Zaur Muradxanlı
Bankların faiz soyğunçuluğu
Banklar vətəndaşları necə aldadır?
Soruşacaqsınız banklarla əlillərin nə əlaqəsi? Az səbr edin öyrənəcəksiniz.Heç banka işiniz düşdümü? Allah eləməsin deyəcəklərə biz də amin deyəcəyik, təəssüf ki, deyənlərə keçmiş olsun. Niyəsini soruşacaq olanlara isə Molla Nəsrəddinin “bilənlər bilməyənlərə anlatsın” lətifəsində olduğu kimi cavablarımızın mahiyyətini anladaq ki, kimsə üçün qaranlıq bir şey qalmasın.
Doğrudur, bank sərmayə, biznes deməkdir. Elə yaradılış qayəsi də sahibinə- bu istər dövlət olsun, istərsə özəl qurum, gəlir gətirmək, onun kapitalının maddi dəyərini artırmaqdır. Deməli, burdan çıxardığımız nəticəyə görə bank işi puldan pul qazanma sənətidir və sadəcə çox pulu olanların ifa edə biləcəyi sənət sahəsidir. İndi keçək məsələnin digər tərəfinə, yəni banklararası və bankların verdiyi kredlərdə faiz dərəcələrini tənzimləməli olan dövlətin öhdəliklərinə. İnkişaf etmiş ölkələrdə dövlət banklarla onların müştəriləri arasındakı münasibətləri, əlbəttə bizi daha çox maraqlandıran fiziki müştərilərdir ki, burda da söhbət kiçik kreditorlardan gedir, vətəndaşlarının xeyrinə tənzimləməklə məsuldur. Çünki dövlətin varolma səbəbi vətəndaşlarının maddi, mənəvi çıxarlarını qorumaqdır. Bu eyni zamanda siyasi partiyalar üçün də keçərlidir, ən bəsiti ona görə ki, vətəndaş həm də seçicidir və seçici də daima onun mənafelərini qoruyan siyasətçilərə səs verəcəkdir.
Bəzi ölkələr də vardır ki, ya banklar müştərilərinə verdikləri kreditləri faiz dərəcəsini təyin etməkdə sərbəstdirlər, ya da yetərincə rəqabət olmadığından və ya yüksək faiz təbii ki, onların mənafelərinə olduğundan kredit faizlərini yüksək tutaraq müştərilərini soyub soğana çevirməkdədirlər. Elə bizim ölkəmizdə də uzun müddətdir ki, manatın dollar qarşısındakı möhkəmliyini qorumasına baxmayaraq və üstəlik də infilyasiyanın o qədər də yüksək olmadığı halda banklar kredit faizlərinin yüksəkliyindən istifadə edərək istənilən səbəbdən, əksər hallarda isə məcburiyyət qarşısında qalaraq onlara üz tutan müştərilərini soyub soğana çevirməkdədirlər. Buna dur deyəcək qurum yoxdurmu? Əlbəttə ki, vardır. Mən iqtisadçı deyiləm, amma sadə vətəndaş məntiqi ilə məsələyə yanaşaraq düşüncələrimi əziz oxucularımızla paylaşmaq istəyirəm. Məncə elə Mərkəzi Bankın vəzifələrindən biri də məhz bu kredit faizlərini vətəndaşların xeyrinə tənzimləmək olmalıdır. Axı, Mərkəzi Bank sadəcə maaliyyə qurumlarının və qeyri bank kredit təşkilatlarının deyil, həm də bütün vətəndaşlarımızın bankıdır. Sizcə də elə deyilmi? Elə Mərkəzi Bankın sədri Elman Rüstəmov da hər halda yüksək faiz dərəcələrindən narazı olmuş olacaq ki, 2014-cü il noyabrın 20-də maliyyə naziri Samir Şərifovla keçirilən görüş zamanı faiz dərəcələrinin aşağı, təkrəqəmli dərəcəyə salınması məsələsini müzakirə etmişdir. Ancaq burda da hökumətin qarşısına çıxan başqa bir problem var ki, o da banklara qoyulan əmanətlərin qarşılığında yüksək faiz ödənilməsidir. Bu da öz növbəsində kredit faizlərini yuxarı çəkən faktordur. Bu əlbəttə sıravi vətəndaşları maraqlandıran fakt deyildir, sadəcə Mərkəzi Bank və maliyyə nazirinin görüşü barədə verilən məlumata görədir. Ayrıca Mərkəzi Bankdan istehlak kreditləri üçün banklara 18, iqtisadi kreditlər üçün 14, kommersiya kreditləri üçün 10, 8 faizlə kredit ayrıldığı söylənməkdədir. Təbii ki, bu qədər yüksək faizlə borc alan banklar da aldıqları pulun üstünə öz faizlərini qoyaraq borc paylayacaqlar. Yüksək çinli məmurlar öz aralarında keçirilən görüşlərdə əmanət faizlərinin yüksəkliyindən bəhs etməkdənsə, yuxarıda qeyd etdiyimiz faiz dərəcələrini aşağı salmaq üçün çalışsalar daha yaxşı olmazmı? Əlbəttə ki, olar. Ancaq vətəndaşın dərdinə laqeyd məmurlarla bu işləri həll etmək olmaz.
