirak sıralamasında iyirmi pillə geriləyərək 142 ölkə arasında 128 pilləyə düşmüşdür. Bu AKP zehniyyətinin qadınlara münasibətinin ən açıq örnəyi deyil, nədir? Hələ bir neçə il öncə AKP Konya millət vəkilinin xanımını bəzi türk tv kanalları göstərirdi. Yanlış anlamayın, o xanım hansısa xeyriyyəçilik və ya başqa bir təqdirəlayiq işinə görə telekanallara çıxmamışdı. O xanımın həyat yoldaşı (təəssüf ki, adını unutmuşam, yoxsa o insan adlı məxluqun adını oxucularımızla paylaşmaq istərdim-Zaur) üçüncü dəfə evlənmək və əvvəlki iki xanımının yaşadığı evə üçüncü xanımını da gətirmək istəmişdi. Amma birinci xanımı artıq bu qədər təhqirə dözə bilməyərək etiraz etdikdə isə millət vəkili olan yoldaşı onu vəhşicəsinə döyərək sifətinin göyərməsinə səbəb olmuşdu. AKP ən azından partiya daxilində o sadist millət vəkilinə qarşı tədbir gördümü? Təəssüf ki, xeyr!

Türk ailə həyatında “günü”lər gün keçdikcə artmaqda, AKP-nin özünü mühavizəkar adlandıran hökuməti də buna çanaq tutmaqdadır. Ötən ilə qədər birbaşa Ərdoğan özünün hər ortamda üç uşaq istəyini dilə gətirməsi də türk iqtidarının qadınlara baxış tərzini ortaya qoyan önəmli olaydır. Gənclərin işsizlik səviyyəsinə görə Avropada birinci yeri tutan, məktəb siniflərinin əksəriyyətində qırxdan artıq uşağın eyni sinifi paylaşmaq məcburiyyətində qaldığı, aclıq və yoxsulluğun insanları məngənə kimi sıxdığı günümüz Türkiyəsində üç uşaq kimin nəyinə lazımdır? Yetərincə məktəb və səhiyyə quruluşu olduqdan, valideynlərin iş təminatı, qadınların çalışıb çalışmamasından asılı olmayaraq müəyyən bir müddətədək müavinət alabiləcəyi bir ölkədə baş nazirin çıxıb sözlə təşviq etməsinə onsuz da ehtiyac yoxdur. İstəyən üç, hətta beş uşaq dünyaya gətirəcəkdir, istəməyənsə elə biri ilə kifayətlənəcəkdir.
Bir azda son günlərdə türk ictimaiyyətinin hiddətinə səbəb olan cinayət hadisəsindən danışaq. Mərsinli universitet tələbəsi iyirmi yaşlı Özgəcan Aslan universitetdən çıxıb evlərinə getmək üçün mikroavtobusa əyləşib. Yolda əvvəlcə sözlü sataşmaya məruz qalan qızcığaz çantasında gəzdirdiyi gözyaşardıcı qazdan istifadə edərək qaçmağa çalışsa da, təəssüf ki, məqsədinə müvəffəq ola bilməyib. Mikroavtobusun sürücüsü tərəfindən zorlandıqdan sonra öldürülən və cəsədi yandırılaraq bir dərəyə atılan (Cin dərəsi) Özgəcanın qatilləri jandarmanın sayıqlığı sayəsində bölgədən uzaqlaşmağa macal tapmamış həbs ediliblər. Türkiyənin müxtəlif qeyri hökumət təşkilatları və siyasi partiyalarının liderləri məsələyə münasibət bildirməkdə gecikməyiblər. Çünki bu qətl həyata keçiriliş tərzi baxımından əsil vəhşilik örnəyidir. Ayrıca Özgəcanın qətli hər gün eyni istiqamətdə marşurut vasitələrindən istifadə etmək məcburiyyətində qalan digər tələbələr arasında da təşviş hissi doğurmaqdadır. Onlar haqlı olaraq can güvənliklərindən əmin olmadıqlarını və bu gün Özgəcanın başına gələnin sabah hansının başına gələ biləcəyini bilmədiklərini deyirlər.
Digər bir məsələ isə Özgəcanın qətlindən sonra sosial media, xüsusən Tvitter üzərindən məsələ ilə bağlı aparılan müzakirələrdir. Tanınmış müğənnilərdən Nihad Doğan bir dostu ilə yazışmasında təxminən aşağıdakı ifadələri işlədib; dünyəvi dövlət quruluşunun gətirdiyi sərbəstliklə mini ətək geyinənlər bunun nəticələrini də düşünməlidirlər. Bir başqası, “Yeni Şafaq” qəzetinin xanım yazarı isə Tvitter üzərindən paylaşdığı mesajında; nə olmuş yəni, Amerikada hər iki dəqiqədə bir qadın zorlanır, odur ki, ağzınızı bağlayın, deyə mesaj paylaşıb. Xüsusən, bu qadın yazarın paylaşdığı mesaj qan donduran cinsdəndir və qətiyyən humanizmlə yaxından- uzaqdan əlaqəsi yoxdur. Onu da xatırladım ki, “Yeni Şafaq” hökümətə ən yaxın media orqanlarından biridir.
Qeyd edim ki, bu hadisənin fonunda dünyada və ölkəmizdə də bütün diqqətlər qadınların üzləşdiyi zorakılıq faktlarına yönəldib. Türkiyəni ayağa qaldıran hadisəyə dünyaca məşhur insanlar reaksiya verərək cəmiyyəti qadın zorakılığına son qoymağa çağıblar. Təəssüf ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə xoşagəlməz hadisələr baş verir. Zorakılıq hadisələri Azərbaycandan da yan keçmir.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Azərbaycanda zorlanma hallarından danışıb. Hüquq müdafiəçisi deyib ki, cəmiyyət əksər hallarda günahı zorlananda görür:

“Cəmiyyətin belə reaksiyası var: qadın zorlanıbsa, bunda elə qadın günahkardır. Bu münasibəti əsaslandıran atalar sözləri, məsəllər var- “Düyə göz eləməsə, kələ sıçramaz”. Belə fikirlər ictimai şüurda var və ona görə düşünürlər ki, zorlanan qadın özü günahkardır. Yəni o imkan yaratmasa, belə hadisə də olmazdı. Hətta qadınlar bu barədə belə düşünür”.

Birlik rəhbəri deyir ki, Türkiyədəki hadisə Azərbaycan üçün də yad deyil.

“Türkiyədə Güclü Qadın Hərəkatı var. Məhz bu hərəkat “Özgəcan hadisəsi”ni ictimailəşdirdi. Kişilərin bu hərəkətinə ciddi təpki göstərildi. Lakin bizdə stereotiplər o qədər güclüdür ki, hətta zorlanmış qadın bu barədə kiməsə məlumat verməyə çəkinir. Bu cür yanaşma, qadınlara daha çox əxlaqsız damğası vurulması onları daha çox özlərinə yığır və bu kimi cinayətləri gizlətməyə vadar edir. Bəzi hallarda zorlanma ilə bağlı məlumatlar verirlər. Lakin məlumat çox gec olur. Cinayətkarın cəzalandırılması da mümkünsüz olur. Ola bilər ki, hər hansı hadisə hüquq-mühafizə orqanlarına çatır, onunla bağlı cinayət işi başlanılır. Lakin hüquq mühafizə orqanları ilə qadınlar arasında ciddi əməkdaşlıq olmadığından zorlanma halları vaxtında gündəmə gəlmir”.

Zaur

LEAVE A REPLY