Əli Kərimli nə üçün sevinir?
Qubad İbadoğlu necə aldadıldı?
AXCP sədri Əli Kərimli son zamanlar sevincini gizlədə bilmir. Səbəbini təhmin etmək elə də müşkül iş deyilmiş. Bunun üçün sadəcə olaraq onun əsas rəqiblərindən sayılan Müsavat başqanı Arif Hacılının düşdüyü duruma nəzər yetirmək kifayət edir.
Müsavat hər gün böyük itkilər verdikcə AXCP sədri sanki Qarabağı fəth etmiş kimi görünür. Bir müddət öncə Müsavat başqanı Arif Hacılı AXCP sədri ilə görüşə bilmişdi. Görüşün əsas məqsədi gizli saxlanılsa da, həmin görüşün müsavatçılar üçün böyük önəm kəsb etməsi sirr deyildi. Belə ki, müsavatçılar Ə.Kərimlinin onları paramparça etmək istəyindən xəbərdardılar. AXCP sədri hələ Müsavatın qurultayından əvvəl dəfələrlə başqanlığa namizədlər-Qubad İbadoğlu və Tural Abbaslıyla görüşərək A.Hacılıyla mübarizədə onlara dəstək verdiyini bəyan etmişdi. Görünən odur ki, həmin mübarizədə-Müsavatın başqanlığı uğrunda gedən mübarizədə T.Abbaslı və Q.İbadoğlu ilə birgə Ə.Kərimli də A.Hacılıya məğlub oldu. Məğlubiyyətlə barışmayanlar çabalarını gücləndirdikcə, daha böyük itkilərlə baş-başa buraxıldılar ki, belə vəziyyət AXCP sədrinin tam ürəyincədir…
Ə.Kərimli hədsiz sevinc yaşayır… İstədiyinə nail ola bilib. Daima rəqib hesab etdiyi Müsavatı az qala Əhməd Orucun “Azadlıq” partiyasına çevirə bilib. İndi A.Hacılı eynən Ə.Oruc kimi tək-tənha görünür və yalnız mətbuata açıqlamalar etməklə “məndə varam” deyir.
Qubad bəyin durumuna nəzər yetirdikcə “Aldanmış kəvakib”i xatırlamalı oluram. Sözün əsil mənasında aldanıb Qubad bəy. Özü də zəmanəmizin Ostap Benderi sayıla biləcək AXCP sədrinə aldanıb. Yəni bu qədər sadəlövhlüyü Qubad bəyə yaraşdırmaq çətin olsa da, reallıq belədir. Axı, kim bilmirdi ki, Ə.Kərimli qarşılaşdığı, razılığa gəldiyi, birgə addımladığı hər kəsi aldada bilib. İndi bəziləri göyçək ağızlarını açıb söyləyəcəklər ki, Ə.Kərimli güclü siyasətçi olduğundan aldada bilir, müxalifət sırasında rəqib tanımaq istəmir. Doğrudan da, əgər belə yaramazlıq siyasət adlandırılırsa, AXCP sədri güclü siyasətçidir.
Qubad bəyə vəd edilmişdi ki, Müsavat başqanlığı uğrunda mübarizədə məğlub olacağı təqdirdə AXCP sədrinin müavini olacaq. İndi belə söhbət gündəmdə deyil. Ola da bilməz… Ə.Kərimli ətrafında güclü simaları sevməyən biridir. Etiraf edək ki, əksər müxalifət lideri elə Əli xislətlidir. Ətraflarına diqqət yetirsəniz, söylənilənlərin həqiqət olduğuna şübhəniz qalmaz.
Müsavatdaxili siyasi oyunlarda kiminsə udduğunu iddia etmək diletantlıq olardı. Tərəflərin hamısı məğlubdur. Düzdür, Müsavatı kiçik özəyə çevirməyin əvəzində başqan A.Hacılının iqtidar tərəfindən deputatlıq mandatı ilə mükafatlandırılacağını proqnozlaşdıranlar da var. Bu isə Müsavatın qələbəsi adlandırıla bilməz. Müsavat məğlub olub, özü də həmin partiyanı Ə.Kərimli öz məkrli oyunlarıyla büsbütün dağıda bilib. AXCP sədri əsas rəqibini darmadağın edə bildiyindən sevincini gizlədə bilmir. Ancaq burada atalarımızın gözəl bir məsəlini xatırlatmaq istəyərdim; “özgəyə quyu qazan, özü düşər”.
AXCP sədrinə sevinc yaşadan digər bir məqam dünya bazarında neftin ucuzlaşmasıdır. O, qəfəsdən çıxmış bülbülün ağac budağına qonub cəh-cəh vurmasına bənzəyən pafoslu çıxışlarını tirajlamaqdadır. Ömrümdə bircə dəfə olsun ölkəsinin hər hansı uğuruna sevinməyən Ə.Kərimli neftin ucuzlaşmasını toy-büsatla qarşılayıb. Diletantlara hesablanmış çıxışlarında birnəfəsə sübut etmək istəyir ki, guya neftin Azərbaycan xalqı üçün bir qəpiklik səmərəsi olmayıb. Gülməlidir, elə deyilmi?
Əslində, Ə.Kərimli ölkədə nələrin baş verdiyindən xəbərdar ola bilməz. Dil “pəhləvanı” sayıla biləcək AXCP sədri illərdir ki, qorxusundan evini yalnız ara-sıra dəvət edildiyi tədbirə qatılmaq üçün tərk edib. Bölgələrə axırıncı dəfə nə zaman səfər etdiyini yəqin ki, heç özü də xatırlaya bilməz. Hələ onu söyləmirəm ki, özünü “ana müxalifət”in lideri adlandıran kəs bircə dəfə olsun qaçqın və məcburi köçkünlərin yaşam şəraiti ilə maraqlanmayıb. Çünki, Ə.Kərimlini ölkəmizdə nələrin baş verdiyi bir o qədər maraqlandırmayıb. O, bütün diqqətini ABŞ departamentinə, AŞPA –ya yönəltmiş kimi görünür. Belə olmasaydı, özündə cəsarət tapıb, bölgələrə səfər edər, yüz minlərlə qaçqın və məcburi köçkünün bir neçə il ərzində şəraitli mənzillərə köçürüldüyündən xəbər tutardı. Əksər şəhid ailələri və qazilərimizin mənzillə təmin olunduğuna şahid olardı. Qazilərimizin hamısının müasir avtomobillərdə hərəkət etmələrini öz gözləriylə görə bilərdi. Nə bilək, bəlkə AXCP sədri də “görə-görə kor olanlar” silsiləsinə aid olanlardandır?!
Təbii ki, ABŞ departamentində, AŞPA-da baş tutan müzakirələrdən həmən xəbər tutan AXCP sədri bilməmiş deyil ki, qaçqın-köçkünlər, şəhid və qazi ailələri üçün inşa edilmiş mənzillər məhz neftdən qazanılan gəlirlərlə ərsəyə gətirilib. Əlbəttə, məlumatlıdır, getməsə də, görməsə də məlumatlıdır. Ancaq nə etmək olar, Ə.Kərimli sevinir və utanıb-qızarmadan sevincini bütün dünyaya bəyan etməyə çalışır. Bax, budur onun siyasi fəaliyyəti…
Ölkəmizdə baş verənlərin hamısıyla razıyam desəm, həm özümü,həm də oxucularımı aldatmış olaram. Məmur təkəbbürü, özbaşınalığı, istintaq və məhkəmələrin ədalətsizliyi, rüşvətxorluq və korrupsiyayla bir çox zaman qarşılaşmalı oluruq. Və həmin neqativ halları pisləməkdəyik. Mövqeyimiz ortalıqdadır. Hüquqları pozulmuş vətəndaşlarımızın dərdinə şərik olub, onlara yardım etməyə də çalışırıq. Öz proqramımıza, yolumuza uyğun olaraq addım-addım irəliləməkdəyik. İqtidara xidmət etmək kimi öhdəliyimiz birmənalı olaraq yoxdur. Ancaq ölkə iqtidarına xaricdən edilən hücumlara qətiyyən sevinmədik. Əksinə, bunu ölkəmizə təzyiq kimi qiymətləndirdik.
Ə.Kərimlidən fərqli olaraq ölkənin ən böyük müxalifət partiyası sayılan Müsavatın dağılmasına da sevinmədik. Çünki xoşbəxtliyimizi, uğurumuzu digərlərinin uğursuzluğunda arayanlardan deyilik. Əksinə, müxalif qüvvələrin toparlanıb, birləşib ölkəmizdə tam demokratik cəmiyyət qurulması naminə iqtidarla sağlam rəqabət aparmasını arzu edənlərdənəm.Mən məhz həmin gün sevincimi gözlətməyəcəyəm. Görəsən, AXCP sədri dağıntılara, uğursuzluqlara nə üçün sevinir?
Nicat Sadiq