Təəssüf ki, bu gün bizim sadəcə özəl banklarımız deyil, həm də dövlət banklarımız iqtisadiyyatı sapdan asılı olan və infilyasiyanın baş alıb getdiyi üçüncü dünya ölkələrində olduğu kimi faiz dərəcələrini demək olar ki, qırx faizədək qaldırmış vəziyyətdədirlər. Bu banklardan, məsələn, Rabitə bankdan kredit almaq istəyənlər 29%, Kapital bankdan 26%, Zamin bankdan 26 % və üstəlik komisyonla geri qaytarmaq məcburiyyətindədirlər. Özəl banklarımıza gəldikdə isə, məsələn, Aksess bankda istehlak kreditləri məbləğdən asılı olaraq 28-38 % arasında dəyişməkdədir. Məsələn, digər bir dövlət bankımız Beynəlxalq bank öz çalışanlarına illik 12 %-lə kredit ayırmaqdadır. Bəs digər müştərilərinə necə? Təbii ki, onlara daha yüksək, 23 %-dən borc verilir. Banklar təbii ki, öz çalışanlarına müsbət ayrıseçkilik qoymaqda sərbəstdirlər və hətta deyə bilərəm ki, bu yaxşı haldır. Amma düşünsək ki, məsələn, elə təxminən bizim inkişaf səviyyəmizdə olan ölkələrdən birində-Polşada fiziki şəxslər kredit üçün hər hansı banka müraciət etdikdə onlar üçün tətbiq edilən faiz dərəcəsi təxminən yeddi, Mərkəzi bankın faiz dərəcəsi isə 2-5 %-dir onda vətəndaşlarımızın necə soyulduğunu təsəvvür etmək bizim üçün daha da asan olar.
Bugün müştəri qismində şəhərimizdə yerləşən hər hansı banka yaxınlaşsaq öncəliklə bizim tələb etdiyimiz kredit məbləğini ödəyib ödəyə bilməyəcəyimizə deyil, girov qoyduğumuz əmlakın dəyəri və ən azı yeddi nəfər zaminin olması ilə maraqlanacaqlar. Bunu inanmayan oxucularımızın hər hansı biri istənilən an yaxın banklardan birinin filialına girib şahid ola bilərlər. Məsələn, hər hansı birimiz istənilən qədər bahalı avtomobili girov qoyub təxminən o avtomobilin dəyərində kredit götürə bilərik ki, bu gün elə avtomobillərin böyük əksəriyyətinin alqı satqısı bu yolla aparılmaqdadır. Daha bankda əyləşən boğazı qalstuklu ekspertlərin hər hansı biri sizin haradasa işləyib işləmədiyinizlə və yaxud aldığınız, yeni girov qoyaraq pul götürdüyünüz avtomobilin pulunu hansı vasitə ilə ödəyəcəyinizlə maraqlanmayacaqlar. İstədikləri tək bir şey var ki, o da alınan avtomobilin bankdan buraxılan pulu qarşılayacaq qiymətə sığortalanmasıdır. Yenə bunu da özləri üçün istəyirlər, çünki avtomobilin başına hər hansısa bir iş gələrsə zərərlərini təmin edə bilsinlər. Mən burda misalı sadəcə olaraq avtomobillər üçün çəkdim, bank krediti ilə alınan və yaxud da banklardan hansınasa girov qoyularaq pul götürülən ev və ya digər daşınmaz əmlaklarda da eyni vəziyyət keçərlidir. Burada təbii olaraq sual oluna bilər ki, hansı səbəbə görə banklar girov qarşılığı kredit verərkən müştərilərinin ödəmə qabiliyyəti ilə deyil, girov qoyulan əmlakın dəyəri və sığortası ilə maraqlanırlar. Bunun cavabı olduqca sadədir. Əgər hər hansı kredit təşkilatı kreditorun ödəmə qabiliyyəti ilə maraqlansa, onda heç indi paylanmış olan kreditlərin beşdən biri belə paylana bilməzdi. Amma kreditorun borc qarşılığı qoyduğu girovun dəyəri ilə ona görə maraqlanır ki, müştərinin ödəmələrdə çətinlik çəkəcəyi zaman həmən girova həbs qoyularaq satıldıqda kreditin ümumi məbləğini çıxarsın. Belə olmasaydı ölkəmizdəki kreditorların sayı iki milyonu çoxdan ötüb keçməzdi ki, bu da vətəndaşlarımızın hər dördündən birinin bank və qeyri bank kredit təşkilatlarına borclu olması deməkdir. Faciə orasındadır ki, bank ekspertlərinin qeyri peşəkarlığı və ya məqsədli şəkildə müştərilərinin ödəmə qabiliyyətini deyərləndirərək kredit hesabı açmaması sonucunda bu gün borclu vətəndaşlarımızın əksəriyyəti birdən çox banka borcludurlar. Kreditini