Ramiz Tağıyev: “Qələbəyə dair inamım yalnız öz gücümədir, hakimiyyətin mənə olacaq münasibətinə yox”

0
8

Ramiz Tağıyev: “Qələbəyə dair inamım yalnız öz gücümədir, hakimiyyətin mənə olacaq münasibətinə yox”

“Çünki gücün zəifləməsi qələbəyə yox, məğlubiyyətə aparır”

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə 10 ay vaxt qalıb. Azərbaycanın ictimai-siyasi həyatında bu istiqamətdə müzakirələrin aparılması aktuallaşmağa başlayıb.
Xüsusilə də müxalif camiə bu ilin iqtidar üçün ağır keçəcəyi ilə bağlı təbliğat aparır. Əslində, təəccüblü heç nə yoxdur, çünki hər seçki ilində biz oxşar demaqogiyaya şahidlik edirik. Diqqətçəkən və heç də real görünməyən proqnozlar budəfəki parlamentdə müxalifətin ciddi uğura imza atacağı ilə bağlıdır. Bunu bir sıra faktorlarla izah edirlər. Guya Qərb Azərbaycan parlamentində müxalifətin təmsil olunmamasından narahatdır. Dünya bazarında neftin qiymətinin düşməsilə bağlı iqtidarın seçkidə güzəştə gedəcəyini də düşünənlər az deyil.
Ancaq bu iddiaları irəli sürən və parlamentdə təmsil olunmaq arzusunda olan qüvvələrin seçkiyə deyil, təyinata hazırlaşdıqları nəzərə çarpır. Çünki seçkidə qalib gəlmək üçün həmin təsisatların hansı üstünlükləri əldə etməsi ilə bağlı mülahizələr irəli sürülməlidir. Bəllidir ki, seçkidə güzəşt heç nəyi həll etmir, yalnız güclülər qalib gəlir.
Hər halda, son parlament seçkilərilə bağlı bir paralel aparmaq olar. Həmin seçki 2010-cu ildə keçirilib. Reallıq bundan ibarətdir ki, bu 5 il ərzində müxalifət xeyli zəifləyib. Sadə məntiqlə yanaşsaq, müxalifətin şansının artmasına dair heç bir əsas görmürük. 2010-cu ildə 10 nəfərlik baryeri keçə bilməyən müxalifət indi nəyə güvənir ki, uğurun olacağından danışır? Qeyd edək ki, hazırda müxalifət adı ilə parlamentdə təmsil olunanların əksəriyyəti radikal xəttin deyil, konstruktivlərin təmsilçiləridir.
2010-cu illə müqayisədə zəifləyən müxalifəti qələbə qazanacağına əmin edən nədir?

Tanınmış siyasətçi Ramiz Tağıyev müxalifətin parlament seçkilərində ciddi uğur qazanacağına inanmadığını dedi: “Ümumiyyətlə, Azərbaycanda müxalifətin kim olduğunu müəyyənləşdirmək lazımdır. Bu təsisatı təmsil etməyə iddialılar çoxdur. Ən qəribəsi isə budur ki, bəziləri siyasi sistemə aid təbii bölgü prinsipini özününküləşdirmək istəyir. Məsələn, İsa Qəmbər və ya Əli Kərimli müxalifətin yalnız onlardan ibarət olduğu qənaətindədir. Tamamilə bolşevik yanaşmasıdır. Mən isə hesab edirəm ki, hakimiyyətin yürütdüyü kursa alternativ baxışlar ortaya qoyan istənilən şəxs və ya təsisat müxalifdir. Mən özüm də müxalifətçiyəm, ancaq bu hakimiyyətin bəzi müsbət işlərini də etiraf edirəm. Belə də olmalıdır. Adamlar tanıyıram ki, fərd olaraq ətrafına bir partiyanın aktiv üzvlərindən çox adam toplaya bilər. Hətta müxalif fikirli insanların arasında da belələri var. Nədənsə, onların səsi çıxmır. Danışanlar korroziyaya uğrayanlardır. Mən özüm də seçkidə aktiv iştirakın tərəfdarıyam və namizədliyimi irəli sürəcəm. Qələbəyə dair inamım yalnız öz gücümədir, hakimiyyətin mənə olacaq münasibətinə yox. Qəribə təzad yaranır. Bunlar bir tərəfdən deyirlər ki, biz təyinatlı parlamentdə oturmaq istəmirik, digər tərəfdən isə, hansı əyri yollarla parlamentdə təmsil olunmağın yollarını arayırlar. Mənim isə proqnozum bundan ibarətdir: radikal müxalifətin 2015 parlament seçkilərində göstərəcəyi nəticə 2010-dan güclü olmayacaq. Parlamentdə yeniləşməni görəcəyik, ancaq bunun dediyim camiəyə yenilik gətirəcəyini düşünmürəm. Çünki gücün zəifləməsi qələbəyə yox, məğlubiyyətə aparır”.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY