Xəbərdarlıq: çox qaçmaq sağlamlığa ziyandır
Amerikanın Kardiologiya Kollecinin dərgisində yayımlanan araşdırmaya görə çox qaçmaq sağlamlığa zərər verə bilər.
Alimlər 12 il ərzində daim qaçan və heç vaxt qaçmayan 1000 sağlam insanın üzərində araşdırma aparıblar.
Bu müddət ərzində hər həftə sabit sürətlə cəmi 2 saat yarımdan az qaçanların ölüm riskinin ən aşağı olduğu bəlli olub.
Danimarkada aparılan araşdırmada iştirak edənlər həftəlik məşq rejimləri ilə bağlı suallara cavab veriblər. Cavabları araşdıran elm adamları insanın sağlamlığı üçün ən ideal məşqin saatda 8 km sürətlə və həftədə 3 dəfə, cəmi isə 2 saat yarımı aşmamaq şərti ilə qaçmağın vacib olduğu qənaətinə gəliblər.
Çox qaçmağın niyə zərərli olması barədə qəti bir cavab tapılmasa da, bunun ürəklə bağlı problemlər yaratdığı düşünülür.
Araşdırma nəticələrində deyilir ki, uzun müddət yorucu formada idman etmək ürəkdə patoloji struktur dəyişikliklərə səbəb ola bilər.