vaxtlı vaxtında ödəyə bilməyən vətəndaş bir banka olan borcunu digər bankdan kredit alaraq qarşılamaqdadır ki, bunu da xalq deyimi ilə desək, “Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına” qoyaraq əllərində birdən artıq borc sənədi ilə bankın yolunu onlara tanıdanların qarasınca deyinə-deyinə yaşamağa çalışmaqdadırlar. Deyə bilərsiniz ki, banklar heç kimi kredit almağa məcbur etmir. Məndə sizinlə razılaşaram… Əlbəttə ki, banklar kimisə məcbur etmir, amma həyat şərtləri insanları kredit almağa məcbur edir ki, bu da yaşadığımız həyatın heç də göründüyü kimi gerçək deyil, yaradılmış və bizim də səs çıxarmadan izlədiyimiz illuziyadan başqa bir şey olmadığını göstərər. Gəlin, şəhərimizin küçələrinə çıxaq və cürbəcür markalı avtomobillərə baxaq. Sizcə onların neçə faizi nəğd pulla alınıb? Ən azı ətrafımda olan və birbaşa tanıdığım insanlardan bilirəm ki, avtomobillərin heç də az sayılnmayacaq hissəsi kreditlə alınıb və əslində pulu tam olaraq ödənənə qədər sahibi kimi görünən şəxslərin deyil, bankların maşınlarıdır. Və ya elə götürək hər gün televizorlarda reklam olunan mənzil satışlarını. Elə təqdim olunur ki, guya həmin mənzillər illik 10%-lə satılır. Amma bu reklamlara diqqətlə qulaq assaq şirkətlərin “cin”liklərini anlamağın çətin olmadığını görərik. Niyəsini soruşacaq olsanız reklamların ikinci bölümünü diqqətlə dinləyin, nəğd alımlarda iyirmi faizə qədər endirimlı satışlardan bəhs edildiyini görəcəksiniz. Bu nə deməkdir? Təbii ki, mənzilin on faiz kimi kicik faizlə satıldığını elan edərək əslində borclanan müştəriyə həmin evlər şişirdilmiş qiymətlər üzərindən satılır. Misalımızı konkretləşdirək. Məsələn, əlli min manat dəyərində ev almaq istədiyinizi düşünün. Əgər kreditlə alacaqsanız həmin ev ilk on faizi nəğd ödəmə şərtilə qalan qırx beş min manatı isə on il sonra, illik on faizlə borcunuzu ödədikdən sonra sizin olacaqdır. Əgər nəğd alarsanız ödəyəcəyiniz məbləğ ən çoxu qırx min manatdır ki, bu misalı da insanları aldatmaq üçün telereklamlardan necə istifadə olunduğunu öyrənməniz üçün çəkdik.
İndi keçək digər məsələyə, yəni hansısa əmlak və ya nəqliyyat vasitəsi qoymadan kredit almaq istəyənlər üçün yaradılan süni maneələrə. Bu gün istənilən banka gedərək maaş kartı ilə kredit almaq istəsəniz yaşınızın 72-dən aşağı olması lazımdır, ayrıca birinci qrup əlillərə, aliment kartlarına və sosial yardım kartlarına da kredit verilmir. Ona görə yox ki, banklar bizi çox sevirlər və onların borc bataqlığına düşməmizi istəmirlər. Əksinə, əllərində imkan olsa yuxarıda adlarını sadaladığım vətəndaşlarımızı da borclandırarlar. Sadəcə olaraq bank işçilərinin dediyinə görə hardasa artıq bu tiplu kartlarla kredit üçün müraciət edən vətəndaşlara kredit verilməməsi barədə qərar qəbul olunub. Mənim də elə burda anlamadığım bir nöqtə vardır ki, məsələn, birinci qrup əlillərin pensiya kartları ilə müəllimlərin maaş kartları arasında nə fərq var ki, onlara kredit verilir, ancaq növbə əlillərə gələndə verilmir? Hətta işsiz-gücsüz insanlar belə kirayələdikləri hansısa iş yerini təminat göstərib kredit ala bildiyi günümüzdə əlillərə niyə kredit verilmir? Əlbəttə ki, onlara pensiya ödəyən araçı qurum olaraq kapital bankın belə borc verməyə yanaşmaması çox acınacaqlıdır. Halbuki kreditor borcunu ödəmədiyi təqdirdə onun pensiyasından borc tutarını avtomatik kəsərək mənafelərini təmin etmək iqtidarındadır. Belə olan halda bu əcaib qərarın harda və hansı şəraitdə alındığını bilməməklə bərabər bu hadisəyə olduqca təəccübləndiyimi qeyd etmək istərdim.
