Abad şəhərin bərbad yolları…

0
8

Abad şəhərin bərbad yolları…
Sakinlər “Millətim”ə müraciət etdi.

Paytaxtımızda aparılan quruculuq, abadlıq işləri hər kəsi sevindirir. Etiraf etmək lazımdır ki, görülən işlərin miqyası böyükdür. Ancaq söhbət yalnız görülən işlərdən deyil, həm də görülməsi zəruri, ancaq naməlum səbəblərdən görülməyən işlərdən də getməlidir. Bunu şəhərimizin kənarlarında daha çox hiss etmək olur. Küçələr bərbad, kommunikasiya xətləri anormal vəziyyətdə, antisanitariya tüğyanı və s.
Elə aldığımız məktubda da söylədiklərim təsdiqini tapır. İş o həddə çatıb ki, Nərimanov rayonu Böyükşor adlanan ərazidə yerləşən P/YUA 38/10 küçəsinin sakinləri ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməyi qərara alıblar. Çünki onların haqlı şikayəti həm Nərimanov rayonu rəhbərliyi, həmdə ki digər rəsmi instansiyalar tərəfindən qulaqardına vurulub. İndi həmin küçənin sakinləri “Millətim” vasitəsiylə səslərinin ölkə rəhbərliyinə çatdırılmasını istəyirlər.
Məktubda qeyd edilir ki, ölkə prezidentinin göstərişinə əsasən rayon icra hakimiyyətinin başçıları vətəndaşları qəbul edib, onların problemlərini dinləmələrinə baxmayaraq, problemlər həll olunmamış qalır. Bu isə əskinə, vətəndaşların daha çox narazılığına səbəb olur. Küçə sakinləri adından məktubu imzalayan Pənah Pənahlı qeyd edir ki, ölkədə məmur özbaşınalığından tutmuş, qiymət artımına qədər bütün problemlər yalnız ölkə prezidentinin müdaxiləsindən sonra həll olunur.

P.Pənahlı onu da qeyd edib ki, Nərimanov RİH-in başçısı vətəndaşların qəbulunu keçirib, onların problemlərini öyrənməsinə baxmayaraq, hələ də Böyükşor qəsəbəsi P/YUA 38/10 küçəsinin yolları və kanalizasiya xətləri bərbad vəziyyətdədir. Belə ki, həmin ərazidə Spark Beton zavodu, İnci şirkəti və asfalt zavodu kimi iri müəssisələr yerləşir. Həmin müəssisələrə, xüsusilə Spark Betona məxsus iritonnajlı maşınlar tərəfindən yollar daha da bərbad hala salınıb. Onsuz da pis durumda olan kanalizasiya xətləri də dağıdılıb. Bu isə ərazidə yaşayışı hədsiz çətinləşdirib.
P.Pənahlının “Millətim”ə göndərdiyi şəkillərdən görünür ki, adıçəkilən küçədə addımlamaq bir o qədər asan iş deyil. Küçə başdan-başa palçıqdan ibarət olduğu üçün sakinlər yağışlı havada isə dərsə və yaxud ticarət obyektlərinə getməkdə çətinlik çəkirlər.

“Millətim”in araşdırmasından o da aydın olub ki, adıçəkilən küçə yayda keçiriləcək I Avropa Oyunları üçün inşa edilmiş stadionun yaxınlığında yerləşir. Düzdür, Bakı şəhər icra hakimiyyəti tərəfindən eybəcərliklərin gizlədilməsi üçün istifadə edilən şəkilli lövhələrlə küçə hasara salınıb gizlədilsə də, bu sakinlərin probleminin həll olunduğunun göstəricisi sayıla bilməz. Küçə sakinləri dəfələrlə etiraz səslərini ucaltsalar da, Nərimanov rayon rəhbərliyi vəd verməkdən o yana keçməyib. Əksinə, həmin küçənin sakinləri tablolar arxasına salınmalarını varlıqlarının gizlədilməsi kimi qiymətləndiriblər. Düşünürük ki, I Avropa Oyunlarının başlanmasına çox az bir zaman qaldığını nəzərə alıb, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev Böyüksor ərazisinə baş çəkib, məktubda qeyd edilən küçənin problemini həll etmək üçün müvafiq sərəncam verəcək. Yoxsa, oyunların keçirildiyi zaman küləklər şəhəri adlanan Bakımızda güclü külək əsib “Böyükşor”u mühasirəyə almış tabloları aşırsa, onda nələrin aşkarlanacağı və nəticə kimlərin sərt cəzalanacağı məlum olacaq. Ən başlıcası isə abadlığa, quruculuq işlərinə böyük diqqət yetirən ölkə prezidenti məsuliyyətsiz, vətəndaşların şikayətlərini qulaqardına vurmuş məmurları cəzasız buraxmayacaq.
Düşünürəm ki, Nərimanov rayonunun məsulları qeyd etdiklərimi mütləq nəzərə alıb, vaxtında tədbir görməli, Bakının sərt küləklərinin aşkarlaya biləcəyi anormallıqların qarşısını tez bir zamanda almağa çalışmalıdırlar.

Nicat Sadiq

LEAVE A REPLY