Məgər bizim başda oturanlar həyatlarının hansısa dönəmində heç çətinlik, yoxluq, yoxsulluq çəkmədilərmi? Məgər onların ailələrində və ya qohum əqrəbalarında, qonum qonşularında heç imkansız və dövlətin verdiyi sosial yardıma möhtac insanlar yoxdurmu? Ya onlar üçün həyat həmişə zənginliklərlə dolu olmuş və yaşadıqları məhələlərdə yoxsul ailə olmamışdır ki, onlar da Azərbaycanda deyil, Marsda yaşadıqlarını düşünürlər. Əks təqdirdə bu qərarların məntiqi açıqlaması olmalıdır ki, bunun da ola biləcəyi ağlıma gəlmir. Məsələn, hansısa sosial yardım alan bir insana onun yardım kartının keçərli olduğu müddətə qədər kredit verilə bilməzmi? Və ya götürək 72 yaşından yuxarı şəxsləri, onlara niyə kredit verilmir? Qocaların daha tez öləcəyi barədə qanunmu var?
Bir-iki söz də əlillərə verilən güzəştlərin geri alınması barədə danışmaq istərdim. Əvvəlcə birinci qrup əlillər ölkədaxili nəqliyyat xərcləri ilə bərabər kommunal xərclərdən də azad idi. Məsələn, bir nəfər birinci qrup əlil Naxçıvana getmək istəyirdi, nəinki təyyarəyə bilet pulu ödəmir, hətta müşaiyətçisi də əlli faiz güzəştli qiymətlə bilet əldə edirdi. Bəs sonra nə oldu? Nazirlər kabineti öncə bütün bu güzəştləri qaldıraraq əvəzində aylıq iyirmi altı manat məbləğində kompensasiya təyin etdi. Daha sonra isə xeyli düşünüb daşındılar və qərara gəldilər ki, bu kompensasiyanı da ləğv etsinlər. Onlar heç bir yaraya məlhəm olmayan 26 manatı belə əlillərimizə çox gördülər. Səbəb nə idi? Yəni dövlətimiz o qədər yoxsuldur ki, bir milyondan artıq qaçqınımızı hər ay kommunal xərclərdən (limitlərlə də olsa) azad etməklə qalmayıb, bir də “çörək pulu” ödədiyi halda əlillərin kompensasiyalarına göz dikir? Əgər Azərbaycanda əlillərin sayı həddən artıq çoxdursa, bunun günahını gerçək əlillərdə deyil, pulunu alıb əlillik verən VTK-larda arasınlar. Qoy qaçqınlar incimƏsin, amma bu gün onların çoxu əlillərdən daha rahat yaşayırlar. Əlillərin də heç biri könüllü olaraq əlil olmayıb, bunu da dövlət böyüklərimiz unutmasın. Əgər onların yaxınlarından kimsə bu günkü əlillərimizin yerində olsaydı, görəsən, bəhs etdiyimiz qərarı alarkən durub düşünməzdilərmi?
Bu gün elə qonşu İrana baxaq. Adını çəkdiyim ölkədə müxtəlif vəsilələrlə bir neçe dəfə olmuşam və burda əlillərə göstərilən qayğı ilə də maraqlanmışam. Dinlədiklərim gerçəkdən məni imrəndirib. İraq müharibəsindən əlil olaraq dönən insanlara göstərilən qayğı, onlara bütün dövlət müəssisələrində ayrıcalıq tanınması imrənilməyəcək kimi deyil. Azərbaycan olaraq bizim İrandan nəyimiz əskikdir? Əlbəttə, heç nəyimiz. Bəs, onda dövlətimiz əlillərimizə verilən və əslində heç yaralarına məlhəm olmayan bu 26 manatlıq kompensasiyaya niyə göz dikir? Cavabını mən bilmirəm, bilən varsa buyursun versin, biz də bilək…
Ölkəmizdə əlillərə və yaşlılara, ümumuiyyətlə yuxarıda sadaladığımız qrupa daxil olan insanlara göstərilən bu ögey münasibətin səbəbi nədir? Onlar Azərbaycanımızın vətəndaşı, ən əsası isə insan deyillərmi? Bütün bunları gələcək yazılarımızın birində daha ətraflı araşdıracağıq.